Super User

Super User

   

4 oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq  Kitabxanası interaktiv fəaliyyətlər və yazıçılarla görüşlərdə fəal iştirak edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Tədbirlər proqramına əsasən uşaqların maraq dairəsinə uyğun müxtəlif yaradıcı məşğələlər təşkil olunub. Uşaqlar plastilindən müxtəlif fiqurlar düzəldərək öz bacarıqlarını nümayiş etdiriblər və gildən hazırlanmış fiqurları rəngləyiblər. Bu prosesdə kitabxananın əməkdaşları uşaqlara dəstək verib.

Sərginin davamında  məşhur ingilis yazıçısı və illüstrator Corciya Binq ilə oxucular arasında görüş keçirilib. Yazıçı beynəlxalq bestseller olan Molli Mun seriyasından “Molli Munun Ağlagəlməz Hipnotizmi”, “Molli Mun Dünyanı Dondurur”, “Molli Munun Hipnotik Zaman Səyahəti”, “Molli Mun, Mikki Minus və Bilik Maşını”, “Molli Mun və Morfinq Sirri” kitabları barədə məlumat verib. C.Binq hər bir əsərinin uşaqların təxəyyülünü zənginləşdirəcəyini və onların maraq dairəsini genişləndirəcəyini vurğulayıb.

Kitabxananın stendini ziyarət edən Corciya Binq öz kitablarının nümayişindən məmnun qalıb və uşaqlara imzalı kitablar hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Azərbaycan kinosundan söhbət açmaq istəyirəm... O kinodan ki, həqiqətən də vaxtilə öz sözünü deyə, tamaşaçı rəğbətini qazana bilmişdi. İnsanlara gözəl duyğular bəxş etməklə, əxlaqi, milli-mənəvi dəyərlərimizi qorumaqla, xalqımıza məxsus qəhrəmanlıq səhifələrini özündə əks etdirməklə, ailə-məişət mövzularına nümunəvi şəkildə toxunmaqla Azərbaycan kinosu elə filmlər istehsal etmişdi ki, baxmaqla doymaq olmurdu. Elə indinin özündə də həmin filmlərin hər birinə sevə-sevə tamaşa edirik. Hələ bəzən özümüzə belə sual da veririk ki, bu filmlərdən nə üçün doymaq olmur? Hər dəfə baxanda sanki ilk dəfədir baxırmışsan kimi gəlir adama.

 

Bizim “Dədə Qorqud” adlı filmimiz var. Bu qədim xalqın qəhrəmanlıq səhifələri, milli-mənəvi keyfiyyətləri, adət-ənənələri ilə dolu bir filmdir. 1975-ci ildə “Kitabi Dədə Qorqud” dastanının motivləri, yazıçı Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Aradan 50 ilə yaxın dövr keçsə də, bu film öz dəyərini əsla itirmir. Baxdıqca baxılır.

Bizim “Babək” adlı filmimiz var. 1979-cu ildə çəkilən filmdə xalqımızın qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin azadlıq hərəkatından bəhs olunur. Aradan 45 ildən artıq zaman keçməsinə baxmayaraq bu filmi hər dəfə böyük şövq və qürurla izləyirik.

Bizim “Yeddi oğul istərəm” adlı filmimiz var. 1970-ci ildə xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş film Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunsa da, həmin 50 ildə sovet imperiyasının təsiri altında yaşasaq da, lakin film film olaraq çox sanballı və yaddaqalandır. Odur ki, baxmayaraq ki, indi müstəqil ölkədə yaşayırıq, lakin o film bizim üçün yenə eyni dəyərdə qalmaqdadır.

Bizim “Axırıncı aşırım” kimi filmimiz var. 1971-ci ildə ekranlaşdırılmış kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Bu film də yaşadığımız sovet hakimiyyəti illərini əsas mövzu etsə də, lakin o tarix bizim yaşadığımız tarixdir. Və film o qədər heyrətamiz şəkildə ekranlaşdırılıb ki, bu gün də hər birimiz o filmdən sitat gətiririk. Hər birimiz o filmi illər öncəki maraqla, həvəslə, sevgi ilə izləyirik. Hansı ki, aradan yarım əsrdən artıq zaman keçib.

“Bəxtiyar, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır”, “Ulduz”, “Yenilməz batalyon”, “Bizim Cəbiş müəllim” və adlarını çəkmədiyimiz onlarla filmlər var ki, aradan 50 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də fəxr etdiyimiz Azərbaycan kino sənətinin nümunələridir. Bəs belə isə bu gün haradadır Azərbaycan kinosu? Nə üçün bu siyahını davam etdirə bilmirik.? Yəni belə sanballı filmlərlə davam etdirə bilmirik...

