Super User
“Ədəbiyyatın mayasında qan durur” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Tarixsizlik dövründən, başqa sözlə, mifoloji tarixdən real tarixə keçid zamanı üç əhəmiyyətli məkan özünü büruzə verir: mağara, alaçıq, ev.
2.
Ədəbiyyatın mayasında qan durur. Troya müharibəsini yada salmaq kifayətdir.
3.
“Mən öz üfüqümə çatdım bu səhər.
Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
Dərdini danışmağa.”
4.
Abdulla Şaiq: “Həpimiz bir günəşin zərrəsiyik...”
Füzuli: “Həm ver mənə qəm yemək kəmali, həm aləmi qəmdən eylə xali.”
Mirzə Cəlilin “Kamança”sında ermənilər tərəfindən ailəsi məhv edilən yüzbaşının ermənini azad edib evinə buraxması. Cavidin “Qızlar məktəbində” anasını, babasını, müəllimini, bir də bütün insanları sevən Gülbahar... Azərbaycan multikulturalizminin əzəmətli binası bu nəhəng, dev əsərlərin üzərindən əzəmətlə yüksəlir.
5.
Folkner haqlı olaraq düşünürdü ki, məqsədin böyüklüyü və ona çatma dərəcəsi arasında həmişə fərq olmalıdır. Düşünülmüşlə əldə edilmiş arasındakı fərqin ortaya çıxması - Folknerin “Hay-küy və hiddət” romanı ilə bağlı dediyi ən gözəl və ən böyük məğlubiyyət bu idi
6.
“De görüm, nə deyirsən?!” Dilimizin bəlkə də ən qədim mifoloji deyimi! Mən desəm, sən mənim dediyimi necə görə bilərsən?! Amma bəlkə də… o uzaq mifoloji dövrdə deyilən sözü həm də görürlərmiş. İspan mütəfəkkiri Orteqa i-Qasset nahaqdan demirdi: “Söz ibtidai insan üçün əşya kimi bir şeydir.”
7.
A.Veselovski: “Öz-özlüyündə hər bir söz nə zamansa metafora olmuşdur.” Dil tarixinə inanılmaz bədii baxış!..
“Ədəbiyyat və incəsənət”
(07.10.2025)
“Yazıçı və arvadı” kitabı çox maraqlı alınıb
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatımızda olan bir imza da Alpay Azər imzasıdır. Həm də pedaqoqdur, alimdir.
Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir.
2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb. Həmin ildən "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaycan" jurnalları və "Ədəbiyyat" qəzeti kimi ədəbi orqanlarda, dövri mətbuatda müntəzəm şəkildə çap olunub. 2011-ci ildə Azərbaycanda keçirilən III Nəsimi Milli Ədəbiyyat (Debüt) müsabiqəsində nəsr üzrə nominasiyada 2-ci yeri tutub. "Azadlıq" radiosunun 2012-ci ildə keçirdiyi hekayə müsabiqəsində "Ən yaxşı 10 hekayədən biri" nominasiyasına layiq görülüb.
2013-cü ildə "Şax yeriyənlər" hekayələr kitabı ilə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına nəsr nominasiyasının qalibi olub. 2014-cü ildə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin Azərbaycan üzrə qalibi olub. Müsabiqənin beynəlxalq mərhələsində isə üçüncü yerin sahibi olub.
2020-ci ildə Mir Cəlal hekayə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb. 2021-ci ildə Monteneqroda çap edilən "Müasir Azərbaycan ədəbiyyatı" almanaxında əsərlərinə yer verilib. 2021-ci ildə "Ay işığında tabut" adlı hekayəsi TEAS Press nəşriyyatının 44 günlük müharibəyə həsr etdiyi "44 fəsil" adlı kitabda yer alıb.
