Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq, Əməkdar Mədəniyyət İşçisi Rafiq Rəhimlinin “Haqq savaşında haqq sahibinin özü qalibdir” məqaləsini, mənsur poemasını təqdim edir. Mövzu, əlbəttə ki, əbədiyyətə qovuşmuş şəhidlərimizdir.

 

 

2020-ci ilin iyul hadisələri hamı kimi, məni də sarsıtdı. Bu mənsur poemanı yazdım və həmin ilin sentyabr ayının 7-də sia.az saytında yayınlandı. Mənim kimi çox insan, daha doğrusu, bütün Azərbaycan ayağa qalxdı. Poladımızın, onun əsgər qardaşlarının Şəhid olması ürəklərdə alov yandırdı. Müdrik Ali Baş Komandanın əmri ilə sentyabr ayının 27-də əks-hücum əməliyyatı başlandı. Haqq savaşımız üçrəngli bayrağımızın Şuşada dalğalanması səbəb oldu. 30 ilə yaxın müddətdə tökülən nahaq qanların qisası alındı.

Bilirdim, inanırdım, Yaradanın haqqı nahaqqa verməyəcəyinə əmin idim! Ona görə “İyul hadisələrinə yazıçı baxışı” rubrikası altında “Çox az qalıb!” adlı mənsur poema yazmışdım. Xüsusi informasiyam yox idi, evdə oturub bədii yaradıcılıqla məşğul idim. Eşidəndə ki əks-hücum əməliyyatı başlandı, bir daha əmin oldum ki, Ucalardan Ucada Olan səsimizi eşidir, dualarımızı qəbul edir.

İndi anım gününü qeyd edirik. Əslində isə həmin gün şərəf və ləyaqət günüdür. Ali Baş Komandanın bir sözü ilə Bütün Azərbaycan ayağa qalxdı. Gənclərimiz xüsusilə fərqlənirdilər. Cəbhəyə getmək üçün hərbi çağırış məntəqələrinin qabağında yaranan növbələr, xalqın onları Müqəddəs Kitabımızla, milli nemətlərlə, gül-çiçəklə yola salması qəlbizimi riqqətə gətirirdi.

Bəli, biz anırıq! Unutmuruq nə pisi, nə də yaxşını. Millətim yaxşılıq kürsüsündən humanizminə doğru hər kəsə “Gəl!” deyir. Müdrik Prezidentim ən mötəbər kürsülərdə hər kəsi özünə valeh edir...

Anırıq! Niyə də anmayaq! Bu gün Azərbaycanın hər anı fərəh və ləyaqət rəmzlidir! HAQQ SAVAŞINDA HAQQ SAHİBİNİN ÖZÜ QALİBDİR!

 

 Ç O X   A Z   Q A L I B!!!

Döyüş meydanında ilk həlak olan general-mayor Həzi Aslanovun qurduğu  qeyrət körpüsündən sən keçdin, Polad Oğlum – general-mayor Polad Həşimov!Vətənə tuşlanan gülləyə sipər oldun,  namusumuza sipər oldun. Tək deyilsən! Şəhid qardaşların var: polkovnik İlqar Mirzəyev,  mayor Namiq Əhmədov, mayor Anar Novruzov,  MAXE-əsgər Elçin Mustafazadə,  gizir İlqar Zeynallı, gizir Yaşar Babayev.

Üçrəngli Bayrağımız  bəy libasınız...Anaların göz yaşları bərəkət yağışınızdı.

Şəhid məkanınız  Dərgah ünvanlı...Ruhunuz millətimizin baş əydiyi qürur yerimiz, sönməz eşqimizsiniz, Şəhidlər!

Vətən çiçəklərinin ətrində ətriniz var...Vətən evlərində hörmət taxtınız qərar tutub.  Axı, siz könüllərimizin şahısınız!

Uca Allah Buyurur ki, Şəhidlərə öldü deməyin, onlar Allah Dərgahında sağdırlar. Nə xoş halımıza ki, hər an yanımızdasınız!

                                            ***    ****    ***

Gözün aydın, Şəhid anası,  igid oğlun sorğusuz-sualsız Behişt cavanlarına qonşudur. Tariximizin Qızıl səhifəsində müqəddəs adı yazılır... Baş əyirik qarşınızda. Qəlbinizdə övlad yarası varsa, elimizdə Şərəf ünvanlısınız!

