“Biri ikisində” Güneydən Səhənd ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Bulud Qaraçurlu Səhənd (1926-1979) –  tanınmış şair

 

O, soyadını mənsub olduğu tayfadan, boya-başa çatdığı bölgənin başı üzərində ucalan Səhənd dağından almışdı. Bulud Qaraçurlu yeniyetməliyindən Rаzi ləqəbiylə şeirlər yazsa da, Səhənd kimi məşhurlaşmışdı.

Gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli azadlıq hərəkatına təsadüf edib. Hərəkatda fəal iştirak edib, sevinc və iftixardan doğan, xalqı mübarizəyə səsləyən romantik şeirlərlə yanaşı, siyasi-lirik əsərlər də yazıb.

1945–1947-ci illərdə və 1951-ci ildə həbsə atılıb, sürgün edilib. Kitablarının çoxu ölümündən sonra nəşr olunub.

Siyasi mövzuda əsər yazmaq sənətkardan istənilən dövrdə, istənilən anti-demokratik cəmiyyətdə böyük cəsarət tələb edir. Şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün Dədə Qorqud dastanlarına üz tutub, ona yeni və çağdaş məzmun verərək məşhur “Sazımın sözü” və “Dədəmın kitabı” (iki cilddə) əsərini ərsəyə gətirib ki, bu əsər də Şəhriyarın “Heydərbabaya salam” əsərindən sonra ən əhəmiyyətli poetik abidə hesab edilir. Görkəmli alim, doktor Cavad Heyət Səhəndin “Dədəmın kitabı”na çox yüksək qiymət verərək hətta bu əsəri Firdovsinin “Şahnamə”si ilə müqayisə edib, onu Cənubi Azərbaycan türklərinin zəngin lüğət xəzinəsi, “Millətnamə”si adlandırıb.

Səhənd bu ölməz ədəbi abidəyə sonsuz məftunluğunun təsiri altında olmayıb, həm də bir milli azadlıq mücahidi kimi əvvəldən düşünülmüş ciddi planla hərəkət edib. Bulud Qaraçurlu Səhəndin Dədə Qorqud dastanlarını nəzmə çəkməsinin səbəbi xalqına şərəfli keçmişini göstərmək, milli qürur və mənliklərini diriltmək, tanıtmaq idi.

“Yasaq” əsərində keçmiş və gələcəkdən yazmağı yasaq  edilmiş xalqının halına acıyırdı:

 

Taleyimə sən bax!

Düşüncələrim yasaq,

Duyğularım yasaq,

Keçmişimdən söz açmağım yasaq,

Gələcəyimdən danışmağım yasaq.

Ata-babamın adın çəkməyım yasaq,

bilirsən?

Anadan doğulandan belə

         özüm bilməyə-bilməyə

         dil açıb danışdığım dildə

         danışmağım yasaq imiş, yasaq.

 

Uzun illər Azərbaycan Milli Hökumətinin (1945-1946) super dövlətlər arasındakı siyasi oyunlara qurban verildiyi siyasətçilər tərəfindən açıqlanmır, məxfi saxlanırdı. Bəzən siyasətçi və tarixçilərin açıq söyləyə bilmədiyini yazıçı və şairlər boynuna götürüb ədəbi üsullarla xalqa çatdırmağa nail olurlar.

Ömrü xalq və vətən uğrunda mücadilələrdə keçən, bu yolda həm qələmi, həm də silahı ilə çarpışan Səhəndin şeirlərində siyasi hadisələrin gedişi ilə bağlı bir növ “xoruzun quyruğu” görünürdü:

                  

Gərəkdir Şərqdə boğula bu səs,

Deyə köhnə dünya verdi əl-ələ.

Londonda başladı gizli hərəkat,

Vaşinqtondakı qoşun, tədarükat,

Xələcə yollandı hərbi gəmilər.

Tarixdə vətənə, hədəfə, yola

Can qurban edənlər heç də az deyil. . .

Amma bir millətin qurban olması –

Tarix göstərməmiş heç vaxt, heç zaman,

Qoy bir də söyləyim, dünyalar bilsin,

Sülhə qurban oldu bu Azərbaycan!?

 

O illərdə yaranmış BMT (Birləşmiş Millətlər Təşkilatı)-nin ilk həll edəcəyi münaqişəli problem Cənubi Azərbaycan məsələsi olur.

Qısa bir müddətdə istiqlalını yaşayaraq çiçəklənib dirçələn diyar dünya imperialist qüvvələrinin təzyiqi ilə yenidən zindana çevrilir. Səhənd hayqıraraq xalqının başına gətirilənləri bütün dünyaya çatdırırdı:

 

Qarğış zəmanənin qanunlarına,

Qarğış ürəkləri ayıranlara,

Qarğış insanları qəfəsə salıb

Bəşər hüququndan dəm vuranlara.

 

“Sazımın sözü” (1965), “Sazımın sözü(1984), “Əsərləri” (1979), “Dədəmin kitabı” (2001), “Seçilmiş əsərləri” (2006), “Divan” (2010), “Qardaş andı” (2012), “Dədəmın kitabı” (2015) və b. kitabları nəşr edilib. Həyat və yaradıcılığı haqda R.Əliyeva, R.Qəmbərqızı, S.Nəbioğlu, P.Məmmədli, F.Süleymanoğlu və başqaları məqalə və elmi əsərlər yazıb. F.Süleymanoğlu şairin həyat və yaradıcılığını tədqiqata cəlb edib, monoqrafiya  nəşr etdirmişdir.

Səhənd Şəhriyarın özünü belə ana dilində şeirlər yazmağa çağıraraq:

 

Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,

Gəl başın ucaldaq qoca Təbrizin.

Bir kərə yadların daşını ataq,

Çəkək qayğısını öz elimizin –

 

 söyləməsi, Şəhriyarın ona səs verməsinə və böyük sevgi ilə “Səhəndiyyə” poemasını ithaf etməsinə səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, Səhənd yaradıcılığına da ən böyük qiyməti farsca yazdığı bir şeirində “O elə bir şair idi ki, mən Şəhriyardan bac alırdı” sözləri ilə Şəhriyar özü vermişdi.

          Bulud Qaraçurlu Səhənd Güney ədəbiyyatına  xalqdan və keçmişdən gələn yeniləşmiş orijinal obrazlar və yeni məzmun gətirdi.

         Səhənd “Sazımın sözü” kimi əsərlərində xalqın tarixi düşüncə modelini bərpa edib keçmişi bu günün mənəvi fəzasına qaytarırdı. Onun poetik dili nə nostalji, nə də romantik təsvir üzərində dayanır – o, tarixi yaddaşı şüurlu şəkildə davam etdirirdi. Səhənd üçün poeziya xalqın özünü tanıma mexanizmi idi.

         1969-cu ilin yayında ovaxtkı Sovet İttifaqına, Azərbaycana da səfər edib.

Məhəmmədhüseyn Şəhriyarla, görkəmli şərqşünas alim Rüstəm Əliyevlə möhkəm dostluq bağları olub. Məmməd Rəhim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil ilə məktublaşıb, şeirləşiblər.

         Bulud Qaraçurlu Səhənd 1979-cu il aprelin 10-da ürək tutmasından vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.