Azərbaycanın ilk peşəkar qadın rəssamı Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın ən böyük rəssamlıq sərgi-salonu onun adını daşıyır. Bu, onun əməyinə verilən qiymətdir.  Söhbət Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovadan gedir.

 

Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olub. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı olub. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olub. Rübabə xanım isə İranın Qum şəhərindən gələn azərbaycanlı ailəsindən olub. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilib. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alıb.

Orta məktəbin 7-ci sinifini bitirdikdən sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olub. Məktəbi fərqlənmə ilə bitirdikədən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitiunda davam etdirib. Lətif Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlib və çox keçmədən onlar burada ailə həyatı qurublar.

1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlib. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdıb. O, 1951-ci ildə azərbaycanlı bəstəkar "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edib. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirib. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlu 7 yaşına gəldiyi üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayıb. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olub.

Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayıb. İlk illərdə maddi sıxıntılara görə bir müddət İçərişəhərdə yerləşən Vəcihə Səmədovanın ata evində yaşayıblar. Daha sonra 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə buradan mənzil verilib. Rəssamın emalatxanası da bu binada yerləşib.

1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olub. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verib. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.

Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzib. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranıb.

Yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkib. Bu portret 59 ildir ki, Azərbaycan İncəsənət Muzeyində nümayiş etdirilib. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.

Rəssamın son tablosu olan "Xəbər Gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkib. Əsər 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə nümayiş etdirilib.  Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. İsirdi qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünüb. Rəssamın oğlu Nicat Feyzullayev deyir ki, bu qadın anasının obrazıdır. O ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.

 

Sərgiləri

1. 1962-ci ildə Bakıda fərdi sərgisi keçirilib. Burada Bolqarıstan səyahəti təəssüratlarını rəsm etdiyi “Qoca bolqar qadınları” , “Sofiyada bazar” , “Yağışlı gün” kimi əsərləri nümayiş etdirilib. Növbəti srəgiləri Moskva və Sofiyada keçirilib.

2. 1963-cü ildə ”Bizim müasirimiz” sərgisində “Xəbər gözləyərkən” əsəri nümayiş etdirilib.

3. 14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.

4. 2020-ci ilin fevral ayında “Rolls-Royce Motor Cars Baku” sərgi salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə cütlüyün 40 əsərindən ibarət sərgi keçirilib.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. Azərbaycanın milli rəssamlıq sertifikatı

3. Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və Rəngkarlıq Seksiyasının sədri olub.

 

1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulub. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edib. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı olub. Lakin rəssam buna razılıq verməyib. Nəticədə rəssamın vəziyyəti pisləşib. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olub. 24 oktyabr 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edib. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilib.

Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edib.

Qeyd etdiyimiz kimi, Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır. Rəssamın oğlu kinorejissor Nicat Feyzullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə anasının həyat və yaradıcılığından bəhs edən sənədli film çəkib. "Azərbaycan rəngkarlığının kraliçası" adlı filmin premyerası 29 sentyabr 2010-cu il tarixində Bakıda, Azərbaycan Beynəlxalq Muğam Mərkəzində keçirilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

İnci Məmmədzadə

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.