Super User
XI Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu da kitablar təqdim edəcək
1-7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş kitabların təqdimat mərasimləri də baş tutacaq.
Qeyd olunmalıdır ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının qədim və zəngin mədəni-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyət göstərir. Türk dövlətləri arasında mədəni əlaqələrin, dostluq bağlarının gücləndirilməsi yönündə Fond tərəfindən bir çox mühüm beynəlxalq səviyyəli tədbirlər, konfranslar, dəyirmi masalar, konsertlər, sərgilər keçirilir, kitablar nəşr etdirilir. Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi-mənəvi irsinin tanıdılması və Türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun ayrıca stendi təqdim olunub. Stend 1 oktyabr tarixindən ziyarətçilərin üzünə açılıb və sərgi müddətində Fondun yeni nəşrlərinin təntənəli təqdimat mərasimləri keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, təqdimat mərasimlərinin vaxtları aşağıdakı kimidir:
3 oktyabr 2025-ci il saat 10:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Qarabağın tacı Şuşaya həsr olunan Elçin Əhmədovun "Şuşa — Tarixi-Mədəni İrs" kitabının təqdimat mərasimi;
3 oktyabr 2025-ci il saat 17:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Görkəmli özbək şairi Əbdürrauf Fitrətin "Türküstan Harayı" adlı şeirlər toplusunun təqdimat mərasimi;
4 oktyabr 2025-ci il saat 15:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası,
Böyük qazax şairi Mağcan Jumabayevə həsr olunmuş "Bizim Mağcan" toplusunun təqdimat mərasimi;
5 oktyabr 2025-ci il saat 15:00:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Göytürk Xaqanlığının ən böyük sərkərdəsi haqqında yazılmış Elçin Hüseynbəylinin "Gültəkin Xaqan" kitabının təqdimat mərasimi.
Kitabların təqdimat mərasimlərində Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmilərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, eləcə də tanınmış ictimai, mədəni və ədəbi xadimlərin, KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Təqdimatlar çərçivəsində Fondun yeni nəşrləri oxuculara təqdim ediləcək və qonaqlara hədiyyə olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Xocalının heyifini Gorusdan çıxan milli qəhrəman - Əliyar Əliyev
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dostumuzu düşmən sandıq,
Düşməni dost sana-sana.
Azadlıqdan çox danışdıq,
Fəqət qaldıq yana-yana.
Əliyar Əliyev
4 gün ərzində ermənilərdən azad edilən Laçına məxsus 40 kənd - Əliyar Əliyevin qəhrəmanlıqlarından sadəcə biri. O, 40 könüllü döyüşçü ilə bunu bacarmışdı.
O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınan mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilir.
Birinci Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. 1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi.
Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər.
Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, ilk vaxtlar təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.
Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyub.
Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirib, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazıb. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilib, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılıb.
1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Laləzar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçib. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv edib, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişiblər.
1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olub. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu" əməliyyatında iştirak edib.
Qarabağ müharibəsi qazisi Sadiq Paşayev danışır:
“Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanıb. Azərbaycan əsgərləri iki qrup idi – bir bölük və təxminən 40–45 nəfər ibarət olan bir taqım. Əməliyyat bir gün çəkdi və ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar”.
Azərbaycan qüvvələrində bir-iki yüngül yaralı olub və itki verməyib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak edən, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənov qeyd edir:
“Əliyarın ölümü ilə bütün Qubadlı kədərə büründü, camaat ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi… Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər ki, Əliyar kimi oğlu olan oba basılmaz. Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu.”
Əliyar Əliyev Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub və 2004 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub. Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə "Əliyar" adlı bulaqlar var. Sumqayıt şəhərində idman klubu və yaratdığı tabor onun adını daşıyır. Qubadlı rayonunda abidəsi qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Biri ikisində Elməddin Nicatın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Elməddin Nicatın şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Elməddin NİCAT
SƏNİN ŞƏKLİNƏ…
Şəklini kim çəkib?.. üzündə gülüş –
Gözündə ayrılıq buza dönübdü.
Həsrət sığallıyıb gur saçlarını,
Əl izi üstündə toza dönübdü.
Dumanlı, çiskinli baxışlarından
Şeh düşər bozarmış yanaqlarına.
Dinsən min havada, təzə nə çalar,
Ney heyrət kəsilər dodaqlarına.
Susmusan, səsini duymuram hələ,
Bəlkə də, göynəmiş ud iniltisi…
Səni belə gördüm, ürəyim yandı,
Boy verdi köksümdə od iniltisi.
NƏ GÖZƏL BƏXTİN VAR…
Göz yaşın yudumu yenə
Bozarmış üzünün odun?
