Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Müasir dövrdə qadınların cəmiyyətdə rolu, xüsusilə də qərarverici mövqelərdə təmsil olunması məsələsi geniş müzakirə olunur. Təhsil, sosial stereotiplər və dəyişən ictimai baxışlar bu prosesə birbaşa təsir göstərən əsas amillər kimi önə çıxır. Bəs qadınların liderlik mövqelərinə yüksəlməsində hansı faktorlar həlledicidir və cəmiyyət bu dəyişikliyə necə yanaşır?
Mövzu ilə bağlı “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bizim cəmiyyətimiz kişi mərkəzli cəmiyyət olub. Ənənəvi, patriarxal, kişi mərkəzli cəmiyyət...
"Bu o deməkdir ki, cəmiyyətdə kişi üzərində sosial öhdəliklər daha çox qoyulub. Kişi ailənin və cəmiyyətin taleyində daha çox məsuliyyət daşıyıb. Bu, kişinin üstün mövqeyi, hegemonluğu anlamına gəlmir. Sadəcə olaraq kişi həm ailədə, həm cəmiyyətdə məsuliyyət daşıyıb. Hətta bu, bizim dinimizdən də irəli gələn bir məsələdir. İslam dinində də miras bölgüsü məsələsində kişiyə nisbətən daha çox pay düşür. Nə üçün? Çünki ailənin təminatı, ailənin taleyi kişilərin üzərində məsuliyyət olduğu üçün pay bölgüsündə də kişiyə daha çox verilir. Bu o demək deyil ki, kişini əzizləmək üçün edilir. Sadəcə kişi bu məsələdə məsuliyyət daşıyır. Ona görə də ailə başçısını itirəndən sonra oğlan uşaqları ailədə məsuliyyəti üzərinə götürür və ailəni dolandırmaq onun üzərinə düşür. Əlbəttə, son dövrlər cəmiyyətimizdə düşüncə transformasiyası gedir. Ənənəvi kişi mərkəzli, patriarxal cəmiyyət artıq müəyyən təsirlərlə transformasiya yaşayır. Bu proses həm təbii şəkildə gedir, həm də bəzi xarici təsirlərlə baş verir. Qərb mərkəzləri Azərbaycan kimi ölkələrin ailə institutlarına təsir göstərərək bu institutları sarsıtmağa çalışır və nəticədə cəmiyyət dəyərləri deqradasiyaya uğrayır. Gender bərabərliyi adı altında aqressiv feminist dalğanın təsiri ilə qadın və kişi qarşıdurması yaradılır, qadınlar kişilərə qarşı yönləndirilir və nəticədə ailələrdə münaqişələrin sayı artır, boşanmaların artması da bunun tərkib hissəsidir".
Sosioloqun sözlərinə görə, müxtəlif cəmiyyətlərdə qadın və kişi missiyası həm ailədə, həm də cəmiyyətdə fərqli olub:
"Biz qadını kişi ilə tam eyniləşdirməyə çalışmamalıyıq. Hər cinsin öz missiyası, öz potensialı və imkanları var. Bu potensialları zorla dəyişdirmək düzgün yanaşma deyil və böyük fəsadlara səbəb ola bilər. Tarixdə qadın liderlər də olub. Belə ki, bu bizim cəmiyyətdə də, başqa cəmiyyətlərdə də olub. Amma süni şəkildə deyil. Buna qadir olan qadınlar olub və bunu bacarıblar. Azərbaycan cəmiyyətində heç vaxt cinsə görə ayrı-seçkilik olmayıb. Tarix boyu qadınlar kişilərlə çiyin-çiyinə çalışıblar. Orta əsrlərdə də, cümhuriyyət dövründə də qadınlara müəyyən hüquqlar verilib. Hətta bir çox Avropa ölkələrində bu hüquqlar daha gec verilib. Sadəcə olaraq müxtəlif layihələr, telelayihələr və informasiya vasitələri ilə aparılan təsirlər cəmiyyətimizin ənənəvi dəyərlərini sarsıdır. Bu da cəmiyyətdə müəyyən dəyişikliklərə səbəb olur".
Müsahibimiz vurğulayıb:
"Qadın da, kişi də lider ola bilər. Amma bunu süni şəkildə təşviq etmək, xüsusilə də müəyyən ideoloji təsirlərlə təqdim etmək bizim cəmiyyət üçün müəyyən fəsadlara səbəb ola bilər. Azərbaycan dövlətində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarına qarşı qanunvericilik bazası mövcuddur. Gender bərabərliyi haqqında 2006-cı ildə ayrıca qanun qəbul olunub. Bu baxımdan Azərbaycan bir çox ölkələr üçün nümunədir. Təhsil sistemində qadınlar geniş təmsil olunur. Səhiyyə sistemində də qadınların payı yüksəkdir. Qərar qəbul etmə səviyyəsində də qadınlar təmsil olunur. Azərbaycanın vitse-prezidenti xanımdır, parlamentin spikeri xanımdır. Deputatların təxminən 20%-ni qadınlar təşkil edir. Komitə sədrləri və digər rəhbər vəzifələrdə də qadınlar var. Bu baxımdan Azərbaycanda qadın-kişi ayrı-seçkiliyi anlayışı yoxdur. Amma cəmiyyətin özündə müəyyən stereotiplər qalmaqdadır. Məsələn, selektiv abortlar məsələsi var. Bu problemə qarşı mübarizə aparılmalıdır. Çünki bu, cəmiyyətdə gender balansına təsir göstərir. Bəzən qız övladına fərqli yanaşma olur, oğlan övladına üstünlük verilir. Bu isə stereotiplərlə bağlı məsələdir və cəmiyyət səviyyəsində aradan qaldırılmalıdır. Dövlət səviyyəsində isə gender bərabərliyi təmin olunub və bu sahədə Azərbaycan nümunəvi ölkələrdən biridir".
Ü. Şəfiyevin fikrincə, bu stereotiplər zamanla aradan qalxır. İnsanlar artıq başa düşür ki, əsas məsələ övladın oğlan və ya qız olması deyil, onun tərbiyəli və layiqli insan olmasıdır:
"Məsələn, elə qız övladları var ki, bir çox oğlanlardan daha məsuliyyətli və bacarıqlıdır".
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


