Super User

Super User

Çərşənbə axşamı, 07 Aprel 2026 14:04

Subtropik Astarasının mirvarisi - Sim kəndi

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Səyahətimiz cənubadır. Gözəl mənzərəli, dörd bir tərəfdən yaşıl örtüklü  Talış dağları, onun qoynunda özünə yer edinmiş Sim kəndi.

Mərkəzdən 40 km uzaqlıqda yerləşir. Yolları bərbad vəziyyətdə olduğu üçün uzun müddət gözdən uzaq bir bölgə olub. Lakin yollar sahmana salındıqdan sonra isə bu gözəl yerləri görmək üçün gələn turistlərin sayı get-gedə artıb.

 

Azərbaycanın ən qədim yerlərindən biridir. Sımdəki qayalar, qayaüstü təsvirlər Qobustanı xatırladır. Turizm üçün qiymətli məkan olan bu kənddə 25 və 30 metr hündürlükdə olan iki şəlalə, bundan əlavə 100-ə qədər də bulaq mövcuddur. Lakin abidələr diqqətinizə çatdırdıqlarımla yekunlaşmır. Burada köhnə qəbirstanlıq, ağacdan inşa edilən məscid, yerli əhəmiyyətli Damğalı daşlar, nizə tutmuş atlının təsviri olan qəbir daşı kimi abidələr də vardır.

Bu gün əkinçilik, maldarlıq və meyvəçilik kimi təsərrüfat sahələri sımlıların məşğuliyyətidir. Sım kəndi Pəlikəş kənd inzibati ərazi dairəsininin və Pəlikəş bələdiyyəsinin tərkibindədir.

Bu kənd sanki açıq təbiət muzeyidir. Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalənin olması isə ona xüsusi çalar verir.

Kənd sakinlərinin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kəndin yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Və qədim Ağ Körpü də maraqlı məkanlardan biridir. 

Yurdumuzun səfalı kəndində yerləşən abidələrdən biri də zümrüd donlu yaşıllıqlar arasındakı talada var olan böyük hamar daşdır. Bu daş stola bənzəyir. Bir rəvayətə görə  İsmayıl şah bu daşın ətrafında vəzir-vəkilləri ilə məşvərət edərmiş.

Bu kəndin interneti, yolu, ictimai iaşə obyektləri turizm standartlarına uyğun deyil. Turizmin inkişaf etdirilməsi üçün ilk öncə ora yolun çəkilməsi, daha sonra sürətli internetlə təmin edilməsi, turistlik məkanların tikilməsi vacibdir. Burada qalmağa yer yoxdur, insanlar səhər gedir, axşam geri qayıtmaq məcburiyyətində qalır.

 

Sımda ümumiyyətlə 2000-ə yaxın təbii bulaq var. Bu, dünyanın heç bir yerində.yoxdur

Tarixin izləri dediklərimlə qurtarmır. Burada Şah qalası, bir də həbsxana mövcuddur. Sımın mərkəzində yerləşirlər. Qalanın izləri durur.

 

Bir sözlə, Astaranın Sım kəndinin timsalında dağlıq kəndləri füsunkar gözəlliklərə və ecazkar mənzərələrə şahidlik edirlər.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

Çərşənbə axşamı, 07 Aprel 2026 17:11

Mətbəximizin şahı - PLOV

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Düzdür, plov deyəndə bizimlə yanaşı özbəklərin də adı çəkilir, amma düçünürəm ki, bizim plov mədəniyyətimizin tarixi daha qədimdir.

 

Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Bu sözə X əsr yazılarında rast gəlmək mümkündür. Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar.

 

Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. 

Vətənimizdə plovun 200 növü var. Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir.

Azərbaycan mətbəxində hazırlanan şah plov, bükmə plov, şeşəndaz plov, şüyüd plov, meyvə plov, paxla plov, parça döşəmə plov, qiymə-çığırtma plov, toyuq plov, çığırtma plov, xam-döşəmə plov, səbzi-qovurma plov, kükü plov, yarma plov, mərci plov, şirin plov, lobya-çilov plov, fisincan plov, südlü plov, kükü plov, qiymə-çığırtma plov və digər plov növləri yalnız adları ilə deyil, dadları ilə də fərqlidir.