İndi necə darıxırsan,
Hər sözdən darıxan qadın!..
Baş alırmı dərd içindən,
Dönürmü ulayan qurda?
Bəlkə, sənin xəbərin yox,
Dərdin məni didir burda.
Könlümdə sevgi sarayın,
Gözümdə şahlıq taxtın var.
Kimi belə sevdilər ki?!
Sənin nə gözəl bəxtin var.
GETDİM DEMƏ
Getdim demə, getməyin
Düşər-düşməzi olur.
Döydüyü bir öz başı,
Bir də öz dizi olur.
Getdim demə ha… qəti,
Bitər ömrün taqəti.
Ayrılığın niyyəti –
Həsrətin gözü olur.
Ağrısı çox göynəyin,
Qan qoxuyar köynəyin.
Əkdiyin dərd ürəyin
Laləli düzü olur.
Rəngi qaçır gül üzün,
İçim qəbir, gül düzün.
Kirpik altda hər gözün
Dəli dənizi olur…
Sönər nuru odamın,
Dövrü başlar edamın.
Canı gedən adamın
Gecə-gündüzü olur?!
ÇÖL ÜZÜNDƏN AĞLAYIR...
Tək oturub otaqda darıxan adamların
Kimlər duyar səsini, kim anlar yalnızlığın.
Hisslərim qurbanıdır sükutlu edamların,
Ürəyim çabalayır əlində yalqızlığın.
Çöl üzündən ağlayır pəncərəmin şüşəsi,
Göz yaşını sovurur vıyıldayan küləklər.
İliyinə işləyib ayrılığın rişəsi,
İntizarı çəkməsə, dözməz sevən ürəklər.
Suya həsrət səhradı sevdaya baş əyənlər,
Qanıyla suvarmalı əkdiyi toxumları.
İlahi sevgilərə qəlbən əli dəyənlər
Canının içi bilir ən uzaq yaxunları.
Ehey... yenə darıxdım, bu qışın əvvəlində,
Gizil-gizil başladı canımın üşütməsi.
Ürəyimlə adını qışqırıram dilimdə,
Qulağını tut deyim, bir kimsə eşitməsin...
BU TALE DEDİYİN
Bu tale dediyin su dəyirmanı,
Üyüdər ömrünü dən əvəzinə.
Nə illər itirdik göz qırpımında,
Nə anlar yaşadıq gün əvəzinə.
Ürəkdə çatı var keçən qışların,
Dərd baxır ağrıma, çatıb qaşların.
Üzüm nahar yeri qaranquşların,
Göz yaşı səpirəm dən əvəzinə.
Dil-dil oxutmadım qumru yarı da,
Gərək ki adamı Tanrı yarıda.
Daha saxlayıram ömrü yarıda,
Verirəm, yaşayar kim əvəzimə?!
ŞİMAL DƏNİZİDİR
Şimal dənizidir gözümün içi,
Adın çəkildimi, kirpiyim donur.
Dodağın titrəyir, nitqim tutulur,
Ay gözləri yaşıl, saçları qonur...
Qəlbinə dəymişəm, könlün inciyib,
Gəl öpüm alnından, məni bağışla.
Di başla, yubanma, keç günahımdan,
Sevindir dəlini bircə baxışla.
Qaraltma rəngini, günəş gizlənər,
Kainat üzümdən gün üzü görməz.
Səni görən gözüm, yaxşı bilirsən,
Axşamı, sabahı, gündüzü görməz.
Bu qədər sevilmək tək sənin haqqın,
Yaxşı eləyirsən, bərk öyünürsən,
Könüllü çəkirəm nazu-qəmzəni,
Mənimçün dəlisov ərkösöyünsən.
SƏNİ BU ŞƏHƏRDƏ TƏK QOYMAQ OLMAZ
səni bu şəhərdə tək qoymaq olmaz,
səsin ürəyinin başına düşər.
için-için ağladıqca...
sıxar arzularının üstə gözlərini darıxmağın,
ümidlər içində islanıb yanar.
var-gəl eləyər otaq boyu ürəyinin sızıltısı...
gözlərin "karvalol" gəzər,
qulağın indi döyüləcək qapı tıqqıltısı.
səni bu şəhərdə tək qoymaq olmaz,
başına iş açar ölə-ölə darıxmağın,
darıxa-darıxa ölməyin...
gizlin-gizlin içinə ağlamasan,
göz yaşın əridər bu şəhərin monolit divarlarını...
yuyar küçələrdəki darıxdığın adamın ayaq izlərini.
tək çıxma şəhərə,
dərdini gözündən oxuya bilər,
tutar bu şəhərin ürək tutması...
