Super User
Diiqət! Çıxış edir Aşıq Samirə!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq deyəndə göz önünə kişi ifaçı gəlir. Amma bu stereotipi qıran bir kəs də var – Aşiq Samirə. Bu gün doğum günü olan, 44 yaşını qeyd edəcək Samirə Əliyeva.
Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olub. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirib. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb.
1991-ci ildən aşıq sənəti ilə məşğuldur.
2006-cı ildən ADMİU-nun dissertantı olan Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunub.
2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.
2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilib, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə onun ifasına yer ayrılıb. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil edərək, uğurla çıxış edib.
2018-ci ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında hesabat çıxışı olub. 2019-cu ilin aprel ayında, YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq "Bakshı festivalı" nda II yerə layiq görülüb. Həmin ilin iyun ayında YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində solist olaraq, yadda qalan və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin və YUNESKO rəhbərliyinin fəxri diplomuna layiq görülüb.
Həmin ilin sentyabr ayında Heydər Əliyev Mərkəzində 31 ölkənin XVIII–XX əsrlərə aid olan 200-dək musiqi aləti bir arada - "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində "Aşıqlar" və "Saz" bölmələrində yeganə gənc aşıq olaraq, solo ifaları və yaradıcılığı ilə bağlı məlumatlar yer alıb.
Samirə Əliyeva bir sıra məqalə, konfrans materialı və proqramın, o cümlədən aşıq sənəti üzrə təhsil alan tələbələr üçün "İxtisas", "Aşıq sənətinin tarixi və nəzəriyyəsi" və magistr pilləsi üzrə "Aşıq sənətinin müasir istiqamətləri" adlı proqramın tərtibçisi, "Dastan ifaçılığı bir aktyorun teatırı kimi" adlı dərs vəsaitinin müəllifidir
Mükafatları
1. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olaraq, eyni ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı olub.
2. 1994-cü ildə "Sübh şəfəqləri" telemüsabiqəsi, "Yanvar şəhidləri" şeir müsabiqəsi, İstedad – 95 müsabiqəsi və "Aşıq qızların I Respublika" müsabiqəsinin diplomuna layiq görülüb.
3. 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlərarası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi olub, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb.
4. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatçısı olub.
5. 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə olaraq "Leyli və Məcnun" dastan-tamaşasında Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880 xatirə nişanı" ilə təltif olunub.
6. 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Milli Qəhrəman Allahverdi Bağırovun ailəsi və sevgi hekayəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Allahverdi Bağırov beş bacıdan sonra doğulmuşdu. Lakin bacıları ondan böyük olsalar da, onun qarşısında özlərini uşaq kimi hiss edirdilər.
Bacısı Svetlana Bağırova deyir: “Son dərəcə mehriban, amma zəhmli görkəmli idi. Allahverdi əyləşən süfrədə onunla oturub yemək yeməmişik. Məndən kiçik olmasına baxmayaraq hamımız ona böyük kimi hörmət edirdik”.
Anası rəhmətə gedəndə Allahverdi Bağırov çox sarsılmışdı. Axşamlar gizlicə qəbiristanlığa gedərək anasının məzarını ziyarət edirmiş. Atası da dünyadan vaxtsız köçdüyündən Allahverdi Bağırov ailənin qayğılarını üzərinə götürüməli olur. Müharibə başlayanda onun 46 yaşı vardı. Ağdamın imkanlı, varlı adamı iş-gücünü atıb cəbhəyə yollanmışdı...
Digər bacısı Almaz Bağırova deyir: “Sevdiyi qız vardı. O qız ailənin yeganə övladı idi. Onlar uzun illər bir-birlərini sevdilər. Lakin qızın ali məktəbə daxil olması gənclər arasında problem yaratdı. Allahverdi sevgilisindən fərqli olaraq həmin il ali məktəbə daxil ola bilməmişdi”.
