Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edirik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

POEZİYA

 

SƏLİM BABULLAOĞLU

 

SENTYABR. EYLÜL. VERESEN. SEPTEMBER

 

1.

 

Sentyabr. Eylül. Veresen. September.

Sarı rəng və kədər. Qüssəli tembr.

Uzaqda batıq səs: halsız və yorğundur.

Diş yoxdur, deməli, işlər də yoğundur:

nədən ki, adamın tamahı itidi;

hər adam bir az da tamahın itidi.

 

Eylül, veresen, september, sentyabr

işğal eləyir bütün diyarı

köndələn yağışla, gözdeşən küləklə.

Sonrası rəsmdir: nə toxun, nə rənglə!

Payızdır. Sonbahar. Osen. Autumn.

Sarımtıl inqilab. Sarışın təlatüm.

 

Veresen. September. Sentyabr. Eylül.

Yarpaqlar qəpiktək elə hey tökülür.

Elə bil kim isə anladır könülsüz:

Bax budur dünyanın dəyəri, görürsüz.

Pəncərə önündə tozlu əlcək

sözsüz bir yazıdır: dünyadan əl çək!

 

September. Sentyabr. Eylül. Veresen.

Ad üçün hansı söz doğrudur, görəsən?

Sözdən yükünü boşaldıb kağıza

mənalar ehtiyac duymur ağıza.

Otaqda bürküsə, kim deyir bu, pisdi?!

Bürkünü hiss edən bədən var ipisti.

 

 

2.

 

Sentyabr. Eylül. Veresen. September.

Lüğətlər arası ən adi tender

qalib edərdi, yəqin ki, sükutu.

Sonrası nöqtədir – qələmin ucu.

O isə lap çoxdan yazıbdır: şimşək

çaxanda açacaq çətirlər çiçəktək.

 

Eylül. Veresen. September. Sentyabr.

Təqvimlər özünü eləyir biabır.

Onlara baxmadan bilirsən hətta

qiyabi tanışdır təqvimlər həyatla.

Açıqdır pəncərə, uçuşur bir arı.

Onun da rəngi sənintək sapsarı.

 

Veresen. September. Sentyabr. Eylül.

Qızılı alovdan doğulur qara kül.

Hirsinə nidatək siqaret kötüyü

küldanda dik durub. Ağzının köpüyü,

hirsin yatır. Elə öz qanında boğulur ürəyin,

gizlənib altında ağappaq köynəyin.

 

September. Sentyabr. Eylül. Veresen.

Sədəqə istəyir birisi, verirsən:

bir ovuc xırda pul, bir ilıq təbəssüm.

“Qoy arzun çin olsun, qoy üzün gülsün!” –

qapının dalından sezilən sözlərin

ünvanı göylərdir. Yaşarır gözlərin.

 

 

3.

 

Sentyabr. Eylül. Veresen. September.

Göy üzü ağarır tənbəl-tənbəl.

Baxışın səmada marafon yürüşü,

geridə buraxır uçağı və quşu.

Miskindir bu yerdə hər hansı məğrurluq.

Biz ki, göylərə əvvəldən məğlubuq.

 

Eylül. Veresen. September. Sentyabr.

Gecələr mavrdır, səhərlər kentavr

gödəni, bədəni, rəngi ilə hər kəs.

Divanda açıqdır İmre Kertes.

Vərəqi geriyə çevirir sərinkeş.

Ömürsə yenidən yaşanmır... eh...kaş...

 

Veresen. September. Sentyabr. Eylül.

Milçəkdən bir öpüş qazanır süni gül.

Yalanlar daha çox çəkici, güvənli.

Saxta bir avazla oxuyur müğənni:

“Dərdimi göylərə danışsam, alışar...”

Eybi yox, qulaqlar buna da alışar ...

 

September. Sentyabr. Eylül. Veresen.

Frigid qadıntək qələmdən bezirsən.

Üfüqü qızardan qürubun şəfəqi

güldanda bərq vurub anladır fərqi.

İşıqla kölgənin sevgi oyunu

qurtarır divarda. Filmin sonu. 


OKTYABR AĞISI


Asfaltda adətən iz qoymaz addımlar,
ləpirlər sanki təsdiq eləməz yolları;
nə geysək yenə də qaradır kölgəmiz,
qaradır uzunqol köynəyin ağappaq qolları;
tavanda heç vaxt günəştək doğmaz
o billur salxım, çilçıraq,
nəğmənin mənası yoxdursa
bəlkə dəlilik yaxşıdır, bəlkə çıldıraq?!

Bilirəm, çöhrəmdə ən çox sezilən 
sarıdır, bir az da külrəngi solğunluq;
uzaq bir nöqtəyə dirənib qalmağım,
halsız-halsız baxmağım, yorğunluq;
düzdür, sözlərin muncuq sırası varağda 
çox rahat oxunur; eləcə;
amma sözlər uzaqdan yol gəlir,
ürəyi deşib keçirlər qələmə, ələcən.

Divarlar çat verib, nəm çəkib; rütubət “Yoxsul süfrə”ni
pikassosayağı ustaca həkk edib divara;
o isə hələ də dimdik, ütülü, şıq gəzir,
cibində dostların verdiyi qəhvəyi siqara.
Qəzetlər qəzadan yaman çox danışır, yazırlar-
elə bil ölənlər adam yox, böcəkdir.
Həyəti sanki qurd kimi ulayan küləkli bu evin sakini tənhadır;
deyirlər təklik-tənhalıq kütlədən daha çox gerçəkdir.

Nə ilham pərisi, nə sükut, bax elə tənhalıq əlində qələmim

vərəqin üstündə gəzişir, bəlkə də başını bulayır: yəni ki, nə bilim…

Adını düşünüb yad dildə astadan “october” deyirəm axırda

və ona “Koktobel” sözündən başqa bir qafiyə tapmıram Bakıda.

Gündüzlər qısalır, gecələr uzanır, tezliklə şaxtalar başlayar, oktyabr.

Siyafur vərəqlər arada qoluma yapışır hələ də:  nə həya tanıyır, nə abır.

Çox qəliz havadır: gah soyuq, gah isti, çoxalır sətəlcəm, öskürək, xırıltı:

elə bil kim isə dalğanı dəyişir “fm”də, qafamda, komamda: xışıltı...


Əvvəllər yazanda sevinər, o xoşbəxt olardı,
indi sözləri sanki tikantək çıxarır canından;
əvvəllər duranda cümlənin başında mübtəda,

deməli yel də ötməzdi yanından,
yəni, sonrası olardı mütləq xəbərə mübtəla.
İndisə içində böyüyən əcaib monstr
qul etmək istəyir onu da ismin yiyəlik halında,
dünya da təəsüf ki, nə məscid, nə də ki monastır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Çərşənbə, 01 Oktyabr 2025 07:43

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 29.Qara ststistika

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

 

29.

 

QARA STATİSTİKA

 

Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.

Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.

ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur. 

Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Bəs nə etməli?

 

Növbəti: 30.Nə etməli?

 

Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Çərşənbə, 01 Oktyabr 2025 13:09

Biri ikisində Vasif Əlihüseynin şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Vasif Əlihüseynin şeirlərı təqdim edilir.

 

ŞEİR VAXTI

 

Vasif ƏLİHÜSEYN

 

 

SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR

 

Sinəsinə min basdırılmış

Torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkaçmı çağır,

irəlidə getsin,

biz də arxasınca,

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızığından çıxdığı üçün

 

 

DÜŞDÜ GÖZMÜDƏN BU ŞƏHƏR

 

Burnunu kiçildib,

dodağını şişirdəndən sonra

düşdü gözümdən bu şəhər.

 

Gözəllik salonları artdıqca

daha çox çirkinləşdi,

bilmirəm, nə fikirləşdi.

 

Adını azadlıq qoyub

qadın özbaşınalığını təbliğ etdilər.

Qətllər, qisaslar artdı sinəsində

bu şəhər sinəsini şişirdən gündən.

 

Bu şəhərin xəstəlik tutan kişiləri

kürəyindəki ağrıları fahişələrə ovdurur

masaj salonlarında...

Bəs sənin ərin hanı,

özgə kişinin kürəyini ovan qadın?!

 

 

APTEKÇİ QIZ

 

Ağrılarımın sağalacağına dair

Bir məktub var əlimdə,

Oxu bu əndrəbadi yazıları,

Aptekçi qız.

 

Bax gör dərd mənə

Dünyanın neçənci mərtəbəsindən

Baxır üzüaşağı.

 

Sən dərmanları saydıqca

Ağrılarım keyiyir

Barmaqlarım cibimi deşir.

 

İçim bu kəmşirin dərmanları

Ağrıların sağlığına,..

Bir də oğluma pampers ver,

Aptekçi qız.

 

 

DARIXIRAM

 

Sənə xəyanət etdiyim gündən

milçəklər pəncərə toruna

dəyib qayıdan kimi

sənə gəlib-qayıdıram.

 

Hardadı sənlə çay içəndə

ayağımı dişləyən

ağcaqanadlar?

Sən gedəndən

fincanının dibində quruyub

kofenin sonu.

 

İndi fincanının dibində

fala baxıram

uzaqlardasan, uzaqlarda,

mən darıxıram...

 

 

DƏRD ELƏMƏ, ƏZİZİM

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə “heyif”lər,

ürəyinə “kaş” dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

   

 

KÖRPƏLƏRİN ŞƏKLİ

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu...

 

anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini...