Kitabları
2012-ci ildə "Şax yeriyənlər" adlı hekayələr toplusu işıq üzü görüb. Kitabda şəhər həyatını, qadın-kişi münasibətlərini, uşaq və yeniyetmə psixologiyasının həssas məqamlarını, eləcə də bəzi adət-ənənələrə yumoristik-ironik yanaşmanı əks etdirən hekayələr yer alıb.
2018-ci ildə "Yazıçı və arvadı" adlı hekayələr kitabı nəşr edilib. "Hisslər və macəralar" silsiləsindən olan hekayələr, Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin "şəxsi həyat, yaxud karyera" dilemması qarşısındakı yaşantılarından bəhs edir.
2020-ci ildə "Həyat epikrizi" adlanan ilk romanı ilə oxucularının görüşünə gəlib. Sosial mövzulu əsər insanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Zamanın gözü ilə ədəbiyyat
Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Ədəbiyyat – zamanın aynasıdır. O, təkcə bir xalqın ruhunu, dərdini və sevincini deyil, həm də dövrün nəfəsini, çağın səsini əks etdirir. Tarix kitabları faktları, illəri, adları qoruyur, amma ədəbiyyat həmin faktların arxasındakı insan duyğularını, düşüncələrini gələcəyə çatdırır. Bu səbəbdən hər əsr, hər nəsil öz ədəbiyyatını yaradır və bu ədəbiyyat zamanın gözü kimi bizi izləyir, dəyərləndirir, sorğulayır.
Bugünümüzdə ədəbiyyat hansı sualları verir? Müasir yazıçılar nələri görür və göstərirlər? Texnologiya, müharibə, ekoloji böhran, insanın tənhalığı, milli kimlik, qlobal çağırışlar – bunların hamısı müasir ədəbiyyatın mövzularına çevrilib.
Klassiklərdən gələn işıq
Nizami, Füzuli, Nəsimi, Cəlil Məmmədquluzadə – bu adlar zamanın müxtəlif mərhələlərində millətə güzgü tutan sənətkarlar olub. Onlar əsərlərində yalnız dövrlərinin problemlərini göstərməyiblər, həm də gələcək nəsillərə yol göstəriblər.
Füzulinin eşqi, Nəsiminin fəlsəfəsi, Mirzə Cəlilin satirası – bunların hamısı əslində zamanın gözü ilə ədəbiyyat nümunələridir. Çünki onlar öz dövrünü yazmaqla yanaşı, insanlıq haqqında ümumbəşəri həqiqətlər söyləyiblər.
Müasir dövrün mövzuları
XXI əsrin ədəbiyyatı artıq təkcə məhəbbət hekayələri və qəhrəmanlıq dastanları ilə məhdudlaşmır. Bu gün yazıçılar insanı texnologiyanın içində, sürətli həyatın burulğanında, sosial şəbəkələrin tənhalığında təsvir edirlər.
Müharibə sonrası yaranan ədəbiyyat isə xüsusi yer tutur. Qarabağ müharibəsindən sonra qələmə alınan şeirlər, hekayələr, romanlar yalnız tarixi faktları yox, həm də insanların iç dünyasını göstərir. Bu əsərlər gələcəkdə həmin dövrün ən dəyərli sənədinə çevriləcək.
Ədəbiyyat və ekoloji çağırışlar
Zamanın gözü təkcə siyasətə yox, təbiətə də yönəlir. Dünyada ekoloji fəlakətlər, iqlim dəyişikliyi bədii əsərlərin mövzusuna çevrilib. Azərbaycan yazıçılarının da əsərlərində torpağın, suyun, ağacın dili ilə danışan obrazlar getdikcə çoxalır. Bu, ədəbiyyatın təbiətə və gələcəyə məsuliyyət hissinin göstəricisidir.
Gənc nəsil yazıçıların baxışı
Müasir gənc yazarlar ədəbiyyatı yalnız kağızda deyil, həm də rəqəmsal platformalarda yaradırlar. Onların əsərləri sosial şəbəkələrdə paylaşılır, elektron kitabxanalarda oxunur, hətta qlobal auditoriyaya çıxır.