Az qalıb, Qarabağ tacımız Şuşamızda Milli Bayrağımız dalğalanacaq! İgidlərimizin  fərəhdən sinələri qabaracaq. Gəlinlərimiz əlləri xnalı körpələrə tumar çəkəcəklər. Şəhidlərin ruhları pərvazlanacaq  İrəvan üstündə sevinc içində, Xankəndi Qələbə libasında bayram edəcək.

Az qalıb, bütün Azərbaycan toy libasında olacaq!!! Çox az qalıb, bütün Azərbaycan fərəh nəğməsi oxuyacaq ildırımdan doğulanlar  haqqında:

        

         Fəthin mübarək!

Uca mərtəbədə, pak bələkdəsən. Laylanı səma mələkləri söyləyir. Ehtiyacsızsan! Axı, bütün ehtiyacları Ödəyəninin yanındasan!

Pak irmaqlar, saf sular, nurdan pay alan meyvələrdi nəsibin! Otuz üç yaşında, gözləri yalnız ərlərinə dikmiş ahu gözlü Hurinin yanındasan. Xoş halına!

Ağaclar tumurcuqlananda, güllər qönçələnib üzə güləndə Sən yenidən doğulursan vətən torpağına!

         Nə qədər torpaqda can var, nəfəs var, Sən də var olacaqsan rayihən, ətrinlə.

         Məkanın mübarək!

         Məqamın mübarək!       

 

 

         İgid əsgər – bizim əsgər

 

Vətən adlı beşiyində

Halal südlə qidalanar.

Vətəninin keşiyində

Nər igidtək  dayanar  o –

Bizim əsgər – igid əsgər!

 

Çovğunda da, boranda da

Yağışda da, tufanda da

Sərhədinin keşiyində

Ərən kimi  dayanar o -

Bizim əsgər – igid əsgər!

 

Qayaların zirvəsində

Heykəl kimi dayanar o!

Yağıların gözlərində                          

Şimşək kimi hey çaxar o –

Bizim əsgər – igid əsgər!

 

Od yurdunun odu vardır,

Damarında qoru vardır,

Kişi sözlü, igid yardır

İldırımdan doğulub o –

Bizim əsgər – igid əsgər!

 

Bayrağını namus bilib,

Parçasına bürünüb o.

Vətənini ana bilib

Şərəfinə bürünüb o –

Bizim əsgər – igid əsgər.

 

Zəhmindən qorxur yağılar,

Titrəyir düşmən qarılar.

Bir hey desə daş  yarılar..

Yardı daşı, yardı başı,

Düşmənə haram etdi aşı.

Komandanla Zəfər çaldı –

Bizim əsgər – igid əsgər!

        

 

                    Vətən Şəhidlərini  yad edək!

 

                     Milli mənliyin keşiyində

Əllərdə milli bayraqlar... Yenə millətim küçələrə səpələnib qəlbində Vətən eşqi, Şəhidlərimizin ruhlarına ehtiramla. Səslər ürək titrədir. Səslər ruhu sirkələyir. Millətim əqidə uğrunda savaşdadır. Millətim namusunun keşiyindədir! Millətim torpağını kəfən seçib özünə, Böyük İlahi Eşqdən yoğrulmuş Milli Bayrağımızın şərəfini qorumaqdadır.

Xalqım küçələrə zinət verir görünüşü, səsləriylə, əllərindəki bayraqlarla Vətən adlı Ananın düşməninə etiraz edir.

Torpağımda ağalıq bu torpaqdan dirçələn oğullarına yaraşır! İlhamına yaraşır! İlhamlı Vətəninə yaraşır!

Yağı kinini əkib, nifrətini becərdi. Böhtanını əkib yalanını qazandı.  Çürük toxumlar bizim torpaqlarda becərməz. Ora Azərbaycan toxumu gərəkdir!!!

Mənim Prezidentim xalqı ilə nəfəs alır, əsgərinin yanındadır. Yaralı əsgər övladdan əzizdir! Prezidentim yaralı əsgərinin yanındadır.

Biz - atalara, babalara, qardaşlara yaralı əsgər canımızdan çox-çox əzizdir. Buna inam üçün bizim keçdiyimiz yolu keçmək lazımdı. Hələ 80-ci illərdən Qarabağdan əsən qara yellər, Qarabağın üstünə çökən qara buludlar bizim bu gümümüzü göstərirdi. O zaman biz gənc idik, övladlarımız körpə. Övladlarımız ərən oldular. Sevgi əkib, oğul becərdilər Azad Azərbaycan üçün!