 

yellədikcə zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

ŞƏHİD RAMAZAN

2022-ci il 19 sentyabrda antiterror əməliyyatında şəhid olan kəndlim Hüseynzadə Ramazan üçün

 

Uzanan o səsiylə

Vətən səni çağırdı.

Bu tabut nə böyükdü,

Bu tabut nə ağırdı.

 

İlahi, oğulların

Bir bax gör hardan gəlir.

Vətənin beşiyindən,

Edibdi dardan gəlir.

 

Gözlərində yuxusu

Nə şirindi şəhidin.

Üzündəki gülüşü

Necə var, elə qalıb.

 

Nə gözəl şəhid olub,

Könüllərdə bu dindi.

Şəhadəti lap uca,

Şərbəti şipşirindi.

 

Arzun, de, çin oldumu?

Vətənçün sədaqətə.

Axı özün demişdin:

“Vilayətdən şəhadətə”.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

                                              

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ikə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu günkü söhbətimiz ünlü Mahmud Kaşğari barədə olacaqdır.

 

XI əsrin ikinci yarısında yaşamış Mahmud Kaşğari türk dili və mədəniyyətinin inkişafında mühüm rol oynamış, türk xalqlarının dili, tarixi və coğrafiyası haqqında geniş məlumat toplamış görkəmli alimdir. Onun əsəri “Divanü lüğat it-Türk” yalnız türk dili lüğəti deyil, həm də orta əsr türk dünyasının mədəni, sosial və etnoqrafik portretini təqdim edən ensiklopedik bir mənbədir. Mahmud Kaşğari, Ərəb və İslam dünyasına türk dilini və mədəniyyətini tanıtmaq məqsədilə bu əsəri yaratmış, türk dilləri və dialektlərinin zənginliyini sistemləşdirərək dilçilik sahəsində fundamental iş ortaya qoymuşdur.

 Kaşğari türk dili ilə bağlı tədqiqatlarını yalnız leksik toplama ilə məhdudlaşdırmamış, eyni zamanda ədəbi nümunələr, atalar sözləri, maqallar və xalq mahnıları vasitəsilə dilin sosial və mədəni kontekstini göstərmişdir. Onun əsərində həm də türk xalqlarının etnik mənşəyi, coğrafi məskunlaşması və tarixi hadisələr haqqında məlumatlar yer almışdır ki, bu da əsəri yalnız lüğət deyil, həm də mədəniyyət tarixi və etnoqrafiya sənədi səviyyəsinə qaldırır.

 Mahmud Kaşğari eyni zamanda türk dilinin müxtəlif dialektlərini və onların fonetik, morfoloji və leksik xüsusiyyətlərini sistemləşdirərək, dilin vahid norma və strukturunu qorumağa çalışmışdır. Onun əsəri göstərir ki, XI əsrdə türk dili artıq zəngin bir ədəbi ənənəyə malik idi və müxtəlif türk tayfalarının danışıq formaları arasında ortaq köklər mövcud idi. Kaşğari bu ortaq kökləri ortaya çıxarmaqla türk dilinin birliyini vurğulamış, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin əsaslarını sənədləşdirmişdir.

 “Divanü lügat it-Türk” əsərində Mahmud Kaşğari həm də milli kimlik və dilin sosial funksiyası barədə mühüm konseptual fikirlər irəli sürmüşdür. O, türk dilini və türk söz varlığını qorumağın yalnız lingvistik məsələ olmadığını, eyni zamanda türk xalqının mədəni varlığının və tarixi yaddaşının qorunması ilə bağlı olduğunu vurğulamışdır. Kaşğari, Ərəb və Fars dünyasına müraciət edərək türk dilinin zənginliyini, ifadə imkanlarını və estetik xüsusiyyətlərini nümayiş etdirmiş, bu dillər arasında körpü rolunu oynamışdır.

 Mahmud Kaşğari həm də etnoqrafik müşahidəçi kimi diqqətəlayiqdir. O, türk tayfalarının yaşayış tərzi, geyim, adət-ənənə, toy və mərasimlər, həmçinin inanclar və sosial nizam barədə məlumatları diqqətlə toplamışdır. Bu cəhət onun əsərini yalnız dilçilik baxımından deyil, həm də türk xalqının tarixini, mədəniyyətini və sosial həyatını araşdırmaq üçün əvəzsiz qaynaq halına gətirir.

 Nəticə etibarilə, Mahmud Kaşğari yalnız dahi dilçi və lüğətçi kimi deyil, həm də mədəniyyət tarixçisi, etnoqraf və milli ideologiya formalaşdırıcısı kimi qiymətləndirilməlidir. Onun “Divanü Lügati’t-Türk” əsəri türk dili və mədəniyyətinin tarixində unikal və əvəzsiz bir yer tutur, orta əsr türk dünyasının sosial, mədəni və lingvistik mənzərəsini aydın şəkildə göstərir. Mahmud Kaşğari əsərləri ilə türk dünyasının etnik, dil və mədəni kimliyinin qorunmasında, həmçinin türk dilinin dünya mədəniyyətinə tanıdılmasında daim önəmli bir sima olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

 

“Varis yaradıcılığının möcüzəsi: ümid, xilas və tarixə güzgü” adlı müsahibə London Post (İngiltərə) və Thej.ca (Kanada) saytlarında yayınlanmışdır. Müsahibənin Azərbaycan dilində tərcüməsini “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

 

Ədəbiyyat milli və mədəni irsin əvəzolunmaz cövhəridir. Bu dəyəri ölçülməz olan xəzinənin əsl baniləri isə yazıçılar, rəssamlar, şairlər, publisistlər və sənət adamlarıdır.

Bu gün sizə söhbət açdığım böyük ədib və şəxsiyyət kimi tanınan, nəyinki Azərbaycan ədəbiyyatı, hətta respublikamızın hüdudlarından kənarda öz romanları ilə oxucuların böyük rəğbətini qazanan Varisdir.

 

Onun yaradıcılığı dərin psixoloji təsvirlər, sosial problemlərə həssas yanaşma və insan talelərinə işıq salması ilə seçilir. Xüsusilə “Sonuncu ölən ümidlərdir” romanı yazıçının ən çox oxunan əsərlərindən biri kimi gənc oxucular arasında geniş rezonans doğurub və bir çoxlarını həyata bağlayan güclü motivasiya mənbəyinə çevrilib.

Varis həm də müxtəlif ədəbi və ictimai mükafatların laureatıdır. Onun romanları və hekayələri bir sıra dillərə tərcümə olunaraq beynəlxalq ədəbi aləmdə də maraqla qarşılanıb. Yazıçı yaradıcılığı ilə yalnız bədii ədəbiyyata deyil, həm də ictimai şüurun formalaşmasına töhfə verir.

Bu müsahibədə biz yazıçının yaradıcılıq dünyasına, ədəbiyyatın insan həyatındakı roluna və onun oxucularla qurduğu mənəvi körpülərə nəzər salacağıq.

 

Varis Musa oğlu – bir çox roman və bədii hekayələrinizlə geniş audoriya tərəfindən tanınır və eyni zamanda sivilirsiniz. Bəs necə oldu bu sənəti seçdiniz?

 

Mənim həyat hekayəm doğulduğum Sumqayıt şəhərindən başlayır, baxmayaraq ki, əslim Qazax rayonunun Yuxarı Salahlı kəndindənir. Mənim atam orada doğulub. Çox balaca bir kənddir Azərbaycanda – hətta düşünərsiniz ki, ölkədə ilk dünyəvi məktəb ya Bakıda, ya Gəncədə, ya da Şamaxıda olub – xeyr, məhz bizim Yuxarı Salahlı kəndində olub. Bu kənd təsadüfi deyil ki, klassik şairimiz Molla Pənah Vaqifin, eləcə də Səməd Vurğunun da vətənidir. Bilirsiniz, deyim var, “İnsan dünyaya gələndə ağ vərəq kimi olur” - mən bu deyimə inanmıram. İstedad, alicənablıq, xeyirxahlıq və sairə kimi nemətlər insanda gendən gələn bir məfhumdur, hansı ki, insan dünyaya gələndə əlli faizi artıq onun fitrətində olur, qalan əlli faizi isə insanın özünü inkişafı ilə yaranır.

Mən gözümü açanda bu istedadı, alicənablığı valideyinlərimdə gördüm. Bir haşiyə çıxmaq istərdim: Bir gün məclislərdən birində araşdırmaçılar 1941-45-ci il İkinci Dünya Müharibəsindən danışarkən ana babam haqda mənə maraqlı bir hekayəni xatırlatdılar. Yeri gəlmişkən, mənim anam da elə kəndimizdəndir. Deyilənə görə ulu babam Qazaxda sovxoz direktoru olub. Onun iki mərtəbəli böyük bir evi olub və həmin mülkünü müharibədə valideynlərini itirən uşaqları himayə məqsədi ilə uşaq evi edib. Həmin keşməkeşli dövrdə ulu babam başqa evə köçür və orada kirayə qalır amma elə bir çətin şəraitdə öz evinin uşaq evi olmasını istəyir. Təsəvvür edin nəslimdə belə bir xeyirxah, humanist insanın olması mənə nə qədər qürur verir... Məncə belə bir ailədə böyüməyim və bu cür geni daşımağım mənim ədəbiyyata olan sevgimin bir hissəsini təşkil edir. Mənim atam da filologiya üzrə alim idi və həm də pedaqoq idi. Texnikumda dərs deyirdi - baş müəllim idi. Təsəvvür edin evimizdə 3000 kitab var idi və mən o kitabların içində böyümüşəm. Ən başlanğıcda o kitablar mənim üçün oyuncaq olub, daha sonradan mənim qələmimin ilham qaynağına çevrilib. Burada mənim atamın da mənə stimul verməsinin çox böyük rolu olub. Uşaq olanda kitablarla maşın sürüb evcik quranda atam mənə bunu qadağan etməzdi. Bəlkə başqa valideynlər buna etiraz edərdi, amma ata deyirdi ki, uşağın sənət seçimi bu formada formalaşır. O mənim kitabla özüm istədiyim kimi təmas qurmağıma şərait yaradırdı. Beləcə kitabla ünsiyyətim sayəsində hələ uşaq bağçasına getməyə başlayarkən hərifləri erkən öyrənməyimə səbəb oldu. Və nəhayət beş yaşım olanda ilk şeirimi yazdım, adı da “Yetim uşaq” idi.