 

1898-dən 2015-dək

Diqqət etsəniz, görə bilərsiniz ki, Azərbaycan kinosu vikipediyasında 1898-ci ildən başlayan kino sənətimizin ayrı-ayrı illərdə inkişaf xətti göstərilib. Yəni illər üzrə çəkilən filmlərin siyahısı, aldığı mükafatlar yerləşdirib. Lakin bu siyahı 2015-ci ildə bitir. Yəni həmin ildən bu yana çəkilən filmlər ya yoxdur, ya da hansısa məsuliyyətsizlik ucbatından burada yer almır. Lakin bugünkü mövzumuz İkinci Vətən müharibəsindən bəhs edən filmlər olduğu üçün deyərdim ki, həmin siyahi tamamilə düzgün tərtib olunub. Çünki hələlik izləyəcəyimiz, “bəh-bəh” deyəcəyimiz elə bir film yoxdur ortalıqda.

Hansı ki, bu gün Azərbaycan televiziya məkanında yağışdan sonra çoxalan göbələk qədər teleseriallar görmək mümkündür. Hansı kanala baxırsansa, orada bir serialla qarşılaşırsan. Bunların arasında isə təsadüf nəticəsində yaxşı biri ilə qarşılaşmaq mümkündür.

Azərbaycan kino məkanında komediya filmləri daha çox çəkilir.  Qeyd etməliyik ki, həm də çox maraqlı, professional səviyyədə çəkilir. Komediyanın həyatın acı hadisələrini gülüşlə ifadə etməsini, bunun da tamaşaçıya təsir gücünü nəzərə alsaq, əlbəttə komediya filmlərimizə söz yoxdur. Lakin həddindən artıq gülmürükmü? Bəlkə bir qədər də təsirlənməyin, duyğulanmağın, tarixin yaddaşına atılmağın, qədirbilənliyin vaxtıdır...

Komediyadan fərqli olaraq bədii, sənədli, televiziya filmləri haqqında danışmaq bir qədər çətindir. Çünki tamaşaçı hələ də gözləyir. İkinci Vətən müharibəsindən, şəhidlərimizdən, müharibə iştirakçılarından, azad torpaqlarımızdan, bu torpaqların böyük hünər və rəşadətlə geri alınmasından, erməni adlı düşmənin rəzilliyindən, Qarabağın başına gətirdiyi oyunlardan, darmadağın  edilmiş yurdlardan, daşınıb aparılmış sərvətlərdən və Böyük Zəfərdən bəhs edən filmlər gözləyirik.

 

Bir film izləmək istərdik...

Bir filmə baxmaq istərdik... Sovet dövründə azərbaycanlı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filminə bənzəsin. Tamaşa edəndən günlər sonra təsirindən çıxa bilmədiyimiz “Uzaq sahillərdə”yə. Mehdinin zəkası, savadı, bacarığı, qabiliyyətini, Vətən sevgisini əks etdirən film kimi İkinci Qarabağ müharibəsinin qəhrəmanları haqqında filmlərə baxmaq istərdik. Niyə də baxmayaq ki? Niyə biz “Uzaq sahillərdə”n Qarabağımıza gələ bilməyək? Axı uzaq sahilləri bizə zorla Vətən etmişdilər. Biz öz sahillərimizdən uzaqlara Vətənimizi qorumağa getsək də, ümumi “Vətənimiz” üçün idi bütün bunlar. 70 illik “Vətənimiz”. Qəlbimizdə öz Vətənimiz, dilimizdə o “Vətənimiz”. O “Vətən” uğrunda gedən döyüşlər haqqında bizim neçə-neçə bədii filmlərimiz var. Hamısı da ayrı-ayrılıqda təsiretmə gücünə malikdir. Yəni o filmlərin ssenarisini yazanlar, rejissorluğunu edənlər bizlər deyildik?..

Bir bədii film izləmək istərdik. Generalımız Polad Həşimovun vətənpərvərlik rəmzi olmasından, hər biri bir mövzu olan 3000-dən artıq şəhidimizdən, 7 itkinimizdən, onların Mehdi Hüseynzadə kimi şücaətindən, təhsilindən, vətənpərvərliyindən, cəsarətindən, yarımçıq ömründən bəhs edən film. Birinci Qarabağ müharibəsində şəhid olmuş ataların İkinci Qarabağ müharibəsində şəhid övladlarından, nəvələrindən, yaxın qohumlarından bəhs edən bir film. Tarixi tarixə bağlayan, faktlar toplusu olan bir film.

