“Biri ikisində” Güneydən Rza Bərahəni ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

 

Rza Bərahəni (1935–2022) – görkəmli nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi.

 

İranda müasir ədəbi-tənqidin əsasını qoyanlar sırasında birinci Rza Bərahəninin adı çəkilir. Buna görə də ədib “İran ədəbi-tənqidinin atası” kimi tanınır. O, eyni zamanda İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir.

İlk şeirlər kitabı 1962-ci ildə çıxıb və ədəbi mühitdə ciddi rezonans yaradıb.

 

R.Bərahəni də türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardandır. Üç kitabına müəllifin ingiliscə yazdığı əsərləri daxil edilmişdir. İndiyə kimi əlli altı kitabı çıxıb, bunlardan  səkkizi roman, on dördü şeir kitabıdır. Bu romanların həcmi ümumi­lik­də dörd min səhifədən çoxdur. Xeyli sayda ədəbi-tənqidi məqalələri çap olunmuşdur. Tehranda ictimai xadim Cavad Heyətin ana dilində nəşr etdirdiyi “Varlıq” jurnalı R.Bərahəniyə də öz təsirini göstərmişdir. O bir sıra məqalələrini, xüsusən də türk­cə, farsca, ərəbcə qarışıq yazdığı şeirlərini bu jurnalda çap etdirmişdir. Həmin şeirləri son­ra­dan kitablarına da daxil etmişdir.

1968-ci ildə işıq üzü görən iri həcmli “Misdən qızıl” ədəbi-tənqidi məqalələr və esselər kitabı İranda Avropa tipli ədəbi tənqidin əsasını qoyub, müəllifinə “İran ədəbi tənqidinin atası” titulunu qazandırıb.

Rza Bərahəni İran şah rejimi və inqilabdan sonrakı hakimiyyət tərəfindən təqib olunub, həbsə atılıb, bəzən zindana salınıb.

“Yurdumun sirləri” əsəri yazıçının doğulub boya-başa çatdığı Təbriz şəhərinə həsr olunub. Yazıçı əsərdə Təbrizin tarixi, mədəniyyəti, orada yaşayanların özəl xü­su­siyyətləri, xarakterləri, məşğulluq sahələri ilə  bağlı  mövzu    mətnləri qələmə almışdır. Əsərin özəlliyi onun Azərbaycan gerçəklikləri ilə bağlı olmasındadır. R.Bərahəni Azərbaycan Milli Hökumətinin məğlubiyyətindən sonrakı Azərbaycan ortamının ağır və sıxıntılı vəziyyətini bədii lövhələrlə ifadə  etmişdir. Azərbaycan türklərinin acınacaqlı durumu, rejim tərəfindən əhaliyə edilən basqı və təzyiqlər yazıçının  romanında öz əksini tapmışdır.

Bərahəni əsərlərində nağıl və dastanlardakı əfsanəvi mifik obrazları ədəbiyyata gətirib real həyatla uzlaşdırmağı bacarmışdır. Sürrealizmə xas olan yuxu, xəyal və şüuraltıdan yararlanmışdır. Kitabda verilən “Yurdumun sirləri" və ”Mamaça” əsəri buna bariz örnəkdir.

Yazıçının  digər əsəri «İnsanlıq tarixi» essesidir. Esseni müəllifin  mövcud rejimə etiraz səsi, əlaməti kimi qəbul etmək olar. Əsərdə təsvir olunanlar barəsində təsəvvür əldə etmək üçün bir səhnə kifayətdir; qaranlıq gecə, dəhşətli burulğan, dalğaların qorxusu… Sahildəki seyrçilər həmin dənizdəkilərin nələr çəkdiyini haradan bilsinlər? Əsərin qayəsində bu ritorik sual durur.

R.Bərahəninin ən məşhur əsərlərindən biri olan “Taclı hanniballar”da İranda Pəhləvilərin hakimiyyəti illərində insanlara qarşı aparılan repressiya və diskriminasiyadan bəhs edilmişdir. Şah rejimi zamanı gizli polis xəfiyyəsinin – SAVAK-ın cinayətlərinin izinə düşən əsər müəllifinin özü də  bir zamanlar SAVAK-ın təcridxanasında keçirdiyi hissləri və şahidi olduğu olayları qələmə almışdır.

R. Bərahəninin romanlarında, şeirlərində və digər əsərlərində həmişə Azər­bay­can möv­zusuna geniş yer verilmişdir. Bu əsərlərdə azərbaycanlı obrazı və Azərbaycanın tə­­bi­ə­ti canlandırılmışdır. R.Bərahəni yazdığı əsərlərində bəzən bir neçə səhifəni, bəzən şe­ir par­ça­larını, bəzən də müəyyən məqamları (məs. yuxugörmələri) türkcə vermişdir. Ro­man­­la­rın­dakı bütün surətlər, demək olar ki, azərbaycanlıdır, istər Təbrizdə, Tehranda ya­­şa­sın, istərsə də Nyu-Yorkda. Ana dili onun damarlarında axan qanı, bədəninin bir par­­ça­sıdır. Uşaqlıq dostu və məsləkdaşı, tanınmış dramaturq, istedadlı yazıçı Qulamhüseyn Saidiyə həsr etdiyi “Araba” şeiri çox təsirlidir:

 

    Sökdülər yerindən qarmaladılar qapıyı,

Atdılar bir araba üstünə, apardılar,

Gözümüz görə- görə evimizi də apardılar.