Ulu Hikmətdən bizə əta olunan İlahi Eşqimiz var: Vətən və Namus! Qüdrətimiz var, özünü tanımayana tanıtmaq, yerini bilməyənə yerini bildirmək ağlımız, güc göstərənin qarşısına çıxaracağımız qüdrət gücümüz var! Bizim ƏSGƏRİMİZ var!

Allahından qüvvət alıb, İlhamından İlham alıb xeyir-dua ilə ön cəbhəyə gedən ərənlər! Milli bayraqlı tabutlarınız fəxrimizdir!  Mübarəkdir!

                                      ***   ***   ***

ŞƏHİDLƏR! Sevda dolu qəlbinizdə sevda ilə yol getdiniz. Sevda dolu gözlərdəki sevdaları özünüzlə apardınız. Çiçək açdı andlarınız! Azərbaycan ürəyinə həkk olundu adlarınız!

Yaylım atəşlərindən daha Uca Mərtəbəyə yol aldınız!

Bizim andımız – sizsiniz!

Hər yağış yağanda yağar üstümüzə məhəbbətiniz.

Ağ örtüyə bürünüb qar kimi gələrsiniz evimizə, əriyib axarsınız ürəyimizə. Görərsiniz: var imiş bir Uca Mərtəbədə də - Könüllərin Sarayında eviniz, taxtınız.

Mübarək olsun, övladlarım!

 

Ən igid əsgər bizim əsgər!

Yaş işini görür. Bu sözlər kövrəldir məni. Sözlərdəki inam, iman, etibar qəlbimi titrədir.

Mənim əsgərim! Bu sözlər necə böyük sevginin təcəssümüdür! Fitrətini izah etmək bir yazıçı üçün belə çətindir. Onun maddi və mənəvi yükü, psixoloji və psixiofizioloji yükü çox ağırdır. Hikməti hələ kəşf edilməmiş məhəbbətlə yoğrulub.

Qanında ildırım, canında alov,

Qınına çəkilər qorxudan yalov.

Qartal tək şığıyar o alov – al ov -

Bizim əsgər - igid əsgər.

 

Şəhidlik onunçün bir  mübarək yol,

Allahın bir sözü vardır yalnız: “Ol!”

Ağlına güvənər, varı – güclü qol -

Bizim əsgər - igid əsgər!

 

Vətənimin hər bir oğlu, hər bir qızı bu gün onu qorumağa hazır olan igid əsgəridir!

 

                       Vətən, Sənə Canım Fəda!

Kəfəni Vətən eşqi, mənzili vətən torpağı, Ruhunun məkanı Uca Dərgahdır Şəhidlərin! Müqəddəs kəlamla Buyurulur ki, “Şəhidlərə öldü deməyin, onlar Allah Dərgahında sağdırlar!” Bu inam və bu imanla könül dünyamızın taxtında şahlıq edirsiniz, Şəhidlər.

Axar sular tərsinə axmır. Su axarının tərsinə üzmək olmaz. Yer tərəzisində dünyanı tərsliklə ölçənlər cəhənnəm təndirinə düşürlər. Saf sular qoynunda isə Şəhid ruhları uyuyur.

Əsən küləkləri görmürük, amma gücü, qüdrətinin əlamətlərini görürük. Sərinlədir, tozlandırır, torlandırır, yeri gələndə dağıdır. Küləklər bizə Şəhid müjdəsi verir, yağıya əbədi lənət! Lənət olmuş şeytana uyduqları üçün!

Dərin dəryalarda su üzündə gəmiləri saxlayan hansı qüdrətdir?

Bunu anlayırmı anlamazlar, qonşuluq haqqını, göz haqqını, söz haqqını unudanlar?

Kədərimə sevinən yağı, yerləri-göyləri, yerdəkiləri-göydəkiləri Yaradanı anlamadığın üçündür! Qanmırsan ki, qəmim fəxrimdən yoğrulub. Kədərimin başında İftixarım dayanır. Qəmimin üstündə Şəhid adı dayanıb. Biz şərəfimizin fövqündəyik! Yaradan isə bizim fövqümüzdə!