…bunu hər kəs bilər, kim görsə gözlərini...
QORU ALNINDAKI ÖPÜŞ YERİMİ
Bir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa,
Başını köksümə söykə,
Barmaqlarını dodağıma...
Bir gün dilinin ucunda adım göynəsə,
Ürəyin köksündə atlı kimi çapsa,
Gözünə görünsə ulduzlar
birtəhər, Göy nəsə
Özünü mənə yetir.
Əgər darıxmaqdan macal tapsan,
Əlindən bərk yapış ürəyinin –
Gözümün içindən yapışdığın kimi...
Qoru alnındakı öpüş yerimi,
Qəfil ömrümə gəldiyin kimi.
Bir gün sübh azanından axşam günbatanına
Dilinin ucunda adım darıxsa,
Bir misram ayə əvəzinə dodağında səyrisə,
Kəssə amanını "bəlkə"... "Nə isə"...
Tanrı duası bil sənə yazdığım şeirləri...
PİANOÇU
Toxundur barmaqlarını
Pianonun ağ-qara dillərinə.
Dəyişim könlümün səcdəsin,
Qiblə kimi boylanım əllərinə.
Ruhuma sakitlik çöksün,
Getsin uzaqlara xəyallarım...
Yollara səpilim duyğular kimi.
Yubanma, pianoçu...
İçim çölümə daşır.
Bəyaz, incə barmaqların
Pianonun sinəsinə necə gözəl yaraşır...
Yaxşı ki, saçlarımda
Gəzişmir şümşad əllərin,
Saçlarımın canı nə gəzir,
Qaldıra bu boyda EŞQi ürəyim kimi.
Pianoçu, könlümü çaldın axı,
Nə idi ki bu şairin günahı,
Pianoçu, nə idi axı?!
QƏTL EDİLMİŞ KƏND
(Kəndimizdən atama təsəlli salamı)
İlahi, bu kəndin sahibi hanı,
Uçuq divarlardan səfillik yağır.
Aynasız, qapısız evlərdən səsə
Adam əvəzinə ağaclar çıxır.
İlahi, bu kəndi nə qarğış tutub,
Hər evdən yelləyir qəm papağını.
Yanağı sıyrılmış boz divarların
Görmürəm başında dam papağını.
Qonşuluq eyləmir sahibsiz evlər,
Məhlələr arası yollar kəsilib.
Ətəyin sel yuyub kənd yollarının,
Evlərdən uzanan qollar kəsilib.
Elə bil kəndimiz balacalaşıb,
Ev evin içinə köçübdür sanki.
Ağrılar, acılar nə qucaqlaşıb,
Bu kənd o kənddirmi, inanmırsan ki...
Ev-ev qətl ediblər bu kəndi, ata,
Hər uçuq bir cavan şəhidə dönüb.
Kənd boyu evlərə soyqırım olub,
Kalafa yerləri şahidə dönüb.
Suyu quruyubdur Dərə çayının,
İntihar eyləyib körpüsü kəndin.
Bu yurddan uzaqda min əziyyətlə
Nə çinar ömürlər bitdi, tükəndi.
Şəhid anasına oxşayır bulaq,
Ağlayıb-ağlayıb, suyu quruyub.
Quruyan bulağın sinəsi üstə
Yarpağı xallanmış lilpar uyuyub.
Sən görən o kənddən nə qalıb, heç nə,
Hər ocaq viranə, hər ev bir uçuq.
Sən gəlsən, tox dayan, göynəyib keçmə,
Bu kəndin tifaqı başına uçub.
Dönmüşük yurduna niyyət et, əhd et,
Lap elə qurbanlıq mən balanı de...
Dönəndə arxamca su atdı kəndin,
Sanki pıçıldadı "bu salamı de…"
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Maraqlı söhbətlər – yolumuz orta əsrlər İngiltərəsinədir...
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1500-cü illərdə İngiltərədə insanların çoxu iyun ayında evlənirdi, çünki illik hamamlarını may ayında qəbul edirdilər. Buna görə də iyunda hələ çox pis qoxmurdular. Amma yenə də bədən qoxuları yaranmağa başladığı üçün gəlinlər bu iyi basdırmaq məqsədilə əllərində bir dəstə çiçək daşıyırdılar.
Hamam isə içinə isti su doldurulmuş böyük bir çəlləkdən ibarət idi.
Əvvəlcə evin kişisi təmiz suda çimmək imtiyazına sahib olurdu. Sonra oğulları və digər kişilər, daha sonra qadınlar, sonra uşaqlar və ən sonda körpələr eyni suda yuyunurdu. O vaxta qədər su o qədər çirklənirdi ki, içində nəyisə həqiqətən itirmək mümkün idi. İngilis dilindəki “körpəni hamam suyu ilə birlikdə atmayın” ifadəsi buradan gəlmişdir.
