Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalınının Xəbərlər və Təqvim şöbəsi
Bəzən ədəbiyyatın özü belə siyasətə söykənir, dövrün ictimai-siyasi reallıqlarını və güc münasibətlərini özündə əks etdirir. Yaxın Şərqdə artan gərginlik və böyük güclər arasında mürəkkəb münasibətlər də bu baxımdan yalnız siyasi deyil, həm də ideoloji və mədəni kontekstdə dəyərləndirilir. Bu fonda Türkiyənin tutduğu mövqe və atdığı diplomatik addımlar yenidən diqqət mərkəzinə çevrilib.
Mövzu ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verib:
"Türkiyə regionun böyük dövlətidir və əsas faktorlardan biridir. Əgər xatırlayırsınızsa, müharibə başlayanda və ilk günlərdə Türkiyə fəal diplomatik addımlar atdı, atəşkəsin əldə olunması və müharibənin dayandırılması istiqamətində təşəbbüslər göstərdi. Eyni zamanda, Pakistan və Türkiyə arasında regionda sabitliyin qorunması ilə bağlı da fəaliyyətlər müşahidə olundu. Hakan Fidanın İslamabadda keçirilən görüşü ilə bağlı məsələlər də var idi. Region dövlətləri, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri və eyni zamanda Misirin Xarici İşlər nazirinin də iştirakı ilə görüşlər keçirildi. Bu görüş İran-ABŞ-İsrail arasında baş verən münaqişənin həlli ilə bağlı idi, amma eyni zamanda bölgədə yeni geosiyasi konfiqurasiyanın formalaşması məsələlərini də gündəmə gətirirdi.
Hər halda bu görüşlər İran-ABŞ-İsrail arasında baş verən münaqişənin dayandırılması və regionda sabitliyin təmin olunması məqsədi daşıyırdı. Türkiyənin bu məsələdə vacib aktor olduğunu həm də əməli fəaliyyətdə görürük. Müharibə başlayanda Türkiyənin bu oyuna gətirilməsi və tərəflərdən birinə çevrilməsi cəhdləri də oldu, lakin Türkiyə bu oyuna gəlmədi".
Bundan əlavə, M.Cəbrayılov bildirib ki, Türkiyə həm NATO üzvüdür, həm də ABŞ ilə strateji tərəfdaşdır:
"Eyni zamanda İran yaxın qonşu və müsəlman dövlətdir. Türkiyə əvvəldən bəyan edib ki, İrana qarşı hər hansı münaqişədə iştirak etməyəcək və praktik olaraq da neytrallığını qoruyub. Bu balans siyasəti Türkiyənin etibarlılığını artıran bir yanaşmadır. Türkiyə nə ABŞ-nin, nə də İranın tərəfində açıq şəkildə yer almayaraq vasitəçi rolunu qorumağa çalışır. Eyni zamanda bəzi hallarda ABŞ və digər tərəflərə də münaqişənin dayandırılması istiqamətində təsir göstərən aktor kimi çıxış edir. İranla bağlı məsələlərdə də Türkiyə müxtəlif diplomatik fəaliyyətlər göstərib. Bu siyasət Türkiyəyə risklərdən çox, müəyyən üstünlüklər qazandırır. Əgər atəşkəs davamlı olarsa, Türkiyənin diqqəti regiondakı digər məsələlərə yönələ bilər. Xüsusilə Suriya məsələsi hələ də tam həll olunmayıb. Türkiyə üçün Suriya təhlükəsizlik baxımından mühüm məsələdir və burada onun ciddi geosiyasi maraqları var. Bu proseslər nəticəsində Yaxın Şərqdə müəyyən nisbi sakitlik yaranarsa, diqqətin digər bölgələrə yönəlməsi ehtimalı var".
Müsahibimizin sözlərinə görə, bu böhrandan ən çox təsirlənən ölkələrdən biri Çindir:
"Çin İranın əsas neft alıcılarından biridir və enerji qiymətlərinin artması Çinə birbaşa təsir göstərir.
Rusiya isə bu kimi böhranların uzanmasından müəyyən mənada fayda əldə edə bilir. Enerji bazarındakı dəyişikliklər Rusiyanın mövqeyinə təsir edir və o, bazarda daha rahat hərəkət imkanı qazanır. Çin və Rusiya İranın strateji müttəfiqləri olsa da, bu böhrana yanaşmaları fərqlidir. Çin İranın müəyyən sahələrdə – xüsusilə texnoloji və sənaye sahələrində – dəstəyində rol oynayır və dolayı yolla İranın dayanıqlığını təmin edir".
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


