Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Məşhur argentinalı futbolçu Lionel Messinin “Barselona” ilə ilk müqaviləsi dünya futbol tarixində ən simvolik hadisələrdən biri kimi xatırlanır. 2000-ci ilin dekabrında, Messi hələ 13 yaşında ikən bağlanan bu razılaşma adi bir ofis masasında yox, Barselonanın məşhur restoranlarından birində, sadə bir salfet üzərində rəsmiləşdirilmişdi. Sonralar milyonlarla insanın heyrətlə bəhs edəcəyi bu səhnə, gənc Messi üçün böyük yolun başlanğıcı oldu.
Messinin ailəsi həmin illərdə gənc futbolçunun gələcəyi ilə bağlı çox həssas davranırdı. Onlar klubdan qəti qərar gözləyir, vaxt itkisi yaşandıqca Argentinaya qayıtmaq fikrini də gündəmdə saxlayırdılar. Ailənin tərəddüdü və narahatlığı “Barselona” rəhbərliyini daha sürətli addım atmağa vadar edir. Lionel Messinin istedadı isə qəti qərar üçün ən böyük dəlil sayılırdı. Gənc argentinalının oyununa tamaşa edən “Barselona”nın idman direktoru Karles Reksaç onun gələcəyini dərhal hiss edir və həmin gün rəhbərlik qarşısında gənc futbolçu ilə müqavilə bağlanmasını tələb edir.
Lakin görüş zamanı rəsmi müqavilə sənədləri masa üzərində olmadığından Reksaç qərarını gözlətmir. O, yaxınlığında olan bir salfeti götürərək üzərinə müqavilənin əsas müddəalarını yazır və bununla da klubun Messiyə olan inamını qeydə alır. Salfetin alt hissəsində üç imza yer alır: Karles Reksaç, Messinin atası Xorxe Messi və gənc futbolçunun agenti. Bu imzalar bir uşaq istedadının taleyini dəyişməklə yanaşı, dünya futboluna yeni bir əfsanə bəxş edən addım kimi tarixə düşür.
İllər ötəndən sonra həmin salfet artıq sadəcə kağız parçası yox, “Barselona” ilə Messi hekayəsinin başlanğıcını simvolizə edən unikal əşya kimi qəbul olunmağa başladı. Nadir idman xatirələrinə böyük maraq göstərən kolleksiyaçılar salfetin əsl dəyərini anlayırdı. Hərracda satışa çıxarılan bu tarixi əşya təxminən bir milyon dollara alıcı tapdı. Bununla da futbol tarixinin ən qeyri-adi müqavilələrindən biri maddi dəyəri ilə də seçilmiş oldu.
Hazırda həmin salfet “Credit Andorra” bankında xüsusi seyfdə qorunur. Bu sənəd sadəcə bir müqavilənin deyil, milyonlarla azarkeşin şahidi olduğu böyük bir idman tarixinin başlanğıc nöqtəsini əks etdirir. Kiçik bir salfetin üzərində atılan imzalar sonradan dünyanın ən parlaq futbol hekayələrindən birini formalaşdırdı və Lionel Messinin əzmkarlığının, istedadının, eləcə də “Barselona”nın ona göstərdiyi güvənin rəmzinə çevrildi.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)