Az qalıb! Bizim olanın bizə fərəh hədiyyəsi ərməğan edəcəyi ana ÇOX AZ QALIB!!!

Qismətim olarsa, Qarabağımızın saf  məhəbbət dastanı haqqında mən yazacağam! Amin!!!

           19 iyul  2020, 00.21

 

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA TOPLANTIDA ÇIXIŞ EDİB

 

7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.  Toplantı TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.

 

Toplantıda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova toplantıda iştirak və çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xanım Raimkulova Azərbaycan tərəfinə səmimi qonaqpərvərlik və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. O, qeyd edib ki, sülh və təhlükəsizlik mövzusu dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və gələcək nəsillər üçün mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun cari ildə gördüyü işlər barədə ətraflı məruzə edərək xanım Raimkulova söyləyib:

“2025-ci ildə biz restavrasiya, muzeyləşdirmə, rəqəmsallaşdırma və mübadilə proqramlarını əhatə edən 65 layihəhəyata keçirdik. Bütün təşəbbüslərimizdə inteqrasiya, əməkdaşlıq və birliyə üstünlük veririk. Türk Dünyasına Baxış-2040 sənədinə və Astana Nizamnaməsinə uyğun olaraq biz ilk “Türk Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqu”nu nəşr etdik. Bu nəşr gələcəkdə “Turkic Heritage” (“Türk İrsi”) adlı Rəqəmsal Platformanın əsasını təşkil edəcək.

Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə çoxcildli “Türk Folklor İrsi” Antologiyasını həyata keçirdik.

YUNESKO Parisdəki baş-qərargahında “Divani Lüğət ət-Türk”-ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans təşkil etdik.

Fondumuz “Türk Dünyasına Baxış 2040” və “TURKTIME” sənədlərinə əsaslanaraq YUNESKO, İSESKO və Türk əməkdaşlıq təşkilatları ilə tərəfdaşlıqları gücləndirməyə davam edir”.

Xanım Aktotı Raimkulovanın sözlərinə görə, bu ilin may ayında Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Görüşündə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul olunması barədə tarixi qərar qəbul edilib ki, bu da Türk ailəsini daha da zənginləşdirib.

Fond rəhbəri, həmçinin, Türkmənistanın müşahidəçi kimi qoşulmaq istəyini mühüm addım kimi qiymətləndirib və bu ölkənin yaxın gələcəkdə tamhüquqlu üzv qismində ailəyə qatılacağına ümid etdiyini bildirib.

Fondun prezidentinin çıxışı Türk dövlətləri arasında mədəni həmrəyliyin və birliyin daha da güclənməsinə çağırışla yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

 

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub:

“Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək.

Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi. Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifinə çevrildi”.

Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun mübarizə əzmindən xəbər verir.

Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib.

 

ƏTRAFLI

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor, şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət və ehtiramla yad edildiyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib.

İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət platformalarda aparılır. Buna görə də hər kəsin milli maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq sərgiləməsi vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə müavini professor Əlikram Abdullayev də konfransda iştirak edib.

Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar verilib, xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 11:16

Respublika Uşaq Kitabxanası Kitab Sərgisində

    

5-6 oktyabr 2025-ci il tarixlərində  Respublika Uşaq Kitabxanası XI Bakı Beynəlxalq Kitab Sərgisində uşaqlar üçün nəzərdə tutulan tədbirlər proqramı ilə çıxış edib. Proqram çərçivəsində uşaqların oxu mədəniyyətinin və yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş oxu saatları, kitab təqdimatları və master-klasslar təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələri Mehriban Nağıyeva, Gülzar İbrahimova və Zahirə Cabir sərginin qonağı olublar. Müəlliflərlə keçirilən oxu saatları uşaqların həm maariflənməsinə, həm də əylənməsinə xidmət edib.

     İlk görüşdə yazıçı Mehriban Nağıyeva 143 nömrəli tam orta məktəbin şagirdləri ilə bir araya gələrək vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, əsərlərindən parçalar oxuyub. Sorğu-sualda fəallıq göstərən uşaqlara müəllif tərəfindən imzalı kitablar hədiyyə olunub. Daha sonra yazıçı Gülzar İbrahimova ilə keçirilən görüşdə uşaqlarla nağıllar əsasında müzakirələr aparılıb, maarifləndirici mövzularda söhbətlər edilib və məntiq oyunu təşkil olunub.