Düzdür, ona şeir demək olmaz amma bu yaşda sərbəst vəzndə və belə bir düşüncədə şeir yazmaq sıradan bir hal deyildi.

 

Gələcəyə yaşıl işıq yandıran hekayələr

 

Anam zavodda baş mühəndis idi. O vaxtlar onun dəftərxana kağızları olurdu evdə. Həmin kağızlardan özümə bir kitab düzəltmişdim, üzərində də titul kimi “Varisin kitabı” yazmışdım. İçərisindəki ön səhifədə isə “Romanlar”, “Hekayələr”, “Esselər” və “Novellalar” deyə qeyd etmişdim. Düzü indi özüm də bilmirəm bu ideyalar mənə haradan gəlmişdi...

Beləcə tələbəlik dövrümə qədəm qoyanadək artıq öz gizlin hekayələrimi yazmağa başladım. Mənim ailədə sirdaşım anam olub. Yalnız yazdıqlarımı onunla bölüşərdim. Bir gün anam məndən gizlin həmin hekayələrimi götürüb şair, publisist, həm də dayım Davud Nəsibə verib demişdi ki, bu şeirləri tanınmış şairimiz İsmayıl Şıxlıya göstərsin. Düzü elə bilirdim ki, mənim yazdığım hekayələrim o cür tanınmış insanın necə diqqətini çəkə bilər. Amma bir gün Bakı Dövlət Universitetində dərs vaxtı dayım gəlib məni dərsin yarısından çağırır və mən eşiyə çıxanda qulağıma pıçıldayıb deyir ki, “İsmayıl Şıxlı bizi gözləyir”. Məhz o vaxtı tanınmış bir insanın məni yanına çağırması mənə stimul verdi və öz yaradıcılıq qabiliyyətimə bir növ inam yaratdı. O zaman Hökumət Evi binasının yanında onun evi var idi. Ora gedəndə mənim hekayələrimdən ibarət kitabıma ön söz yazdı – “Ədəbiyyatımıza Varis gəlir”. Təsəvvür edin o dövrdə, heç bir qohum, tanışın sözünə məhəl qoymayan bir insan mənim hekayələrimdən necədə təsirlənmişdi...

Beləcə tələbə ikən Ulduz jurnalında hekayələrim çıxmağa başladı. Yavaş-yavaş tələbələr arasında məni barmaqla göstərirdilər – “Yazıçı oğlan”. O vaxt nə sosial şəbəkə var idi, nə də internet. Universitetin jurnal və qəzetlərində dərc olunan yazılarımızla məşhur olurduq...

 

Varis bəy, söhbətimiz çox maraqlı məqama gəldi. Hekyələr yazdığınızı qeyd etdiniz, eləcə də çağdaş ədəbiyyatımızda bir çox romanlarınız da var və həmin romanlarınızda məhz pozitiv notlara köklənirsiniz. Bəs sizin yazılarınızın əsas ilham qaynağı kimdir?    

    

Bilirsiz, şeir anidən yazılır, məsələn şair bir təbiət mənzərəsini görür, ya da hadisəyə şahid olur və bu onda spontan bir duyğu yaradır, ilham mənbəyinə çevrilir. Lakin nəsrdə ilham mənbəyi daha dərin olur. Mən uşaq olanda atam məni daha çox uşaq ədəbiyyatına yönəldirdi. Amma nədənsə məni yaşımdan daha böyük kitablar cəlb edirdi. Məsələn. Mənim çox oxuduğum kitablardan “Kitabi Dədə Qorqud”, “Tom Soyerin macəraları”, “Damda yaşayan Karlson”, Süleyman Sani Axundovun “qorxulu nağılları”, “Qaraca qız” və sairələri maraqlandırırdı. Atam  da eyni zamanda yaşım artdıqca məni daha dərin mənalı kitablar oxumağa yönəldirdi. Və beləcə həmin kitablar mənim ilham qaynağıma çevrildi. Daha sonra ədəbiyyatda püxtələşdikcə tanınmış türkiyəli roman yazarı Orhan Pamuk və Yaponiyalı yazar Haruki Murakami mənim ilham qaynaqlarım oldu. Uşaq olanda isə məni ədəbiyyata həvəsləndirən ilham mənbəyim Viktor Hüqo olub. Ümumiyyətlə isə Orhan Pamuka olan rəğbətim onunla olan bir çox oxşar cəhətlərimizdən irəli gəlir. Aramızda təxminən 14 yaş fərq var, doğum tarixlərimiz eynidir, ədəbiyyata başlamağımız da həmçinin... Mən də uşaq ikən oxuduğum əsərlərdən ilhamlanaraq rəsmlər çəkərdim və onların əksəriyyəti hələ məktəbdə ikən “Göyərçin” jurnalında çıxırdı. Müəllimimiz əlimdən tutub məni yuxarı siniflərdəki uşaqlara təqdim edərdi və məni məndən yaşda böyük şagirdlərin yanında “Məşhur Varis” adlandırırdı. Böyüdükcə öyrəndim ki, Orhan Pamukun da sənətə gəlişi eyni yoldan keçib. Məhz aramızdakı oxşarlıq onu mənə maqnit kimi cəlb edib.

 

İntihar etmək istəyən bir gənc xanımın həyatını qurtaran roman – “Sonuncu ölən ümidlərdir”. Romanınızın güclü pozitiv enerjisi ümidlərini itirmiş bir gənc xanımın həyata bağlanmasına vəsilə olub. Bu sadəcə bir hadisədir, yoxsa burada bir ilahi sirr var?

 

Az öncə ədəbiyyatda ilhamlanmaq və stimul əldə etməkdən bəhs edirdik. Mən deyərdim ki, insanda əsas stimul onun hədəfi vura bilməsi ilə bağlıdır. Uşaq olanda həmişə fikirləşirdim ki, görəsən Nizami Gəncəvi, Füzuli və digər dahi şairlər necə olub tanınıblar. Mən də onlardan biri olmağı xəyal edərdim, hətta arzu edirdim ki, bir gün böyüyəndə mentor olum, öyüd, nəsihət verim, daha sadə dildə desək, məşhur olmağı sevirdim. Təbii ki, hər bir insan bir xəzinədir. Kiməsə daim nəyisə öyrətmək mütləq deyil. Amma ümumən yazar olaraq dünyada rezonans doğurmaq hər bir yaradıcı şəxsin arzusudur. Götürək əfqan yazıçısı Xalid Hüseyni. Təsəvvür edin yazıçı “Bir çərpələng uçuran” romanı ilə dünyada insanların Əfqan müharibəsinə qarşı fikirlərini dəyişdi. Onun romanından sonra insanlarda əfqanlara qarşı mənfi düşüncələr dəyişməyə başladı. Mən bunu həm də ədəbiyyatın gücü adlandırardım. Doğrudan da ədəbiyyat çox güclü bir silahdır.

 

Həyat qurtaran roman

 

O ki qaldı mənim 2008-ci ildə işıq üzü görən “Sonuncu ölən ümidlərdir” romanıma, artıq kitabımın 9-cu nəşri işıq üzü görmək ərəfəsindədir. Hər il təxminən 2000, 3000 min tirajda nəşr olunub satılır həmin romanım. Həmin kitabın hətta yayım hüququnu da heç kimə verməmişəm, baxmayaraq ki, əvvəlki nəşrlərin yayım hüququnu vermişdim.

Təxminən 2014-cü ildə bu romanım nəşriyyat sifarişi ilə Özbəkistanda 10 000 nüsxədə dərc edildi. Roman həm kitab halında idi, həm də 140 min tirajda çıxan jurnalda silsilə formasında dərc edildi... Amma intihar etmək istəyən gənc qız barədə real hekayə isə belə başlayır – Səmərqənddə ögey atasının əlindən cana doyan 16 yaşlı gənc bir qız evin damına çıxıb özünü oradan asmaq istəyir. Bu anda çardaqda yerdə “Daraqçı” qəzetinin ön səhifəsində “Umudlar intihara buladı” yəni “Sonuncu ölən ümidlərdir” özbək dilində siqaret aludəçiliyindən əziyyət çəkən bir gənc oğlanın təsvirinin üzərində yazılı formada onun gözünə sataşır. Bir anda o ipi boynundan açıb aşağı düşür və qəzetdəki yazını maraqla oxumağa başlayır. Bu hekayəni qızın özü sonradan yazmışdı. Onun dediyinə görə qəzetdə romanımın əvvəli nəşr olunmuşdu. Qəzetdə romanın davamının gələn həftə nəşrində çıxacağı qeyd olunurdu. Həmin qız intihar fikrindən vaz keçib romanın növbəti nəşrini gözləməyi qərar verir. Və beləcə həftə həftənin ardınca düzülərək hər dəfə gənc qızda yeni ümidlər oyandırır. Təsadüfi deyil ki, romanda da varlı qıza görə sevgilisi tərəfindən atılmış və intihar etmək istəyən bir xanımdan bəhs edir. Romanda xanım daha sonra intihar etməkdən daşınır və özünə sual verir ki, nəyə və kimə görə ölməlidir. Bu kimisə bəyəm maraqlandırır? Və ya bununla kimdən qisas alacaq ki, o? Eynən həmin gənc özbək qız da bu fikirdən təsirlənərək həyatını daha fərqli yaşamağı qərara gəlir. Bir müddət sonra onun sosial şəbəkədəki hesabından öyrəndik ki, gənc qız ali məktəbə daxil olub və hətta özü üçün kiçik biznes qurub. Onun ögey atasından qisası intiharla deyil, məhz daha da inkişaf edərək xoşbəxtliyini tapmaqla oldu.

