Oxucularımızın yaradıcılığı - Gültac Əliyeva... Featured

 

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

“Oxucularımızın yaradıcılığı” rubrikasında növbəti təqdim etdiyimiz şeir Gültac Əliyevanındır. “Şah edən də, mat edən də — sən…” adlanır.

Sən ki əzabların qadınısan —

sənə xoşdur məni yandıraraq şam etmək,

yoxluğunla ram etmək…

Belə yazır Gültac Əliyeva. Pis yazmır, deyilmi?

Xoş mütaliələr.

 

 

Qadın var — varlığı ilə şah edər,

qadın var — yoxluğu ilə mat edər.

Salam, məni yoxluğu ilə mat edən qadın…

Bir bilsən —

qaranlığın sabaha,

Ayın Günəşə,

səhranın suya olan həsrəti

mənim sənə olan həsrətimin yanında

necə də cılızlaşır.

Bəlkə son qoyasan bu mənasız inadına,

qayıdasan yanıma?

Bax —

otağın tüstüsü,

yatağın süsü,

içimin pası,

qəlbimin səsi

qarışıb bir-birinə…

Yoxsan, dünya yerindədir.

Gəl gör ki, mən necə dayana bilirəm —

dörd divarın, yerin və göyün arasında…

Ehh, nəysə…

yenə danışdım boş-boş.

Sən ki əzabların qadınısan —

sənə xoşdur məni yandıraraq şam etmək,

yoxluğunla ram etmək…

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.