Bir film izləmək istərdik. Xüsusi təyinatlılarımızın Şuşaya sinələri, əlləri, dizləri ilə açdıqları yoldan, bu dağların sinəsinə pərçim şəhərin asad edilməsindən, o cəngavərlərin hünərindən, silahla yox, əlbəyaxa döyüşündən bəhs edən film.

Hansısa bir yazıçının cəsarət edib yaza biləcəyi, hansısa bir rejissorun ürək edib çəkə biləcəyi müzəffər sərkərdə, Ali Baş Komandandan bəhs edən bir filmə baxmaq istərdik. O filmə ki, torpaqlarımızın qayıtmasını reallaşdıran şəxsiyyətdən, ata nəsihətini həyata keçirən övladdan, yurd həsrətli insanların bağlı qapılarını açan rəhbərdən bəhs etsin.

Haradasan, Azərbaycan kinosu? Biz səni gözləyirik! Deyəsən bu qədər müddət gözlədiyimizə dəydi. Rejissorlarımız və ölkəmizin irəli gələnləri səsimizə qulaq verdilər və Qarabağımızın azad edilməsindən və bu uğurda canını, qanını fəda edən şəhidlərimiz və qazilərimizdən söz açan filmlər zəfər gününə qədər paytaxtımızda tamaşaçıların görüşünə gələcək. Siyahı isə belədir:

9 Oktyabr "Torpağı Sanı Yaşayasan"

16 Oktyabr "Hadrut, Sən Azadsan"

23 Oktyabr "Danışır və Göstərir Şuşa"

30 Oktyabr "Qayıdış"

6 Noyabr "Müharibənin gözləri"

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu xüsusən Sumqayıtda hər kəs tanıyırdı, tək yaşadığı səkkizinci mikrorayonunda deyil, şəhərin hər yanında küçədə insanlar onunla salamlaşar, hal-əhval tutardılar. Xüsusən, “Papaq” filmindən məşhurlaşmışdı, Papaq Kamil deyə adlandırardılar. Toylarda hər kəs onun o filmdəki rəqsini ifa edərdi...

 

Azərbaycan kinosunun tarixində epizodik rollarla yadda qalan aktyorlarımızdan biri Kamil Məhərrəmov olub. Onun adı çəkildikdə ilk ağıla gələn obraz "Dərviş Parisi partladır" filmindəki (1976) Qəmbərdir. Hətəmxan ağanın nökərinin Firəngistandan gəlmiş nəbatat alim müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir.

Aktyorun "Yol əhvalatı"nda canlandırdığı Paşa obrazı, "Mən mahnı qoşuram" filmindəki Höcəti, "Evlənmək istəyirəm"dəki Hüseyni, eləcə də "Mozalan" satirik kino-jurnalında yaratdığı komik personajlar bu gün də tamaşaçı yaddaşından silinməyib, hər dəfə sevilərək baxılır, baxılaraq sevilir. Bu personajların dilindən səslənən bir çox ifadələr kinosevərlər arasında bir növ zərb-məsələ çevrilib. Ümumilikdə aktyorun filmoqrafiyasında 40-dan çox ekran əsərinin adı var.

Kamil Məhərrəmov 1941-ci il mayın 6-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Ataları dərzi idi. Sonra ailələri Sumqayıta köçür, Kamil orta məktəbdə oxuyarkən dram dərnəyinə yazılır.

Xalq artisti Hacı İsmayılov Kamil Məhərrəmovu belə xatırlayır: "Mən Kamili ilk dəfə Lütfi Məmmədbəyovun dram dərnəyində görmüşdüm. Onda sənətə böyük maraq var idi. Hər gün dərsdən çıxıb dərnəyə gələr, özü oynamadığı tamaşaların belə məşqlərinə baxırdı. Lütfi müəllim də onun istedadını çox bəyənirdi. Amma bir gün eşitdik ki, Kamil Energetika Texnikumuna daxil olub. Tale elə gətirdi ki, sənətə hədsiz sevgisi olduğundan o, yenə də aktyorluğu seçməli oldu. Xasiyyətcə həlim və çox mehriban insan idi. İstər dərnəyə getdiyimiz zamanlarda, istərsə də sonra münasibətlərimiz həmişə yaxşı olub. İndiyə kimi heç zaman sənət dostlarımızdan kimsənin Kamildən incidiyini eşitmədim".

