Cəlilabadda "Kəlağayı bayramı" Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, «Həməşəra» mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

Mirvarid Dilbazi Poeziya İctimai Birliyinin təşəbbüsü və  Cəlilabad  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Cəlilabad ədəbi mühitinin nümayəndələri, ziyalılar və Cəlilabad Tibb Kollecinin tələbələrinin iştirakı ilə Cəlilabad Tibb Kollecinin akt zalında "Kəlağayı bayramı" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarll açdı, qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.

Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndi.

Söz Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının böyük məsləhətçisi  Xumarə Xəlilovaya verildi. O qeyd etdi ki, milli-mənəvi  dəyərlərimizin təbliği  mədəniyyətimizin inkişafı üçün çox önəmlidir. Milli geyimlərimizin bir hissəsini təşkil edən kəlağayımız ulu nənələrdən bir ərmağandır. Onu qorumaq, bu günkü və gələcək nəsillərı çatdırmaq borcumuzdur.

Sonra sonra Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü Sayalı Dabadaşova öz çıxışında bildirdi ki, Xl əsrdən XXl əsrə qədər gəlib çatmış kəlağayımızı qoruyub saxlayıb gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Tədbirdə Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodisti, eyni halda Cəlilabad ədəbi mühitinin nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi və şair Müşahidə Nərimanova, "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Arzu Əyyarqızı, Cəlilabad ədəbi mühitinin formalaşması və inkişafında xüsusi rolu olmuş və eyni halda ədəbi mühitimizin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, "Həməşəra" Fəxri Diplomu laureatı, şair, publisist Ədalət Salman, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ziyalı pedaqoq və peşəkar bədii qiraətçi Adıgözəl Nuriyev, tanınmış ziyalı pedaqoq Dadaş Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı və yazıçı Ruhiyyə Abaszadə çıxış etdilər, milli dəyərlərimizdən danışdılar.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri,  Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd edib ki,  məqsədim 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününün "Kəlağayı Bayramı" kimi hər yerdə qeyd olunmasına nail olmaq və bu mövzunu gündəmdə saxlamaqdan ibarətdir. Çünki bu, bizim möhtəsəm olan milli dəyərlərimiz və hər birimiz də onu qorumağa və təbliğ etməyə borcluyuq.

Sonda birliyin sədri Cəlilabad Rayon İcra Hakimiyyətinə və əməkdaşlarına, Cəlilabad Tibb Kollecinin rəhbərliyinə və eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Odlar Yurdu Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət göstərən bu gözəl tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.