Aygül Bağırova,
“Ədəbiyyat və incəsənət”
Elmin nurunu insan taleyinə çevirən, analığın ucalığını dövlətçilik ruhu ilə birləşdirən böyük Azərbaycan qadınının əbədiyaşar xatirəsinə
Zaman elə şəxsiyyətlər yetişdirir ki, onların ömrü tərcümeyi-hal çərçivəsinə sığmır, taleyi bir xalqın mənəvi salnaməsinə çevrilir. Akademik Zərifə xanım Əliyeva da həmin uca zirvələrdə dayanan, adı çəkilən an qəlblərdə ehtiram, minnətdarlıq və nur oyadan böyük Azərbaycan qadınıdır. Onun ömür yolu elmin yüksəkliyi, analığın müqəddəsliyi, qadın ləyaqətinin ucalığı və Vətən sevgisinin bütöv bir vəhdəti kimi yaşayır. Zərifə xanım oftalmologiya sahəsində ilk qadın akademik kimi Azərbaycan tibb elminə mühüm töhfələr verib, uzunmüddətli araşdırmaları, yeni müalicə metodları və profilaktik yanaşmaları ilə böyük məktəb formalaşdırıb, yüksəkixtisaslı həkim və alim nəslinin yetişməsinə böyük əmək sərf edib.
Onun haqqında düşünərkən ilk yada düşən məqam gözlərə nur bəxş edən həkim obrazıdır. Zərifə xanım üçün həkimlik peşəsi peşədən uca mənəvi missiya idi. Traxoma ilə mübarizədə göstərdiyi elmi və praktik fəaliyyət, regionlara gedib xəstəlik ocaqlarını araşdırması, həkimlərlə və əhali ilə maarifləndirici iş aparması, təklif etdiyi müalicə metodunun qısa zamanda geniş tətbiq tapması nəticəsində respublikada bu xəstəliyin aradan qalxması onun xidmətlərinin miqyasını aydın göstərir. Elmi fəaliyyətinin əsas istiqamətləri də geniş və çoxşaxəli idi: görmə orqanının peşə patologiyası, traxoma, virus mənşəli göz xəstəlikləri, diabet zamanı göz problemləri, qlaukoma, terapevtik oftalmologiya və başqa mühüm sahələr. Onun təşəbbüsü ilə 1979-cu ildə ilk ixtisaslaşmış laboratoriyanın yaradılması da Azərbaycan oftalmologiyası üçün mühüm mərhələ idi.
Anım günündə Zərifə xanımı xatırlamaq təkcə böyük bir alimi yad etmək anlamı daşımır. Bu gün həm də Azərbaycan qadınının hansı ucalığa yüksəldiyini düşünmək günüdür. O, elmdə zirvə idi, ailədə mənəvi dayaq idi, cəmiyyətdə nəciblik meyarı idi. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətində ailə mühitinin mühüm rolundan bəhs edən fikirlərində Zərifə xanımın ailədə yüksək mənəvi mühit yaratdığını xüsusi vurğulaması bu müqəddəs missiyanın dərinliyini açır. Həmin ailə mühitində böyüyən, milli dövlətçilik düşüncəsini, iradəni, məsuliyyəti, Vətən sevgisini öz varlığında daşıyan övladın sonradan qalib Azərbaycanın Liderinə çevrilməsi bir ananın tərbiyə qüdrətinin parlaq təcəssümünə çevrilir.
Zərifə xanımın böyüklüyü onun ad-sanında yox, insanlara münasibətində idi. Sənədlərdə də vurğulanır ki, o, xeyirxah, insanpərvər, ləyaqətli, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mədəniyyət və elm sahibi kimi yadda qalıb. Həyatının gərgin elmi ritmi içində qadın incəliyini, zərifliyini, ailə məsuliyyətini, mənəvi saflığını bir an belə itirməməsi onun şəxsiyyət bütövlüyünü daha da ucaldır. Onun haqqında söylənən fikirlərdən aydın görünür ki, Zərifə xanım bir obraz, bir simvol, bir ideal kimi yaşayır. Azərbaycan qadınının mənəvi dəyərləri, anaların şəfqəti, ziyalının təmkinli ucalığı bu adda birləşir.
Bu böyük ömür həm də beynəlxalq nüfuz qazanan alim ömrüdür. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi idi, onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri olmuşdu, beynəlxalq qurultaylarda, simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdi. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi, həmin mükafatı alan ilk qadın alim kimi tarixə düşməsi, 1983-cü ildə akademik seçilməsi onun elmi sanbalının ən parlaq göstəricilərindəndir. Bu faktların hər biri göstərir ki, Zərifə xanımın adı təkcə Azərbaycan tibb tarixində yox, bütövlükdə elm tarixində işıqlı bir səhifədir.
Bir xalqın yaddaşında əbədi yaşayan insanlar var. Onlar torpaqdan getsələr də, mənəviyyatdan ayrılmırlar. Zərifə xanım Əliyeva da həmin uca insanlardandır. Onun haqqında yazılan hər sətirdə nur var, xatırlanan hər xatirədə bir istilik var, adı səslənən hər məqamda bir ana nəfəsi duyulur. O, gözlərə işıq verən həkim idi, ürəklərə təmkin verən insan idi, ailəyə mənəvi bütövlük gətirən xanım idi, cəmiyyətə örnək olan ziyalı idi. Belə ömürlər millətin yaddaşında tarix kimi yaşamır, vicdan kimi yaşayır.
Bu gün Zərifə xanımın anım günündə onun xatirəsi önündə baş əyərkən insan bir daha anlayır ki, böyük ömürlərin əsl qüdrəti yaşadıqları illərin sayında deyil, xalqın ruhunda buraxdıqları izdədir. Zərifə xanım Əliyeva həmin izlərdən biri kimi yox, ən parlaq izlərdən biri kimi yaşayır. O iz Azərbaycan qadınının alnında nur, Azərbaycan elminin tarixində şərəf, Azərbaycan ailə dəyərlərində bütövlük, Azərbaycan dövlətçilik salnaməsində mənəvi dayaq kimi yaşayır.
Zərifə xanımın xatirəsi qarşısında ehtiramla dayanarkən qəlbdən gələn bir duyğu bütün sözləri qabaqlayır: belə insanlar bir xalqın ömrünə Tanrının bəxş etdiyi mənəvi sərvətdir. Onun nurlu xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaq, adı hörmətlə, sevgi və minnətdarlıqla anılacaq. Çünki bu adın içində həm elm var, həm şəfqət var, həm analıq var, həm də Vətənə sədaqətlə yoğrulmuş böyük bir ömür var.
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