 

Uzun müddət Kamil Məhərrəmovla birlikdə "Mozalan" satirik kino-jurnalında çalışan Əməkdar artist Şamil Süleymanov da onu xoş xatirələrlə yada salır: "Kamil Məhərrəmovun adı gələndə üzlərdə təbəssüm, eyni zamanda, bir nisgil görürəm. Çünki onun həyatı o qədər də asan olmayıb. Uşaqlıqdan anasının xəstəliyi, ailənin çətin dolanışığı, sonradan elə özü də çətinliklə yaşayıb. Bildiyim qədər, nəsillərində ondan savayı sənətlə məşğul olan olmayıb. Onu sənətə böyük sevgisi gətirmişdi. İncəsənət İnstitutunu bitirəndən sonra onu təyinatla Sumqayıt teatrına göndəriblər

"Mozalan"ın kollektivində ən şən insanlardan biri idi. Kollektivimizin belə bir ənənəsi var idi. Kiminsə ad günü, yaxud xeyir işi olanda ayrıca dəvətnamə paylanılmazdı. Sadəcə otağın qapısında bir elan vurardıq: "Filan gün filankəsin toyu, yaxud ad günüdür. Hamınız dəvətlisiniz". O, kollektivdən gedəndən sonra da xəbər tutduğu zaman belə xeyir işlərdə iştirak edərdi. Deyirdi ki, nə olsun, işdən ayrılmışam, bilirəm ki, yenə qapıya ümumi dəvət asırsınız. Dostluqda çox sədaqətli idi".

Aktyorun vaxtilə çalışdığı Sumqayıt Musiqili Dram Teatrına zəng vurub ailəsinin ünvanını öyrənmək istəsək də, dəqiq məlumat əldə edə bilmədik. Bircə onu öyrəndik ki, həyat yoldaşı Mahirə xanım təhsil müəssisələrinin birində müəllimədir. Arxivi vərəqləyib Mahirə xanımın müsahibələrinin birində həyat yoldaşı haqqında xatirələri ilə tanış oluruq: "Bakıda onların evlərinin pəncərəsi bizim məktəbin həyətinə baxırdı. Hər gün zəng vurulan kimi bir də görürdüm, Kamil dayanıb qarşımda. O qədər şən, gözəl insan idi ki, tez vuruldum ona. Evləndik, institutu bitirəndən sonra o, Sumqayıta göndəriləndə çox sevindim. Ona görə ki, Sumqayıt sakit şəhər idi.Teatrda yaxşı rolları vardı, kinoya da çəkilirdi. Ailədə iki övladımız dünyaya gəlmişdi. Tezliklə bizə Sumqayıtda ev də verdilər".

Təəssüf ki, Kamil Məhərrəmov həyatdan erkən gedib. Aktyor erkən vəfat getməsəydi istedadı sayəsində nə qədər maraqlı obrazlar yaradardı. O, kinoda kiçik, lakin xarakterik rollar oynayırdı. Xırda həcmli obrazla xarakter ortaya qoya bilmək hər aktyora qismət olmur. Yalnız xüsusi istedadın olmalıdır ki, bəzən sözün deyə bilmədiyini mimikalarla, jestlərlə deyə biləsən. "Evlənmək istəyirəm"dəki Hüseyn kimi. Aktyor 1993-cü ilin oktyabrında həyatdan gedib. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Odur ki, avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. Bu da bir aktyorun həyat yolu...

 

Filmoqrafiya

 

1. Qəzəlxan

2. Qızıl uçurum

3. Mən mahnı qoşuram

4. Mənim ağ şəhərim

5. Məşədi İbad-80, yaxud köhnə tanışlar

6. Musiqi müəllimi

7. Musiqili sınaq

8. Nəvəmin nəvəsinin nəvəsi

9. Ölsəm... bağışla

10. Ömrün ilk saatı

11. Ömrün səhifələri

12. Sahilsiz gecə

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Bu yaxınlarda Bakı şəhərində yerləşən “Badamdar Hotel and Residences”də Türkiyəli və Azərbaycanlı yazarların birgə ərsəyə gətirdikləri “1 Şəhid, 1 Hekayə, 1 Şeir” kitabının IV cildinin təqdimat mərasimi keçirilib. Kitabda 62 azərbaycanlı şəhidin həyat hekayələri və onlara həsr olunmuş şeirlər yer alıb.