Belə bir təəssüratdan sonra əlbəttə, daha sonra 2023-cü ildə Özbəkistanda mənim ikinci “Sənə inanıram” romanım çox satılan kitablardan oldu.

 

Varis təkdir, amma onun minlərlə oxucusu var. Əlbəttə onu görüb, canlı ünsiyyət qurmaq istəyənlər az deyil. Təsadüfi deyil ki, elə bu gün də Azərbaycanın cənub bölgəsinə bir xanım jurnalist, publisist yazarın yubileyi və kitabının təqdimat mərasimində iştirak etmək üçün gedirsiniz. Orada da Varis sevənlərlə görüşmək imkanınız olacaq. Bəs adi günlərdə vaxt tapıb arada oxucularınızla görüşmək, onları da dinləmək imkanınız olurmu?

 

“Sonuncu ölən ümidlərdir” romanımı yazandan sonra mənimlə oxucularım arasında ən böyük görüş 2009-cu ildə Lənkəranda oldu. Təsəvvür edin Lənkəran Dram Teatrında Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından gələn oxucularım əllərində mənim kitabımla hamısı dram teatrın salonunda izdiham yaratmışdı. Hər kəs ünsiyyət qurmaq bəhanəsi ilə mənə yerindən suallar verirdi. Birdən Lerikdən gələn bir yaşlı oxucum mənə talış ləhcəsi ilə “Moni balam, sən bir bura baax. Bu nədi, sən sevgidən zaddan yazırsan? Sən yaxşı oğulsansa niyə Qarabağdan yazmırsan?”, deyə kitabımı sinəsinə sıxmış halda mənə sual verdi. Dedim, ağsaqqal, bir sualım var – Qarabağ haqda hansı romanı sonuncu dəfə oxumusan? Həmin vaxtda da yazıçı Aqil Abbasın “Dolu” romanı çıxmışdı. Oxunacaq tək roman vardısa o idi. Amma sual verən yaşlı kişi heç nə demədən yerində duruxub qaldı. Mən də dedim ki, sən mənim romanımı oxuyub o qədər məsafə qət edib Lerikdən bura məni görməyə gəlmisən...

 

Qəhrəman yetişdirən roman

 

Əlbəttə mən ona Qarabağ haqda da roman yazacağımı söz verdim və elə həmin il “Bir ovuc torpaq” romanımı yazdım. Həm də deyim ki, həmin romanım 2011-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatına layiq görüldü və ardından səhnələşdirildi. Maraqlısı bilirsiz nədir? Mən bir gün Milli qəhrəmanımız Mübariz İbrahimovun ailəsini ziyarət edəndə qəhrəmanımızın masasının üzərində həmin roman kitabımı gördüm. Romanımdakı qəhrəmanın adı Zaur idi. Mübarizin atası mənə oğlunun bir gün Zaur kimi qəhrəman olacağını vaxtilə tez-tez qeyd etdiyini dedi. Təsəvvür edin bir roman insan həyatı xilas edir, bir roman isə qəhrəman yetişdirir... 

Bilirsiz, yazıçı oxucunun nə istədiyini verməyi bacarmalıdır və bunun üçün də ən birinci yazıçı oxucusunu tanımalıdır, sosial mesajı anlamağı bacarmalıdır, daha sonra üzə çıxmalıdır.   

 

Bəs Azərbaycanın Varisi dünya oxucularına necə görünmək istəyir? Heç bir gün dünya şöhrətli yazıçı olmaq istəyini reallaşdırmağı düşündünüzmü?

 

Çox həssas bir məqama gəldik, Elnur bəy. Azərbaycanda tanınandan sonra bir dəfə mənə belə bir iştaha gəldi – mən də dünyada məşhur olmaq istəyirəm, dünyanın qitələrində Varis adını tanıdacam. Bunun ardınca 500 ingilisdilli, 500 rusdilli və 500 türkdilli nəşriyyatların elektron ünvanlarına məktub yazaraq qeyd etdim ki, mən ən böyük tirajla romanlar çap edən yazıçıyam və bütün kitablarım bestseller sırasındadır. Mənim kitablarımı siz də dərc edin.

Təsəvvür edin o 1500 ünvanın birindən belə mənə cavab gəlmədi... O zaman anladım ki, dünyaya çıxmaq demə başqa bir bacarıq tələb edir. Düzdür, bir az bundan məyus oldum, ruh düşkünlüyü məndə yarandı, hətta az qaldı ümidimi itirəm. Amma həyatın möcüzələri yenə məni tapdı. Bir gün Türkiyədə “Mertler” adlanan zəngin bir ailənin nümayəndəsi mənimlə əlaqə saxlayır. Demə orada da mənim “Sonuncu ölən ümidlərdir” romanımın oxucusu var imiş. Amma bu oxucumun hekayəsi bir az mürəkkəbdir. Uzun söhbətdən sonra hər şeyi mənə başa saldı. Hətta evinə də məni dəvət etdi. Demək Azərbaycandan olan bir həmyerlimiz “Mertler” ailəsində dayə kimi çalışırmış. Bir gün evdə körpə ağlayır və dayə onu ovutmaq əvəzinə biganə olur. Ev sahibi bundan əsəbiləşib otağa girir və bu an dayənin əlində kitab və bütün diqqətinin həmin kitabda olduğunu görüb bərk qəzəblənir. Həmin an kitabı əlindən alıb yerə atır və dayəni danlayır və onu işdən azad etdiyini deyir. Amma maraqlısı budur ki, dayə işini itirəcəyindən narahatlıq hissi keçirmədən ev sahibi ilə razılaşır. Əşyalarını toplayıb evdən çıxarkən ev sahibi ona – dur, o əlindəki oxuduğun kitab nədir? Sən həqiqətən də işini itirəcəyindən narahat deyilsən? 

Bu zaman dayə “Sonuncu ölən ümidlərdir” romanını ev sahibinə göstərir və o kitaba görə işimdən azad olmağa razıyam deyir. Onun bu cavabı ev sahibini bərk təəccübləndirir və hətta dayəni qovmur, əksinə kitabı ondan alıb 3000 avro ödəyərək həmin romanı türk dilinə tərcümə etdirir... Daha sonra isə Mertler ailəsindən olan həmin zəngin xanım aktyor Hamdi Alkan və İQ nəşriyyatının rəhbəri Adem Sarıgül kimi Türkiyədə tanınmış şəxslərlə görüşüb kitabımı onlara təqdim edir. 

Bütün bu olanlardan xəbərsiz olduğum halda bir gün İQ Yayınları nəşriyyatından mənə zəng gəlir. Fikirləşdim ki, yəqin o 500 mesajımdan biridir, nəhayət cavab verən tapılıb... Amma söhbət edərkən anladım ki, romanım yeni hekayə meydana gətirib və tərcümə edilərək yeni oxucularını əfsunlayıb. Beləcə İstanbula dəvət olundum və nəşriyyatla müqavilə imzalayıb kitablarımı Türkiyədə yaymaqla bağlı təklif aldım.    

Ümumiyyətlə deyim ki, günümüzdə qərb oxucularına tanınmaq tamamilə başqa bacarıq tələb edir. Sən ən gözəl roman müəllifi ola bilərsən amma bunu oxucuya düzgün çatdıra bilməsən yazdıqların nə varsa tamamən sandıq ədəbiyyatına çevrilə bilər. Daha sonra mən müxtəlif saytlarda qərb oxucuları arasında tanınmağın yollarını araşdırdım. Təsəvvür edin ən gözəl bir romanı oxucuya çatdırmaq üçün həmin saytda cəmi 50, 60 sözdən ibarət bir cümlə ilə kitabını tanıtmaq imkanı verilir. Həmin cümlə elə bir təsir bağışlamalıdır ki, sənin kitabın oxucunun nəzərini cəlb etsin – bu da ayrı bir istedaddır mən deyərdim...

 

Çağdaş Azərbaycan ədəbiyyatında nə kimi çatışmazlıq görürsünüz? Xüsusən də bu gün ədəbiyyatımızın dünyaya tanınması istiqamətində daha çox ehtiyac duyduğumuz, lakin əldə edə bilmədiyimiz nədir?

 

Bu gün çağdaş ədəbiyyatımızda bir çox problemlər var amma onların hamısını açıb danışsam vaxt çatmayacaq. Sadəcə müasir yazıçılarımızın son zamanlar yazılarında daha çox ailə, məişət və bir çox xırda məsələlərin hədəfdə dayandığını və buna görə də yazılan əsərlərimizin əksəriyyətinin dar bir çərçivəyə salındığını müşahidə edirəm. Düşünürəm müasir yazıçılarımız məişət mövzularından ayrılaraq bir qədər dünyaya köklənsinlər. Axı həmin oxucuların da istədikərini qarşılamaq lazımdır. Necə ki, biz onların əsərlərindən bəhrələnirik, niyə də onlar bizim yazdıqlarımızdan xəbərsiz olsun..?  