Onların dili daha sərbəstdir, mövzuları daha universal. Amma bu universallıqda milli kimlik də qorunur. Qarabağla bağlı yazılan şeirlər, xalq yaddaşından süzülüb gələn motivlər gənclərin qələmində yeni ifadə formaları tapır.
Ədəbiyyat və texnologiya
Texnologiya ədəbiyyatı dəyişdirir. Elektron kitablar, audio kitablar, rəqəmsal platformalar oxu vərdişlərini yeniləyir. Lakin bu, kağız kitabı sıradan çıxarmır. Əksinə, əsl ədəbiyyat öz yolunu hər zaman tapır.
Bu gün süni intellekt, virtual reallıq, sosial media insan həyatının bir hissəsinə çevrilib. Yazıçılar da bu mövzulara toxunaraq zamanın nəbzini tuturlar. Gələcəyin oxucusu üçün bugünkü əsərlər, XXI əsrin gündəlik həyatının bədii salnaməsinə çevriləcək.
Ədəbiyyatın diplomatik gücü
Zamanın gözü ilə yazılan ədəbiyyat həm də diplomatiyanın bir hissəsidir. Tərcümə olunan əsərlər, beynəlxalq kitab sərgilərində təqdim edilən romanlar Azərbaycanı dünyaya tanıdır. Bir yazıçının qələmindən çıxan hekayə bəzən onlarla diplomatik bəyanatdan daha çox təsir göstərə bilir.
Ədəbiyyat həmişə zamanın şahidi olub. Klassiklər öz dövrlərini yazaraq gələcəyə işıq tutublar. Müasir yazarlar isə qlobal çağırışların, müharibələrin, texnologiyanın, ekoloji böhranların fonunda insanın taleyini göstərirlər.
Zamanın gözü ilə yazılan ədəbiyyat millətin yaddaşını qoruyur, insanı öz kimliyinə bağlayır və gələcəyə daşıyır. Azərbaycan ədəbiyyatı da bu gün yalnız milli kimliyimizi deyil, həm də ümumbəşəri dəyərləri əks etdirir.
Çünki zaman dəyişir, amma ədəbiyyat qalır.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Hər şeydən əvvəl “söz” və “Sözü” bir-birindən fərqləndirmək lazımdır - HƏR GÜN KAMAL ABDULLADAN 6 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan bir neçə qranula:
1.
Gerçəklikdə əvvəl cisim, sonra ruh olur. Mifdə isə əvvəl ruhu, sonra bu ruhun cismini görə bilirik.
2.
“Başçı - Kahin - Müəllim - Müəllif” xəttində Başçı fiziki üstünlüyü olan mağaradaşdırsa, Kahin mənəvi üstünlüyü olan mağaradaşdır. Daha sonra kahinlər qrupunun içindən Müəllim və Müəllif seçilib ayrılır.
3.
O uca dağların başı qarla örtülü idi. Dədə Qorquddan başqa heç kimin ağlına gəlmədi ki, desin: “Yapa-yapa qarlar yağsa, yaza qalmaz.”
Mif yaradıcılığı dövrü ilə mif təsviri dövrünü bir-birindən ayırmağa məcburuq. Birinci halda insan mifin içində yaşayır, ikinci halda isə insan mif barədə əvvəlcə eşidir, sonra eşitdiyini yenidən yaradır
4.
“Göydən yağış, qar yağır,
Cavabsız suallar yağır.
Cavabsız suallar ağır
- illah məhşər ayağında.”
5.
“Kitabi-Dədə Qorqud” dastanında hər şeydən əvvəl “söz” və “Sözü” bir-birindən fərqləndirmək lazımdır.
6.
