Knyaz Məmmədovun ömür yolu
Rahib Qarayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, istefada olan polis polkovniki.
“Ədəbiyyat və incəsənət”
Hər bir insanın xarakteri doğulduğu torpağın rəngini, havasını daşıyır. Fizika-riyaziyyat elmləri doktoru, professor Knyaz Məmmədov üçün də Laçın təkcə bir coğrafi məkan deyil, onun şəxsiyyətinin, elmə olan sönməz həvəsinin və sarsılmaz iradəsinin təməlidir. Alxaslı kəndinin uca dağlarından boylanan bu uşaqlıq illəri, gələcəyin böyük elmi nailiyyətlərinə açılan ilk qapı idi.
Elə bu kənd məktəbindən başlayan yol 1967-ci ildə onu Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirir, bundan sonra onun bütün həyatı və fəaliyyəti bu təhsil ocağı ilə bağlı olur. O, universitetin fizika-riyaziyyat fakultəsinin əyani şöbəsini əla qiymətlərlə başa vuraraq əyani aspiranturaya daxil olur, elmi işini Belarusiyanın Minsk şəhərində uğurla müdafiə edərək çox gənc yaşlarında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə yiyələnir.
Qısaca deyim ki, hörmətli Knyaz müəllimin əsas elmi fəaliyyəti riyazi kibernatika, diskret optimallaşdırma, iqtisadi-riyazi modelləşdirmə, əməliyyatlar tədqiqi və ədədi üsullarla bağlıdır. Alimin həmin sahələrə həsr etdiyi 100-dən artıq elmi əsəri Azərbaycanın, Rusiyanın, Ukraynanın, Latviyanın, Almaniyanın və Amerika Birləşmiş Ştatlarının qabaqcıl elmi jurnallarında dərc edilib. Professorun aldığı elmi nəticələr Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif yerlərində praktiki tətbiq olunub. Dəniz neft-qaz yataqlarının istismarı zamanı platformaların optimal yerlərinin tapılmasının və onların müxtəlif kommunikasiya xətləri ilə optimal birləşdirilməsi məsələsi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qəbul olunaraq müxtəlif yataqlara tətbiq edilib.
Onun çoxsaylı obyektlər arasından optimal seçmə ilə bağlı işləyib hazırladığı riyazi modellər və onların həlli üsulları Moskva şəhərində bir hərbi hissədə müvəffəqiyyətlə tətbiq edilib.
Professor Knyaz Məmmədov müxtəlif təcrübələr və elmi yeniliklər həyata keçirərək daha bir uğura imza atıb. Belə ki, o, hələ 1972-ci ildə ABŞ riyaziyyatçıları tərəfindən qoyulan, lakin 30 ildən artıq müddətdə həllini tapmayan "Tamədədli tənliyin dezaqreqasiyası" problemini ilk dəfə olaraq həll edib.
Professor ali məktəb tələbələri üçün 2 dərs vəsaitinin və öz elmi kəşflərindən ibarət rus dilində yazılmış 430 səhifəlik 1 monoqrafiyanın, həmçinin ölkəmizdə və xaricdə çapdan çıxmış 200-dən çox elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi ilə 6 nəfər müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi, 1 nəfər isə Riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını alıb.
Onun əsasını qoyduğu elmi məktəb və yetişdirdiyi mütəxəssislər bu gün də Azərbaycan elmini irəliyə daşımaqdadır. Professorun irsi zaman keçdikcə daha da dəyər qazanaraq elm zirvəsinə can atan hər bir gənc üçün sönməz bir mayak rolunu oynayır.
Knyaz müəllim bu gün də elmin daşlı-kəsəkli yolları ilə inamla irəliləməkdədir. Onun ömür yolu təkcə bir alimin bioqrafiyası deyil, bütöv bir nəslin elmi təfəkkürünün formalaşma tarixidir.
YORULMAYASINIZ, PROFESSOR!
“Ədəbiyyat və incəsənət”
(14.04.2026)