 

Tədbirdə Türkiyə və Azərbaycan yazarları ilə yanaşı, kitabda haqqında bəhs edilən şəhidlərin ailə üzvləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.

Təqdimatda layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov çıxış edərək iştirakçılara layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas təşəbbüskarı Türkiyəli yazar Harun Yıldırımdır və bu təşəbbüs 5 il əvvəl başlanıb. Layihənin ilk üç cildi Türkiyə şəhidlərinə, dördüncü cildi isə Azərbaycan şəhidlərinə həsr olunub. 2024-cü ilin yanvar ayında hazırlıqlarına başlanılan IV cildin ərsəyə gəlməsində layihə rəhbəri Harun Yıldırımla yanaşı, Türkiyə və Azərbaycan yazarlarının, xüsusilə Birinci Qarabağ Müharibəsi qazisi Anar Əliyevin maddi dəstəyi böyük rol oynayıb.

Koordinatorlar vurğulayıblar ki, bu kitablar tamamilə pulsuz paylanacaq və şəhid ailələrinə, şəhidlərin təhsil aldıqları məktəblərə, yaşadıqları rayon və şəhərlərin mədəniyyət mərkəzlərinə və kitabxanalarına təqdim olunacaq.

Tədbirdə çıxış edən kitabın redaksiya heyətinin üzvləri - Zemfira Məhərrəmli, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin və Mənsurə Xələfbəyli layihədə iştirak edən Türkiyəli yazarlara Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə plaket təqdim ediblər.

Tədbirə qatılan Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri də çıxış edərək bu dəyərli layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Həm Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi, həm də şəhidlərin xatirəsinin yaşadılması baxımından layihənin əhəmiyyəti vurğulanıb.

Rəsmi hissənin sonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə xanım bütün şəhid ailələri adından təşəkkürlərini bildirib.

Tədbirin bədii hissəsində isə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, bəstəkar-yazar Fərahim Sadiq vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Tanınmış qiraət ustaları kitabda yer alan şeirlərdən nümunələr səsləndiriblər.

Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

32.

 

ANAİB-in MÜSTƏSNA FƏALİYYƏTİ

 

Çox şübhəsiz ki, yeniyetmə və gənclər arasında kitabın populyarlaşmasına töhfə verənlərdən danışırıqsa, burada mütləq  "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İctimai Birliyinin (ANAİB) adını xüsusi vurğulamalıyıq. Qurumun idarə heyətinin sədri Şəmil Sadiq başda olmaqla anaibçilər yorulmadan kitabın təbliğinə yönəli fəaliyyət həyata keçirirlər. Bakıda və bölgələrdə ənənəvi kitab festivalları, uşaq kitabının təbliği forumları, müxtəlif oxu müsabiqələri, kitab sənayesinin problemlərinin həllinə yönəlmiş ictimai görüşlər, xüsusi günlərlə bağlı tədbir və müxtəlif mövzulu ödənişli seminarlar hamını və hər kəsi kitab oxumağa sövq eləməyə hesablanıbdır. Ölkə nəşriyyatlarının qurultayının yüksək səviyyədə təşkili isə qurumun “dilinə görə necə bir dilçəyinin olmasından” xəbər verir.

Hazırda ölkənin ən fəal nəşriyyatları - "Alatoran", "Altun kitab", "Audiokitab", "Bookzone", "Çapar", "Çinar", "Everest", "Hədəf", "İpəkyolu", "Libra", MİMTA, "Parlaq imzalar", "Təhsil", XAN, "Qələm", "Qədim qala", "TEAS Press", "Şərq-Qərb" və digərləri ANAİB-ə üzvdürlər. 

Hazırda ANAİB-in strategiyasına diqqət edəndə qarşıda duran əsas vəzifələr bu cür sıralanır:

-Azərbaycan ədəbiyyatının dünya dillərində nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bu fondun fəaliyyətinin şəffaflığının təmini, bütün xarici nəşriyyatlara bu fondun tenderində iştirak etmək üçün demokratik şəraitin yaradılması;

-Ölkədə nəşriyyatların əsas problemi tirajla bağlıdır. Tirajın azlığı bu sahənin inkişafına mane olan və bu sahədə çalışan insanların gəlirlərinin azlığının əsas səbəbidir. Hər nəşr olunan kitabdan müəyyən sayda, məsələn, 500 ədəd kitabxanalar üçün alınarsa bu, tiraj probleminin həllinə qismən kömək edə bilər. Bu gün dövlət kitabxanalarında olmayan minlərlə kitab tərcümə sayəsində ədəbiyyatımıza qazandırılıb. Belə populyar əsərlərin dövlət kitabxanalarında olması ora gələn oxucu sayını artıra, passiv vəziyyətdə qalan bu qurumlarda canlanma yarada bilər;