Gənclər ayrılırlar. İllər sonra Allahverdi Bağırov keçmiş sevgilisinin vəfat etdiyini eşidir. O, hər dəfə doğmalarının məzarını ziyarət edəndə keçmiş sevgilisinin məzarına da baş çəkirmiş.
Həmin qız Allahverdi Bağırovun şəhid olmasından az əvvəl onun yuxusuna girir. Milli Qəhrəman bu barədə bacısına danışır: “Yuxumda gördüm ki, o qız məni zorla özünə doğru çəkdi”.
Bacısı onun bu yuxusundan qorxur, kövrəlir. Bunu görən Allahverdi Bağırov tez sözlərinə düzəliş edir: “Narahat olma, qız məni buraxdı”.
Amma yuxusu çin çıxır, bir neçə həftə sonra şəhid olur.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
BİRİ İKİSİNDƏ Uilyam Harvinin hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Tərcümə saatıdıdr, sizlərə Uliyam Harvinin qısa hekayələri təqdim edilir. Onları ngiliscədən tərcümə etdən BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsudur.
TƏRCÜMƏ SAATI
QIZMAR AVQUST
U.F. HARVİ
Qısa hekayələr müəllifi Uilyam Frayer Harvi (1885-1937) qorxu və dedektiv janrının görkəmli nümayəndəsidir. O, varlı kvaker ailəsindən olub, Oksfordda tibb təhsili alıb. Birinci Dünya müharibəsi illərində Təcili Yardım Bölməsində xidmət edib, sonra Kral Donanmasında cərrah-leytenant vəzifəsinədək yüksəlib. Xilasetmə əməliyyatı zamanı ağciyərində problem yaranıb, ömrünün axrına qədər səhhətində narahatlıqlardan əziyyət çəkib. Buna baxmayaraq, Harvi yaradıcılığa davam edib, qotik üslubda nümunələr yaradıb. İlk hekayələr kitabı “Gecəyarısı evi” (1910) olub.
“Qızmar avqust” (1910) və “Beşbarmaqlı bədheybət” (1919) hekayələri isə kiçik şedevrlər sayılır.
***
Feniston-Roud, Klephem
20 avqust, 190--.
Həyatımın ən əlamətdar gününü hadisələr hələ yaddaşımda təzə ikən, mümkün qədər aydın şəkildə kağıza köçürmək istəyirəm.
Əvvəlcə onu deyim ki, adım Ceyms Klarens Vitenkroftdur.
Qırx yaşım var, tam sağlam adamam, ömrümdə bir gün də xəstəlik nədir, bilməmişəm.
Peşəm rəssamlıqdır, çox uğurlu olmasam da, ağ-qara rəsmlərimdən ehtiyaclarımı ödəyəcək qədər gəlir əldə edirəm.
Yeganə yaxın qohumum – bacım 5 il qabaq ölüb, buna görə də tam müstəqiləm. Bu gün saat 9-da səhər yeməyi yedim, qəzetə göz gəzdirdikdən sonra qəlyanımı yandırıb karandaşım üçün bir ideya tapmaq ümidiylə beynimə sərbəstlik verdim.
Qapı-pəncərə açıq olsa da, otaq boğucu dərəcədə isti idi. Elə qərara gəlmişdim ki, ətrafdakı ən sərin və rahat yer ümumi üzgüçülük hovuzunun axırıdır, ağlıma, nəhayət, ideya gəldi.
Dərhal karandaşı götürüb çəkməyə başladım. Necə aludə oldumsa, nahar yeməyinə də əl vurmadım və yalnız Müqəddəs İuda kilsəsinin saatı dördü vuranda dayandım.
