Super User

Super User

Çərşənbə axşamı, 30 Sentyabr 2025 17:34

ANAR, “Son dəfə”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

SON DƏFƏ

(Köhnə mənzilə vida mahnısı)

 

Əlvida,

Ayrılırıq, köhnə mənzil.

Yaşadıq səndə neçə ay, neçə il.

Son dəfə

Baxdım bu yalın divarlara,

son dəfə

Yeri boş şəkillərdən qalan mismarlara

son dəfə.

Son dəfə üzüm yarpaqları pəncərələrdən

Kölgələrini mənimçün salır,

son dəfə.

Son dəfə

Qapı zəngi mənimçün çalır,

son dəfə.

Kirayə kağızları hələ yoldadır

Hələ dostum bizə gəlib deyə kimisə aldadır.

Kimsə hələ bu ünvana məktublar yazır,

Kimsə hələ bu telefonla zəng vurub asır.

Susub artıq bütün səslər,

gülüşlər, qədəhlər,

“əşşi”lər, “sağ ol”lar, “əh”lər.

Susub yazı makinası,

Çaynikin qaynaması.

Atılıb yerə yazılmamış vərəqi son dəftərin,

Son dəfə içəridən açıram cəftəni.

Söndürürəm işığı, qapını bağlayıram,

son dəfə.

Bu qapının dalında qaldı ömrümüzün on ili

Müddətimizi çəkdik,

Tərk edirik yarızirzəmi mənzili.

Bomboş otaqlarda dolaşır qərib bir kölgə,

Ömrün ən xoş anlarını

burda qoyub gedirik bəlkə.

Son dəfə

Bu pilləkənlərdə siqaret yandırıram,

son dəfə.

Son dəfə bu tində maşın dayandırıram

son dəfə.

               14 yanvar 1976

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 18:11

Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN DAHA 10 KƏLAM

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

-         Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan.

-         Dərin dəniz daş atmaqla bulanmaz.

-         Eşq çadırının  qurulduğu yerdə məntiq axtarma.

-         Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.

-         Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.

-         Bir yatmış başqa yatmışı necə  oyada bilər?!

-         Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.

-         Şamını gündüz yandıran gecə qaranlıqda qalar.

-         Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün.

-         Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 13:36

Musiqi – milli kimliyin güzgüsü

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Musiqi hər bir xalq üçün yalnız əyləncə və sənət deyil, həm də milli kimliyin, tarix və mədəniyyətin əks olunma vasitəsidir. Bir millətin ritmləri, melodiyaları və naxışları onun düşüncə tərzini, dünyagörüşünü və hisslərini dünyaya çatdırır. Musiqi həm də sərhədləri aşır, zamanın və məkânın ötesində bir xalqın kimliyini tanıdır.

Azərbaycan musiqisi bu baxımdan xüsusilə zəngindir. Muğam, xalq mahnıları, aşıq poeziyası, caz-folklor sintezi – hər biri Azərbaycanın tarixini, təbiətini, insan ruhunu və mədəni dəyərlərini əks etdirir. Bu əsərlər təkcə xalqın əyləncəsi deyil, həm də milli kimliyin güzgüsüdür.

 

Muğam – ruhun dilinə çevrilmiş tarix

 

Muğam yalnız melodik əsər deyil; o, bir xalqın həyatını, duyğularını və mədəni kodlarını ifadə edən fəlsəfi sistemdir. “Segah”, “Bayatı-Şiraz”, “Şur” kimi muğamlar hər biri fərqli emosional dünyaya açılan qapıdır. Onlar sevincdən kədərə, ümiddən həsrətə qədər bütün insan duyğularını əks etdirir.

UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdiyi muğam yalnız Azərbaycan üçün deyil, dünya musiqi xəzinəsi üçün böyük bir dəyərdir. Çünki muğam millətin kimliyini qoruyur, onun tarixini və mənəvi dəyərlərini gələcək nəsillərə çatdırır.