***
Ev damları bir-birinin üstünə yığılmış qamışlardan düzəldilirdi, altına taxta qoyulmurdu.
Orası heyvanların isinmək üçün yeganə yeri idi. Buna görə pişiklər, itlər və digər xırda heyvanlar (siçan, həşərat) damda yaşayırdı.
Yağış yağanda dam sürüşkən olur, bəzən heyvanlar sürüşərək aşağı düşürdü. Yuxarıdan evin içinə düşən şeyləri saxlamaq üçün heç bir örtük yox idi. Həşəratların və buna bənzər şeylərin yatağa düşməsi böyük problem yaradırdı. Buna görə də hündür dirəklər üzərində örtüklü ingilis tipli çarpayılar yarandı.
***
Döşəmələr torpaqdan idi. Yalnız zənginlərin taxtadan döşəmələri olurdu. Onlar da qışda islananda sürüşkən olurdu. Bunu önləmək üçün yerə saman sərilirdi. Qış boyu saman səpildiyi üçün bir vaxt gəlirdi ki, qapı açılanda saman çölə daşırdı. Bunu saxlamaq üçün qapının altına bir taxta qoyulurdu. Onun adı “Thresh hold” (saman tutan) idi. Bizim dildə eşik adlanır.
***
Yemək bişirmək həmişə ocağın üstündə asılan böyük qazanda aparılırdı.
Hər gün od qalayır, qazana nəsə əlavə edirdilər. Çox vaxt tərəvəz yeyilirdi, ət nadir idi. Axşam xörəyi qalsa, qazanda saxlanır, ertəsi gün qızdırılaraq yenə yeyilirdi. Bəzən bu xörək çox uzun müddət qazanda qalırdı. “Noxud sıyığı isti, noxud sıyığı soyuq, qazandakı noxud sıyığı doqquz günlük” (Peas Porridge hot, Peas Porridge cold, Peas Porridge in the pot nine days old) yemək adları da buradan gəlir.
Bəzən donuz əti tapanda çox sevinirdilər.
Qonaq gələndə donuz ətini asıb nümayiş etdirirdilər. Birinin evə donuz əti gətirməsi var-dövlət əlaməti idi. Ondan kiçik parça kəsib qonaqlarla bölüşürdülər.
***
Pul sahibləri qalay-qurğuşun ərintisindən hazırlanmış boşqablar ala bilirdilər. Turşulu yeməklər qurğuşunu həll edib yeməyə qarışdırır, beləliklə zəhərlənmələrə və ölümlərə səbəb olurdu. Pomidorlar buna tez-tez səbəb olduğundan, növbəti -təxminən 400 il ərzində onların zəhərli olduğu düşünülmüşdü.
Çoxunun metal boşqabı yox idi, onun yerinə taxta boşqablardan istifadə olunurdu. Çox vaxt bu boşqablar boyat çörəkdən hazırlanırdı. Çörəklər o qədər bərk və sərt idi ki, uzun müddət istifadə olunurdu. Onlar heç vaxt yuyulmadığından içində qurd və kif əmələ gəlirdi. Qurdlu və kifli boşqablardan yeyənlərin ağzında “trench mouth” (boşqab ağzı) adlı xəstəlik yaranırdı.
Çörək hörmətə görə bölünürdü. İşçilər yandırılmış alt qabığı, ailə orta hissəsini, qonaqlar isə üst qabığını alırdı.
***
Pivə və viski içmək üçün qurğuşun qədəhlərdən istifadə olunurdu. Bu qarışıq insanları bəzən bir neçə gün huşsuz vəziyyətdə saxlayırdı. Yoldan keçənlər onları ölmüş zənn edir, dəfnə hazırlaşırdılar. Hətta bəzən onları mətbəx masasının üstünə uzadıb, ailə ətrafında yığılıb yeyib-içərək oyanıb-oyanmayacaqlarına baxırdı. Buna “oyanma növbəsi” deyilirdi.
***
İngiltərədə vaxtilə ölüləri basdırmaq üçün yer çatmırdı. Ona görə məzarlar qazılıb tabutlar çıxarılır, sümüklər “sümük evinə” aparılır, məzarlardan təkrar istifadə edilirdi. Tabutlar açıldığında hər 25 tabutdan birində içəridə cızıq izləri olurdu. Beləcə bəzi insanların diri-diri basdırıldığı üzə çıxmışdı. Buna çarə olaraq meyitlərin biləklərinə ip bağlanır, ip tabutun kənarından çölə çıxarılıb zəngə birləşdirilirdi. Bir nəfər gecə boyu qəbiristanlıqda oturub zəngin olub-olmamasını gözləyirdi. Buna “qəbiristanlıq növbəsi” deyilirdi.