     Tədbirin davamında yazıçı Zahirə Cabirin “Səndəli, Fəli və Şəli” adlı qaravəlli kitabının təqdimatı baş tutub. Kitabın rəssamı Ayişə İlqar qızıdır. Müəllif təqdimatda kitabın əsas qəhrəmanları və ideyası haqqında ətraflı məlumat verib. Bununla yanaşı, kiçik yaşlı oxucuların təqdimatında Sevinc Nuruqızının “Melissa” adlı kitabından kompozisiya təqdim olunub. Təqdimatda əsərin baş qəhrəmanı Melissa obrazı uşaqlara əsərin məzmununu təqdim edib, kitabxana əməkdaşı tərəfindən hazırlanan kukla isə aktiv iştirak edən uşaqlardan birinə hədiyyə olunub.

     Sərginin növbəti hissəsində türk uşaq yazarı və rəssam Məryəm Kurt tərəfindən uşaqlara master-klass keçirilib. Rəssam uşaqlara boyama texnikaları və rəsm sənətinin əsas prinsipləri barədə məlumat verib, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olub.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının sərgi çərçivəsində keçirdiyi bu tədbirlər uşaqların mütaliəyə marağının artırılmasına, yaradıcılıq potensiallarının üzə çıxarılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 07 Oktyabr 2025 10:44

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya dəstəyi, “Müasir şeirlər” poeziya klubu və “Doqquz hiss” İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış rus şairi Sergey Yeseninin anadan olmasının 130 illiyinə həsr olunmuş “Ruh cənnətə həsrətdir” adlı musiqili-poeziya gecəsi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Kitabsevərlər və poeziya həvəskarları şeir, musiqi və gözəlliklə dolu bir gecə yaşayıblar.

Gecəni giriş sözü ilə AYB-nin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) üzvü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Lalə Həsənova açdı.

İlham və ülvi söz ab-havasında istedadlı qiraətçilərin ifasında şairin sevimli şeirləri səsləndi. “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının hazırladığı möhtəşəm rəqs nümayişi gecənin parlaq bəzəyi oldu.

S.Yeseninin sətirləri xüsusi əhval-ruhiyyə yaradırdı. Yazılmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, onlar öz təravətini, saflığını və dərinliyini itirməmişdir. Şairin yaradıcılığı yaddaşlarda yaşayır, poeziyanın sehrini qoruyur və dünyanın hər yerində insanların qəlblərinə toxunmaqda davam edir.

Poeziya gecəsinin iştirakçıları rəssamlıq studiyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fidan Alimova, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, bəstəkar və teleaparıcı Oksana Vəliyeva, aktrisa Renata Asyanova, poeziyasevərlər Məryəm Xaspolatova, Günatay Hüseynova, Samirə Şıxıyeva, Bayram Məhərrəmov, Marina Kolomazova, Alina Dudinova, Məsumə Qasımova, Zarema Manafova, yazıçı Nell Currie və Elmira Əsədova S.Yeseninin şerlərini söylədilər.

Gecənin əsas mövzusu S.Yeseninin Bakıya sevgisi və məhəbbəti, onun İran təranələri olub. İştirakçılar yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu R.Mirzəzadənin “Salam, Sergey Yesenin” kitabı ilə də tanış oldular.

Hər bir tamaşa sadəcə oxumaq deyil, təkrarolunmaz təcrübə idi – Yeseninin sətirlərini dolduran obrazların və duyğuların canlanması. Söz, musiqi və rəqsin vəhdəti gecəni əsl ruh şənliyinə çevirdi, burada şeir və incəsənət birləşdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilati dəstəyi ilə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin   “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabının yeni nəşrinin təqdimatı və imza günü keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalına Mərkəzləşdirilmiş Kitabxana Sistemindən verilən məlumata görə,“Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tədbiri giriş sözü ilə açaraq kitabın məzmunundan yüksək elmi-nəzəri əhəmiyyətindən danışaraq vurğuladı ki, müəllif əsasən dünya türklüyünün bütövlük və gerçəkliyi üzərində dayanaraq real faktlar əsasında vacib məqamları əsərdə işiqlandırıb. Kitabda türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti yeni yanaşma kontekstində təhlil edilir.