 

Aşıq sənəti və xalqın səsi

 

Azərbaycanın xalq musiqisi və aşıq sənəti də milli kimliyin güzgüsüdür. Aşıqlar yalnız musiqiçilər deyil, həm də tarix və mədəniyyət daşıyıcılarıdır. Onlar şifahi ənənə ilə xalqın sevincini, kədərini, qəhrəmanlıq dastanlarını və mənəvi dəyərlərini nəsildən-nəsilə çatdırıblar.

Hər bir aşıq mahnısı və dastanı, hətta ən sadə ritm də, bir xalqın ruhunu əks etdirir. Bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkən bir xüsusiyyətdir.

 

Müasir musiqidə milli motivlərin dirçəlişi

 

XXI əsrdə gənc musiqiçilər milli musiqi motivlərini müasir janrlarla sintez edirlər. Muğam və jazzın, xalq melodiyalarının pop musiqi və cazla birləşməsi milli kimliyi qlobal auditoriyaya çatdırır. Bu, Azərbaycan musiqisinin həm ənənəni qoruduğunu, həm də müasirliyi qəbul etdiyini göstərir.

Beynəlxalq festival və konsertlərdə səslənən bu əsərlər yalnız estetik zövq vermir, həm də milli kimliyin qürurunu yaradır. Xarici tamaşaçılar Azərbaycan musiqisini dinlədikcə onun zəngin tarixini və mədəni dəyərlərini daha dərindən anlayırlar.

 

Musiqi və mədəni diplomatiya

 

Musiqi həm də diplomatiya alətidir. Konsertlər, beynəlxalq festivallar, musiqi mübadiləsi proqramları ölkəmizi dünyada tanıdır, milli kimliyi təqdim edir və insanları birləşdirir. Musiqi dilini bilmədən də, onun emosional təsiri və universallığı sayəsində dünya auditoriyası Azərbaycanı dərk edir.

Buna klassik nümunə kimi “Xarıbülbül” festivalını göstərmək olar. Burada səslənən muğam və xalq musiqisi yalnız Azərbaycan auditoriyasına deyil, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara da təqdim olunur. Bu, həm milli irsin qorunması, həm də mədəni diplomatiyanın güclü vasitəsidir.

 

Qarabağ motivləri musiqidə

 

Qarabağ musiqisi Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir. Bu bölgədən çıxan melodiyalar yalnız coğrafi məkana aid deyil, həm də xalqın tarixini, azadlıq mübarizəsini və mənəvi irsini əks etdirir. Gənc musiqiçilər bu motivləri müasir musiqi ilə birləşdirərək həm milli kimliyi qoruyur, həm də onu dünya səhnəsinə çıxarırlar.

 

Gənclərin rolu və gələcək

 

Azərbaycan gənc musiqiçiləri milli musiqi irsini yaşadır və onu yenidən kəşf edirlər. Onlar muğamı, xalq melodiyalarını və aşıq sənətini həm ənənəvi, həm də eksperimental formada təqdim edərək gənc auditoriyaya çatdırırlar. Bu, gələcək nəsillərin milli kimliyi qoruması üçün vacibdir.

Gənclərin yaradıcılığı yalnız musiqi əsərləri yaratmaqla məhdudlaşmır; onlar musiqi vasitəsilə tarix, mədəniyyət və mənəvi dəyərləri qoruyur və dünyaya tanıdırla

Musiqi bir xalqın tarixini, mədəniyyətini və kimliyini ən təsirli şəkildə əks etdirən güzgüdür. Azərbaycan musiqisi bu güzgüdə yalnız öz köklərini qoruyub saxlamır, həm də onları yeni janrlarla, yeni üslub və platformalarla dünyaya çatdırır.

Muğam, aşıq sənəti, xalq melodiyaları və onların müasir interpretasiyaları milli kimliyi gücləndirir, gənc nəsli ilhamlandırır və Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirir. Musiqi sərhəd tanımır, millətləri birləşdirir və hər birimizin qəlbində milli kimliyin canlı izini qoyur.