-Məlumdur ki, gənc yazıçıların əsərlərini öz hesabına nəşr edən nəşriyyat yox dərəcəsindədir. Əsas səbəb isə kitab sektorunun acınacaqlı durumda olması və kitabların satılmamasıdır. Bu da Azərbaycan ədəbiyyatına ciddi zərbə vurur, yeni yazıçılar meydana çıxmır; xüsusilə son illərdə yazıçılıq fəaliyyəti ilə məşğul olan gənclərin sayında ciddi azalmanı görmək mümkündür. Yazıçıları yaradıcılığa, nəşriyyatları isə gəncləri nəşr etməyə təşviq üçün dövlət tərəfindən gənc yazıçıların nəşr xərclərinin bir hissəsini qarşılamağa dəstək planı hazırlanması məqsədəuyğun olar;

-Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Rayon və şəhərlərimizdə, demək olar, kitab mağazaları yoxdur. Dövlət kitabxanalarına yeni nəşrlər verilmir, şəhərdə isə mağazaların sayı xeyli azdır. Görünən, əl çatan yerlərdə kitab mağazaları yoxdur. Çünki kitabçılar o icarə haqqını ödəyə bilmir. Bunun üçün də məhz kitab köşkləri adı ilə şəhərin bir çox yerində layihə icra edilə bilər;

-Bildiyiniz kimi, ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi reklam strategiyasının düzgün qurulmamasıdır. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Nəzərə alsaq ki, kitabçılıq sadəcə biznes sektoru deyil, həm də strateji və ideoloji məsələdir, deməli, ədəbiyyatın təbliği ilə bağlı televiziya və radiolarda silsilə verilişlərin, sosial reklamların olması dövlət üçün də vacib məsələdir. Kitabların reklamı Azərbaycan Dövlət Reklam Agentliyində sosial reklam kimi qəbul olunsa, AzTV, İTV kimi dövlət televiziyalarında kitabla bağlı veriliş, sosial çarxlar yayımlansa, bu, işə təkan vermiş olarıq.

 

Yeri gəlmişkən, bu sadalananlar həm də yuxarıda qoyduğumuz NƏ ETMƏLİ sualına verilən bilmərrə cavabdır.

 

Növbəti: 33.Naxçıvan təcrübəsi

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Bazar ertəsi, 06 Oktyabr 2025 08:27

Xalq artistinin doğum günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun pərəstişkarları çoxdur. Teatrımızın ən çox tələb olunan aktyorudur. Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlını deyirəm. Bu gün onun doğum günüdür.

 

1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

 

Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:

1. Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar)

2. Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)

3. Ross ("Maqbet", Vilyam Şekspir)

4. Yazon ("Medeya", Jan Anuy)

5. Pavel, böyük ("Gecənin sirri", Anatoli Safronov)

6. Kərim bəy ("Közərən ocaqlar", Mirzə İbrahimov)

7. Muxtar ("Təhminə və Zaur", Anar),

8. Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev)

9. Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev)

10. Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev)

11. Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev)

12. Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev)

13. Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun)

14. Aydın ("Aydın", Cəfər Cabbarlı)

15. Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı)

 

"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 1995-ci ildən 14 fevral 2021-ci ilədək Vətəndaş Həmrəyliyi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini olmuşdur.

Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına, 4 dəfə Prezident Mükafatına layiq görülüb. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb

 

Filmoqrafiya

- Absurdistan

- Araqarışdıran

- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film

- Bəyaz həyat

- Bizim qəribə taleyimiz

- Cavad xan — Cavad xan

- Cavad xan. Filmin filmi

- Cavid ömrü - Əhməd Cavad

- Doğan Günəş

- Ənvər Həsənov. Yeddi oğuldan biri

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış yazıçı, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, TEAS Press nəşriyyatında çap olunnan, əsasən gənclərə ünvanlanan, epiqrafı  “Yalnız sevənlər anlayar” olan roman əsl səyahət romanıdır, amma o, həm də bir eşq romanıdır. 

Əfsanəvi məhəbbət nəğməkarı Sarı Aşığın gerçək dastanı əsərin ruhuna hopub. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması sevginin tərənnüm gücünü göstərir. 

