Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu manşet fotoşəkli 1936-cı ildə Buryatiyadan partiya işçilərindən ibarət nümayəndə heyəti Moskvada olarkən çəkilib. O dövrdə Moskvaya gələn bir çox nümayəndə heyəti özləri ilə gənc pionerləri də gətirirdi. Burtaylar da belə etmişdilər.
Stalinin qucağında tutduğu bu gənc pioner qızın adı Gelya Markizova idi. Təbii ki, zalda çoxlu fotoqraf və müxbir var idi. Ona görə də Stalinin xoşbəxt balaca buryat qızını qucağına götürməsi anı diqqətdən kənarda qala bilməzdi. Ertəsi gün Gelya yuxudan adi bir pioner qız kimi yox, məşhur bir ulduz kimi oyandı: onun rəhbərlə fotosu artıq bütün sovet qəzetlərində dərc olunmuşdu. Gelyanın valideynləri ilə qaldığı otelə onun adına çoxsaylı hədiyyələr və oyuncaqlar gəlməyə başlayır. Gelyanın Stalinlə bir yerdə fotoşəkildə yer alması və üzərində "Xoşbəxt uşaqlığımız üçün yoldaş Stalinə təşəkkürlər!" yazılmış ifadəsi onu bütün ölkədə məşhurlaşdırdı. Hətta qızın saç düzümü ikonik hala gəldi - ölkə daxilində bir çox valideyn uşaqlarının saçlarını bu üslubda kəsdirirdi. Bir neçə il ərzində gənc qızn liderlə çəkdirdiyi fotoşəkil isə Stalinin "Sovet uşaqlarının dostu" imicinin formalaşmasında mühüm rol oynayır. Milyonlarla tirajlanan bu foto-plakatı uşaq bağçalarından tutmuş, böyük müəssisələrdə asılaraq, demək olar ki, ölkənin hər yerində görmək olardı.
Lakin, "Yoldaş Stalinin" Gelyaya verdiyi "xoşbəxt uşaqlıq" uzun sürməyir. Gelyanın atası Ardan Markizov Buryatiyada məsul vəzifələrdən birində çalışırdı. 1937-ci ilin noyabrında NKVD qızın atasını və Buryatiya hökumətinin demək olar ki, bütün digər üzvlərini həbs edir. 1938-ci ilin yayında qızın atasını və Buryatiya hökumətinin 142 üzvü vətən xaini elan edilərək, güllələnir. Gelyanı isə anası ilə birlikdə Qazaxıstana sürgünə göndərirlər.
Amma bir məsələ qalırdı: Gelyanın Stalinlə olan fotoşəkilləri. Eləcə də bu fotoşəkildən hazırlanmış və üzərində "Stalin və Gelya" yazılmış heykəllər. Bu fotoşəkillər və heykəllər isə ölkənin hər yerində var idi. Bunu isə təcili dəyişmək lazım idi. Axı Stalin xalq düşməni və yapon kəşfiyyat agentinin qızını qucağında tuta bilməzdi. Əvəzində ideoloqlar arxiv fotoşəkillərini araşdırdılar və buna uyğun bir fotoşəkil tapırlar. Deməli, bu hadisədən əvvəl, yəni 1935-ci ildə Orta Asiyadan bir qrup qabaqcıl pambıq yığanları Moskvaya gəliblər. Onların arasında pambıq yığımı planını 5 dəfə artıq yerinə yetirən 11 yaşlı tacikistanlı qız Məmləkət Naxanqova da olur. Beləliklə, fotoşəkillər və heykəllərin üzərindəki yazı "Stalin və Gelya" əvəzinə "Stalin və Məmləkət" olur.
Sürgündə anasını itirən və yetim qalan Gelya Moskvaya qohumunun evində yaşayır. Xalq düşməninin qızı olması səbəbindən soyadını dəyişir. Həyatın İroniyası budur ki, Gelya Moskvada Stalinlə birlikdə fotosu asıldığı məktəbə getməyə başlayır. Fotoda isə artıq gənc pioner "Stalin və Gelya" yox, "Stalin və Məmləkət" idi. Daha sonra isə Gelya Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olur və orada Stalinin qızı ilə birlikdə təhsil alır.
Uşaqlığının bütün çətin hadisələrinə baxmayaraq, Gelya, uzun və dolğun bir həyat yaşayır. O, iki dəfə ailə qurur. Biri qız və biri oğlan olmaqla iki övladı olur. 75 yaşında dünyasını dəyişir.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