Belə tələsik çəkilmiş eskizin yekun halı, əmin idim ki, indiyə qədərki işlərimin ən yaxşısı idi. Orada hakim hökm oxuyandan dərhal sonra məhkəmə kürsüsündəki cinayətkar təsvir olunmuşdu. O, kök, həddindən artıq yekəpər idi. Çənəsinin ətrafında əti qat-qat sallanır, qalın, qısa boynunu qırışdırırdı. O, təmiz təraş olunmuşdu, (bəlkə də, bir neçə gün öncə tam təmiz təraş olunmalı idi, deməliyəm) və az qala, keçəl idi. O, kürsüdə dayanmış, qısa, kobud barmaqları ilə kürsü dirəyini sıxaraq düz qabağa baxırdı. Onun üz ifadəsi qorxudan daha çox, tam qəti məğlubiyyət təəssüratı yaradırdı.
Kişi heç də o nəhəng cüssəni daşıya biləcək qədər güclü görünmürdü.
Eskizi bükdüm və səbəbini bilmədən cibimə qoydum. Sonra isə yaxşı bir işin uğurla görülməsinin verdiyi o nadir xoşbəxtlik hissi ilə evdən çıxdım.
Hesab edirəm ki, evdən Trentona getmək niyyəti ilə çıxmışdım, çünki Litton küçəsi ilə irəlilədiyim və yeni tramvay xətlərində kişilərin işlədiyi təpənin dibində Gilkrist yolu ilə sağa döndüyüm yadımdadır.
Ondan sonra hara getdiyim barədə çox solğun xatirələrim var. Tam fərqində olduğum isə tozlu asfalt səkidən qalxan və az qala toxunulası qədər hiss olunan dəhşətli istilik idi. Qürubda aşağıdan asılmış mis rəngli nəhəng bulud yığınlarının vəd etdiyi ildırımı səbirsizliklə gözləyirdim.
Təxminən beş-altı mil getmiş olardım ki, balaca bir oğlan saatı soruşaraq məni düşüncələrimdən ayırdı.
Saat yeddiyə iyirmi dəqiqə qalırdı.
O uşaq uzaqlaşandan sonra harada olduğumu müəyyənləşdirmək qərarına gəldim. Gördüm ki, bir həyətə açılan darvazanın qarşısında dayanmışam. Həyətin kənarlarını qurumuş torpaq zolağı əhatə etmiş, burada bənövşələr və al-qırmızı ətirşahlar açmışdı. Girişin üstündə bir lövhə vardı, üzərində belə yazılmışdı:
“CHS.ATKİNSON. QƏBİR DAŞI DÜZƏLDƏN
İNGİLİS VƏ İTALYAN MƏRMƏRİ USTASI”
Ustanın həyətindən şən bir fit səsi, çəkic zərbələri və daşa dəyən poladın sərt səsi gəlirdi.
Ani bir impulsla içəri girdim.
Arxası mənə sarı bir adam naxışlı mərmər lövhə üzərində işləyirdi. Addımlarımı eşidincə çevrildi və mən yerimdəcə donub qaldım.
Bu, bayaq rəsmini çəkdiyim, şəkli hələ də cibimdə olan adam idi.
Yekəpər, yöndəmsiz bədən quruluşu olan bu adam orada oturub başından axan tərini qırmızı ipək dəsmalla silirdi. Amma üzü eyni olsa da, ifadə tamamilə fərqliydi.
O sanki köhnə dostunu görmüş kimi gülümsədi və əlimi sıxdı.
İçəri girdiyim üçün üzr istədim.
“Çöldə hər şey həm isti, həm də hədsiz parıltılıdır”, dedim. “Bura isə səhranın ortasında vadiyə bənzəyir”.
“Vadi barədə bir şey deyə bilmərəm” – deyə cavab verdi, “amma həqiqətən, cəhənnəm istisi var. Əyləşin, cənab”.
O, üzərində işlədiyi qəbir daşının ucunu göstərdi və mən oturdum.
“Əlinizdəki əla daş parçasıdır ha!” – dedim.