İngilis kralı Şirürəkli Riçard xaç yürüşündən geri qayıdarkən alman torpaqlarında əsir düşür və qalaların birində gizli olaraq saxlanır. Onu anasının axtarışa göndərdiyi çaparlar qala qarşısında nəğmə oxuyaraq tapırlar. Riçard onların səsinə səs verir. Eyni situasiya Beyrəklə bağlı baş verir. Beyrəyin də gizli əsirlik yerini atasının göndərdiyi bəzirganlar saz çalıb oxuyaraq tapırlar. Beyrək də onların səsinə səs verir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Müəllimim Əvəz Mahmud Lələdağa 90 illik yubileyi münasibətilə
İndira Şəmsivari,
Sizi sevən və Sizə hər zaman hörmətlə yanaşan şagirdiniz, Dövlət Qulluğunun Dövlət Müşaviri, Prezident təltifçisi
Var olun, vüqarlı insan! Müəllim, böyük hərflə yazılan əsl Ata, Dost və qürurlu Kişi! Var olun ki, gələcək nəsillərə örnək göstərməyə layiq bir dəyərlimizsiz!
Əvəz müəllim, heç vaxt unutmuram… Tahir müəllimin yubileyinizdə sizin şeirlərinizi əzbər söyləməsi, sizin də bizə o şeirləri əzbərlətməyiniz hələ də yaddaşımdadır. Və bilməyənlərə dediyiniz o söz: “Ağıllı insan çox dillər bilməlidir”, qulaqlarımdan getmir.
Siz, canım Əvəz müəllim, atamın çox qısa zaman dostluq etdiyi, boyu, duruşu, xarakteri atama bənzəyən bir insan kimi mənim üçün çox qiymətlisiniz. Özümü çox xoşbəxt sayıram ki, sizin yetirməniz olmuşam, dağ vüqarlı müəllimim!
Sumqayıtın rəhbəri, hörmətli Zakir müəllimin də dediyi kimi, rəqsi belə özü kimi vüqarlı olan Əvəz müəllim, yaşayın, yaradın! Çünki siz yaşadıqca, Azərbaycan dilində artıq unudulmaqda olan, amma sizinlə yenidən anlam qazanan “Əsl kişi” ifadəsi də yaşayır.
Biz gözümüzü açanda atalarımızı sizin kimi vüqarlı görmüşük. Bir baxışları yetərdi bizə. Ona görə də biz cinayətkar böyümədik. Biz bu sözlərlə böyüdük: “Əldən tutmaq əldən qalıb”, “Kişinin qapısını kişi döyər”, “Əmanətə xəyanət olmaz”.
O illərə, o atalara və o dəyərlərə bu gün cəmiyyətin böyük ehtiyacı var. Və Əvəz müəllim, bizlərin də əziz Ata, Müəllim, Dost olaraq Sizə çox ehtiyacımız var.
Yubileyiniz mübarək olsun! Allah sizi bədnəzərdən qorusun!
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Yalçın Türkayın “Anatomik dünyagörüşü” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yalçın Türkaydır.
Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Yalçın Türkay
Təbriz
ANATOMİK DÜNYAGÖRÜŞÜ
Biraz göylərdən danış!
Biraz da,
Məhəbbətin muzikal dünyasından!
Başqa şeydən danışma -
Qulağının içində yeriyirik göylərin...
Azacıq göy üzündə
Uçan quşları düşün...
Bir də ki, ağacların fəlsəfi düşünməsin!
Ayaqların üstündə gəzən adamlara bax!
Nifrətdən –
Dərddən iraq,
Gözlərinin içində yeriyirik göylərin...
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
ANAR, “Ürək qatarı”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
ÜRƏK QATARI
Atamın yaşını ötəndə onun “Yol. Qatar” şeirini ayrı gözlə oxudum
O gün exoqrammada
Dinlədim ürəyimi.
Eynən qatar səsiydi
Relslər üstə
çık-çırık… çık…çırık…çık…çırık…
harasa tələsirdi.
Duraqlarda durmadan
Hey irəli, irəli
qatar gedirdi hara?
