Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
"Ruhun pıçıltısı" rubrikamızda biz şeir dünyasında addımlayacağıq. Real dünyanı unudub poeziyanın açdığı o sirli qapıdan keçəcəyik.
Bu gün o sirli qapını üzümüzə unudulmaz şair Fikrət Sadıq yadigarı, öz nitqi ilə xalqının ürəyini fəth edən Orxan Fikrətoğlunun sevimli bacısı - yazıçı, publisist, müəllim, gözəl Ruha sahib xanım Aysel Fikrət açacaq.
Buyurun, biz Sizə Aysel xanımın şeirlərini təqdim edirik:
ƏLLİ YAŞIN ŞEİRİ
Yuxuma da gəlməmişdi bu ömrüm,
Nə Yaradan, nə anam səs etmədi.
Yüz adam yığışıb ev tikdi sözdən,
Heç biri həmin o bir kəs etmədi.
Mənə də yetmədi ömrün get-gəli,
Təyyarə həsrəti, qatar var-gəli.
Madam ki, əvvəldən son ucu bəlli,
Onunçun ardıyca düşüb getmədim.
Yalan ayaq tutdu, gəzdi dörd yanı,
Doğru min ildir ki, gendən boylanır.
Nə sevgi, nə həsrət, nə düz, nə əyri —
Adam bilə-bilə belə aldanır.
Dünya yalan yerdir, doğruya bürün,
Bunu anlayırsan, yəqin bilirsən.
Soyuqdu, buz kəsib vurduğun düyün,
Düyünü çözülməz, necə sürünsən...
Günəşə sevindim – "dəli" dedilər,
Buluda ağladım – "bəlli" dedilər.
İstədim uşaq tək küsüm dünyadan –
"Yaşın gəlib çatıb əlli", – dedilər.
GERİYƏ BAXINCA…
Yer- göy guruldadı,
ayrılıq saldı.
Yuxular qarışdı biri-birinə
Anamın gözləri, həsrət yarpağı.
Örtdüm ürəyimi qapı yerinə.
Mən daha gülmürəm, əvvəlki kimi
Əvvəl dilim susdu,
sonra ürəyim.
Durmadan oxunan
nəğmə səsini,
Daha eşitmirəm
Bir gör neylədim.
Bulaq tək çağlayan sevgi də
getdi
Gözünə baxmağa qorxduğum o da
Kimi uydurmuşdum, bir anda itdi
Daha bulud oldum
İnsan donunda.
Gözümü açandan qorxdum dünyadan,
Ürəyimə daman başıma gəldi.
Mən deyəsən daha,
geriyə baxıb.
Allaha şükür edən
yaşıma gəldim.
SUALLAR
Sənin son eşqinin son qığılcımı,
düşdü evimizə, od saldı, bildin?
Sən də hər an gülüb, göz yaşlarını,
uzaqda hər kəsdən gizlincə sildin?
Sənin neçə kərə sevgi sandığın,
Yad külək seli tək tanıdığın var?
Bütün olanların yerində qalan,
Yaran necə olub? yenə,
ümid var?
Gözündə kədərdən yuva salanlar,
Hərdən döngələrdən çıxır yoluna?
Birdən xəyalların insana dönüb,
Yol getdiyin yerdə girir qoluna?
Sənin də ömründə pillə-pillədir,
Sevgi, dərd, ayrılıq və ondan ötə?
Heç gördünmü sən də insan cildində
Sevdiyin yad kimi yanından ötə?
Sənin də yolunda duman oldumu,
ürəyini didən xatirələrin?
Yaşın necə keçdi, necə qocaldin?
Sən də mənim kimi görə bilmədin?
Sənin son eşqinin, son qığılcımı,
düşdü evimizə, od saldı, bildin?
Sən də hər an gülüb, göz yaşlarını,
uzaqda hər kəsdən gizlincə sildin?
GƏRƏKSİZ
Uça bilsən həyəcandan,
bunun adı ucalmaqsa,
bu dünyada yaşamaqçün
sevinc varsa —
qəm də gərək.
Qollarını qanad kimi yana sərsən,
ayrılığa gücün ilə sinə gərsən,
ruhun zilə çıxan vaxtı fərəhlənsən —
bu nəğmədə
bəm də gərək.
Ömrün başdan-başa yolsa,
bu yollarda çox yorulsan,
deməyib içinə sussan —
kəlmələrin
dəmdə gərək.
Bu dünyada nə işin var?
Bu günün var, keçmişin var.
Gərək deyilsən cahana —
bu nə sirrdir? gərəksizsən,
Həm də gərək.
O ZAMAN
O nağılı məndən yaxşı bilirsən,
Gərək sonu elə bu cür bitirdi.