***
Orta əsrlərdə Avropadakı rahibələrə üz və əllərindən başqa yerlərini yumaq qəti qadağan olunmuşdu.
Kastiliya kraliçası İzabella 50 ildən çox ömründə cəmi iki dəfə çimmışdı.
Hələ tualetlə tanış olmayan Avropada tullantıları küçəyə boşaltmaq adəti 17-ci əsrə qədər davam etdi.
Siyahı bu şəkildə uzanır gedir...
Amma əsas diqqət çəkmək istədiyim məsələ budur:
1500-cü illərdə demək olar ki, “çirk içində” yaşayan Avropa necə oldu da bu qədər irəli çıxdı?
Bu da bizim imtahanımız olsun.
Mənbə: Prof. Dr. Erol Duren
Şəkildə: London, 1500-cü il. Qravüra
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb
Türkiyənin Kahramanmaraş şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfərə gedən yolun başlanğıc tarixi – 27 sentyabr 2020” adlı konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Kahramanmaraş Sütçü İmam Universitetinin birgə əməkdaşlığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, universitet rəhbərləri, siyasi partiya nümayəndələri, Azərbaycan icmasının fəalları, eləcə də tələbə və müəllim heyəti iştirak edib.
Universitetin Yunus Əmrə Konqres Mərkəzinin “Nizami Gəncəvi” salonunda keçirilən konfrans iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı videoçarxı, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan, Vətən müharibəsi və Zəfər yolundan bəhs edən videomaterialı izləyiblər.
Tədbirin açılışında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım, Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış ediblər.
Natiqlər bu cür tədbirlərin Azərbaycanın tarixi həqiqətlərinin, milli maraqlarının və ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Onlar həmçinin Qarabağ Zəfərinin regional və qlobal müstəvidə yaratdığı reallıqların təbliğinin vacibliyini vurğulayıblar.
Konfrans panel iclası ilə davam edib. Sütçü İmam Universitetinin dosenti Mərziyyə Məmmədlinin moderator olduğu iclasda Milli Məclisin deputatı professor Vasif Qafarov, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Türkiyənin Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur məruzələrlə çıxış ediblər.
Məruzələrdə Vətən müharibəsinin gedişi, tarixi əhəmiyyəti, nəticələri, həmçinin beynəlxalq hüquq və akademik baxış prizmasında Azərbaycanın ədalətli mövqeyi ətraflı izah olunub. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və iradənin tarixi əhəmiyyət daşıdığını xüsusi qeyd ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın qürurlu, şərəfli və unudulmaz tarixi olduğu vurğulanıb, Qarabağ Zəfərinin isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji və mənəvi dəyərə malik olduğu diqqətə çatdırılıb.
Konfransın sonunda Azərbaycanın Respublikasının Xalq artisti Samir Cəfərov vətənpərvərlik ruhunu və Azərbaycan–Türkiyə qardaşlığını tərənnüm edən mahnılar səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Bu gün Süleyman Sani Axundovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan dramaturqu, nasir Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb.
1906-cı ildə Bakıda çağrılan Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur "İkinci il" dərsliyini tərtib edib. 1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif komissarı kimi maarif sahəsində böyük həvəslə çalışıb. 1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir.
Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycan mədəni-maarif işlərinin möhkəmlənməsinə çalışır. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə "Azərbaycan Ədib və Şairlər İttifaqı"nın ilk sədri seçilib. 1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə "Yeni türk əlifbası" dərsliyini yazır.
1923-cü ildən nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. İlk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazıb. Yeri gəlmişkən onu da qeyd edim ki Süleyman Sani Axundov həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb.
Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.
Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazıb. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunub. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa edib.
Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib.
Kitabları
1. Əsərləri. Bakı: 1936.
2. Seçilmiş əsərləri (tərtib edəni Abbas Zamanov). Bakı: 1951.
3. Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). I cild. Bakı: 1968.
4. Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). II cild, Bakı: 1968.