Haçan çatacaq ora?
Hələ ana bətnində
Yollara çıxır “qatar”,
Sonra dünyaya gəlir,
Davam edir bu səfər
Hər axşam, gecə, səhər.
Keçib gedir, ötüşür,
dəyişir pəncərələr
Həftələr, aylar, illər…
Keçir gənclik, qocalıq,
Sona az qalır artıq.
Pillələri qalxanda qatar bir az töyşüyür,
Bir az yeyin döyünür.
Bədxahlığı görəndə istidə də üşüyür.
Sonuncu duraq – sükut
Gəlib ora çatanda
bir anda
çık-çırık dayananda
Susacaqdır qatarın
relslərdə döyüntüsü
Başlanacaq əbədi
səssizlik-səmirsizlik.
Bu yolun gerisi yox,
Amma hələ ki, gedir,
hələ yoldadır qatar,
Şükür,
dayanmır qatar.
Son durağa bir az var…
Darıxmayın,
bir az var
Saniyələr, saatlar,
Yenə tələsir, qaçır
Yenə də axşam düşür,
yenə də şər qarışır.
Külək səndən söz açır,
Yağış səndən danışır.
Zamanın təkərini
necə geri döndərim?
Yadımda qalanları
sənə necə göndərim?
Sənsiz kimdi, əzizim
Məni tanıyan, sayan,
Söhbətimi, sözümü
Bütün aləmə yayan?
Ay batanda ağlayıb,
Gün çıxanda gülürsən.
Dünyanı gah bağlayıb,
Gah açmağı bilirsən.
Dənizləri örtəndə
buludların kölgəsi
Ayla başlayacaqdır
dənizin qabarması,
dənizin çəkilməsi.
Ayla, günlə nə işim,
tək səninlə bağlıdır
könlümün hər kəlməsi.
25 yanvar 2015
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Yaponiyanın Yamato Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Komitədən məlumat verilib.
Universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb.
Yamato Universitetinin rektoru Şinji Matsumoto qonaqları səmimi salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, azərbaycanlı tələbələrin rəhbərlik etdiyi universitetdə təhsil almağa artan marağını müsbət qiymətləndirib.
Daha sonra universitetin tələbələrinə ölkəmizin müstəqillik tarixi, regiondakı mövqeyi və dövlətimizin müasir inkişaf mərhələləri ilə bağlı ətraflı məlumat verilib. Komitə sədri tələbələr qarşısında Azərbaycanın müstəqillik tarixi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib.
Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər.
Daha sonra azad Şuşada səsləndirilən və Xalq artist, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə ifa olunan “Qarabağ şikəstəsi” nümayiş olunub. Tələbələr “Qarabağ şikəstəsi”ni və onlarla görüşdə iştirak edən maestronu alqışlarla qarşılayıblar.
Universitetdə görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
“Ayaqqabısını cənnətdə qoyan peyğəmbər” - FELYETON
“Ədəbiyyat və incəsənət” Yunus Oğuzun felyrtonunu təqdim edir
Şəhər telefonuna zəng gəldi. Dinşünas, teoloq-alim dostumun səsini xəttin o biri başından eşitdim. "Bəli" deməyimlə dostum danışmağa imkan vermədi.
-Neyləyirsən, Mirzə? - deyə soruşdu.
-Heç, - dini söhbətlərdən qaçmaq üçün candərdi dilləndim, - yazı-pozu ilə məşğulam.
Ancaq hiss etdim ki, qanı qaradır.
-Mirzə, gəl çay içək. Bu dəfə ağ gilas mürəbbəsi ilə çayın yeddi manat pulunu mən verəcəm.
(Bu parklarda çay satanlar lap ağ ediblər e..! Çay 7 manat. Hələ bu ən aşağısıdır. Parka gələnlər termosda özlərilə çay götürürlər ki, mağazada satılan bir qucaq quru çaya burada bir çaynikin pulunu verməsinlər. O da əgər varsa)
Hiss etdim ki, dilxordur. Çar-naçar razılaşdım.
