İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tale elə gətirib, vətənimiz ikiyə bölünüb, otaylı butaylı Azərbaycanda ikiyə bölünmüş, qəlbi nisgilli xalq olaraq yaşamaqdayıq. Biz bu səbəbdən ədəbiyyatımızı da bütün digər sahələr kimi otaylı butaylı şəkildə nəzərdən keçirməyə borcluyuq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Nazim 24 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da alıb, farsca yazıb oxumağı öyrənib. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənib. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Nazim də komitənin işində fəal iştirak edib. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirib.
Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirmiş və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərib. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxıb. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləyib.
1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib. Həmin il o, kommunist partiyası sıralarına daxil olub. 30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirib. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb.
O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərib. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olub. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirib.
İlk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edib. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi olub. Əli Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olub. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunan "Ədəbi ehtiyaclarımız", "Yeni həyat və yeni ədəbiyyat", "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirib.
Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olub. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunub.
Məqalələri
1. Aydın
2. İblis
3. Lahuti
4. Şair qız
5. Ömər Xəyyam
6. Simurqun yaradıcılıq yolu
7. Cəfər Cabbarlı
8. Sabir Tahirzadə
9. Yeni həyat və yeni ədəbiyyat
10. Əbdürrəhim Haqverdiyev
Əli Nazim də repressiya qurbanlarından biridir, 1937-ci ildə həbs olunub, 10 il müddətinə həbs cəzasına məhkum edilib, 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib. 1957-ci ildə bəraət alıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)


