“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
13 aprel 2026-cı il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə ölkə rəhbərliyi tərəfindən elan edilmiş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində gənclərin sağlam gələcəyini hədəfləyən mühüm maarifləndirici tədbir keçirilib. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusuna həsr olunmuş görüşdə tələbələr, müəllim heyəti və rayonun rəsmi qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi gəncləri "ağ ölüm"ün pəncəsindən qorumaq, narkotik vasitələrin cəmiyyətə və fərdin sağlamlığına vurduğu sağalmaz yaralar barədə onları məlumatlandırmaqdan ibarət olub.
Tədbirdə dövlət qurumlarının məsul şəxsləri geniş tərkibdə təmsil olunublar:
Şirxan Baxşəliyev – Ağdam Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri,
Ziya Hümbətov– İcra Hakimiyyətinin məsul əməkdaşı,
Vüqar Hacıyev – Ağdam rayon Polis Şöbəsinin Azyaşlıların İşləri üzrə baş inspektoru, polis mayoru;
Bayandur Bağırov– Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimi;
Ceyran Əhmədova- AQUPDK-nın Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi.
Tədbiri giriş sözü ilə açan natiqlər vurğulayıblar ki, narkomaniya təkcə tibbi problem deyil, həm də ciddi sosial və hüquqi fəsadlar doğuran bəşəri bir bəladır. Polis mayoru Vüqar Hacıyev çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən görülən qətiyyətli tədbirlərdən bəhs edib. O, gəncləri cinayət məsuliyyəti və qanunvericiliyin tələbləri barədə xəbərdar edərək, bu yola sürüklənən şəxslərin aqibətinin hər zaman faciəvi olduğunu diqqətə çatdırıb.
Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimi Bayandur Bağırov narkotik asılılığının insan orqanizmini daxildən necə məhv etdiyini tibbi faktlarla izah edib. Həkim vurğulayıb ki, bir dəfə maraq xatirinə edilən cəhd geri dönüşü olmayan fiziki və psixoloji dağıntılara yol açır.
Ceyran Əhmədova isə ailə daxili münasibətlərin bu problemlə mübarizədəki roluna toxunub. O, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, idman və incəsənətə yönləndirilməsinin ən effektiv profilaktika üsulu olduğunu qeyd edib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub. Görüş iştirakçıları bir daha əmin olublar ki, sağlam cəmiyyət qurmaq üçün hər bir fərd ayıq-sayıq olmalı və narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir.
“Ədəbiyyat və incəsənət”
(14.04.2026)