Həmişəkindən fərqli olaraq çayxanaya məndən tez gəlmişdi. Çay və mürəbbə də masanın üstündə bizi gözləyirdi.
Xoş-beşdən sonra soruşdum ki, imam əfəndi (otuz ildi onu belə adlandırıram), nə məsələdir? Qanın niyə qaradır?
Dostum elə bu suala bəndimiş. Ürəyi açıldı:
-Mirzə, təsəvvür edirsən, bu gün çadır yasına getmişdim. İçəri girən kimi məni yuxarı başda, molladan bir az kənarda əyləşdirdilər. Vəzifəli bir adamın qohumunun yası olduğundan çadır adamla dolu idi. Tanıyan da, tanımayan da, acıyan da, acımayan da yasda idi. Molla da "savadlı" adama oxşayırdı. Yas əhlinin başını qarışdırmaq üçün əleyhissalam İdrislə Cəbrayılın hekayətini danışırdı. Söhbətin o yerinə çatdım ki, İdris peyğəmbər Cəbrayıla yalvarır ki, bəs mənə cənnəti göstər. Cəbrayıl əleyhissalam da dirənib ki, yox, olmaz, bəs ora girən çıxmaq istəməyəcək. Peyğəmbər deyir ki, yox söz verirəm çıxacam cənnətdən.
"İmam əfəndi" soyuq çayından bir qurtum içib söhbətinə davam etdi. (Deyəsən ağ gilas mürəbbəsini yemək yadından çıxmışdı.)
- Nə isə... Allah Təalanın izni ilə Cəbrayıl (ə) İdrisə (ə) cənnəti göstərir. Peyğəmbər cənnətə necə hayıl-mayıl olursa burada qalmaq istəyir, ancaq Cəbrayıla (ə) söz verib axı cənnətdən çıxmaq barədə. Düşünüb-daşınır, cənnətin səkkiz qapısının birindən çıxmaq istəyəndə ayaqqabısını soyunub cənnətdə saxlayır ki, qayıdıb götürəndə bir də oradan çıxmasın...
Ağ gilasdan ləzzətlə yeyib, üstündən bir qurtum soyuq çay da içdim. Çayçıya əlimlə işarə etdim ki, çayı təzələsin, amma o danışdıqca üzümdən təbəssüm çəkilmirdi.
-Sonra nə oldu?
-Nə olacaq, Mirzə? Elə bil məni cin atına mindirdilər. Bu camaat da başını aşağı salıb mollaya elə diqqət və maraqla qulaq asırdı ki, elə bil Qurandan "İxlas" surəsini dinləyir. Bəziləri, arada başlarını yelləyib razılıqlarını bildirdikcə, molla da qızışıb söhbətinə davam edirdi. Indi bildim ki, cəhalət, xurafat hardan gəlir...
-Hardan?
-Qanmazlığımızdan Mirzə, qanmazlığımızdan, oxumamaqdan, düşünməməkdən. Yas yerində molla elə bilir k, çadırın yiyəsi odur: istədiyini danışa bilər, ancaq mən onun sözünü kəsdim. Özümün axmaq yerinə qoyulmasını istəmədim. "Molla! - dedim, - İki məsələdə böyük qələt elədin. - Hamı bizə maraqla baxdı. Mollasa belə şey gözləmədiyindən bərəlmiş və donuxmuş gözlərini mənə zillədi. - Cənnət sənin qonşunun qapısı deyil ki, kandarında ayaqqabını çıxarıb evə girəsən. Cənnət mal, mülk aləmi deyil, ora ilahi aləmdir, ora saf, təmiz, əməli saleh olan insanların, ruhların aləmidir. Bu sənin birinci qələtin. İkinci qələtinsə odur ki, İdris peyğəmbəri yalançı etdin. Elə bil qonşudan toya getməyə borc çəkmə alıb, indi qaytarmaq istəmir. Cəbrayıl (ə) da uşaq-muşaqdır, elə bil Allahın qüdrətli mələklərindən, batin elmindən xəbər verən deyil. Molla vəziyyətdən çıxmaq üçün dedi ki, bəs mən neyləyim? Hədisləri mənə belə yazıb veriblər. Amma, harda yazıb veriblər demədi. Onsuz da bilirəm".