Beləliklə, musiqi milli kimliyin əbədi güzgüsüdür və onun əks-sədası zamanla səslənməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Samirə Yusifova,

Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin elmi işçisi. “Ədəbiyyat və incəsənət” üçün

  

Bir ev yalnız daşdan qurulmur…

 

Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki təkcə tarixi ilə deyil, ev memarlığındakı zəriflik və ağıllılıqla da seçilir. Şəki evləri, sadəcə, yaşayış məkanı deyil-onlar bir dövrün dünyagörüşünü, zövqünü və təbiətlə harmoniyasını əks etdirən taxta, daş və rənglə yazılmış hekayələrdir.

 

İqlimə uyğun ağıllı tikinti

 

Şəki dağətəyi zonada yerləşdiyi üçün burada yay isti, qış isə sərt olur. Bu səbəbdən, Şəki ustaları ev tikərkən iqlim şərtlərini əsas götürmüşlər. Qalın divarlar, hündür tavanlar və geniş eyvanlar evləri yayda sərin, qışda isə isti saxlayır. Evlərin çoxunda kuzəxana (mətbəx), zal (qonaq otağı), eyvan, gizli keçidlər və şəbəkəli pəncərələr olurdu.

 

Şəbəkəli pəncərələr: işıqla oynayan sənət

 

Şəki evlərinin pəncərələri adi deyildi. Şəbəkə sənəti ilə düzəldilən bu pəncərələr taxtadan, mismarsız və yapışqansız hazırlanırdı. Gün işığı bu rəngli pəncərələrdən keçərək otaqlara düşəndə, divarlar naxışla boyanmış kimi görünərdi. Bu, evin həm işıqlandırılması, həm də bədii görkəmi üçün nəzərdə tutulmuşdu.

 

Taxta oyma və tavanlar

 

Şəki ustalarının özəlliyi həm də taxta oyma sənətində idi. Evlərin içindəki sütunlar, dolab qapıları və tavanlar bir-birindən fərqli naxışlarla bəzədilərdi. Bu oyma sənəti təkcə zövq məsələsi deyil, həm də hər ailənin sosial statusunu göstərən bir göstərici idi.

 

Divar naxışları və freskalar

 

Bəzi evlərin daxili divarları əl işləri ilə bəzədilirdi. Bu naxışlar çiçək, günəş, ay və bəzən insan siluetlərini əks etdirirdi. Hər bir rəsmin bir mənası vardı-ailə uğuru, bolluq və qorunma arzusu.

 

Həyət evləri və mədəni quruluş

 

Ənənəvi Şəki evləri bağlı həyət sisteminə əsaslanırdı. Həyətlərdə meyvə ağacları, hovuzlar və çiçək kolları olurdu. Uşaqlar bu həyətdə böyüyər, qadınlar çörək bişirər, kişilər isə axşam saatlarında çay süfrəsi arxasında gündəmi müzakirə edərdi. Belə evlər yalnız daş divarlardan ibarət deyildi- onlar bir cəmiyyətin kiçik modeli idi.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 09:35

KVN-in üzvləri bir-bir köçür bu dünyadan

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Anar Məmmədxanovdan və Elçin Həmidovdan sonra Cabir İmanovun qəfil vəfatı həm sənət dünyasının, həmdə tamaşaçıların qəlbində sağalmaz yara açdı. Əməkdar artist Cabir İmanovun ötən gün idman zalında infakt keçirdərək dünyasını dəyişməsi xəbəri çoxunu sarsıtdı.

 

Xəbər beləydi ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Həm aktyor, həm də polis polkovniki olan Cabir İmanov haqqında danışmasaq olmazdı. Cabir Qorxmaz oğlu İmanov 1976-cı ilin 22 İyun tarixində Bakıda anadan olub. O iki dəfə ailə həyatı qurub, üç övladı var. Cabir İmanov 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb.  1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub, daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1997-98-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçmiş mərhum aktyor 1999-2018 illər aralığında Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

Amma şübhəsiz ki, o, daha çox aktyor idi, qanı aktyorluqla yoğrulmuşdu.

