İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhərinin Tarixi Muzeyində Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Azərbaycan ədəbiyyatının böyük simalarından birinin yubileyi münasibətilə təşkil olunan tədbir həm məzmunu, həm də bədii təqdimatı ilə iştirakçılar üçün unudulmaz anlar yaşadıb.
Tədbirin aparıcısı Sənurə Lazımova giriş nitqində Nəbi Xəzrinin zəngin ədəbi irsinə toxunaraq onun poeziyasındakı yüksək bəşəri duyğuları, milli düşüncə tərzini və bədii üslubunun özünəməxsusluğunu xüsusi qeyd edib. Ardınca muzey əməkdaşları tərəfindən hazırlanmış, şairin həyat və yaradıcılıq yolunu əks etdirən məzmunlu videoçarx nümayiş olunub. Videoçarxın nümayişi zalda duyğulu anlar yaşadaraq qonaqlara şairin sənət aləminə daha yaxından nəzər salmaq imkanı verib.
Çıxış edən qonaqlardan şairin oğlu Arzu Babayev, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, eləcə də Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Nəbi Xəzri poeziyasının çoxşaxəli cəhətlərindən danışıblar. Onlar şairin yaradıcılığında milli ruhun, milli koloritin, Azərbaycan təbiətinin, insanın mənəvi dünyasının incə poetik nüanslarla canlandırıldığını xüsusi vurğulayıblar. Hər bir çıxış Xalq şairinin sənət mirasının bu gün də nə qədər sevilib yaşadığını bir daha təsdiqləyib.
Gecənin bədii hissəsi xüsusilə rəngarəng olub. Respublikanın Əməkdar artisti Rauf Ağakişiyev şairin seçilmiş şeirlərindən birini böyük ustalıqla səsləndirərək zalda xüsusi emosional ovqat yaradıb. Şəhər Mədəniyyət Evinin musiqi kollektivinin üzvü Kərim Rəhmanov tərəfindən Nəbi Xəzrinin sözlərinə bəstələnmiş mahnıların ifası tədbirə daha da bədii gözəllik qatıb. Rəqs kollektivinin təqdim etdiyi rəqs nömrəsi isə gecənin ab-havasına dinamiklik və rəngarənglik bəxş edib.
Tədbirin sonunda qonaqlar Sumqayıtın Tarixi Muzeyinin mövzuya həsr olunmuş xüsusi ekspozisiyası ilə tanış olublar. Burada Xalq şairinin müxtəlif dövrlərə aid fotoşəkilləri, çap edilmiş kitabları və həyat yolunu əks etdirən materiallar nümayiş etdirilib.
Gecə iştirakçılar üçün yalnız yubiley tədbiri deyil, həm də Azərbaycan poeziyasının nəhəng simalarından birinin ruhunu yenidən duymaq imkanı kimi yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)