Digər ehtiyac duyduğumuz lakin tam nail ola bilmədiyimiz vacib məsələ əsərlərin əcnəbi dillərə yüksək səviyyədə tərcümə olunub yayımlanmasıdır. Təəssüflə qeyd etməliyəm ki, bəzi əsərlər müasir tərcümə alətləri vasitəsilə başqa dillərə çevrilsə də bu o qədər də təsirli və keyfiyyətli olmur. Əksər hallarda tərcümələrdəki aşınmalar əsərin ruhunu hiss etdirmir. Hesab edirəm bu çatışmazlıq çağdaş ədəbiyyatımızın dünyaya yayılmasına mane olan ən vacib problemlərdən biridir.

 

Varis bəy, müsahibədən öncə söhbət əsnasında dövlət sifarişi ilə yeni tarixi bir roman üzərində işlədiyinizi vurğuladınız. Sirr deyilsə bizə həmin romanınızdan bir az bəhs edərdiniz.

 

Bəli, hal hazırda mən dövlət sifarişi ilə Qərbi Azərbaycan haqqında roman yazıram. Bu sifariş mənə gəlməzdən öncə bir neçə mövzu barədə düşündüm və onlardan biri Qarabağ münaqişəsinin ilk başlanğıcında İrəvandan ən sonuncu azərbaycanlıların qovulması ilə bağlı idi. Bu özlüyündə ən gözəl mövzu idi və adını da “Ən sonuncu azərbaycanlı” qoymağı düşünürdüm. Digər nəzərimdə olan mövzu 1950-ci illərdə Sovet hakimiyyəti tərkibində deportasiyaların başladılması ilə bağlı idi. Üçüncü ən sevdiyim mövzu 1918-ci ildə Zəngəzur və Göyçədə daşnakların törətdiyi qətliamlar, azərbaycanlılara divan tutması haqda idi. Lakin mən bütün bu mövzuların fonunda hər şeyi kənara qoyub daha gözəl və daha maraqlı mövzunu seçdim – 1827-ci ildə İrəvanın 167 günlük mühasirəsi. Bu mövzu insanlar üçün tarixin ağ ləkəsidir və təəssüf ki, çoxlarının bundan xəbəri yoxdur. Buna görə də mən düşündüm ki, mənim mövzum məhz elə budur...

Bu romanın yazılmasında 600 minə yaxın arxivdən istifadə etmişəm. Romanımda Azərbaycandan tutmuş, fars, gürcü, erməni, hətta rus və ingilis arxivlərinə qədər bir çox zəngin mənbələrə istinadlar etmişəm. Həqiqətən də yazdıqca çox maraqlı bir roman alındığını görürəm. Çünki bu roman XIX əsrdəki hadisələrə güzgü tutur və çox cüzi bədii təxəyyülə əsaslanaraq daha çox tarixi faktlar əsasında hadisələri oxuculara çatdırır. Bu cür romanlar mən hesab edirəm ədəbiyyatımızın xəzinəsidir. Qəzet, jurnal və dərgilər bir gün məhv olur, amma ədəbiyyat və yazılan kitablar tariximizin xəzinəsi kimi arxivlərdə daim qorunur.   

 

Musahibəni götürən Elnur Ənvəroğlu, ilk dəfə yayınlayan media qurumu isə Azernews-dur.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Salam əziz izləyicilər. Ənənəmizə sadiq qalaraq yeni tədris ilində də " Bir direktor və bir şagird" rubrikamızın yayımını davam etdiririk.

Bu illər ərzində bir çox məktəblərimizin istedadlı şagirdləri rubrikamızın qonağı olmuşdur.

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktorbir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 96 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 DİREKTOR:

 Hacıyeva Mehriban Vaqif qızı

1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa şəhərində anadan olub.

1988–1998-ci illərdə orta məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetinin Sinxron Tərcümə fakültəsini bitirib. Daha sonra Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili alıb. 2017-ci ildə Xəzər Universitetində “Potensial məktəb direktorları” adlı ixtisasartırma proqramını keçib.

2008-ci ildən pedaqoji fəaliyyətə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci ildən müxtəlif məktəblərdə təşkilatçı müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən 96 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibidir. Eyni zamanda ETR resursları üzrə təlimçidir.

 

ŞAGİRD:

Mən, Ayan Elsevər qızı İsmayılova 18.09.2008-ci il tarixində Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyam. 2015-ci ildə İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 5-ci sinifdən etibarən isə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında təhsilimi davam etdirmişəm. Daha sonra, 15.09.2022-ci ildən etibarən yenidən 96 nömrəli tam orta məktəbdə oxumağa başlamışam. Hal-hazırda həmin məktəbin 11 “R” sinif şagirdiyəm.

Məktəbin ictimai tədbirlərində fəal iştirak edirəm. 2 il ardıcıl olaraq məktəb rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış və 60 pilot məktəbdən biri kimi tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çərçivə sənədinə əsasən 3 qiymətləndirmə meyarından 3-cü, yəni akademik və sosial fəaliyyət meyarına görə "Yaşıl – rəğbətləndirmə kartı" ilə təltif olunmuşam.

Eyni zamanda məktəbimizin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 2023 – “Heydər Əliyev ili”- nə ithafən hazırladığı “Vətəni sevməyi sən-dən öyrəndik!” kitabında “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir” başlığı altında olan hissəni mən yazmışam.

Bundan başqa, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı tərəfindən keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik – Güclü Dövlətimizin Təməli” adlı inşa müsabiqəsində III yerə layiq görülmüşəm.

 

ESSE:

“Ailə - həyatın özüdür"    

Ailə… Çoxumuz bu sözü eşidəndə ağlımıza doğma, özümüzü güvəndə hiss etdiyimiz insanlar gəlir. Kimi üçün ailə ana-ata, kimi üçün yoldaş və övladlar, başqa birinə görə isə dostlardır. Amma bir oxşarlıq var: hər kəs “ailə” kəlməsini eşidəndə orada bir istilik, bir doğmalıq duyur. Mən isə uzun müddət bu hissi tam dərk etmirdim. İnsanlar “Ailəmsiz yaşaya bilmərəm” kimi cümlələr quranda, mənə bu sözlər bir az qəribə gəlirdi. Son illərdə isə sanki yavaş-yavaş o duyğunu tapmağa başlamışam. Elə bil o hiss daim var idi, sadəcə mən onu görə bilmirdim.

Mənim üçün ailə sadəcə bir damın altında yaşamaq, eyni süfrəyə oturmaq deyil. Ailə bəzən heç nə demədən anlaşılmaqdır. Bir baxışdan nə hiss etdiyini bilməkdir. Sən sevinəndə çox adam yanında ola bilər, amma dar günündə səni anlayan yalnız ailəndir. Ona görə də mənim fikrimcə, ailə heç vaxt dostla müqayisə oluna bilməz. Dost uzaqlaşa bilər, amma ailə həmişə səninlədir. Nə baş verirsə-versin, nə yaşanırsa-yaşansın, yanımızda olacaq yeganə insanlar ailəmizdir.

Bəzən deyirlər ki, ailə insanın qanadlarıdır. Mən də belə düşünürəm. Ailəsi olan insan daha güclü olur, çünki arxasında onu dəstəkləyən doğmaları var. Ən çətin günlərdə insanı ayaqda saxlayan da məhz bu bağlılıqdır. Həyat dəyişir, illər keçir, insanlar böyüyür, fərqli şəhərlərə gedir, amma ailənin qoyduğu iz heç vaxt silinmir.

İndi başa düşürəm ki, mənim üçün ailə həm də güvəndir. Çünki hər kəsin yanında özünü olduğu kimi göstərə bilmirsən. Amma ailənin içində maskasız, süni davranışsız, ən saf halınla var ola bilirsən. Mənim üçün ailə budur – insanı olduğu kimi qəbul edən insanlar.

Həyatımızda bəzən çox böyük arzularımız olur. Uzaq universitetlər, işlər, uğurlar… Amma fikirləşəndə görürəm ki, onların əsl mənası ancaq ailəmlə bölüşəndə ortaya çıxır. Çünki insan təkbaşına uğur qazansa da, onu paylaşacaq doğmaları yoxdursa, həmin uğurun dadı qalmır.

Ailə mənim üçün həyatın özüdür. İnsan ailəsini itirdikdə boşluğa düşür, yanında olduqda isə ən çətin yolları da asanlıqla keçir. Mən indi bilirəm ki, həyatda nə qədər dəyişiklik olsa da, ailə insanın ilk və son ünvanıdır. Çünki ailə yalnız qan bağından ibarət deyil, həm də ürək bağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Çərşənbə, 01 Oktyabr 2025 14:04

Ağa Musa Nağıyev - Samançının milyonçu oğlu

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Bakının tikilib qurulmasında, klassika ilə müasirliyin körpüsünə çevrilməsində, qumsal çöllərin, qırgəzlərin yaşıllaşdırılmasında milyonçu neftxudaların mühüm rolu olub. Daha doğrusu Bayır şəhərin salınmasında onların əvəzi olmayıb. Xeyirxahlığı, yaxşılığı ilə ad çıxaran, tikdirdiyi məşhur binalar, karvansaralar, məscidlər, saraylarla, saldıqları limanlarla şöhrət qazanan mesenatların adları ilə bağlı əfsanələr, nağıllar, gerçəklər də o dövrün salnaməsidir.