1992-ci ildən "Planeta Parni İz Baku" KVN komandasının üzvü olub, sonradan isə  "Planeta Parni İz Baku"  teatrında fəaliyyət göstərib.  Onun iştirakı ilə çəkilmiş məhşur filmlər arasında "Məhəllə", "Məşədi İbad-94", "Qorxma, mən səninləyəm! 1919", "Bəxt üzüyü-2" kimi ekran işləri var.

Və biz onun mərhum metropoliten rəisi Tağı Əhmədovun rolunu necə ustalıqla yaratmasını yəqin ki heç zaman unuda bilməyəcəyik.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 09:03

Ömür yarıdan kəsiləndə…

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Vaxtsız dünyadan köçən daha bir müğənni Rəhim Rəhimlidir.

Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdamda dünyaya gəlib. Ekstravaqant tərzi ilə daima diqqət çəkib. Çoxsaylı klipləri və mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Klipləri

1. Elə Bilirdim ft. Flora Kərimova

2. Aybəniz

3. Dəymədüşərim

4. Siz Deyin, Qızlar

5. Sevmişəm, Sevirəm, Sevəcəm Səni

6. Qal Yana-Yana

7. Dön Gəl

8. Quzu Kəsərəm

9. Gözümün İçinə Bax

10. Başım Ağrıyor

11. Əzizim ft. Xəyalə

12. Şəkər ft. Klan A Plan

13. Balta

14. Ürəyim Ağlayır

15. Yetər

 

 

Cəmi 46 il ömür sürmüş müğənni uzun illər xəstəliklərlə mübarizə aparıbdır. Bəzən belə olur, insan xəstəliklərdən yorulur, axırda nlara təslim olur. Rəhimdə də belə olub.

2022-ci il sentyabrın 30-da o, digər xəstəklikləri bir yana, ürək tutmasından vəfat edib. Bülbülə qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 12:36

Vaxtsız ölümə tuş gəlmiş qızıl səsə malik xanəndə

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də onun səsi qılzıla bərabər idi. Bir dəfə bir xarici qonağımız onu dinləyəndə, sözləri başa düşməsə belə səsin yanğısından hönkürüb ağlamışdı:

Yenə payı gəldi

Qonaqlar kimi

Soldu məhəbbətim

Yarpaqlar kimi,

Ürək pıçıldayır

Dodaqlar kimi,

Külək niyə belə

Əsirsən, külək,

Niyə ümidimi,

Kəsirsən, külək...

Bəlkə də səsinə bu qədər qüssə və kədəri ona görə sığışdırmışdı ki, dünyadan vaxtsız köçəcəyini bilirdi...

 

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavətin səsi "Segah"a yatımlı olub, ruhu "Segah"a bağlı olub. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alıb, Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik olub.

Nə yazıq ki, cəmi 38 il yaşayıbdır, xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra isə kənd işğal olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Çərşənbə axşamı, 30 Sentyabr 2025 10:32

Dahi Hacıbəyovların ən böyüyü

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın musiqi tarixinə adını qızıl hərflərlə yazdırmış dahi Hacıbəyovların ən böyüyü barədə danışacağıq bu gün. Cünki bu gün onun anım günüdür.

 

Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olub. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski də var

İlk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynayıb.

Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunub. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladıb. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb. XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

Zülfüqar Hacıbəyov 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

 

Musiqili komediyalar

1. "Əlli yaşında cavan"

2. "On bir yaşlı arvad"

3. "Evliykən subay"

 

Operalar

- "Aşıq Qərib" (1915) – eyniadlı dastan əsasında. Librettosu Üzeyir Hacıbəyovundur.

- "Nüşabə" – Nizaminin "İskəndərnamə" poeması və Abdulla Şaiqin librettosu əsasında. Yarımçıq qalıb.

- "Üç aşiq və ya Məlikməmməd" – yarımçıq qalıb.

 

Vokal əsərlər

1. "Kəndçi qızı"

2. "Çoban qızı"

3. "Əsgər nəğməsi"

4. "Azərbaycan" kantatası

 

Digər əsərlər

- "Kölə qadınların rəqsi" (1932) – simfonik əsər

- "Cəngi" – Xalq Çalğı Alətləri Orkestri üçün. Fikrət Əmirovla birgə hazırlanıb.