Monoqrafiyanın türk dünyasının tarixi və bu günü haqqında sanballı bir araşdırma əsəri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli kitabın elmi və tarixi əhəmiyyətindən danışaraq, əsərdə türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türkdilli ölkələr arasında inteqrasiyanın prinsip və strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğuladı. Akademik qeyd etdi ki, kitabda türk dünyasının birləşməsi üçün irəli sürülən mülahizələrdə demokrat, hüquq və ədalətlik prinsipləri önə çəkilib və bu qaydalar hər zaman qədim türklərin yaşam tərzi olub. Əsər elm ocaqları üçün dolğun dərs vəsaitidir, elmi araşdırmaçılar, müəllim  və tələbələr  kitabdan dəyərli məlumatlar alacaqlar. Çıxışının sonunda türk dünyası qarşısında xidmətlərinə görə Cavanşir Feyziyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi “Atatürk” mükafatını təqdim edən İsa Həbibbəyli qardaş Türkiyə elm adamlarını təbrikini müəllifə çatdırdı.

Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk xanım Turganer bu akademik nəşrin və onunla bağlı keçirilən elmi müzakirənin türk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda Azərbaycan-ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli və çoxşaxəli fəaliyyətindən söz açdı. Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi U.Turganer bu akademik nəşrin və onunla bağlı keçirilən elmi müzakirənin türk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda Azərbaycan-ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli və çoxşaxəli fəaliyyətindən söz açdı.

“Şərq-Qərb” ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova, ADPU-nun professoru Elman Quliyev, Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Naci Yengin və b. çıxışlarında vurğuladılar ki, Türk Dövlətləri Birliyi ideyasının ilk dəfə olaraq sistemli şəkildə konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülməsi, kitabda 300-dən çox elmi ədəbiyyat və mənbədən istifadə olunması, əksəriyyətinin türk, ingilis, rus və digər xarici mənbələr olması kitabın müstəsna dəyərini daha da artırır.

Tədbirin bədii hissəsində MKS-in direktoru, tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxışında Cavanşir Feyziyevin maarifçi ziyalı kimi yüksək insani məziyyətlərindən, gənc nəslin təhsilinə göstərdiyi xidmətlərdən söz açaraq ona rəhbərlik etdiyi kitabxananın Fəxri oxucusu Diplomunu təqdim etdi. O, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir müəllimin rəhbərliyi ilə keçirdiyi respublika və beynəlxalq miqyasda konfranslardan danışıb, millət vəkilinin bu yaxınlarda Türkiyənin ucqar əyalətlərindən olan Toqat vilayətinin Rəşadiyyə bölgəsində kitabxana yaradılmasına yaxından göstərdiyi dəstəyi iştirakçıların diqqətinə çatdırıb.

AMEA-nın Folklor İnstitunun əməkdaşı, istedadlı sənətkar, aktrisa Həlimat Sultanın Yunus Əmrə yaradıcılığına müraciətlə hazırladığı “Eşq” kompoziyası, şair Qadir Hüseynovun Cavanşir Feyziyevə həsr etdiyi şeirin Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi Zəhra Sayadzadə səsləndirdi, bədii qiraətçi Bəhiyyə Nağıyevanın çıxışı, tanınmış xanəndə, muğam ustası, müəllim Maya Cəbrayılovanın “Çanaqqala” türküsü tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Tədbir iştirakçılarına dərin minnətdarlığını ifadə edən müəllif Cavanşir Feyziyev müasir dünyada baş verən qlobal proseslərin türk dünyasından da yan keçmədiyini qeyd edərək, yeni şəraitdə türk dövlətlərinin inteqrasiya proseslərinə fəal şəkildə qoşulmaq zərurətindən danışdı. O, 30 il əvvəl müstəqilliyini bərpa etmiş türk dövlətlərinin tarixi, milli, mədəni birliyi və ortaq sivilizasiya mənsubiyyəti əsasında  vahid siyasi platforma ilə çıxış edə biləcəyini vurğuladı. Bu gün dünya siyasi xəritəsində yer alan müstəqil türk dövlətlərinin beynəlxalq hüquq əsasında və bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü və türkdilli xalqların gələcək taleyi baxımından bu birliyin taleyüklü məsələ olduğunu qeyd edən deputat, mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını söylədi.

Sonda Cavanşir Feyziyev oxucuların suallarını cavablandırdı və çoxsaylı oxucularına “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabını imzaladı.

