Kitabçılar Birliyinin şeir müsabiqəsi – fərqlənmə diplomunun sahibi İlham Alışzadə Featured

Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.

 

8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalib seçildi, üç nəfər  fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.

 

Beləliklə, tanış olun:

Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində fərlənmə diplomuna layiq görülübdür: İlham Alışzadə

 

 

İLHAM ALIŞZADƏ,

“ŞAHİD”

 

Mən qəhrəman deyiləm.

Sadəcə gördüm.

 

Gördüm

Səhərin güllə səsi ilə açıldığını,

Çörək qoxusunun barıt qoxusuna qarışdığını.

 

Bir uşaq atasını səslədi,

Səs cavabsız qaldı.

Dağlar cavab verdi yalnız,

Əks-səda ilə.

 

Mən torpağın titrədiyini gördüm,

Sanki hər mərmi düşəndə

Bir ana ürəyi silkələnirdi.

 

Əsgərin gözündə qorxu yox idi,

Yarımçıq qalmış arzular vardı.

Bir məktub vardı cibində,

“Tez qayıt” yazılmışdı.

 

Mən gördüm

Qəhrəmanlıq necə səssiz olurmuş.

Heç kim “baxın” demir,

Heç kim alqış istəmir.

 

Sadəcə biri

Başqasının yaşaması üçün

Öz sabahından keçir.

 

Müharibə xəritədə cizgi deyilmiş,

Müharibə

Evin qapısına qara lent kimi asılan xəbər imiş.

 

Mən danışmadım uzun-uzadı.

Çünki müharibəni görən adam

Az danışar.

 

Amma bir həqiqəti bilirəm:

Torpaq qanı unutmur.

Və şahid olan insan

Heç vaxt əvvəlki kimi olmur.

 

 

Sabah sizə növbəti Fərqlənmə diplomuna layiq görülən iştirakçı - Samir Əflatunoğlu ilə tanışlıq gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.