Şəhid müğənni Şahmalı Kürdoğlu Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ötən gün Azərbaycanın milli musiqi mədəniyyətində silinməz izlər qoymuşn, səsində Qarabağın ətri və kədəri birləşən unudulmaz muğam ustası, şəhid xanəndə Şahmalı Kürdoğlunun anadan olmasının 97-ci ildönümü tamam oldu. Bu əlamətdar gün münasibətilə Ağdamın Qiyaslı kəndinin bir qrup ziyalısı, kənd sakinləri və sənətsevərlər ustad sənətkarın məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.

 

Şahmalı Kürdoğlu (Şahmalı Hacıyev) təkcə mahir bir ifaçı deyil, həm də öz canını vətən torpağına fəda edən bir fədakarlıq rəmzidir. 1929-cu ildə dünyaya göz açan ustad, ömrünü muğamın saflığına, xalq mahnılarının təbliğinə həsr etmişdi. Lakin onun həyat hekayəsi həm də böyük bir faciənin və qəhrəmanlığın silsiləsidir. 1992-ci ilin noyabrın 6-da mənfur düşmənin açdığı atəş nəticəsində Şahmalı Kürdoğlu və onun azyaşlı oğlu Şahıməli birlikdə şəhidlik zirvəsinə ucaldılar. Bu hadisə Azərbaycan mədəniyyət tarixinə ən ağrılı səhifələrdən biri kimi həkk olundu.

Məzar önündə çıxış edən ziyalılar Şahmalı Kürdoğlunun sənət yolundan bəhs edərək bildirdilər ki, onun ifasında "Şahnaz", "Segah", "Bayatı-Şiraz" kimi muğamlar tamam başqa bir ruhda səslənirdi. Onun səsi Qarabağın uca dağlarından, sərin bulaqlarından süzülüb gələn bir hikmət xəzinəsi idi. Ziyarətçilər qeyd ediblər ki, ustadın şəhid olması Azərbaycan muğam sənəti üçün böyük itki olsa da, onun qoyub getdiyi irs və vətənpərvərlik nümunəsi gənc nəsil üçün hər zaman mayak rolunu oynayacaqdır.

Tədbir zamanı məzarın üzərinə tər çiçəklər düzül, ruhuna dualar oxundu. Ziyarətə gələnlər sənətkarın məzarı başında dayanan, üzərində "Cənnətdəki mövludun mübarək" yazılmış lövhənin qarşısında kədər və qürur hisslərini bölüşdülər. Bu mənzərə xalqın öz sənətkarına, öz şəhidinə olan sonsuz sevgisinin bariz nümunəsidir. Otuz illik işğaldan sonra artıq bu ziyarətlərin azad Qarabağ torpaqlarında gerçəkləşməsi Şahmalı Kürdoğlu kimi sənətkarların ruhunun artıq şad olduğundan xəbər verir.

Şahmalı Kürdoğlu öz nəfəsi, üslubu və şəhidlik zirvəsi ilə Azərbaycan musiqi tarixində əbədiyaşarlıq qazanıb. Onun 95 illik yubileyi sadəcə bir təqvim günü deyil, həm də milli kimliyimizə, mədəniyyətimizə və torpağımıza olan bağlılığımızın nümayişidir. Qiyaslı kənd camaatının bu nəcib addımı bir daha sübut edir ki, xalqın qəlbində taxt qurmuş sənətkarlar heç vaxt unudulmur və onların xatirəsi nəsillərdən-nəsillərə ötürülərək yaşayacaqdır.

Allah ustad xanəndəyə və onunla birlikdə şəhid olan balaca Şahıməliyə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.