Təqdimatda ziyalılar, ictimaiyyət və KİV nümayəndələri, tələbələr, müəllim və şagirdlər, kitabxanaçılar və geniş oxucu kütləsi iştirak etdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 14:07

Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verdi

 

Leyla Həşimova,

Bakı Uşaq və Gənclər Teatrının ədəbi  hissə rəhbəri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bakı Uşaq və Gənclər Teatrı yarandığı ilk gündən çox maraqlı layihələri ilə özünü  yenilikçi teatr kimi sübut edib. Əlbəttə, bütün ideyalar bilavasitə teatrın bədii rəhbəri və direktoru, bu kollektivin yaradıcısı, Əməkdar artist İntiqam Soltanın təfəkkürünün məhsuludur. Məhz bu maraqlı ideyalarına, layihələrinə, yeniliklərinə görə bu kollektiv başqa teatrlardan seçilir və tamaşaçıların da bu teatra marağını artırır.

 

Kollektiv bu maraqlı layihələrinə, yeniliklərinə görə xarici ölkələrdəki çıxışlarına görə hər yerdə  maraqla qarşılanır. Məhz ona görə də yarandığı 24 ildə, təkcə xarici ölkələrdən otuzdan çox mükafat gətirib.

Qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-Addım Vətəndə” adlanan yeni  layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirmək niyyətindədir.

Layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, Bakı Uşaq və Gənclər Teatrının bölgə teatrları ilə arasındakı əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir.

Sözügedən layihə 30 sentyabr 2025-ci il tarixdə  ilk olaraq  Lənkəran Dövlət Dram Teatrı  ilə birgə həyata keçirilib və tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.

Tədbirin aparıcıları Lənkəran Dövlət Dram Teatrının aktyoru Səyad Əliyev, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra  hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında  ətraflı  məlumat veriblər.

Bu da iki teatr kollektivi haqqında tamaşaçılarda əlavə  bilgi yaradıb.

Daha sonra səhnəyə hər iki teatrın direktorları - Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Laləzar xanım Hüseynovanı, Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər. Laləzar xanım Hüseynova Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq  onlara  uğurlar arzulayıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Lənkəran Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.

Proqramda Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan tamaşalardan parçalar - "Ağıllı Tülkü" (Yapon xalq nağılı, rejissor  Respublikanın  Əməkdar artist İntiqam Soltan), "Danışan Gəlincik" (Abdulla Şaiq, rejissor  İlhamə xanım Əhmədova), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Azərbaycan Xalq nağılı, rejissorlar Mehman Piriyev və Rauf Huseynli), Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorları Gülər Kərimova, Günel Bağırova, Murad Kərimli, Cəfər Səlimovun ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.

Bu layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurmaq  niyyətindəyik. Və inanırıq ki, bu layihəmiz də başqa layihələrimiz kimi maraqla qarşılanacaq.

Bəli. Bu gün elm və texnikanın çox inkişaf etdiyi bir vaxtda, hər bir tamaşaçının əlində ağılll telefon olduğu bir vaxtda insanların  internetdən, tik-toktdan, votsapdan, Yutubdan  yüksək səviyyədə istifadə etdiyi dönəmdə tamaşaçıları teatralara cəlb etmək üçün teatrlar yüksək peşəkar tamaşalar hazırlamaqla yanaşı, həm də özlərinin maraqlı ideyaları ilə texnologiyadan bir neçə addım qabaqda olmalıdır ki, onları yuxarıda sadaladığım vasitələrdən ayırıb, teatr tamaşalarına cəlb etsinlər. Bax, belə olduqda  teatr  həqiqətən də bir müqəddəsliyini qoruyub saxlaya  biləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Çərşənbə axşamı, 07 Oktyabr 2025 17:33

Marqarita Al, Semicenk və Şarlotta Perelli - 7 OKTYABR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 7 oktyabrdır. 

Bu gün dünyaya gəlmiş mədəniyyət xadimləri kimlərdir? Əlifba sırası ilə təqdim edirəm:

 

KİRA NİKOL KOSARİN

Amerikalı aktrisa və musiqiçi. Nickelodeon telekanalında gedən “İldırım adamlar” teleserialı ilə məşhurlaşlb. Fibi obrazına çoxu məftun olub. 

İlk albomu - “Markasız0 2029-cu ildə çıxıb, bu dəfə Kira musiqi aləmində sevilib. 

