Klarneti milliləşdirən sənətkar - Vəli Qədimov Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkan paytaxt toylarında ən şıdırğı rəqslərin oynanıldığı yerdir. Orada nəfəs alətləri ifaçısı bir Nurbala kişi var idi. Nurbala Qədimov Əslən Balaxanıdan idi. 1940-cı il yanvarın 12-də onun bir oğlu dünyaya gəldi. Adını Vəli qoydu. Gözünü açandan nəfəs alətləri görən Vəlidə tezliklə bu alətlərə mübhəm sevgi yarandı...

 

Vəli təhsilini 69 nömrəli məktəbdə alıb. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlayıb.

İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edib.

1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutub. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənib və sürəkli alqışlarla qarşılanıb.

"Xaricdə konsertlərarası istirahət vaxtı Atlantik okeanında çimərkən Vəli tramplindən suya tullanıb yox oldu, dostlarını əməlli-başlı həyəcanlaşdırdı. Yalnızbir müddət sonra 70–80 metr aralıda başını sudan çıxarıb üzə-üzə geri qayıdanda hamı dərindən nəfəs alaraq “Allaha şükür” dedi. Klarnetin ən yuxarı notunda çala bilən sənətkarı okeanın dərinliyi də batıra bilmədi" – tanınmış qarmon ifaçısı Aftandil İsrafilov belə deyib.

Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilib

 

Video

- Saksofonda Vəli Qədimov — Gecələr - musiqi: Şəmsi Kərimov

- Klarnetdə Vəli Qədimov — Çahargah

- Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Bayatı Şiraz

- Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Nazilə rəqsi

- Klarnetdə Vəli Qədimov və qarmonda Leyla Şabanova — Xoşbəxtlik rəqsi

- Klarnetdə Vəli Qədimov — Azərbaycan musiqilərindən popurri

 

2008-ci ilin avqust ayında Vəli Qasımovun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirib. Həmin dönəmlərdə müsahibələrinin birində söylədiklərini indi ürək ağrısı ilə oxuyuruq:

“Sonuncu dəfə klarnetdə üç il əvvəl ifa eləmişəm. Dəqiq xatırlamıram hansı musiqi idi. İfa edəndə birdən dayandım. Həmin vaxt bilsəydim ki, bu, sonuncu ifamdır, klarneti əlimdən yerə qoymazdım, qəlbimdəki bütün nəğmələri çalardım. Lap uşaqlıqdan bu alətə ayrı bir sevgim olub. Sevirdim onu... Həyatda arxam, dayağım, yaşamağımın səbəbi olub o…”

Uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov 16 aprel tarixində Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub. Vida mərasimi onun yaşadığı evdə keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.