Aş qarasını süfrəyə plovun üstündə, altında, ortasında və ayrıca verirlər. Aş qarası hazırlamaq üçün həm bitkilərdən, həm də ət məhsullarından istifadə edilir. Plovun yanında aş qarasından əlavə sirkəyəqoymalar, şorabalar, göyərti də qoyulur. Plovla birlikdə hazırlanan qazmaq da süfrəyə plovun üstündə və ya ayrıca verilir. Əvvəllər plov isti qalsın deyə, üstünü sərpuşla örtürdülər. Plov ağır və yağlı yemək olduğundan, yanında turşməzə içkilər — isgəncəbi, ayran, abqora və b. müxtəlif şərbətlər verilir.

Dənli bitkilərin yarmasından yarmaaşı, yarmaçilov, sıyıq, yayma və s. xörəklər hazırlanır. Müxtəlif yaxmalar (yaxmaclar), dürməklər azərbaycanlıların gündəlik yemək çeşidinə daxil olan qəlyanaltılardır.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

Rəqsanə Babayeva,

"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan və İmişli təmsilçisi,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rəhbəri, "Haberdili.com"un Azərbaycan təmsilçisi

 

Qafqaz coğrafiyası tarix boyu müxtəlif xalqların, dillərin və mədəniyyətlərin qovuşduğu nadir mədəni məkanlardan biri olmuşdur. Bu bölgədə formalaşmış mədəni irsin mühüm qatlarından biri şifahi ədəbiyyatdır. Şifahi ədəbiyyat yalnız estetik ifadə vasitəsi deyil, həm də xalqın dünyagörüşünü, mənəvi dəyərlərini, tarixi yaddaşını və sosial münasibətlər sistemini özündə yaşadan canlı yaddaş formasıdır. Nəsildən-nəslə söz vasitəsilə ötürülən dastanlar, nağıllar, rəvayətlər və atalar sözləri cəmiyyətin mənəvi təcrübəsini qoruyub saxlayan bir məktəb rolunu oynamışdır.

 

Qafqaz xalqları arasında bu ənənənin ən parlaq və ən möhtəşəm nümunələrindən biri şübhəsiz ki, Kitabi Dədə Qorqud dastanıdır. Bu abidə yalnız Azərbaycan və ya türk dünyasının deyil, bütövlükdə Qafqaz mədəniyyətinin şifahi irsində xüsusi yer tutur. Dastan qəhrəmanlıq ruhunu, ailə dəyərlərini, mənəvi kodeksi və qədim türk toplumunun sosial quruluşunu poetik şəkildə əks etdirir.

Bu məqalədə “Kitabi Dədə Qorqud” dastanının şifahi ədəbiyyat kontekstində əhəmiyyəti, Qafqaz mədəniyyətindəki rolu və onun müasir dövr üçün daşıdığı mənəvi-mədəni mesajlar araşdırılacaqdır. Məqsəd dastanın yalnız ədəbi abidə kimi deyil, həm də tarixi yaddaş və mənəvi tərbiyə mənbəyi kimi dəyərləndirilməsidir.

 

Şifahi ədəbiyyatın mahiyyəti və Qafqaz mədəniyyətində yeri

Şifahi ədəbiyyat yazılı mədəniyyətin formalaşmasından əvvəl mövcud olan və uzun müddət xalqın kollektiv yaddaşı vasitəsilə qorunan ədəbi formadır. Bu ədəbiyyatın əsas xüsusiyyəti onun canlı olmasıdır. Şifahi söz yazılı mətn kimi donuq deyil; o, söyləyənin səsi, jesti və duyğusu ilə birlikdə yenidən doğulur.

Qafqaz mədəniyyətində şifahi ədəbiyyat yalnız bədii yaradıcılıq deyil, həm də sosial institut rolunu oynayırdı. Toylarda, məclislərdə, köç yollarında, qış gecələrində söylənən dastanlar insanların həyatına mənəvi istiqamət verirdi. Bu ənənədə dastançılar və ozanlar xüsusi mövqeyə malik idilər. Onlar yalnız sənətkar deyil, həm də xalqın yaddaşını qoruyan mənəvi daşıyıcılar sayılırdı.

Bu baxımdan Dədə Qorqud obrazı şifahi ənənənin simvoluna çevrilmişdir. Dədə Qorqud yalnız dastanın personajı deyil, həm də ozan müdrikliyinin rəmzidir. O, qəhrəmanlara ad verir, onları xeyir-dua ilə yola salır və cəmiyyətin mənəvi qaydalarını söz vasitəsilə ifadə edir.