Bu ara məni gülmək tutdu. Gülüşümün səbəbini soruşdu.
-Heç- dedim, - Molla Nəsrəddinin ayaqqabı əhvalatı yadıma düşdü. -Danışmaq növbəsi məndə idi. - Molla bir yasa gedir. Ayaqqabısını kandarda çıxarıb içəri girir. Çölə çıxanda görür ki, ayaqqabısını oğurlayıblar. Bu bir neçə dəfə təkrar olunur. Molla Nəsrəddin ayaqqabı almaqdan bezir. Növbəti yasa gedəndə ayaqqabısını çıxarıb qoltuğuna vurur. İçəridə hamı ondan soruşur ki, Molla, nə məsələdir, ayaqqabını qoltuğuna niyə vurmusan? Molla da cavab verir ki, bilmək olmaz, bəlkə yolum burdan o yana düşdü.
Əlavə etdim: - Sən ayaqqabının kəramətinə bax e...e... onun hesabına cənnətdə qalmaq olurmuş. Ona görə də Molla Nəsrəddin ayaqqabısını özü ilə götürübmüş.
Bu dəfə dostum qəhqəhə çəkib güldü... Dostumdan ayrılandan sonra barmağımı dişləyib düşündüm. Elə bil nəyisə kəşf etmişdim: "Ay xətakar, xristianlar, Cənnətə düşməkçün kostyumda, ayaqqabıda dəfn olunurlar. Ona görə bizdən qabaqdadılar. Yəqin sayları orada müsəlmanların sayından da çoxdur. Biz ayaqqabı axtarana qədər, onlar cənnətdəkilərə kəf gəlirlər. Ay, xətakarlar!"
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)
Cabir İmanovun ölümü - jurnalistika etikası və mədəniyyəti...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Ötən günlərdə Əməkdar artist Cabir İmanovun 49 yaşında Bakıdakı idman zallarından birində infarkt keçirərək dünyasını dəyişməsi hadisəsinin video görüntülərinin media və sosial şəbəkələrdə yayılmasının şahidi olduq.
Tanınmış jurnalist və blogger Azər Qərib bu məsələyə fərqli yanaşaraq olaya sərt reaksiya verdi: "Bu gün Cabir İmanovla vida mərasimi oldu, amma mən başqa məsələni vurğulamaq istərdim. Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətim olsaydı, tapşırardım ki, idman zalından rəhmətliyin son kadrlarını mediaya ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar.Həm qanuna zidd oldu bu çirkin əməl, həm mənəviyyata. Amma mənəviyatdan uzaq olanlar bunu çətin anlayarlar...”
Bunun ardınca media orqanlarından birində onun yanaşmasının tənqidi ilə üzləşdim. Orada jurnalist Azər Qəribin yazıdığı cümlələrdə 2-3 texniki hərf səhvləri qabardılmış, ardınca qardaş Türkiyə və digər ölkədən nümunələr göstərərək canlı yayımda dünyasını dəyişmiş insanların video görüntülərinin yayımlanmasının adi və sadə bir iş olduğuna təkid edilir. Məsələnin daha qəribə yeri isə ondadır ki, yazı müəllifi "Zəruri qeyd" adı altında Azər Qəribin həyat bioqrafiyasını təqdim edərək sonda onun ayrı-ayrı sahələrdə çalşdığı və 42 yaşından etibarən blogger və həvəskar “jurnalistika ilə məşğul olan" bir şəxs kimi təqdim edir... Beləcə mərhum Cabir İmanovun vəfat etdiyi anın video görüntüsünün yayılmasının adi və qəbahətsiz bir əməl olduğu fikirini dəstəkləyir...