 

Filmoqrafiya

1. Almaz – tammetrajlı bədii film. Niyazi ilə birgə film bəstəkarı.

2. Üzeyir ömrü – bioqrafik sənədli film. Zülfüqar Hacıbəyov rolunu Yaşar Nuri canlandırıb

3. Maestro Niyazi

 

O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Çərşənbə axşamı, 30 Sentyabr 2025 08:28

“Qədim türk diplomatiyasında qadınların vasitəçi rolu”

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərlə qədim türk diplomatiyasında qadınların vasitəçi rolu mövzusunda danışacağıq.

 

Qədim türk siyasi mədəniyyəti yalnız hərbi gücə deyil, həm də incə diplomatik ənənələrə söykənirdi. Bu ənənələrin mühüm tərəflərindən biri qadınların – xüsusən də xaqan və bəylərin həyat yoldaşlarının, qızlarının və analarının diplomatiyada vasitəçi kimi çıxış etməsi idi. Türk dövlətçilik düşüncəsində qadın yalnız ailə çərçivəsində deyil, eyni zamanda ictimai-siyasi münasibətlərin formalaşmasında da təsirli bir fiqur sayılırdı.

Ənənəvi olaraq sülh bağlama, müharibənin qarşısını alma və ya ittifaqların möhkəmləndirilməsi üçün evlilik ittifaqları geniş şəkildə tətbiq edilirdi. Xaqan qızlarının başqa tayfa və ya dövlət hökmdarlarına ərə verilməsi sadəcə ailə bağları deyil, həm də iki siyasi güc arasında diplomatik müqavilənin simvolu idi. Bu mənada qadınlar canlı “sülh müqaviləsi” rolunu oynayırdılar. Məsələn, Çin qaynaqları Hun imperiyası dövründə şimal tayfaları ilə sülhün qorunması məqsədilə xaqan qızlarının imperator ailəsinə ərə verilməsini təsvir edir. Eyni qayda ilə Göytürklər dövründə də Çin sarayı ilə türk xaqanları arasında evliliklər diplomatik əlaqələrin əsas vasitələrindən biri olmuşdur.

Qadınların diplomatiyadakı vasitəçilik rolu yalnız evliliklə məhdudlaşmırdı. Onlar elçi və sülh danışıqları iştirakçısı kimi də çıxış edirdilər. Xüsusilə xatunlar xaqanın yanında dövlət məclislərində iştirak edir, xarici elçiləri qəbul edir və siyasi qərarların formalaşmasına təsir edirdilər. Çin mənbələrində Bilgə Xaqanın anası və ya Tonyukukun ailəsindəki qadınların siyasi məsləhətləşmələrdə iştirakı qeyd olunur. Bu, qadının yalnız mədəni və mənəvi nüfuz deyil, həm də siyasi səlahiyyət daşıdığını göstərir.

Diplomatiyada qadınların rolu həm də vasitəçi ünsiyyət və yumşaldıcı sima funksiyası ilə bağlı idi. Münaqişə zamanı qadının sözünün qəbul edilməsi, onun “sülhün carçısı” kimi qəbul olunması qədim türk ictimai-mənəvi sisteminin mühüm tərəfi idi. Bu, həm qadının müqəddəs “ocaq qoruyucusu” statusu ilə əlaqədar idi, həm də türk inanclarında qadının “birləşdirici” güc sayılması ilə bağlı idi.

Nəticə etibarilə, qədim türk diplomatiyasında qadınların vasitəçi rolu dövlətlərarası münasibətlərin ən mühüm sütunlarından biri olmuşdur. Onlar həm sülhün təminatçısı, həm də siyasi qərarların formalaşmasında nüfuzlu aktorlar kimi çıxış etmişlər. Bu ənənə türk dövlətçilik modelində qadınların yalnız sosial-məişət həyatında deyil, dövlət idarəçiliyində də önəmli mövqeyə malik olduqlarını sübut edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

"M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir".