 

“Kitabi Dədə Qorqud” dastanının yaranma mühiti

“Kitabi Dədə Qorqud” dastanı oğuz tayfalarının həyatını əks etdirən qədim epik abidədir. Dastanın əsas süjet xətti köçəri həyat tərzi, qəhrəmanlıq mübarizəsi və ailə-tayfa münasibətləri üzərində qurulmuşdur.

Tarixi mənbələrə görə dastanın yazıya alınmış variantları XV–XVI əsrlərə aid olsa da, onun şifahi forması çox daha qədim dövrlərə gedib çıxır. Dastanın dili, obrazları və motivləri göstərir ki, bu əsər əsrlər boyu ozanların yaddaşında formalaşaraq tədricən zənginləşmişdir.

Dastanda təsvir olunan həyat tərzi qədim oğuz cəmiyyətinin sosial strukturu haqqında mühüm məlumatlar verir. Burada ailə, igidlik, sədaqət və vətən sevgisi kimi dəyərlər əsas ideya xəttini təşkil edir. Bu xüsusiyyətlər dastanı sadəcə qəhrəmanlıq hekayəsi deyil, həm də mənəvi kodeksə çevirir.

 

Qəhrəmanlıq ideyası və mənəvi dəyərlər

Dastanın ən mühüm xüsusiyyətlərindən biri qəhrəmanlıq ideyasının mənəvi ölçülərlə təqdim edilməsidir. Burada igidlik yalnız fiziki güc kimi deyil, həm də mənəvi məsuliyyət kimi təqdim olunur.

Dastandakı qəhrəmanlar – Basat, Qazan xan, Beyrək kimi obrazlar yalnız döyüş meydanında deyil, həm də ailə və cəmiyyət qarşısında məsuliyyətləri ilə seçilirlər. Onların davranışlarında ədalət, mərdlik və sədaqət əsas prinsip kimi təqdim edilir.

Bu baxımdan dastan gənc nəsil üçün bir tərbiyə məktəbi rolunu oynayır. Qəhrəmanların hərəkətləri oxucuya və ya dinləyiciyə müəyyən mənəvi mesajlar ötürür. Məsələn, ailəyə sədaqət, sözə hörmət və böyüklərə ehtiram kimi dəyərlər dastanın əsas ideyaları arasında yer alır.

 

Dil və poetik üslub

“Kitabi Dədə Qorqud” dastanının ən diqqət çəkən xüsusiyyətlərindən biri onun dilidir. Dastanın dili sadə, lakin son dərəcə poetik və təsirli ifadələrlə zəngindir. Burada metaforalar, təkrarlar və ritmik ifadələr geniş istifadə olunur.

Şifahi ədəbiyyat üçün xarakterik olan bu poetik formalar mətnin yadda qalmasını asanlaşdırırdı. Ozanlar dastanı söyləyərkən müəyyən ritmik strukturlardan istifadə edir, beləliklə mətn həm musiqili, həm də emosional təsir gücü qazanırdı.

Dastanın dilində qədim türk dünyagörüşünü əks etdirən çoxlu ifadələr mövcuddur. Bu ifadələr yalnız bədii təsvir vasitəsi deyil, həm də tarixi və mədəni informasiyanın daşıyıcısıdır.

 

Qafqaz mədəniyyətinə təsiri

“Kitabi Dədə Qorqud” dastanı Qafqaz mədəniyyətinin müxtəlif sahələrinə təsir göstərmişdir. Ədəbiyyat, teatr, musiqi və hətta müasir kino sənətində bu dastanın motivlərinə tez-tez rast gəlinir.

Dastanın qəhrəmanlıq və mənəvi dəyərlərə əsaslanan ideyaları Qafqaz xalqlarının kollektiv yaddaşında xüsusi yer tutur. Bu abidə yalnız bir xalqın deyil, bütöv bir regionun mədəni yaddaşının parçası kimi qəbul edilir.

Eyni zamanda dastanın motivləri müasir ədəbiyyatda və dramaturgiyada yeni interpretasiyalar üçün zəngin material təqdim edir. Müasir müəlliflər bu motivlərdən istifadə edərək qədim ideyaları yeni bədii formalarla təqdim edirlər.