 

Çar II Nikolayın “Neftin kralı” adlandırdığı Ağa Musa Nağıyevlə bağlı çox əhvalatlar var. Şəhərin yüzdən çox məşhur tikililərinə, tarixi binalarına imza atan, hər quruşun qədrini bilən, Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə nakam oğlu İsmayıla “İsmailiyyə” adında abidə ucaldan, 1918-ci ilin mart soyqırımı zamanı erməni daşnakları tərəfindən yandırılıb bir hissəsi dağıdılan möhtəşəm tikiliyə baxıb “İsmayıl gözümün qabağında ikinci dəfə öldü! Birinci dəfə qan qusub, ikinci dəfə külə dönüb!” nidası ilə Tağıyev və Ağa Əlizadəni kədərləndirən Ağa Musa Nağıyevin məzarının yeri iki dəfə dəyişdirildi. Bibiheybət və Çəmbərəkənd qəbiristanlıqları köçürələndə onun da, ruhunu Həsən bəy Zərdabi kimi dərbədər etdilər.

 

On bir neftxudadan biri

 

O, 1842-ci ildə Biləcəridə doğuldu, kasıb bir ailədə. Samançı atasına ailənin dar günündə 11 yaşından yardımda bulunan Ağa Musa Nağıyev Biləcəridən Bakıya çörək dalıyca ayaqyalın gəldiyindən idi ki, alın təri, əlin qabarı ilə qazanılan paranın dəyərini bilirdi. 18 yaşında qazandığı qəpik-quruşu üst-üstə yığıb şərikləri ilə neft qoxuyan torpaq sahələri alan Ağa Musa Nağıyevdən qazılan quyular neft vermədiyindən şərikləri ayrılır. Nağıyev onların çəkdikləri xərci ödəyib, bəxtinə doğan günəşi gözləyir. Günəş doğrudan doğur. Nağıyevin buruqları “fontan” vrurur. Samançının oğlu dönüb milyonçu, bu azmış kimi Bakının məşhur 11 neftxudasından biri olur. Ağa Musa Nağıyev 11 yaşından halal çörək qazanmaq üçün alın təri töküb zəhmət çəkdi, 11 milyonçudan biri oldu. Qəribəsi, daha maraqlısı isə odur ki, o ömrünün sonuna qədər iş otağındakı qırmızı divanın küncündə dirsəklənib, söykənib dinclik tapdığı mütəkkənin içinə qaz tükü, qu tükü deyil, saman yığmağı əmr edərmiş. Bunu onun xəsisliyinə bağlayanlar bir həqiqəti unudurlar: Milyonçu Ağa Musa Nağıyev Samançının samançı oğlu idi. Zəmilərdə çox kisələr doldurub çörək qazanmışdı.

 

Bakının imzasına çevrilən 100-dən çox bina onun zəhmətinin, səbrinin yadigarıdır

 

“İsmailiyyə” binası yandırılanda “İsmayıl gözümün qabağında ikinci dəfə öldü!” nidası ilə övlad acısının ahını ərşə bülənd edən Ağa Musa Nağıyev saman dolu mütəkkəsi ilə yaddaşa sədaqətin simgəsi, bəlgəsidir. Tağıyev şahlara, padşahlara layiq malikanəsindəki iş otağındakı xalçasının üstündən “Suvaq malasını” asmaqla keçmişini danmadığı kimi, Nağıyev də “Saman dolu mütəkkəsi” ilə canlı tarix, eyni zamanda sadəliyin əzəməti adlı nümunə idi.

Samançı Nağının oğlu Musa Ağa Musa Nağıyev olana qədər samançı, bazarda yükdaşıyan olaraq ağır zəhmətə alışmışdı. O, nə məşhur milyonçu Murtuza Muxtarov kimi neft cihazlarını araşdıran mühəndis, nə də İsa bəy Hacinski kimi ali təhsil alıb Bakı bulvarının layihəsini işləyən memar deyildi. Borca-xərcə girib torpaq sahəsi alaraq Tanrıya, taleyə, bəxtə ümid edib ağ günə çıxıb sərvət əldə etmişdi. Bu gün Bakının imzasına, möhürbəndinə çevrilən 100-dən çox dövlət qurumlarına məxsus inzibati bina tarixi tikili və yaşayış evləri Ağa Musanın yuxusuz gecələrinin, zəhmətinin, dualarının və səbrinin aynasıdır.

 

Təmbəkini yanan şamla yandırmayan adamdan ekonom olar?

 

Qoslavski, Ploşko kimi zövqlü memarların layihəsi əsasında tikilən məşhur binaların israfı sevməyən, “Xəsis” adlandırılan sahibi ilə bağlı, onun mahiyyətini, batini əzəmətini, halallığını, dürüstlüyünü özündə ehtiva edən maraqlı bir əhvalat 100 ildən çoxdur ki, yaddaşdan yaddaşa ötürülməkdədir. Deyirlər, bir gün Ağa Musa Nağıyev digər milyonçular, neftxudalar kimi özünə o zaman “ekonom” adlanan iqtisadçı götürmək qərarına gəlir. O dövrün ekonomları neftxudaların evlərini və şirkətlərini az xərclə idarə edən alman və Avropa yəhudiləri idilər. Bu adamlar qısa müddətdə milyonçuların sayəsində milyonçu olmasalar da, yarım milyonçuya çevrilirdilər. Deyirlər, Ağa Musa Nağıyev onlardan biri - alman ekonomla tanışlığından sonra, ona kağıza bükülmüş tütün uzadıb. Ekonom olacaq Vaynştok masanın üstündəki kibritlə papirosu alışdırmaq istəyib. Bunu görən Ağa Musa Nağıyev ayağa durub deyir: “Yox, cənab Vaynştok, bizimki tutmaz”. “Ekonomun nəyə görə, Ağa? Mən ki sizə milyonların kölgəsində kiçik xərclərlə böyük işləri idarə etməyi təklif etdim?” sualına təhərini pozmayan, “Atam, Atam!” deyimi ilə yaddaşlara yazılan Ağa Musa Nağıyev masanın üstündə yanan şamı göstərib ekonoma yerini göstərir. Bir kirbitin böyük sərvətin xəzinə də öz yerinin olduğunu bildirir. “Təmbəkini yanan şamla yandırmayan adamdan mənə nə ekonom olar?” cavabı ilə müdrikliyini sübut edir.

Pulun hər şey deyil, çox şey olduğunu anlayan, onu həm də çevrəsinə anladan Ağa Musa Nağıyev haqqında dolaşan, yaddaşdan yaddaşa ötürülən bu rəvayətlə belə, dəyərlərin əyarına çevrilən ciddi iş adamı kimi xatırlanır. Onun parası Qara qızıldan – mazutdan, neftdən, vedrə-vedrə çıxsa da, misqal-misqal, zərrə-zərrə toplanıb dama-dama göl olmuşdu.

 

Bakıya əsir gətirilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb

 

Tikdirdiyi tarixi binalar, mülklər, saraylar, xəstəxanalarla yanaşı Ağa Musa Nağıyev sərvəti ilə Bakının milli maarifçilik, Azərbaycanın milli dövlətçilik tarixinə töhfədə bulunub. Bunu danmaq, inkar etmək olmaz. 1918-ci ilin Mart soyqırımı, Bakının, Azərbaycanın işğaldan azad olunması zamanı varı, dövləti, sərvəti ilə XI Qafqaz İslam Ordusunun və Cümhuriyyət qurucularının yanında olan Ağa Musa Nağıyev həm də, Rusiya-Türkiyə müharibəsi, Sarıqamış hadisələri zamanı Osmanlının yanında olub. Bakıya əsir gətirilən, Nargin adasında Çar cəlladları tərəfindən incidilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aşurbəyov qardaşları kimi onların müalicəsi, ərzaq təminatı, hətta gizli şəkildə Bakıdan çıxarılıb Osmanlıya yola salınmaları üçün əlində gələni əsirgəməyib.

 

Necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur?

 

Deyirlər, Ağa Musa Nağıyevin çoxsaylı kazinoları varmış. “Milyonların hərləndiyi bu kazinolarda öz xüsusi masası arxasında oturan Ağa Musa Nağıyev qumarda uduzan zənginlərə və onların övladlarına, torpaq və mülk sahiblərinə borc pul verər, bunun müqabilində onların əmlakını çox ucuz qiymətə alarmış.

Bir müsəlman olaraq İslam dininin haram buyurduğu, qadağa qoyduğu faizlə pul vermək məsələsinə baxmayaraq Ağa Musa Nağıyev bu minvalla xeyli sərvət toplayıbmış. Bir gün onun torpaq sahəsi üstündə Nobel qardaşları ilə çəkişən mühəndis-milyonçu İsa bəy Hacınski ilə faiz üstündə bərk davası, söz-söhbəti çıxır. Ağa Musa Nağıyev üzünü adı tarixə “İstiqlal bəyannməsi”nə imza atan milli şuranın və Məclisi-Məbusanın  üzvü kimi düşən Hacınskiyə tutub deyir: “Atam, Atam necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur? Onların iş-gücü faiz üstündə deyil? Haradan tamxa, pul-para gəlirsə müsəlmanın işi ora qadağa qoymaqdı. Mən o qədər də avam deyiləm ki, əlimyandıda olan Mirzəbəyovun qumarda uduzduğu mülkünü baha qiymətə alım. Ona indi pul lazım deyil, mən də ona pul verirəm. Pislik etmirəm ki, nə olsun ki, sabah pulumu alanda faizimi də geri alacağam!” Deyirlər, söhbətə heyrətlənən Hacınski sükutla Nağıyevin üzünə baxır...