 

Onun publisistikasının mühüm bir qolu da dil, ana dili və türk dilli xalqlar arasında ortaq dil, həmçinin ortaq əlifba məsələlərinə həsr edilib. M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində ortaq dil məsələsi barədə türk ölkələrinin mütəfəkkirləri arasında gedən müzakirələrdə fəal iştirak edir, "Türk dil qurumu" ilə sıx əməkdaşlıq edir, bütün türklər üçün ortaq türk dili təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. Təsadüfi deyidi ki, 1919-cu ildə Müsavat Partiyasının qurultayında bildirmişdi: "Biz ortaq tükcə yaratmalıyıq". M.Ə.Rəsulzadə yaxşı bilirdi ki, dil birliyi mənəvi birliyin qapısıdır. Lakin o, ortaq ünsiyyət dili olacaq dilin digər milli türk dillərinin sıxışdırılması hesabına yaradılmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən yararlanmasını arzulayırdı.

M.Ə.Rəsulzadənin yaradıcılığında əlifba məsələsi də geniş yer alırdı. Bu barədə də böyük mütəffəkirin orjinal fikir və düşüncələri vardı. O, "...bir dildə danışan, digər dildə isə yazan bir xalq" olmağımızdan dərin təəssüf hissi keçirirdi. 20 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində çap olunmuş "Əlifba bayramı" adlı məqaləsində azadlıq aşiqi hunlardan etibarən başlayan və miladın VIII əsrində Orxon-Yenisey abidələrindəki formanı alan türk əlifbasından fəxrlə bəhs edir, VII-VIII əsrlərdən sonrakı dövrü nəzərdə tutaraq təəssüflə yazırdı: "Bizim tam milli olaraq əlifbamız yoxdur... Ərəb əlifbasından müstəfid olurduq (faydalanırdıq)".

M.Ə.Rəsulzadə elmi-təcrübi əsası M.F.Axundov tərəfindən qoyulmuş əlifba islahatının tərəfdarlarından idi. "Mühüm bir xəbər" məqaləsindən də gördüyümüz kimi, o, Osmanlıda və Azərbaycanda gedən əlifba müzakirələrini yaxından izləmiş və vaxtaşırı bu barədə öz fikirlərini bildirmişdir.

Görkəmli ictimai-siyasi xadim "təzə bir əlifba qəbul olunması tarixi-islamda vaqe olan mühüm bir inqilabdır", - deyirdi.

M.Əmin əlifba məsələsinin müzakirəsində islahatçılar qanadında (XX əsrin əvvəllərində əlifbaçılar əsasən islahatçılar, "ərəbçilər", rusbaşlar, "latınçılar" kimi qruplaşmışdılar) yer almış, tələsik şəkildə latın qrafikalı əlifbaya keçməyi məqbul hesab etməmişdir.

Əslində dahi mütəfəkkir latın qrafikalı əlifbanın əleyhinə deyildi. O, Cümhuriyyət dövründə əlifbanın latın qrafikasına keçirilməsi məsələsi ilə məşğul olacaq qurumun yaradılmasına, A.Əfəndizadənin bəyənilmiş latın qrafikalı əlifba layihəsinin çapına razılıq verilməsinə etiraz da etməmişdi. Amma M.Ə.Rəsulzadə Türkiyə başda olmaqla bütün türk xalqları tərəfindən birlikdə qəbul ediləcək latın qrafikalı ortaq əlifba tərəfdarı idi. O, türk xalqlarının özlərinin ümumi əlifba unifikasiyasının olmamasını onların zaman-zaman bir-birindən ayrı düşməsinə səbəb olan əsas problemlərdən hesab edirdi. Ona görə də, Azərbaycanın (eləcə də digər türk xalqlarının) təkbaşına latın əlifbasına keçməsini münasib bilmirdi. Rəsulzadənin sadiq silahdaşlarından M.Məhəmmədzadənin "Odlu Yurt" jurnalında çap olunmuş "Yeni Türk əlifbası və bolşevik mətbuatı" adlı məqaləsində deyildiyi kimi: "...Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olardı".