 

Müasir dövrdə dastanın əhəmiyyəti

Qloballaşma dövründə milli və regional mədəniyyətlərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Kitabi Dədə Qorqud” kimi epik abidələr yalnız ədəbi irs deyil, həm də mədəni identikliyin qorunması vasitəsidir.

Dastanın ideyaları – ədalət, sədaqət, ailə dəyərləri və cəmiyyətə məsuliyyət – müasir insan üçün də aktualdır. Bu dəyərlər cəmiyyətin mənəvi sabitliyinin qorunmasında mühüm rol oynayır.

Təhsil sistemində dastanın öyrənilməsi gənc nəsildə tarixi yaddaşın və mədəni kimliyin formalaşmasına kömək edir. Bu səbəbdən dastan yalnız ədəbiyyat dərsi kimi deyil, həm də mənəvi tərbiyə vasitəsi kimi əhəmiyyətlidir.

 

“Kitabi Dədə Qorqud” dastanı Qafqaz mədəniyyətində şifahi ədəbiyyatın gücünü nümayiş etdirən nadir abidələrdən biridir. Bu əsər yalnız qədim oğuz cəmiyyətinin həyatını təsvir etmir, həm də xalqın mənəvi dəyərlər sistemini poetik şəkildə ifadə edir.

Şifahi ənənə vasitəsilə əsrlər boyu qorunaraq günümüzə gəlib çatan bu dastan kollektiv yaddaşın gücünü göstərir. O, sözün yalnız bədii ifadə vasitəsi deyil, həm də mədəni və tarixi yaddaşın qoruyucusu olduğunu sübut edir.

Müasir dövrdə bu irsin öyrənilməsi və qorunması yalnız ədəbiyyatşünaslıq üçün deyil, həm də mədəni kimliyin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır. Çünki hər bir xalqın gələcəyini müəyyən edən amillərdən biri onun keçmişini necə xatırlaması və bu yaddaşı necə yaşatmasıdır.

“Kitabi Dədə Qorqud” dastanı məhz bu yaddaşın canlı ifadəsi kimi Qafqaz mədəniyyətində öz möhtəşəm yerini qorumaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

 

Çərşənbə axşamı, 07 Aprel 2026 17:41

“Cütbulaq” – uşaqlar üçün qısa hekayə

 

Coşqun Xəliloğlu, AYB-nin üzvü,

“Ədəbiyyat və incəsənət”

                                     

Qızmar yay günlərinin birində atam bizi bulağa aparmışdı. Bulaq dağın yamacındaydı. Hər tərəf sıx otlar və çiçəklərlə örtülmüşdü. Sanki dağlara yaşıl xalça sərilmişdi. Bulağın üstünə xeyli adam gəlmişdi. Onlar bulağın suyu ilə əl-üzlərini yuyur, ləzzətlə içirdilər. Özləri ilə gətirdikləri qabları doldururdular. Bir az gözlədikdən sonra növbə bizə də çatdı. Bulaq durna gözü kimi duru, ayna  kimi təmiz idi. Dağlardan, qayalardan süzülüb gələn buz kimi su adamın dişini sızıldatdığından bir nəfəsə içmək çətin idi. Amma içdikcə içmək istəyirdin.

Atamdan soruşdum ki, burada  cəmi bir bulaq var, bəs nəyə görə ona Cütbulaq deyirlər? Atam bir anlıq fikrə gedib:

  Doğrusu, mən də bilmirəm, indi öyrənərik.

Atam bizdən bir az aralıda dayanmış yaşlı, nurani bir kişiyə yaxınlaşdı. Kişi suala elə həvəslə cavab verdi ki...

– Bir baxın, –  Əlini  uzadaraq yaşıllığa bürünmüş evləri göstərərdi  – biz aşağıda görünən o kənddə yaşayırıq. Əslimiz-kökümüz də oradandır. Cütbulaq haqqında babam bir əhvalat danışmışdı:

      Əfsanəyə görə keçmişdə bu bulaqla yanaşı ikinci bulaq da varmış. Həmin bulaq daha bolsulu imiş, daim coşub-cağlayarmış. Hər il yayda bulaqların başına xeyli adam toplaşardı.  Sularından içib sərinləyər, dincələrdilər 

Amma gördüyümüz bu bulaq bir qədər sakit və rəvan olsa da onun da suyunu içər tərifləyərdilər. Heç kəs bu bulaqlara fərq qoymadığından onlara  eyni ad – Cütbulaq adı verilmişdir.  