 

İndiysə duygularımız azgın düşən arılar kimi

bir-bir itkin pətəklərini arayırlar

Sıra Savalana gəldikcə,

Biz çocuqlar dağın ətəğində

Əl-ələ verib seyr edirdik,

Bizi saymadan işlərinə başlamışdılar.

Bitirdilər ləhləyə – ləhləyə,

Savalanı da qarmaladılar,

arabanın üstünə atdılar.

 

1968-ci ildə bir neçə həmkarı ilə birgə İran Yazıçılar Birliyini (Kanu-e Nevisendegan-e İran) təsis edib. Bu təşkilatın yaranışı İran hakimiyyətini narahat etdiyindən hakimiyyət təşkilatı bağlamağa və susdurmağa çalışdığı üçün ədiblər, o cümlədən Barahəni ciddi təqiblərlə üzləşmişlər.

Bərahəni iranlılar arasında bir azərbaycanlı və radikal siyasətçi kimi tanınmışdır. 40-50 il milli demokratik haqlar uğrunda çalışan R.Bərahəni üçün dil azadlığı, senzura ilə mü­barizə, qadınların kişilərlə bərabər haqlara sahib olma məsələsi əsas məq­səd­lərin­dən olmuşdur.

1996-cı ildə o, İrandan qəti şəkildə ayrılaraq Kanadada məskunlaşıb və ömrünün son illərini Toronto şəhərində yaşayıb. Bir müddət Kanada PEN-in prezidenti olub, daha sonra isə təşkilatın fəxri sədri kimi fəaliyyət göstərib.

ABŞ-nin Nyu-York, Texas, İndiana, Yuta və xüsusilə Oksford kimi nüfuzlu universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub.

Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, is­pan, isveç və başqa dillərə tərcümə edilmişdir. Onun ingiliscə, Azərbaycan  türkcəsi  və fransızca yazdığı  orijinal əsərləri də  vardır. Bir çox əsərləri Mar­kes, Nabokov, Oktavio Paz, Nazim Hikmət, Borxes, Şimborska kimi böyük dün­ya yazarları ilə birgə nəşr olunmuş, onlarla eyni antologiyalarda yer almışdır.

“Nyu-York tayms”, “Vaşinqton post”, “Mond”, “Fiqaro”, “Taym” kimi nüfuzlu nəşrlərdə əsərləri və əsərləri barədə yazılar dərc edilib.

Jonh Leonard, Edqar Lorens Doktorov, Helene Sixous,Tyerri Bodar və b. nüfuzlu şəxslər onun haqqında yüksək fikirlər söyləyib, rəsmi yazılar yazıblar.

Bərahəninin 1968-ci ildə yazdığı “İnsanlıq tarixi” kitabının İranda çapına icazə verilməyib. Lakin  E.L.Doktorov adlı bir amerikalı yazıçı kitaba aid böyük bir məqalə yazıb, onu ingilisdilli topluma təqdim etmişdir. Rza Bə­ra­hə­ni “Ayaz bəyin cəhənnəm günləri”, “Öldürülənlərin türküsü”, “Yurdumun sirləri”,  “İlyas Nyu-Yorkda”, “Quyudan quyuya”,  “Azadə xanım  və müəllif”  kimi romanların  “Bağçanın ceyranları”, “Meşə və şəhər”, “Günortadan sonra bir gecə”, “Günəşdəki çilə”, “Aydakı çiçək”, “Zil-Allah”(zindan şeirləri), “Maskalar və bağlar” (ingiliscə), Böyük şüşələr”,  “Pəncərəyə gəl”,  “İsmayıl”, “Kəpənəklər” kimi  şeir  toplularının və  “Misdən qızıl”, “Hafiz risaləsi”,” Ədəbiyyat tənqidində liderlik böhranı”, “İran inqilabında  nələr oldu, nələr olacaq?”, “Gələcək nəsillərə hesabatlar” kimi tənqidi araşdırmaların və digər müxtəlif janrlarda yazılmış əsərlərin müəllifidir. Müəllifin “Ayaz bəyin cəhənnəm günləri” ingilis və fran­sız dil­lərinə tərcümə edilmişdir. O.Şekspir, Kundera, Man­delştam, Fanon və digər ünlü ya­­zar­ların əsərlərini farscaya çevrilmişdir.

      Azərbaycanda “Rza Barahəni: şeirlər, müsahibələr, araşdırma” (2009), Türkiyədə “Kəpənəklərə” (2005) şeir kitabları işıq üzü görüb. 2019-cu ildə isə Pərvanə Məmmədlinin təqdimatında “Rza Bərahənidən seçmələr” kitabı çap olunub.

Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.