Romanda postmodernizm elementləri, qloballaşmaya, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var. Bu baxımdan “Sev” öz fəlsəfi-estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivəsindən kənara çıxır. 

Oxucu əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna can atır. 

Təqdimat mərasimi Əməkdar jurnalist və yazıçı Yunis Orucovla Natiq Məmmədovun kitab barədə çıxışları, polemik fikirləri ilə davam edibdir. 

Roman Azərbaycan ədəbiyyatına, xüsusən də müasir nəsrə sanballı töhfədir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsində türksoylu ölkələrin və icmaların qadın ictimai xadimlərinin, elm və təhsil qurumları təmsilçilərinin iştirakı ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, oktyabrın 3-də keçirilən görüşdə açılış nitqi söyləyən Komitə sədri Fazil Mustafa, türksoylu ölkələrin qadın liderlərinin əməkdaşlığının önəmini vurğulayaraq, çağdaş dünyada ictimai birliklərin, o cümlədən qadın təşkilatlarının rolunun cəmiyyətin inteqrasiyası, maariflənməsi və həmrəyliyinin təmin edilməsində önəmini qeyd edib. O, bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa və yeni təşəbbüslərə hər zaman açıqdır. 

Qonaqlar adından salamlama nitqi ilə çıxış edən “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin başqanı Mualla Uydu Yücel səmimi qəbula görə təşəkkürünü bildirib, qadın liderlərinin ortaq mədəniyyət, elm və ictimai təşəbbüslər istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirib, “UMAY ANA”nın fəaliyyətindən söz açıb.

Sonra komitənin sədr müavini Sahib Alıyev, üzvlər Səbinə Salmanova və Günay Ağamalı, qonaqlardan - Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Mədəniyyət naziri Marina Semyonova,  Qırğızıstan EA Dövlət Hüququ Tədqiqat və İxtisaslaşdırma Bölməsinin rəhbəri Turdukan Cumabekova, Güney Qazaxıstan Pedaqoji Universitetinin prorektoru Barşagül İsabek, Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil, Ədəbiyyat İnstitutunun əməkdaşı Qızılgül Tagandurduyeva, İstanbul Gedik Universitetinin Qadın Sahibkarlığı Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Ayşin Kaya Şişman, Dünya Axıskalı Türklər Birliyinin (DATÜB) Qadın Qollarının başqanı Refika Muhammedgil və “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin Azərbaycan təmsilçisi Xuraman Ağamirzə ürək sözlərini bölüşüb.

Çıxışlarda Türk dünyası tarixində qadının yeri, rolu, o cümlədən çağdaş örnəklər, Heydər Əliyev Fondunun, Fondun prezidenti, ölkəmizin l vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən humanitar işlər minnətdarlıqla vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsində, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yolun məziyyətlərindən söz açılıb, qardaş ölkə və topluluqlardakı vətəndaş cəmiyyəti institutlarının birgə layihələrinin perspektivləri barədə müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

Arzu Əyyarqızı,

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB-nin üzvü, şair-yazıçı. "Ədəbiyyat və incəsənət" üçün

 

Müəllim - adını fəxrlə dedik,

Qalstuk taxana,pulu olana.

"Müəllim, keç otur " stulda verdik,

Vəzifə adının qulu olana.

 

Müəllim haqqını necə unutduq,

Hər kostyum geyinən müəllim oldu.

Artıqca hörmətə " məllim" olanlar,

Ziyalı məclisi cahillə doldu.

 

Bu aydan o aya maaş gözləyən,

Şagirdlə fəxr edən candır müəllim.

Solmuş pencəyini əzmlə geyən,

Beyinlər qidası qandır müəllim.

 

***

 

Mən bu gün günün müəllimindən deyil, müəllimlər günündən, bu günü dəyərli edən ziyalılardan söz açacağam.

Bu gün müəllimlər günüdür. 

Amma bayram səsi siniflərdən gəlmir.  O səs indi daha çox reklamdan, sosial şəbəkələrdən, süni təbriklərdən,  qalstuklu, kostyumlu "müəllim"  obrazlarından gəlir.

Halbuki müəllim - qalstukla, bahalı maşınla, vəzifə ilə ölçülməz.  Müəllim -ayaqqabısı tozlu, pencəyi solğun, amma baxışı işıqlı insandır. 

O, sinifə girəndə hava dəyişir.  O, bir cümlə deyəndə, şagirdin içində bir fikir doğulur.