Hamı vardı nağılın əvvəlində,
Sonra hamı birdən birə itirdi.
Ağacların şah vaxtıydı o zaman,
Meyvələrin saf vaxtıydu o zaman.
Bəxt gülünün çiçəklənən cağıydı,
Ürəyimin rah vaxtıydı o zaman.
Sən də vardın qocamandın, böyükdün,
Nə ağrıydın, nə cəzaydın nə yükdün.
Çox sonralar dönub belimi bükdün,
Sevgimin padşah vaxtıydı o zaman.
DƏN
Saçlarıma ulduz kimi dən yağıb,
Qocalıram bu dünyanın xətrinə,
Könlüm daha zil ötəni bəm.sayır,
Başa düşmür söhbəti nə, xətri nə.
Sıx meşədə bir canavar uladı,
Qoca qarı eşitmədi bilmədi.
Yalqızlıği düşəcəkdi yadına,
Bilmədi ki göz yaşını silmədi.
Büküb dördkünc gül qoxulu yaylığın,
Itkin düşən balasına səsləndi.
Dağ dərələr utandilar bu ahdan,
Göy yamaclar göz yaşına süsləndi.
Qaytarırdı quzuları çobanlar,
Yağış yağıb dağ yolunu kəsirdi.
Qocalmağa bir addımdır bu aləm,
Ürəyimdə bir cavan qız pəs edir.
Boz rənginə bürünməmiş bu dünya,
Pəmbələri gozlərindən at getsin.
Yaqis yağır,unut bəri bərəni,
Pəncərəni möhkəm bağla yat getsin.
GÖY ADAMI
Bulud necə keçdi ömrün,
Günəş nə var nə yox göydə.?
Ulduzların kefi kokdü,
Gəl soruşma nə var yerdə.
Ne buluda əlim çatdı,
Nə günəşə, nə ulduza.
Elə belə yaşayıram.
Hər gün uduza- uduza.
Unuduram yavaş- yavaş,
Yerdə məni,göydə məni,
Allah dünyanın başına,
Yağış kimi döydü məni.
Bəxt verdi nurun azaltdı,
Ayrılıq yolun uzatdı.
Elə bəxtəvər etdi ki ,
Elə bildim söydü meni.
Ayağım izə yad gəlir,
Ömrümə ayrı dad gəlir.
Mən gördüyüm bahar deyil,
Hər gün dadi -bidad gəlir.
YARIM NAĞIL
Övladı idik iki mələyin
Qardaşlarım
Məlikməmməd,
Məlikəhməd,
Məlikcümsüd,
Birdə mən.
Böyüdük!
Saçlarımdan kəndir düzəltdi anam,
Atam gözlərindən yol çəkdi,
Yola düşdük.
Anam
Arxamızca su atdı.
Su üstünə qayıtdı.
Biz də qayıtdıq.
Üzümüzü yolda qoyub qayıtdıq.
Məlikməmməd qardaşımı
Dumanlıqda, sisdə, qoyub qayıtdıq
İntizarlı gözümüzlə,
Alınmayan arzumuzla.
Bilmədik nə fəsli idi,
Ay göydə qapqara susqun
Qardaşlarım məndən küskün,
Mən qardaşlarımdan küskün.
Qınadıq
Anam atdığı suyunu,
Atam çəkdiyi yolunu.
Qardaşlarım məni
Mən yolları, quyuları.
Bir-birimizə baxmaz olduq.
Anamıza heç baxmadıq.
Onun dərdi insan oldu,
Evimizdə həmişə yad qonaq kimi,
Məlikməmməd cığal oldu.
Şuluq qatdı oyunlara
Nə qoydu ki, nağıl quraq
Nədə ki, dönək nağıla !!!!!....
Qanadı qırıq mələylər
Bu yarım nağıla yandı.
Yer də, göy də ah eylədi
Göydə almalar qaraldı ...
YUXUMA GƏLİRSƏN…
Yuxuma gəlirsən, uğur böcəyim
İzsiz duyğularda uçub gedirsən.
Mən sənin tərəfə can atdığımda,
Sən qanadlarını qucub gedirsən.
Yuxuma gəlirsən, uğur böcəyim
Bütün arzuları bitirdin, uçdun,
Sənə pıçıltımı özüm eşitdim.
Məni bu dünyada itirdin, uçdun.
Yuxuma gəlirsən, uğur böcəyim
Qırmızı bəxtinlə, qara xalınla,
Sən bir az yalançı, mən bir az qorxaq.
Çətin bu sevdadan nəsə alına...
Yuxuma gəlirsən, uğur böcəyim


