Misirdə əcnəbilər Azərbaycan dili kurslarında iştirak edirlər

 

Misirdə Azərbaycan dilinə maraq günbəgün artır. Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumata görə, görüşdə çıxış edən Cəmiyyətin sədri və Dünya Azərbaycalı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəni irsi, ədəbiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dilinə artan marağın nəticəsi olaraq kurslara 200-dən çox müraciət daxil olub. Onlardan 45 nəfər üçün yeni qruplar təşkil olunub.

Qeyd olunub ki, kurs iştirakçıları arasında yalnız misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşları da yer alır.

Cəmiyyətdəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə dilimizin əhəmiyyəti və ərəb dili ilə oxşar xüsusiyyətləri barədə məlumat verib.

Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.