“Qəhrəmanlıq salnaməsi”: Aprel döyüşlərinin 10 illik yubileyi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında şanlı və qəhrəman Aprel döyüşlərinin 10 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videoçarx Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri haqqında çıxışı ilə başlayır. Qeyd olunur ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhəboyu bölgələrdə genişmiqyaslı hərbi toqquşmalar baş vermişdir. Döyüşlər Azərbaycan Milli Ordusunun Qələbəsi ilə nəticələnmişdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin bu parlaq qələbəsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi bərpa edilmiş, sakinlərin bu kəndə qayıtması üçün şərait yaranmışdır. Bu məqsədlə Prezident İlham Əliyev 24 yanvar 2017-ci ildə “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Videoçarxda bildirilir ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixinə parlaq səhifə, qəhrəmanlıq nümunəsi kimi daxil olmuş və xalqın orduya inamını, gənclərin hərbi-vətənpərvərlik ruhunu daha da gücləndirmişdir. Azərbaycan xalqının və Milli Ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşləri Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı oldu.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=ooe97MdgPxU

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.