5. Hekayələr və pyeslər (tərtib edəni Nadir Vəlixanov). Bakı: 1975.
6. Seçilmiş əsərləri (tərtib edəni və ön sözün müəllifi: Nadir Vəlixanv). Bakı: 2005
Bakı və Şirvan şəhərlərində mərkəzi küçələrdən biri və Bakı şəhərində bir məktəb Süleyman Sani Axundovun adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
"Çeşmə" Ədəbi Məclisinin növbəti toplantısı Dədə Ələsgərin ruhunu yaşadan məkanda keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı xalqımızın dahi aşığı Dədə Ələsgərin adını daşıyan məkanda baş tutub. Toplantı Azərbaycanın tanınmış söz adamlarının və gənc ədiblərin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, iştirakçıları salamladıqdan sonra qeyd edib ki, tədbirdən bir gün öncə – sentyabrın 27-də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Məclis iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, ustad şair Əhməd Haqsevər məclisə xeyir-dua verərək, belə ədəbi tədbirlərin gənc istedadların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Şair çıxışının sonunda qəzəllərindən nümunələr səsləndirib.
Toplantıda Pirşağıdan dəvət olunmuş tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılının çıxışı da maraqla qarşılanıb. O, Ədəbi Məclisin ədəbiyyatın, xüsusilə də əruz poeziyasının təbliğində və gənclərin formalaşmasında önəmli rol oynayacağını qeyd edib. Məclisin təşkilinə görə təşəkkürünü bildirərək, qəzəllərindən parçalar oxuyub.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əliyar Mərdiyev, məclis üzvü Azər Vahid, həmçinin gənc şairlərdən Zaur Abbasov, Səadət Salmanqızı və Şəfəq Ələsgərli öz şeirlərini səsləndiriblər. Tədbirdə çıxış edən digər şairlər də ədəbi nümunələrini iştirakçılarla bölüşüblər.
Məclis yüksək ədəbi ruh və səmimi ab-hava ilə başa çatıb. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin təşkilinə göstərdiyi dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova, həmçinin Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkür edib.
Tədbir iştirakçıları növbəti görüşlərin ümidi ilə yığıncağı başa vurublar.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər
“Ədəbiyyat və incəsənət” portalı Əzizə İsmayılovanın məqaləsini təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub. Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf edilib.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Əzizə İsmayılova yazır...
Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf edilib.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Əslində bu, tamaşaya ikinci baxışım idi, çünki iyun ayında baş tutan ictimai baxışında iştirak etmişdim. Premyera ictimai baxış zamanı beynimdə sual kimi qalan bəzi məqamlara da aydınlıq gətirmiş oldu və məhz bu gün öz təəssüratımı bölüşmək istəyi yaratdı.
Şəxsi baxış bucağımdan doğan mülahizələrimə keçməzdən əvvəl xüsusi vurğulamaq istəyirəm ki, teatr biliciləri, necə deyərlər, "qüsurlarıma baxmasınlar". Bu, sıradan bir tamaşaçı baxışı, tamaşaçı təəssüratıdır - heç bir halda bu sahədə söz sahibi olmaq göstəricisi deyil...
Səhnə əsərində təkcə tarixi hadisələr deyil, həm də metafizik müstəvi ön plana çıxarıldığı üçün janr olaraq "Baş" tamaşası tarixi-metafizik dram janrındadır.
Bir məsələni vurğulamaq istərdim, səhnə əsəri tamaşaçısından müəyyən hazırlıq - ən azı, tarixi hadisələrin xronologiyası, obrazların tarixdəki kimlikəri barədə minimum biliyə sahib olmağı tələb edir. Rejissorun ötürmək istədiyi mesajların heç bir fon biliyi olmayan tamaşaçı üçün nə dərəcədə effektiv ola biləcəyi haqqında fikir söyləmək bir qədər çətindir.

Məsələn, tamaşanın iyun ayında baş tutan ictimai baxışından sonra, rejissorun hadisələrə baxış bucağı, proseslərə yanaşması məcbur etdi ki, verilən mesajları tam qavramaq üçün həm əsərin özünü oxuyum, həm də bəzi tarixi hadisələrə göz gəzdirim.
Yazının sonda deməli olduğum nəticələrindən birini əvvələ gətirməli olsam, deyə bilərəm ki, əsərin əsas ana xətti olan Qafqazın rus imperiyası tərəfindən işğalı dövrünü, gürcüəsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı olan Sisianovun Bakıya yürüşü və ondan sonra baş verən faciəvi hadisələrlə yanaşı, Azərbaycan insanının tarixi yaddaşı, milli kimlik və işğal qarşısında davranışlarını tamaşaçıya çatdırmaq üçün M.Ələkbərzadənin bütün imkanlarını səfərbər etməyə çalışdığı diqqətdən yayınmır.
"Baş"ın süjet xətti Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr fonunda qurulub.
Gəncəli Cavad xanın Sisianovla qarşılaşması zamanı aralarında keçən dialoq, Cavad xanın və qarabağlı İbrahim xanın öldürülmə səhnələri, Sisianovun kəsilmiş başının Qacarın sarayına gətirilməsi kimi səhnələr tamaşanın ən təsirli səhnələrindən hesab oluna bilər.