1997-ci ildə Nyu-Cersidə anadan olub. 

 

MARQARİTA AL

Qazax əsilli rus şairi, rus avanqardizminin və kosmizminin parlaq nümayəndəsi. Ümumdünya Yazıçılar Təşkilatının (WOW) prezidentidir.

Dünya ədəbiyyat xadimlərinin həmrəyliyi uğrunda fəal mübarizdir. 

2019-cu ildə Bakıda, Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən Avrasiya materikinin LiFFt festivallar festivalına rəhbərlik edib. 

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda spiker olub. 

4 poetik kitabı bir neçə dilə tərcümə olunub. 

1959-cu ildə Alma-atada anadan olub. 

 

SEMİCENK

Əsl adı Cenk Baş - yeni dalğa tanınmış türk müğənnisi, Eva Records albom şirkətinin siması. 

“Düşer Aklıma” sinqlı ilə məşhurlaşıb. Funda Ararla oxuduğu “Al sevgilim” dueti isə YouTube platformasında miluonlarla izləmə sayı əldə edib. 

1998-ci ildə Orduda dünyaya gəlib. 

 

ŞARLOTTA PERELLİ

İsveçrəli müğənni, 1999-cu il Avroviziya Musiqi Yarışmasının qalibi. 

Həmin il çıxmış Charlitte albomu ona hədsiz populyarlıq gətirib. Disko musiqisi ənənələrini yaşadan azsaylı müğənnilərdəndir. 

1974-cü ildə doğulub. 

 

Allah bütün vəfat edənlərə rəhmət eləsin, sağ olanlara cansağlığı versin!

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yalçın Türkaydır.

Şüirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Yalçın Türkay

Təbriz

 

  

DÜŞÜNMƏK AĞRIMIZ BİZİM...

 

Sezmək zorunda

          Olmamağımız üzrə,

Düşünməyin -

“Baş ağrı”-sına dəyməz-”dir(liyini)”

Başa düşüb - düşərkən

Gündəm həyatın

Ənənəvi gedişatına qoşulduq!

 

İşsiz ikən düşünmək

“Elə bətər bir iş deyil”-diri

Iliyimizlə mənimsədiyimiz üzdən

Proses keçirə biləcəyimiz açıdan

Fəlsəfəni fantastik”-dir” düşünüb,

Səhər-səhər yola düşdük.

 

Uğur qazanacağımızı inanaraq

Alışaraq, yanaraq...

Bir də -

             Yandığımız ucbatından

Yanmağımızı anaraq

Səhər- səhər yola düşdük...

 

Səhər-səhər yürüşdük...

...İşsiz ikən düşünmək

“Elə bətər bir işdə deyil”-diri

Düşünərək yürüşdük!

 

Başımızın ağrımasını

Tənimizin ağrımamasına

Tərcih bilərəkdən

            Bilərəkdən

                      Əkdən

                           Dən...

 

 “Ədəbiyyat  və incəsənət”

(07.10.2025)

 

Çərşənbə axşamı, 07 Oktyabr 2025 16:06

ANAR, “Səssizlik”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

SƏSSİZLİK

 

Hər il budaqlarda təzə yarpaqlar

tir-tir titrəşər,

pıç-pıç pıçıldar,

sonra

sovrular,

xəzəl olar,

ayaqlar altda

Xış-xış xışıldar.

Torpağın altında ağac kökləri

yüzillər boyu qalar

səssiz.

 

Dağlarda ruzigar

ulayar, ulayar...

Dağlar səssiz.

 

Cır-cır cırıldar

mancanaqlar,

yerin dibində

susuz quyular –

səssiz.

 

Qayalara çırpılar,

uğum-uğum uğuldar dalğalar.

Qayalar durar

Səssiz.

 

Göydə şimşəklər çaxar,

göyü ildırım yaxar,

göylər gur-gur guruldar.

Ulduzlar – səssiz.

 

Pır-pır pırıldar quşlar,

Yuvalar səssiz.

Şır-şır şırıldar sular,

Sular altında daşlar

əbədi yatar

Səssiz.

 

Meydanlarda kütlələr

hey çığırar, bağırar.

Sızım-sızım sızlayar

qəlbimdəki yaralar,

sızıldar səssiz.

              16 oktyabr 2003

                 Strasburq

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

 

35 -dən səhifə 2502

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.