Başını yellədi. “Bir tərəfdən elədir” – cavab verdi, – “bax, bu səthi istədiyin qədər gözəldir, amma arxa tərəfində böyük bir çat var – siz isə çətin ki, fərqinə varasınız. Mən belə mərmərlə heç vaxt əsl yaxşı bir iş görə bilməzdim. Belə yay vaxtı isə heç nə olmur, bu cür istiyə dözür, amma qış gələndə bax gör nə olur. Daşın nöqsanlarını şaxta kimi üzə çıxaran ayrı heç nə yoxdur”.
“Onda bu nə üçündür?” – deyə soruşdum.
Kişi qəhqəhə çəkdi.
“Desəm, inanmazsınız – amma sərgi üçündür. Bəli, düz deyirəm. Rəssamların sərgisi olur, baqqalın da, qəssabın da; bizim də olur. Qəbir daşları ilə bağlı olan ən son xırda şeylərin hamısının, yəni”.
O, mərmərdən danışmağa davam etdi – hansının küləyə və yağışa daha yaxşı dözdüyünü, hansının üzərində işləməyin daha asan olduğunu deyirdi; sonra bağından və aldığı yeni qərənfil növündən danışdı. Hər iki dəqiqədən bir alətlərini yerə qoyur, parıldayan başını silir və istiyə söyürdü.
Mən az danışırdım, çünki narahatlıq hiss edirdim. Bu adamla rastlaşmağım mənə nəsə qeyri-təbii, qəribə gəlirdi.
Əvvəlcə özümə təlqin etməyə çalışdım ki, onu daha əvvəl görmüşəm, tanımadığım bu üz yaddaşımın hansısa uzaq künc-bucağında yer tutub. Amma anlayırdım ki, bu, sadəcə, özümü aldatmaqdan başqa bir şey deyil.
Cənab Atkinson işini bitirdi, yerə tüpürdü və rahat bir ah çəkərək ayağa qalxdı.
“Baxın! Sizcə, necə alınıb?” – deyə aşkar bir qürurla söylədi. İlk dəfə oxuyacağım yazı belə idi:
CEYMS KLARENS UİTENKROFTUN
MÜQƏDDƏS XATİRƏSİNƏ
DOĞULUB: 18 YANVAR 1860
ANİDƏN VƏFAT EDİB: 20 AVQUST 190 -
“Həyatın ortasında ölümlə üz-üzəyik”.
Bir müddət sakitcə oturdum. Sonra isə onurğamdan soyuq titrəmə keçdi. Ondan bu adı harda gördüyünü soruşdum.
“Mən bunu heç harda görməmişəm” deyə Mister Atkinson cavab verdi. “Mənə ad lazım idi, mən də ilk ağlıma gələni yazdım elə. Niyə soruşurdunuz ki?”
“Qəribə təsadüfdür, çünki bu, mənim adımdır”.
O, alçaq səslə uzun fit çaldı.
“Bəs tarixlər?”
“Ancaq birinə cavab verə bilərəm ki, o da düzdür”.
“İşə bax da!” - dedi.
Ancaq o, məndən də az bilirdi. Ona səhərki eskizim barədə danışdıqdan sonra cibimdən çıxarıb göstərdim. Baxdıqca üzünün ifadəsi dəyişərək çəkdiyim adamın üzünə get-gedə daha çox oxşayırdı.
“Elə dünən yox, srağagün” – o dedi, Mariaya deyirdim ki, ruhlar mövcud deyil”.
Heç birimiz ruh görməmişdik, amma nəyə eyham vurduğunu başa düşürdüm.
“Siz, yəqin ki, adımı eşitmişiniz” – dedim.
“Siz də, yəqin, məni hardasa görmüsünüz, yadınızdan çıxıb. Keçən iyulda dənizkənarı Klaktonda olmamısınız?”
Heç vaxt ora getməmişdim. Bir müddət sakit qaldıq. Hər ikimiz eyni şeyə – qəbir daşındakı iki tarixə baxırdıq. Onlardan biri düz gəlirdi.
“Gəlin içəri keçək, bir az şam edək” – dedi cənab Atkinson.