Tamaşanın mahiyyətinə vardıqca aydın olur ki, rejissorun əsas məqsədi yalnız mövcud tarixi hadisələri səhnədə canlandırmaq deyil, həm də "insan - hakimiyyət - işğalçı" münasibətlərini simvolik planda tamaşaçıya çatdırmaqdır. Bu mənada tamaşa həm tarixi, həm də fəlsəfi məna daşımış olur.
Zənnimcə, rejissorun əsərə bu cür üçlü prizmada yanaşmasını, onun daim qabartmağa çalışdığı milli kimlik və bundan sonra "hakimiyyət - insan - tarix" üçbucağının səhnədə inikası kimi də səciyyələndirmək olar.

Ümumilikdə, M.Ələkbərzadənin quruluş verdiyi tamaşaları izləyən, yaradıcılığı ilə yaxından tanış olan hər kəs onun hadisələrə yanaşmada özünəməxsus dəst-xəttinin olduğunun fərqindədir. O, bir növ klassikanı modern interpretasiya etməyi, tamaşaçını komfort zonasından çıxarmağı və səhnədə baş verən hadisələrin mərkəzinə gətirməyi, düşünməyə vadar etməyi sevən rejissorlardan hesab olunur.
Məsələn, qısa bir haşiyə çıxaraq deyim ki, onun Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırladığı "İblis və..." tamaşasındakı dekonstruktiv yanaşma, metaforik vizuallıq və dinamik mizanlı səhnələr tamaşaçının özünü bir növ hadisələrin mərkəzində hiss etməyə və düşünməyə vadar edir - əslində kimdir, nədir İblis?...
Bənzər rejissor yanaşması "Baş" tamaşasında da müşahidə olunur desəm, yəqin ki, səhv etmiş olmaram.
Real tarixi obrazların gerçəkliyi, metafizik səhnə elementləri, vizual baxımdan səhnədə işıqların quruluşu, dekorasiya və geyim vasitəsilə dövrün estetik atmosferinin yaradılması, nəhayət hakimiyyətin zorakılığı və fərdin faciəsi arasında dramatik toqquşmalardan doğan psixoloji gərginlik "Baş" tamaşasında da tamaşaçını rejissorun ünvanladığı "Əgər baş yoxdursa, bədən hara gedə bilər?" və ya "Biz kimik - baş, yoxsa bədən?" kimi ritorik suallar ətrafında düşünməyə vadar edir.

Bəlkə də bu səbəbdən M.Ələkbərzadə səhnədə yer alan aktyor ansamblından sadəcə tarixi hadisələrin təqdimat vasitəsi olan obrazlar toplusu kimi deyil, həm də bir rejissor kimi çatdırmaq istədiyi fəlsəfi ideyanın canlı daşıyıcıları kimi istifadə edib.
Səhnədə yer alan 30-a yaxın aktyorun hər birinin öz obrazlarını daha dolğun canlandırması - psixoloji gərginlik, daxili parçalanmalar, qərarsızlıq, gərginlik və həyəcan tamaşaçıya yüksək peşəkarlıqla təqdim olunur. Heç bir aktyor tamaşaçı gözündən yayınmır. Maraqlıdır ki, səhnədə baş rol, ikinci, üçüncü dərəcəli, epizodik rol anlayışı yoxdur - sanki səhnənin ən ön planında olanından, ən son planında olanına kimi hamı baş roldadır.

Baş verən hadisələr fonunda bəzən elə təəssürat yaranır ki, rejissor səhnədə yer alan bu qədər aktyorla yanaşı, bəstəkarı da, işıqçını da, rəssamı da, hətta bəzi məqamlarda tamaşaçı ilə göz təması zamanı səhnədə yaranan sükutu da danışdıra bilib.
Səhnədə sərgilənən özünəməxsus aktyor oyunu ilə yanaşı kostyumlar, işıq, dekorasiya, musiqi və bütün digər elementlər tamaşaçını tarixi hadisələrin mərkəzinə aparmağa, səhnənin emosional yükünün daha da gücləndirilməsinə xidmət edir ki, bu da tamaşanın repertuarda uzun müddət xüsusi yer tutacağına şübhə doğurmur.

Əlbəttə ki, hər bir tamaşanın uğuru həm də aktyor seçiminə bağlı bir məsələdir ki, "Baş"da da bu seçim, el dilində desək, obrazların boyuna biçilmiş şəkildədir.
