“Maraqlı söhbətlər”də qəddar Nqemanın törətdikləri Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1968-ci ildə seçilən Ekvatorial Qvineyanın ilk prezidenti Fransisko Masias Nqema Afrikanın ən qəddar diktatorlarından biri hesab olunur. Prezident seçiləndən sonra o, daxili terrora başlayır və demək olar ki, ölkənin dağılmasına səbəb olur.

 

Prezident olduğu 10 il ərzində ölkə iqtidisadiyyatı tamamilə çökür. Bütün ziyalılar ölkəni tərk edir. Ölkənin 300 000 əhalisindən 125 000 nəfəri ölkədən qaçır, 80 000 nəfəri isə öldürülür.  Bu gözəl “cənnət ölkədən” qaçanların qarşısını almaq üçün o, xaricə aparan bütün yolları minalayır. Qayıqlarla çayı keçib, başqa ölkəyə qaçmasınlar deyə, bütün balıqçı qayıqlarını məhv etdirir. Dövlətin bütün valyuta ehtiyatlarını isə bir zaman doğulduğu doğma kəndinə aparır və orada gizlətdir. Bu ehtiyatların bəziləri isə çürüyərək, yararsız hala düşür.

 Xalq arasında cadugər hesab edildiyi üçün uzun müddət heç kim ona qarşı çıxa bilmir. Lakin 1979-cu ildə qardaşı oğlunun rəhbərlik etdiyi hərbçilər nəhayət çevriliş etmək qərarına gəlirlər. Lakin iki çamadan valyuta ilə cəngəlliyə qaçan diktatoru dərhal tuta bilmirlər. İki həftədən sonra Masias Nqemanı həbs edilir və 80 000 insanın qətlində ittiham edilərək ölüm cəzasına məhkum edilir. Amma  ölkədə xurafat və mövhumata inanmaq səbəbindən, heç kim bu edamın iştirakçısı olmaq istəmir.  Buna görə də onu güllələmək  üçün Mərakeş əsgərlərindən ibarət bir tağım gətirilməli olurlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.