Bir gün gur sulu bulaq lovğalanaraq, utanmadan qonşusuna – həmin bu bulağa dedi:                                                                                                                                            Sən də özünü bulaq sayırsan? Sən, bulaqların gözəl adına ləkəsən. Sənə “Bulaq” demək günahdır.                                                                                                                                                                                                            Kiçik bulaq heç nə demədi. Yenə əvvəlki kimi öz axarı ilə çağlamaqda davam etdi.                 

   Gur bulaq qəzəblənərək qışqırdı:

– Sənin kimifərsiz, yönsüz bulaqla yoldaşıq etməyim bəsdir.              

O, coşdu, daşdı, elə hikkə ilə çağladı ki, elə bil, gursulu dağ çayıdır.  Suyu hər tərəfi götürmüşdü. Qəhqəhəylə axırdı.  “Mən  böyük bulağam. Daha da böyüyəcəyəm. Suyum daha da artacaq” –  deyirdi. Bulaq düz 3 gün, 3 gecə nərildəyərək köpüklənə-köpüklənə axdı.  Birdən dağ silkələndi, güclü bir gurultu qopdu. Qayalar yerindən qopub aşağı yuvarlandı... Bir az keçmiş bulağın suyu bulandı, lilləndi. Sonra  suyu azalmağa başladı. Bulaq öz məcrasına qayıtdı. Onun suyu yenə də azalmaqda davam edirdi. Nəhayət,  bulağın nəfəsi kəsildi, tamam qurudu.

Kiçik bulaq isə əvvəlki kimi aramla çağlayır, sakit-sakit axırdı. Suyu bal kimi şirin idi. Bu həmin bulaqdır, bu gün də insanlar ondan faydalanır, suyundan içib şəninə xoş sözlər deyirlər. Amma adamlar adətləri üzrə bulağa yenə də Cütbulaq deyirlər.

Babanın danışdığı “Cütbulaq” əfsanəsi  çox xoşumuza gəldi.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Hasanzadeh Events” qrupunun rəhbəri Şəfəq Həsənzadənin təşkilatçılığı ilə yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərovanın 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ş.Həsənzadə tədbiri açaraq xoş, səmimi sözlərlə yubilyarı təbrik etdi. AYB-nin baş müşaviri Rauf Aslanov yubilyara gələcək yaradıcılığında uğurlar dilədi. Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, Suraxanı rayon Ağasaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin “Bədii tərcümə, ədəbi əlaqələr mərkəzinin” sədri, publisist Əsəd Cahangir, yazıçı  Səidə İkiqai, şair, yazıçı Sevinc Ağa Xəlilqızı və b. çıxış etdilər. Hər bir çıxışçı  Zöhrə xanımla tanışlığını, onun  kitablarının oxucusu olduğunu bildirdi.

Tədbirdə Zöhrə Əsgərovanın uşaqlar üçün yazdığı kitablar təqdim olundu. “Hasanzadeh Events” qrupunun  üzə çıxardığı, onlara dəstək olduğu  istedadlı uşaqların iştirakı tədbiri daha da maraqlı etdi.

Tədbirdə Z.Əsgərovanın uşaq  kitablarının oxucuları – məktəblilərlə  maraqlı sorğu-sual, kitablar haqqında təəssüratlar səslənmişdir. Onların valideynləri ilə yanaşı müəllimlərdən Fəridə Acalova, Rəqsanə  Yunusova, 45 №-li  uşaq bağçasının müəllimi Aynurə xanım iştirak etmişlər. Onlar tədbirin səmərəli  keçməsi üçün şagirdləri yazıçının kitabları ilə tanış etmiş və oxumuşlar. Tədbir olduqca maraqlı fikir mübadilələri ilə yadda qalmışdır.   

Tədbirdə peşakar vokalla məşğul olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdi Raul Həmidov “Sole-mio” ariyasını ifa etmişdir. Nağıllar və hekayələr tədbirdə öz ikinci həyatını yaşadılar.

