Mədəniyyət xadimlərimizi tanıyaq – Abbasağa Azərtürk Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvim rubrikasında tanınmış mədəniyyət xadimləri ilə yanaşı, az tanınmışları da xatırlamağımız əbəs deyildir, çünki belələrinin də tanınmağa haqları vardır. Elə bu gün anadan olmasının 91-ci ildönümü qeyd edilən Abbasağa Azərtürk kimi.

 

Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxıb.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görüb. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanıb.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazıb.

 

Kitabları

1. Atlılar

2. Mənim qismətim

3. Od oğlu

4. Anama minnətdaram

5. Cəlilabad dastanı (şeirlər və poemalar)

6. Qaraçı nəğmələri

 

Ədib 8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.