Buna görə də böyük demokrat M.Ə.Rəsulzadə, hələlik, osmanlılar kimi ərəb əlifbasının (faktiki olaraq həmin vaxt ərəb əlifbası bütün müsəlmanları, o cümlədən, bütün türk xalqlarını birləşdirən əsas vasitə idi, hətta Krım, Misir və sair bölgələrlə də əlaqələr bu əlifba üzərindən qurulurdu) qorunub saxlanmasını, amma asan öyrənilməsi üçün bəzi dəyişikliklərə gedilməsini təklif edirdi.   O, türk xalqları arasında ortaq imla qaydalarının yaradılmasını da arzulayırdı. Lakin ortaq əlifba olmadan bunun qeyri-mümkün olduğu qənaətində idi.

1923-cü ildə "Yeni Kafkasiya" jurnalında çap olunmuş "Azərbaycanda latın əlifbası" adlı məqaləsində öz fikrini belə əsaslandırmışdı: "Azərbaycan latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar ediləcək əsərləri Anadolu oxuya bilməz". Rəsulzadəyə görə, latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər

(Sonrakı hadisələr azadlıq carçısının haqlı olduğunu göstərdi. Belə ki, bolşevik hakimiyyəti ilk mərhələdə kiril əlifbasının məcburi tətbiqinin başqa xalqlar, o cümlədən, türk xalqları tərəfindən onların milli mədəniyyətlərinin ruslaşdırılmasına cəhd kimi qiymətləndiriləcəyindən çəkindiyi üçün neytral yol seçmiş və latın qrafikasının tətbiqinə "göz yummuşdu". Lakin türk xalqlarının bir-birinə, o cümlədən, 1928-ci ildə latın qrafikasına keçmiş Böyük Türkiyəyə getdikcə daha da yaxınlaşmasına qısqanclıqla yanaşaraq və bunu gələcək üçün böyük təhlükə hesab edərək, heç 20 il keçməmiş, sovetlər birliyində yaşayan türk xalqlarının əlifbasını məcburi şəkildə kril əlifbası ilə əvəz etmişdi).

Uzaqgörən siyasətçi sonralar qeyd edirdi ki, əgər nəşrlərimiz diqqətlə tədqiq olunsa, ən böyük əndişəmizin türk millətləri arasındakı mədəni birliyin qarşısının alınması olduğu görünər. "Azəri Türk" jurnalının 1928-ci ildə çıxan 18-ci sayında dərc olunan "Hərf inqilabı müvacihəsində (üz-üzə gəlməsində)" adlı məqaləsində Rəsulzadə vaxtilə dərc etdirdiyi məqalələrində latın əlifbasına qarşı çıxmalarının səbəbini bu şəkildə izah edib: "Biz ötədən bəri vuqu bulan (mövcud olan) nəşriyyatımızda bu məsələdə islahatçıların nöqteyi-nəzərini müdafiə etmiş bulunurduq. Azərbaycandan başlayaraq bugünkü sovetlər ittihadı daxilində (Türkiyədən və bütün türk dünyasından təcrid olunmuş şəkildə) qalmaq zərurətində bulunan bütün türk cümhuriyyətlərində tətbiq olunan latın hərflərinə (Türkiyədəkindən fərqli hərflərə) bu nöqteyi-nəzərdən qarşı gəlirdik".

1928 və 1929-cu illərdə Türkiyədə və Azərbaycanda (həmçinin digər türk ölkələrində) latın qrafikalı əlifbaya tam keçəndən sonra M.Ə.Rəsulzadə yazırdı: "Azərbaycanın yanı başındakı qardaş Türkiyə də latın hərfləri ilə yazmağa başlayınca kültür sahəsindəki ayırma siyasəti təbiəti ilə sarsılmış olur".

Məhz bundan sonra M.Ə.Rəsulzadə Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilməsini məqbul hesab edirdi. Hər iki ölkədə bu əlifbanın öyrənilməsini və öyrədilməsini zəruri sayırdı.

         M.Ə.Rəsulzadənin dil barəsindəki fikir və görüşləri bu gün də öz əhəmiyyətini və aktuallığını saxlamaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

53 -dən səhifə 2506

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.