Tədbirin əsas qəhrəmanı yazıçı-publisit Zöhrə Əsgərova  bu görüşdən çox məmnun qaldığını bildirdi. Hər bir uşağın qəlbində yuva quran arzuların qanad açdığı bir görüşə  bənzəyirdi. Yazıçının tədbir iştirakçılarına müraciəti: “Şəfəq xanıma dərin minnətdarlığımı bildirirəm. Bu günün özəllyi odur ki, uşaq kitablarımın oxucuları əziz uşaqlarla nağıllar, hekayələr dünyasına qovuşduq. Onların sualları, fikirləri yazıçı üçün çox vacibdir. Bu istedadlı uşaqların mənəvi yüksəlişində, təbliğində Şəfəq xanımın rolu böyükdür. Gələcək nəslin sağlam köklər üzərində tərbiyələnməsi istiqamətində Şəfəq  xanım böyük həvəslə, məhəbbətlə çalışır. Mən bunun canlı şahidiyəm. Mən uşaqlarla keçirdiyim bu gözəl, unudulmaz saatları ömrüm boyu şirin bir xatirə kimi heç vaxt unuda bilmərəm. Nə yaxşı ki, 75 illik yubileyimə bu möhtəşəm, maraqlı tədbir böyük sevinc rəngləri qatdı. Sanki bir ailə kimi tədbirə toplanmışıq. Bu  gözəlliyi, enerjini Şəfəq xanım  yarada bilmişdir. Görüşdə mən də uşaqlaşmış, onların saf,  məhəbbət dolu dünyasına qovuşmuşdum. Bu tədbir nəinki kitab  bayramı, öz Vətəninə, mədəniyyətinə, milli köklərinə  bağlı insanların bir-biri ilə yaxın, səmimi ünsiyyətidir”.

Yubilyar-yazıçı tədbirdə iştirak edən uşaqlara öz avtoqrafı ilə “Burdan mələk ötüb...”, “Baba niyə küsdü?” kitablarını hədiyyə etdi və qeyd etdi ki, cənnət qoxulu  uşaqlar bizi daha mərhəmətli, məhəbbətli olmağı öyrədir. Əslində dünyanın bütün uşaqları məhəbbət dilində danışır. Belə bir deyim var: “Dünyanı uşaqlara verə bilmiriksə, qəlbimizi verək”.

Tədbirin əsas məqsədi uşaqların kitablarla dostluğunu daha da möhkəmləndirmək, tərbiyəvi əhəmiyyətli nağıl və hekayələrin müsbət baş qəhrəmanlarından  örnək almağı bacarmağı onlara aşılamaq idi. Uşaq kitabları təkcə uşaqlara deyil, həmçinin  onların ailə üzvləri üçün də nəzərdə tutulub. A.P.Çexovun fikridir: “İnsanı yaxşı tanımaq üçün onun uşaqlığını öyrənmək lazımdır”.

Tədbirdə uşaqlar çox fəallıq göstərdilər, yazıçının hekayələrini müzakirə etdilər, müəllifə çoxsaylı suallar verdilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

 

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti dəfə bir araya gəlib. Bu dəfə səhər naharında. 

Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsinin rəhbəri, bayraqdar şair Ramiz Qusarçaylı, həmçinin Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azərinin və Bayraqdar Media-nın baş redaktoru Azər Həsrətin də qatıldığı Məclis yenə də özünün təmtərağı, ruh yüksəkliyi ilə diqqət çəkib.

“Ədəbiyyat və incəsənət” portalına Ədəbi Məclisdən verilən məlumata görə, Məclisin baş katibi, AYB və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Aqşin Dadaşoğlu açılış nitqində ötən müddət ərzində görülən işlər haqqında qısa məlumat verib. O, özəlliklə də “Ulduzlar”ın üzvlərinin media fəallığını qeyd edib.

Süfrə arxasında söhbətlərdə Ramiz Qusarçaylı, Nadir Azəri və digərləri “Ulduzlar”ın son dövrlərdə sürətlə irəli çıxmasını xüsusi vurğulayıblar. Bildirilib ki, Xaçmaz kimi ucqar bir rayonda ədəbiyyat sahəsində bu qədər fəallıq nəinki Bakıda, ümumiyyətlə Azərbaycanın hər yerində, hətta ölkədən kənarda da diqqət çəkməyə başlayıb.

Eyni zamanda Ramiz Qusarçaylı keçirilməsi nəzərdə tutulan ədəbi yarışmayla bağlı ilkin məlumatları paylaşıb. O, qeyd edib ki, bölgə yazarlarının fəallığını daha da artırmaq, həmçinin yeni yazarları motivə etmək üçün belə yarışmalar vacibdir.