Yeri gəlmişkən, M.Ələkbərzadə həm də aktyor seçimində olduqca prinsipial yanaşma sərgiləyən rejissor kimi tanınır. Hətta bununla bağlı müsahibələrinin birində belə bir fikir səsləndirmişdi: "Mən hətta şəxsən danışmadığım aktyoru belə baş rola dəvət etmişəm. Münasibətim yaxşı olmasa da, istedadlıdırsa, aktyoru istedadına görə qiymətləndirmişəm. Mən bu prosesdə öz şəxsi prinsiplərimdən keçərəm, tamaşamın uğursuz olmasını keçmərəm. Mən tamaşa naminə hər şey edərəm. Tamaşa mənim üçün ən ali nəticədir".

Görünür, bu ali prinsip "Baş" tamaşasında da öz sözünü deyə bilib. Belə ki, 30 nəfərlik aktyor ansamblında yer alanlar - Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digərləridir.
Nizam pozulmasın və diqqətdən kənarda qaldıqlarını zənn etməsinlər deyə, tamaşanın uğurlu alınmasında əməyi keçən quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqifoğlu, bəstəkar Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovanın da adlarını xüsusi vurğulamaq istəyirəm.
İnanıram ki, "AzDrama"nın 153-cü teatr mövsümündə ilk premyerası olan "Baş" tamaşası uzun müddət repertuardakı ən çox izlənilən tamaşalar siyahısında yer alacaq.
Bu gün anşlaqla keçən premyera və susmaq bilməyən tamaşaçı alqışı da dediklərimə əyani sübut ola bilər.
Siz həmişə yaradın, əziz adamlar! Siz yaradanda çox MÖHTƏŞƏM OLURSUNUZ!
Fotolar: Oxu.az-dan götürülübdür.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)



Oğuz rayonunda "Mübarizdən sonra" kitabının təqdimatı keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” kitabının təqdimatı keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi C.Həmidov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektorun aparıcı məsləhətçisi V.Məmmədov, Oğuz rayon ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbərləri, Oğuz şəhərindəki məktəblərin X və XI sinif şagirdləri, rayon ictimaiyyəti və kitabxananın oxucuları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Oğuz rayon MKS- nin direktor əvəzi Nəzakət Qasımova tədbir iştirakçılarını salamlayaraq, yazıçının yaradıcılığı barədə ətraflı məlumat verib. O, bildirib ki, şair, yazıçı və publisist Müşfiq Malik Muğanlı indiyədək 9 şeir və esse kitabının müəllifidir. Onun şeirləri və publisist yazıları 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Yazıçının son əsəri olan “Mübarizdən sonra” kitabı iki hissə və dörd bölmədən ibarətdir. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunub.
Daha sonra kitab barədə çıxışlar edilib. Qeyd olunub ki, əsər vətənə sədaqət və qəhrəmanlığın nümunəsidir, gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayacaq.
Ardınca kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib, əsərin əhəmiyyətindən və Mübariz İbrahimovun qəhrəmanlığından söz açıb. O vurğulayıb ki, kitab iki hissədən ibarətdir: birinci hissədə Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun fikirləri və tanınmış şəxslərin Mübariz İbrahimov haqqında düşüncələri, ikinci hissədə isə Mübariz İbrahimovun həyat hekayəsi, esselər və şeirlər yer alıb.
Tədbir boyunca iştirakçılar Milli qəhrəman Mübariz İbrahimov haqqında videosüjetlərə baxıblar.
Sonda müəllif Müşfiq Malik Muğanlı iştirakçılara təşəkkürünü bildirərək, kitablarını hədiyyə edib, xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur” – Lüdviq Vitgenşteynin kəlamları
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Lüdviq Vitgenşteynin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Allaha inanmaq – həyatın mənası olduğunu anlamaq deməkdir... Allaha inanmaq o deməkdir ki, həyatın anlamı var.
***
Nəyə isə inanan kəs nədən buna inandığı sualına cavab vermək məcburiyyətində deyil.
***
Əsl mömin olan kəs üçün faciəvi heç nə yoxdur.
***
Yeganə fəlsəfə professoruyam ki, Aristoteldən heç vaxt bircə kəlmə belə oxumamışam.
***
İnsan tez-tez sözün sehrinə düşür. Məsələn, “bilmək” sözünün...
***
Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur.
***
Məntiqdə təsadüfi heç nə yoxdur.
***
Xoşbəxt bir insan qorxmamalıdır. Ölüm qarşısında belə...
***
İnan! Bundan ziyan gəlməz.
***
Bilmirəm niyə burdayıq, amma əyləncə üçün olmadığına əminəm.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)