Bununla bağlı bir neçə mülahizəni qeyd etmək olar:
1. Əvvəla, uyğun mövzuda istər qardaş Türkiyə, istərsə də dünya mediasından nümunə gətirməyə lüzum yoxdur. Çünki demək olar ki, hər yerdə baxıcı və tamaşaçı sayı toplamaq hədəfi ilə bir çox hallarda etik qayda-qanunlar tapdalanır. Hansısa futbolçunun futbol meydançasında, hansısa sürücünün sükan arxasında və ya hansısa millət vəkilinin tribunada yıxılıb vəfat etməsini bir çox media qurumları uff demədən tirajlaya bilərlər. Lakin unudulan bir məsələ var: o da jurnalistika etikasından ibarətdir. Axı vəfat edənin ailə üzvləri, övladları, bacı-qardaşları və sevənləri var. Onların belə kadrları müşahidə etməsi sayğı, hörmət və ləyaqəti alçaltmırmı? Xüsusilə də, anidən yıxılaraq vəfat edən şəxs həmin zaman xoşagəlməz formada yerə yıxıla və qeyri-adi hala düşə bilər. Görən, bu hərəkət hansısa şəxsin şərəf və hörmətinin zədələnməsinə yol açmırmı? Qanunvericilikdə şərəf və ləyaqətin müdafiəsi hüququna dair maddələr mövcud olsa da hər halda bu barədə dərindən düşnməyə və nəticə çıxarmağa dəyər.
2. Əslində belə kadrlar yalnız araşdırma üçün hüquq-mühafizə orqanları üçün açıq olmalıdır. Belə kadrların müxtəlif media orqanları və sosial şəbəkələr üzərindən yayımlanması isə məqbul sayılmır. Buna əsas olan isə etika və mədəniyyət məsələsidir. Əgər qanunvericilikdə bununla bağlı hər hansı bir boşluq varsa, həmin boşluğu yanlış hərəkətlərimizlə doldurmaq həqiqətən də jurnalistika adına ləkədir.
3. Jurnalist və blogger Azər Qəribin təqdim etdiyi tutarlı və əsaslı yanaşmanı tənqid etmək üçün onun həyat bioqrafiyasını araşdırmaq və sonra onu jurnalistika ilə "həvəskarcasına məşğul olan" bir şəxs kimi qələmə vermək yaxşı hərəkət deyil. Çünki bizim borcumuz yanlış bir işə bəraət qazandırmaq üçün hər yola əl atmaq deyil, deyilən məntiqli fikirdən ibrət almaq və nəticə çıxarmaqdır. O, jurnalistika sahəsində peşəkar və ya həvəskar olsa da hər halda uyğun mövzuda söylədiyi söz və təqdim etdiyi mövqe tam məntiqlidir.
İndi isə müxtəlif media orqanları, eləcə də peşəkar və həvəskar jurnalistlərin bu fikirdən nəticə çıxarmaq zamanıdır. Məncə, bu barədə əldə ediləcək əsas nəticə jurnalistika sahəsində çox hallarda etikanın hakim olmamasından ibarətdir. Halbuki hər bir sahədə olduğu kimi jurnalistika sahəsinin də öz etik qaydaları və mədəniyyəti olmalıdır. Lakin təəssüf ki, bir çoxları belə bir zəruri mövzuya biganəliklə yanaşırlar. Ümumiyyətlə, jurnalistika etikası və mədəniyyəti hər şeydən öncə ixtisası və pesəkarlığından asılı olmayaraq bu sahədə çalışanların özündə formalaşmalı və bunun üçün hansısa qanuna düzəliş və ya əlavə edilməsinin intizarı çəkilməməlidir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)


