Represiya, işğal və mənəvi çətinliklər- “Səssiz səslər” Featured

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Rejissor Fərid Əhmədovun ekranlaşdırdığı və mərhum ədibimiz Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən “Səssiz səslər” filmi haqqında danışmaq istəyirəm.  Əvvəlcə Yusif Vəzir haqqında danışım, ondan sonra film haqqında danışarıq.

 

Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin 12 Sentyabr tarixində Şuşada anadan olmuşdur. Uşaq yaşlarından ədəbiyyata və rəsmə marağı olan Yusif Vəzirin daşıdığı  Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.  Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y. V. Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.  Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olurdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı. Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir. Yusif Vəzirin 21 yaşlı qardaşı Əbülhəsənin vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən bədbəxt hadisə atalari Məşədi Mirbabanın və anaları Seyid Əziz xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.

Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.

Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.   Yusif Vəzir daha sonra Bilqeyis Acalova ilə ailə həyatı qurur və bu evlilikdən üç övladı olur.  Birinci Qırmızı Ordunun işğalından sonra Yusif Vəzir Çəmənzəminlinin həyatı kökündən dəyişir.  Yaşadığı çətinliklər Yusif Vəziri o qədər sıxır ki, son çarə olaraq əlyazmalarını satır.  Müəyyən müddətə vəziyyət stabilləşsə də  qonşuluqlarında olan erməni ailənin  Yusif Vəzir və Sovet hakimiyyəti arasında oynadığı  “tazı” rolu  vəziyyəti dahada qəlizləşdirir.  Belə ki, onların yaydığı yalan və təxribatçı məlumatlar Yusif Vəzir və hakimiyyət arasında bitişməsi mümkünsüz bir uçurum yaradır. Ki bu uçurum daha sonra onun və  dostları arasında da sıxıntılara səbəb olur.  Toplanan materiallar əsasında Sovet Ali Məhkəməsinin qərarı ilə Yusif Vəzir Çəmənzəminli haqqında həbs qərarı çıxarılır. Lakin bu ərəfədə Yusif Vəzir Özbəkistana işləməyə getmişdi. Ancaq o ailəsi üçün geri qayıtmalı idi.  Geri qayıdar qayıtmaz Yusif Vəzir həbs olunur  və SSRİ-dəki  həbsxana düşərgəsinə göndərilir.  İkinci Dünya Müharibəsi bütün dövlətlərə həm maddi, həmdə mənəvi zərbə vurmuşdu.  Əhali arasında aclıq və səfalət səbəbindən sürətlə yayılan xəstəliklər sıxıntını getdikcə artırırdı. Nəticədə Yusif Vəzir Çəmənzəminli saxlanıldığı həbs düşərgəsində yoluxduğu xəstəlik ucbatından 3 Yanvar 1943-cü ildə  dünyasını dəyişir. Ölümündən sonra 1956-cı ildə Yusif Vəzir Çəmənzəminli haqqında qaldırılan cinayət işi əsassız sayılır və o bəraət alır. 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.