 

Pul əxlaqlı adamları sevir, oğlum...

 

Ağa Musa Nağıyev haqqında yazan müəlliflərin bir çoxu qeyd edir ki, o, inadkar adam idi. Müftə, zəhmət çəkmədən pul qazananları sevməzdi. Onun Lütfü bəy adlı bir qələm əhlinə, ziyalıya verdiyi dərs maraqlı olmaqla yanaşı, həm də ibrətamizdi. Deyirlər, bir gün köməkçisi Nağıyevin qarşısına qəzet qoyur və yazılanlar barədə ona məlumat verir: Məsələnin nə yerdə olduğunu anlayan Ağa Musa “Lütfi bəy məndən pul istədi. Mən də vermədim. Ona görə gedib qəzetdə yazıb ki, guya mən xəsisəm. Xub. Olsun. Amma, mən ona unutmayacağı dərs verəcəm. Atam, atam firəngin ziyalısı xalqına havayı xidmət edir. Amma, bizimkilərin fikri-zikri pul qazanmaqdı. Yaxşı, atam, atam bu şəhərdə bu binaları, xəstəxanaları, teatrları sən tikirsən? Yoxsa, mən?” deyib, heyrətini gizlətməyən Ağa Musa Nağıyev üzünü köməkçisinə tutub göstəriş verir: “Lütfi bəyi sabah çay içməyə çağır. De ki, Ağa əmr etdi ki, bankdan pul çıxaraq, yaxşı. Al, bu çeki də, get, Rus Bankından 100 min pul çıxar”. Köməkçi baş üstə ağa, deyib tapşırılan işin dalıyca gedir.

Səhəri gün Lütfi bəy dişinin dibində şirə dolmuş adam kimi özünü Ağa Musa Nağıyevin mülkünə yetirir. Ağa onu çay süfrəsində közü öləziməmiş samovarın ətrafında qəbul edir. İlk sualı da bu olur: “Lüfti bəy, mənəm xəsis? Sənin gözündən gəlsin, mənim etdiklərim. İndi mən sənə göstərərəm, xəsis kimdir. Heç eybi yoxdur, indi görərsən, mən nə edirəm. Ağa 100 minlik bank çekini dürümlüyüb samovara atanda, dili-dodağı quruyan Lütfi bəy “Ağa nə edirsən?” deyib, əlinə, ayağına düşür. Özgə malından sərvət tutan “bəyə” həyat dərsi verən Nağıyev onun “Ağa, puluna heyfin gəlmir?” sualına “Gəlir, niyə gəlmir, onu qazanmaq üçün mən əziyyət çəkirəm” - deyə cavab verir. Abrını itirib öz malına qonan  Lütfi bəyin, “Bəs, onda niyə yandırırsan?” sualına onu öldürəcək qədər kəskin cavab  verən Ağa deyir: “Sənə dərs vermək üçün. Pulu qazanmaq, xərcləmək hər adamın işi deyil. Pul əxlaqlı adamları sevir, oğlum. Sən də işləyərsən, pul qazanarsan, sonra da mənim kimi götürüb, istəsən beləcə dürüm edib samovara, oda atarsan, yandırarsan, istəsən də, özgə malına göz dikənlərə verərsən. Heç kəsdən pul istəmə, əxlaqın olsun!”

 

Atam, atam, məndə tamxa nə gəzir? – Ağa Musa Nağıyev

 

Qoçu Nəcəfqulunun başçılığı ilə Mart soyqırımı zamanı İsmailiyyə binasının önündə qazılan səngərdə əlində silah erməni daşnaklarına qarşı savaşan Ağa Musa Nağıyevin tamxa, pul söhbəti ilə bağlı bir əhvalat da günümüzə qədər gəlib çıxıb.

Ötən əsrin əvvəlində Neft bumu yaşayan Bakı məşhur neft maqnatlarının, neftxudaların, mühəndis və memarların, ustaların, xarrat, dülgər, çilingər və qazmaçıların, fəhlələrin, çörək dalıyca gələn muzdurların, çarvadarların, qəribə səslənsə də, bir də qoçuların, oğruların, cibgirlərin axın etdiyi şəhər idi. Bakının bir məşhur oğrusu var idi ki, onun adı bolşevik Rusiyasının taleyinə inqilabın memarlarından biri kimi yazılacaqdı. Bayıl həbsxanasında keçən illərinə görə həm də, Məhəmməd Əmin Rəsulzadənin, Mir Cəfər Bağırovun dostu kimi tarixdə qalacaqdı. Hələ harasıdır? Bu məşhur cibgir İkinci Dünya müharibəsində faşizmin tifaqını dağıdacaq, mümkün olmayanları mümkünə çevirəcək, 37-ci ilin dəhşətli respressiyaları zamanı çörəyini yeyib, suyunu içdiyi Azərbaycanın 32 min günahsız fikir və düşüncə sahibini qətlə yetirəcəkdi. Hələ, bu, bir də harasıdır? O, Leninin “Dini etiqad azadlığı haqqında direktivini” ləğv edəcək, Azərbaycanda, Qərbi Azərbaycanda, Borçalıda, Dərbənddə, Krımda, Türküstanda, Şimali Qafqazda 10 minlərlə türk və müsəlmanın qanını içəcəkdi. Yəqin, onun kimliyi maraqlıdır. O, İosif Vissarionoviç Stalin idi! Bəli, Stalin! O, çoxlarının belini qırıb, çırağını qaraltdı. İradəsini qırıb biləyini sındıran Əzəmətli Kişilərlə isə o, Bakıda üz-üzə gəldi. Onun biri milyonçu mesenat Ağa Musa Nağıyev, digəri Murtuza Muxtarov idi. Murtuza Muxtarov onun qolunu, Ağa Musa Nağıyev isə iradəsini qırmışdı.

 

Bakıda baha satıb ucuz alan, Kazinoda racon kəsən bir Ağa var – Ağa Musa

 

Nə az, nə çox, düz 100 ildir, Bakı insanının leksikonuna bir cümlə hakimdir: “Atam, atam, məndə tamxa nə gəzir?” Cibgir gürcü,  daha doğrusu, Koba Cuqaşvilinin dəstəsi ilə üz-üzə çox gələn Musa Nağıyev onlara bir quruş belə verməmişdi. Hər dəfə onları “Atam, atam, məndə tamxa nə gəzir?” deyib, yola vermişdi. Söhbətdən təngə gələn, “Koba Ağa Musaya bata bilmir” kəlamının ağırlığından yorulan Cuqaşvili Ağa Musanın başına torba keçirtdirib “Quldur damına – zirzəmisinə” gətirtdirir. Ağanı o ki, var təhdid edir. Təhərini pozmayan, dik duruşu ilə məşhur cibgiri – Cuqaşvilini heyrətləndirən Ağa Musa Nağıyev: “Atam, atam, məndə tamxa nə gəzir?” deyib, onu dan yeri sökülənə qədər əldən salır. Səhərin açıldığını görən quldurbaşı, Qaradavoyların hadisədən xəbər tutacağından qorxub, Ağanı buraxmağı əmr edir. Güzgünün qabağında papağına çəki-düzən verən Nağıyev: “Koba, Bakıda baha satıb ucuz alan, Kazinoda racon kəsən, mülkədarlara meydan oxuyan bir Ağa var – Ağa Musa! Sən hardan çıxdın, Atam, Atam!” deyib, Kobanın zirzəmisindən çıxır. Deyirlər, Ağa yol boyu öz-özünə sual edib deyirmiş: “Bu gədənin nəyindən qorxurlar? Bığından?” Olan, o idi onu da, Ağa Musa yoldu buraxdı!”

 

Kobanı iki qatlayıb iş otağındakı sandığa qoyub ağzını bağladı

 

Unudulmaz yazıçımız, Bakının tarixi, Neft bumu və Bakı milyonçuları ilə bağlı ən qiymətli əhvalatları ipə-sapa düzən Manaf Süleymanovun qeydlərində Ağa Musa Nağıyevlə bağlı bir əhvalat da var. Onun bir ucu məşhur milyonçu, mesenat Murtuza Muxtarovla bağlı olsa da, bu məqamda yada salmağı uyğun bildim.

Deyirlər, həmin o müdhiş gecədə Ağa Musa Kobaya “Atam, atam, məndən nə tutmusan, tamxa ver, tamxa ver?! Tamxanın bol yeri Hacıdı, Murtuzadı. Murtuzanın sərvəti başından aşır. Özü də, qan tökməkdən, simistə çəkilməkdən çəkinir. Sən get, onu soy” deyə yol göstərir. Ağanın təklifi Kobanın beyninə batır. Bir neçə gün sonra özünü atır Murtuza Muxtarovun malikanəsinə, iş otağına girir. Muxtarovdan tələbdə bulunur. Bu azmış kimi, onu Ağa Musa kimi oğurlayıb iri məbləğdə para əldə etmək istəyir. Boy-buxunlu, yar-yaraşıqlı, qəddi-qamətli, üstə gəl, qolunun zoru, gücü ilə məşhur olan Murtuza Muxtarov bir göz qırpımında Kobanı iki qatlayıb iş otağındakı sandığa qoyub ağzını bağlayır. Bakının məşhur qoçusu, Mart soyqırımı zamanı erməni daşnaklarına qan udduran, Bakının işğaldan azad olunmasındakı xidmətlərinə görə XI Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşadan ödül alan Qoçu Nəcəfqulunu çağıtdırıb deyir: “Nəcəfqulu, aç sandığı, Kobanı çıxar!” Qoçu Nəcəfqulu Muxtarovun göstərişini yerinə yetirir. Kobanı hüzurunda iki qat görən Muxtarov ona sual verir: “Sən, məndən paranı hansı əlinlə alacaqdın?” Çox bilmiş, bildiyi qədər çəkmiş Stalin – Koba Cuqaşvili vəziyyətin nə yerdə olduğunu anlayır. Murtuza Muxtarova yalan danışır: “Sol əlimlə” deyir. Muxtarov Qoçu Nəcəfquluya göstəriş verir: “Sındır, qır bu Cibgirin sol qolunu, biləyini!” Qoçu Nəcəfqulu Ağanın göstərişini həmin anda yerinə yetirir.

