Kitabçılar Birliyinin şeir müsabiqəsi – fərqlənmə diplomunun sahibi Samir Əflatunoğlu Featured

 

Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.

 

8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər  fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.

Beləliklə, tanış olun:

Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində fərqlənmə diplomuna layiq görülübdür: Samir Əflatunoğlu.

 

 

SAMİR ƏFLATUNOĞLU

“BƏXTƏVƏR OL, AY QIZIM”

 

Heç bilmirəm ay qızım,

Necə deyim mən sənə?

Mənim ayım, ulduzum,

Bizə gələrsən yenə?

 

Sözlərimdən kövrəlib,

Qəmə batma sən Allah.

Kaşki evə tez gəlib,

Gec gedəydim hər sabah.

 

Oynayaydım doyunca,

Saçlarını hörəydim,

On beş yaşın olunca,

Səni körpə görəydim.

 

Heç bilməzdim nə vaxtsa,

Bizdə qonaq olarsan.

Eybi yoxdur gülümsə

Gəlib çoxlu qalarsan.

 

O vaxt mənim toyumda,

Anan biraz ağladı.

Heç vaxt çıxmaz yadımdan,

Baban bərk qucaqladı.

 

Onda elə bildim ki,

Baban kövrək adamdı.

İndi başa düşdüm ki,

Məndən zirək adamdı.

 

Bu gün bizdən köçürsən.

Bir az dolub gözlərim.

Sən ki məni bilirsən,

İstəmirəm kövrəlim.

 

Bəxtəvər ol ay qızım,

Bəxtin gülən yerdəsən.

Mən bilirəm ki özüm,

Allah bilən yerdəsən.

 

Sabah sizi növbəti Fərqlənmə diplomuna layiq görülən iştirakçı - Elnarə Cahan ilə tanışlıq gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.