Son illər hər kəsə "müəllim" deyilir.  Pul verənə, kurs açana,  bir video çəkənə, bir status yazana. Amma  hər kəsdən müəllim olmur.  Müəllim olmaq üçün  söz öyrətmək yetmir.  Sükutun da mənasını vermək lazımdır. Əsl müəllim - özünü öyməz, tərifləməz. Sadəliyi amma ciddiliyi ilə səni özünə qaytarar. 

Sənə "düşün"  deməz,  sadəcə elə baxar ki, sən düşünmək məcburiyyətində qalarsan.

O, sinifdə dərs deyir,  amma evdə dərd daşıyır. O, şagirdin səhvini düzəldir, amma öz dərdini , problemini heç kim bilmir. 

O, hər gün bir az daha susur,  çünki bu cəmiyyət  onun səsini eşitmək istəmir.

Müəllim - tənəffüsə çıxmayan fikirdir.  O, dərs bitəndə yox olmur.  Şagirdin içində qalır. 

İllər keçir, adlar unudulur,  amma bir cümlə qalır: 

"Bu fikri mənə bir müəllim demişdi…"

Bəli, bu gün həmin o cümlənin qəhramanının günüdür. 

Bayram deyil, xatırlatma günüdür.  Unudulanları xatırlamaq,  susdurulanları dinləmək və əsl müəllimlərə "səni görürəm"  demək günüdür.

Pencəyi solğun, ayaqqabısı nimdaş,  amma ziyası zəngin olanlara -  səssiz qəhrəmanlara, lövhəyə yox, ürəyə yazanlara…

Gününüz, adınız mübarək olsun, deyirəm!

Sizi görənlər az olsa da,  sizin işığınız çoxlarının yolunu aydınladır. Bunu hər kəs bilsin və dərk etsin ki, bütün peşələr, vəzifələr müəllim süzgəcindəndən süzülür.

Əziz və dəyəri əvəzsiz olan ziyalılarımız, müəllimlərimiz, sizsiz bir günümüz olmasın!

 

Şəkildə: Azərbaycanın qabaqcıl qadın müəllimləri. Bakı, 1907-ci il. Mənbə: edu.az

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə hər çəkilən yeni film bir hadisə hesab edilir. Çünki bizdə kino ildə 350 film çəkilən Hindistanda olduğu kimi adi bir iş deyil, bizdə yeni kino ısl bayramdır. Ötən gün biz növbəti belə bayrama qatıldıq, Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirildi.

 

“Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin üçüncü bölümüdür. 

Kinolent Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Bakı Media Mərkəzinin istehsal etdiyi film Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq işini özünə meyar götürmüş təşkilatın növbəti uğuru sayıla bilər. Bu meyar Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edibdir.

Təqdimat mərasimində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak edirdilər.

Filmdə XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Xatırlayın, Azərbaycan Çar Rusiyasının işğalı altındadır. Ziyalılar, Tağıyev kimi varlılar – o kəslər ki vətəni yüksək tuturlar, əllərindən gələni edirlər ki, xalq öz mənliyini, kimliyini qoruyub saxlaya bilsin.

Taleyin çətin yollarından keçən Hacı Zeynalabdin Tağıyevin illər sonra həyatına gənc və savadlı Sona xanım daxil olur. Bu gənc xanıma qarşı duyduğu sevgi onu yeni maneələrlə üz-üzə qoyur. “Tağıyev: Sona” filmində məhz məşhur xeyriyyəçi ilə onun qəlbinə yol tapan Sona xanımın maneələri aşan unudulmaz məhəbbət hekayəsi əks olunub.

Filmdə iradənin gücü, sədaqətin sınağı və sevginin yüksəlişinə şahid olacaq izləyicilər ilk iki bölümündəki obrazların da həyatlarında baş verən dəyişiklikləri yaxından görmüş olacaqlar. 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb. 

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olundu.Filmin baş rejissoru Zaur Qasımlı çəkilişlərə göstərilən dəstəkdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi

Xatırladaq ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. Filmin ilk iki bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən 98-ci Kino Akademiyası Mükafatları (“Oskar”) üzrə Azərbaycan Film Seçim Komitəsi rəsmi olaraq “Tağıyev: Neft” filmini Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edib. Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsərinin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər düzəldilib. Ümumiyyətlə, bu film müstəqil Azərbaycanın ən böyükbüdcəli 3 filmindən biri kimi də tarixə düşübdür.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı, ülvi bir məhəbbəti tarixin zaman sınağından keçirərək bizlər üçün canlandıran yaradıcı heyətə alqış düşür.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2025)

 

 

40 -dən səhifə 2503

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.