 

Kobanı Murtuza Muxtarovun qəzəbi, əzəməti ilə üz-üzə qoyur

 

Bu əhvalatda üç incə məqam var: Birincisi odur ki, doğrudan da, Ağa Musa ağıllı adam olub. Kobanı onun hökmünü oxuyacaq Muxtarovun üstünə ünvanlayıb. Təhlükəni özüdən uzaqlaşdırıb. Onu Murtuza Muxtarovun qəzəbi, əzəməti ilə üz-üzə qoyub. Deyirlər, Murtuza Muxtarovun malikanəsində baş verən bu hadisədən, Kobanın sındırılan qolundan, biləyindən sonra cibgir Cuqaşvilinin Bakıda “qorxu-hürküsü” qalmayıb. Neftxudalar adı gələndə elə də, əhəmiyyət verməyiblər. Onu da deyirlər ki, bunun da baiskarı Ağa Musa Nağıyev olub. Dost-aşna ilə, neftxudalarla söhbətində “Bu Gədənin – Kobanın nəyindən qorxurdular ki? Bığından? Qolundakı gücündən? Olan, onlar idi, bığını Ağa Musa yoldu, qolunu da Muxtarov qırdı. Vəssalam, şütt tamam. Atam, atam o Gədə çaşmışdı. Bilmirdi ki, Bakılıya zor gəlmək olmaz. Ya biz özümüz verərik. Ya da vermərik”.

 

Cibgirin, quldurun qolunu qırmağı Qoçuya həvalə edir

 

Bu əhvalatda incə bir məqam da var. Ağa Musa Nağıyev düz deyirdi. Cuqaşvili Murtuza Muxtarovdan, Tağıyevdən para istəsəydi yüz faiz istəyinə çatardı. Onlar qoçuya, quldura, cibgirə halal qazanclarından verirdilər. Qorxudan yox. Ailələrini, övladlarını qorumaq hissindən, ardan-abırdan yana. Bakı əsilzadələri, milyonçuları kübar adamlar, nəsli-nəcabəti ilə hörmət-izzət sahibi olan insanlar idilər. Əhvalata diqqət etdikcə Şimali Qafqazda məscid, Bakıda onlarla tarixi tikili, ən əsası saf sevginin, ülvi məhəbbətin eşqinə “Səadət Sarayı”nı ucaldan Murtuza Muxtarov gözümüzdə bir qədər də böyüyür. O, Kobanı malikanəsində iki qatlayıb, sandığa qoyub ağzını bağlayır. Qolunu, biləyini qırmağı bəy tituluna, əsilzadə şərəfinə, milyonçu-mesenat əzəmətinə yaraşdırmır, cibgirin, quldurun qolunu, biləyini qırmağı, sındırmağı Qoçuya – Qoçu Nəcəfquluya həvalə edir.

 

Bu gədənin – Kobanın nəyindən qorxurdular ki?

 

Bax, budur bizi bir millət, məmləkət olaraq digərlərindən fərqləndirən. Ötən yüz il də, epoxa da artlq tarixə çevrilib. Marşal İosif Vissarionoviç Stalin – Koba Cuqaşvili SSRİ ilə birlikdə dəfn edilib. Daha doğrusu, ötən əsrin 50-ci illərində ölüm mələyi kimi yaddaşlardan silinib. Amma Bakı ilə, Bakının Neft bumu ilə, Ağa Musa Nağıyevlə, Murtuza Muxtarovla bağlı xatirələri qalıb.

İnanıram ki, bu əhvalatları bilənlər Murtuza Muxtarovun, Ağa Musa Nağıyevin malikanələrinin, “Səadət Sarayı”nın, “İsmailiyyə binası”nın önündən keçərkən dodaqlarına qonan təbəssümlə ötən əsrin əvvəlində baş verənləri xatırlayıb söyləyəcəklər: “Atam, atam, bu Gədənin - Kobanın nəyindən qorxurdular? Bığından? Qolunun zorundan? Bığını Aşa Musa yolub buraxıb, qolunu, biləyini də Murtuza Muxtarov qırıb!”

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

Çərşənbə, 01 Oktyabr 2025 15:34

Teatrımızda gərəkli adam

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər kəs hansısa sənətdə özünü gərəkli hesab edirsə, özünə xoşbəxt deyə bilər. Teatr kimi mürəkkəb, həm də akademik, hardasa konservativ sahədə isə gərəkli olmaq lap müşküldür. Amma bu sorun Bəhram Osmanov üçün deyildir.

 

Bəhram Osmanov 1962-ci ilin 1 oktyabrında dünyaya gəlibdir.

1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli verib.

 İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olub. 2012-ci ildən 2022-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

 

Filmoqrafiya

 

1. Lal

2. Ac həriflər

3. At ilinin birinci ayı

4. Mənim ağ şəhərim

5. Altı nömrəli palata

6. Yurd yeri

7. Qu quşunun məhəbbəti

8. Apardı sellər Saranı

9. Yurd yeri 2

10. Son arzu

11. Qarabağnamə

 

Quruluş verdiyi əsas tamaşalar

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. "Cəza" — (Ə. Əmirli)

2. "Hacı Qara" — (M. F. Axundzadə)

3. "Ezop" — (G. Fiqeyredo)

4. "Yaddaş ağrısı" — (H. Mirələmov)

5. "36-dan 6-sı" — (İnna Qaruçava, Petr Xotyanovski)

6. "Viktoriya" — (K. Hamsun)

 

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1. "Şüşə heyvanxana" — (T. Vilyams)

2. "Cəzasız günah", "Hara gedir bu dünya?" — (B. Vahabzadə)

3. "Qarağaclar altında ehtiras" — (Y. O’Nil)

4. "Ana intiqamı"- (V. Babanlı)

5. "Ağqoyunlular və Qaraqoyunlular" — (Ə. Əmirli)

 

- Füzuli Dövlət Dram Teatrı

 

1. "Diribaş adamlar" — (V. Şukşin)

 

- Gəncə Dövlət Dram Teatrı

1. "At ilinin birinci ayı" — (R. Novruzov)

2. "Kəllə" — (N. Hikmət)

3. "Ölüm hökmü" — (Elçin)

 

- Lənkəran Dövlət Dram Teatrı

1. "Yudif" — (A. Tammsaars)

2. "Günahsız müqəssirlər" — (A. Ostrovski

 

- Musiqili Komediya Teatrı

1. "Evlənmə" — (N. V. Qoqol)

2. "Kimyagər" — (M. F. Axundzadə)

 

Mükafatları

Əməkdar incəsənət xadimidir. 9 dəfə Prezident mükafatına layiq görülüb. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(01.19.2025)

Çərşənbə, 01 Oktyabr 2025 17:11

Üç qızdan biri

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onlar üç qız idilər, birlikdə səhnədə debut etmişdilər, o – yəni Elnarə, Natəvan və Röya. Söbət W-trio qrupundan gedir. O zamanlar 90-ların axırı idi, 97, yaxud 98.

Ən məşhurları Röya oldu, amma Elnarə və Natəvan da böyük pərəstişkar ordusu toplaya bildi. Bir sözlə, onlara səhnə həyatı verən Vaqif Gərəyzadə lap onluğa vurdu.

 

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.

İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb — "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul".

 

2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub. Elnarə Xəlilova gənclərə dəstək olmaq məqsədilə "El yaradıcılıq" mərkəzini yaradıb. Burada o, bir çox gənc musiqiçilərə öz dəstəyini göstərir. Tələbələri ilə efirlərə qatılır, kliplər təqdim edir.

 

Klipləri

1. Qəm Otağı

2. Məhəbbət payım

3. Yuxulu şəhər

4. Gentleman

5. Ha-ha

6. Eşq ilə boyan

7. Xocalıya ədalət

8. Sevgi fəslim

9. Səndən sonra

10. Sonuncu zəng

 

Filmoqrafiya

1. Məşədi İbad-94

2. Milçək

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Çərşənbə, 01 Oktyabr 2025 13:40

Çağdaş muğamın maestrolarından biri

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun adı çağdaş muğamımızın elitasında yer tutubdur, o həm tələbələr yetişdirir, həm muğamı elmi cəhətdən zənginləşdirir, həm də gözəl ifaları ilə zövq oxşayır.

 

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982–1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb.

Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir.

1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2005-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub. 30 dekabr 2020-ci ildə Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunub.

 

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

 

Filmoqrafiya

1. Güllələnmiş heykəllər

2. Biz qayıdacağıq

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

50 -dən səhifə 2506

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.