Nadir Azəri isə bildirib ki, rəhbərlik etdiyi qurum “Ulduzlar”ın bəzi üzvlərini öz sıralarına qəbul edib. O, deyib ki, CASCFEN hər zamankı kimi fəaliyyətini daha geniş təşkil etməkdə qərarlıdır. Bu baxımdan Aqşin Dadaşoğlunun quruma üzv qəbul edilməklə bərabər Quba-Xaçmaz bölgəsi üzrə təmsilçi təyin edilməsi də qərara alınıb.

Nadir Azəri daha sonra Aqşin Dadaşoğlu başda olmaqla CASCFEN-in yeni üzvlərinə vəsiqələrini təqdim edib.

Məclisin gedişində Ramiz Qusarçaylı AYB sədri, Xalq yazıçısı Anarla telefon əlaqəsi yaradıb, o da məsafədən Məclisə qoşulub. Anar “Ulduzlar”, eləcə də Şimal bölgəsində ədəbiyyat sahəsində görülən işlərlə bağlı xoş sözlər deyib, Məclis iştirakçılarına xoş diləklərini çatdırıb.

Məclisdə tarda canlı ifalar dinlənilib, şairlər öz şeirlərini səsləndiriblər. Eyni zamanda rəssam, şair Firudin Həvəskarın yeni çapdan çıxmış iki kitabı da təqdim edilib. Qərara alınıb ki, kitabların ayrıca təqdimatı keçirilsin.

Məclisdə şairlər Məmməd Qədir, Sabir Nemət, Cümşüd Aydəmir, Mövlan Şahid, İbrahim Ağçaylı, Səxavət Ənvəroğlu, Firudin Həvəskar, Gözəl Azay, Rübabə Mustafa, Səməd Asifoğlu, Kənan Rahi öz şeirlərini səsləndirib, fikir mübadiləsi aparıblar.

Ustad şair Ramiz Qusarçaylı və Aqşin Dadaşoğlunun da şeirləri böyük şövqlə qarşılanıb.

Toplantıda çıxış edən Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova dövlətin ədəbiyyata və ədəbiyyat adamlarına diqqətini vurğulayaraq başçılıq etdiyi qurumun da hər zaman bu siyasətə sadiq olduğunu deyib.

Pedaqoq, qiraətçi Nəzakət Əliyevanın təqdim etdiyi şeirlər isə bir başqa həvəslə dinlənilib.

Müşfiq Sabiroğlu və İbrahim Ağçaylının tar ifaları da Məclisə əlavə rəng qatıb.

Tədbirdə iştirak edən Əməkdar jurnalist Azər Həsrət çıxışında “Ulduzlar”ın özəlliklə media sahəsində çox irəli çıxdığını vurğulayıb. O, bildirib ki, gənclərin, yetişməkdə olan nəslin tərbiyəsində belə məclislərin yeri olduqca önəmlidir. Bu baxımdan dövlət siyasətinin gerçəkləşməsində “Ulduzlar”ın əvəzsiz rolunu qeyd edən çıxışçı belə fəaliyyətləri daha da genişləndirməyin, artıq daha geniş auditoriyalara çıxmağın vacib olduğunu deyib.

Sonda qeyd edək ki, CASCFEN sədri Nadir Azəri aprelin 1-də 5 yaşı tamam olmuş Bayraqdar Media-nın kiçik yubileyi ilə bağlı baş redaktor Azər Həsrətə rəhbərlik etdiyi qurumun diplomunu da təqdim edib.

Məclis ənənəvi xatirə şəkli çəkdirməklə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

 

Aprelin 4-ü Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və "AzFest Group"un təşkilatçılığı ilə Park Bulvarda II Psixologiya və Loqopediya Festivalı keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına təşkilatçılardan verilən məlumata görə, festivalın əsas məqsədi psixologiya və loqopediya sahəsində fəaliyyət göstərən mütəxəssislərin işlərini ictimaiyyətə təqdim etmək, bu istiqamətdə maarifləndirməni artırmaq və peşəkarlar arasında təcrübə mübadiləsi keçirməkdir.

Bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə inklüzivliyin artırılması və xüsusi qayğıya ehtiyacı olan şəxslərin inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində mütəxəssislər öz praktik fəaliyyətlərini ziyarətçilərə təqdim ediblər. İştirakçılar üçün faydalı çıxışlar və müzakirələr təşkil olunub. Festivalda millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentinin professoru Mübariz Qarayev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, görüş zamanı professora Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Qonaq xaricdə yaşayan azərbaycanlı olaraq fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. O, göstərilən diqqət və dəstəyin diaspor fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Mübariz Qarayev 2012-ci ildən indiyə kimi Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentində professor olaraq çalışır, 100-ə yaxın elmi məqalənin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

 

İsveçin “Agenda Nexus” analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə qlobal enerji bazarlarında qeyri-sabitliyin artmasının və əsas təchizat marşrutlarında risklərin çoxalmasının Avropanı alternativ enerji mənbələri və yeni nəqliyyat yolları axtarmağa vadar etdiyi vurğulanıb. Bu şəraitdə Azərbaycanın həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit qovşağı kimi mühüm rolu diqqətə çatdırılıb.

Yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı xarici siyasət yürüdür. Ölkə İsraillə strateji münasibətlərini gücləndirir, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.

Məqalədə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracından əlavə, elektrik enerjisi, yaşıl enerji və hidrogen sahələrində infrastrukturunu inkişaf etdirdiyi də önə çəkilib. Bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizindəki zəngin enerji ehtiyatları onun uzun müddət etibarlı tərəfdaş olmasına imkan verəcək.

Portalda, həmçinin regional ticarətin genişlənməsi baxımından Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunulub. Layihənin nəqliyyat və enerji sahələrində əlaqələri gücləndirəcəyi və qeyri-sabit marşrutlardan asılılığı azaldacağı xüsusi qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Turanə Orucova,

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri.

“Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan zəngin mədəni irsi və milli dəyərləri ilə həm regionda, həm də qlobal səviyyədə seçilir və beynəlxalq arenada nüfuzunu artırır. Mədəniyyət artıq yalnız irsin qorunması sahəsi kimi deyil, həm də iqtisadi dəyər yaradan və cəmiyyətin inkişafına təsir göstərən mühüm faktor kimi qiymətləndirilir. Son illərdə tarixi abidələrin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması, muzey və teatrların müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir.

 

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial və mədəni layihələr gənclərin milli irsə bağlılığını artırmaqla yanaşı, cəmiyyətin hər təbəqəsinə mədəni dəyərləri çatdırır.

İqtisadi baxımdan mədəniyyət sahəsinə yatırılan investisiyalar uzunmüddətli sosial və maliyyə dividendləri formalaşdırır. Mədəni tədbirlərin təşkili, beynəlxalq festivalların keçirilməsi və yaradıcı sənayelərin inkişafı Azərbaycanın qlobal mədəni məkanla inteqrasiyasını gücləndirir. Bu isə ölkəyə turist axınının artmasına, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə səbəb olur.

Siyasi aspektdən yanaşdıqda isə mədəniyyət “yumşaq güc” (soft power) kimi çıxış edərək Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması, milli dəyərlərin beynəlxalq platformalarda təqdim olunması Azərbaycanın nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri bu prosesdə xüsusi rol oynayır, ölkəmizin mədəni diplomatiyasını gücləndirir və milli irsimizi beynəlxalq səviyyədə təmsil edir.

Gənclərin mədəniyyətə cəlb olunması da bu siyasətin əsas istiqamətlərindəndir. Milli irsə bağlı, dünyagörüşü geniş və yaradıcı düşüncəyə malik gənc nəslin formalaşdırılması dövlətin gələcək inkişaf strategiyasının əsas sütunlarından biri hesab olunur. Bu məqsədlə həyata keçirilən layihələr gənclərin həm milli kimliyə bağlılığını artırır, həm də onların qlobal mühitdə rəqabət qabiliyyətini gücləndirir.

Bütün bu yanaşmalar göstərir ki, Azərbaycanda mədəniyyət sahəsi iqtisadi inkişaf və siyasi strategiya ilə sıx vəhdət təşkil edir. Bu inteqrasiya olunmuş model ölkənin davamlı inkişafını təmin edən mühüm amillərdən biri kimi çıxış edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan mədəniyyətin qorunması və inkişafı ilə yanaşı, onu iqtisadi və siyasi gücə çevirən uğurlu bir model ortaya qoymuşdur. Bu model gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına və Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə zəmin yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

47 -dən səhifə 2850

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.