Onun arvadı kənddə böyüyən adamın yanaqları kimi qıpqırmızı yanaqlı, balaca, şən bir qadın idi. Əri məni rəssam dostu kimi təqdim etdi. Nəticə isə elə də xoş olmadı, çünki sardina və vəzəri süfrədən yığışdırıldıqdan sonra qadın Doré İncili çıxartdı və mən yarım saatdan çox oturub heyranlığımı ifadə etməli oldum.
Çölə çıxanda gördüm ki, Atkinson qəbir daşında oturub siqaret çəkir.
Biz qaldığımız yerdən söhbətimizə davam etdik. “Soruşduğuma görə bağışlayın”, – dedim, – “amma məhkəmədə təqsirli bilinəcəyiniz nəsə eləmisinizmi?”
Başını yellədi. “Müflis olmamışam, işim kifayət qədər yaxşı gedir. Üç il əvvəl Milad bayramında bəzi gözətçilərə hinduşka vermişdim, amma başqa bir şey yadıma düşmür. Onlar da kiçik idi”, – deyə fikrini tamamladı.
O ayağa qalxdı, eyvandan bir su qabı gətirdi və gülləri sulamağa başladı. “İsti havalarda gündə iki dəfə mütəmadi sulayıram”, – dedi, – “amma bəzən istilik aralarındakı həssasları məhv edir. Qıcılar... Allah bilir, onlar heç dözə bilməzlər. Harada yaşayırsınız?”
Mən ona ünvanımı dedim. Evə qayıtmaq üçün sürətli addımlarla bir saatlıq yol vardı.
“Vəziyyət belədir”, – dedi, – “gəlin açıq danışaq. Əgər bu gecə evə getsəniz, hər cür qəza ehtimalını qəbul edirsiniz. Sizi araba əzə bilər, yolda banan qabığı və portağal qabığı ola bilər, düşmüş nərdivanları da unutmayaq”.
O, qeyri-mümkün şeylərdən o qədər ciddi danışırdı ki, bu, altı saat əvvəl gülünc görünərdi. Amma mən gülmədim.
“Ən yaxşısı budur”, – deyə davam etdi, – “siz burada gecə saat on ikiyə qədər qalasınız. Yuxarı çıxarıq, siqaret çəkərik, bəlkə, içəridə bir az sərin olar”.
Təəccüblü şəkildə razılaşdım.
...Biz çardağın altındakı uzun və alçaq bir otaqda oturmuşuq. Atkinson arvadını yatmağa göndərib. Özü isə siqarımdan birini çəkə-çəkə kəsici alətlərini yağdaşın üstündə itiləməklə məşğuldur.
Hava ildırımla dolu kimidir. Mən bu qeydləri açıq pəncərənin qarşısında, sınıq-salxaq bir masanın üstündə yazıram.
Masanın ayağı qırılıb və Atkinson – alətlərlə yaxşı iş görənə oxşayır – oyma bıçağını itiləyib bitirən kimi onu təmir etməyə başlayacaq.
Artıq saat on birdən keçib. Mən bir saatdan az müddətə buradan gedəcəyəm.
Amma istilik boğucudur.
İnsanı dəli etməyə bəs edər.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Diaspor rəhbəri Fəxri Fərmanla təltif edilib
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğız dili Günü münasibətilə dövlət dilinin dəstəklənməsi və inkişafına həsr olunan tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Qırğız Respublikasının Prezidentinin yanında Dövlət dili və dil siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliev Qırğız Respublikası Azərbaycanlıları “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevi Qırğız dilinin inkişafı və təbliğinə verdiyi mühüm töhfəyə görə Fəxri Fərmanla təltif edib. Bu mükafat ölkədə yaşayan Azərbaycan icmasının dövlət dilinə hörmət və ehtiramın, onun qorunması və genişlənməsi istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Salam Sarvanın şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
SALAM SARVAN
YATAĞIMIZ ÇAY YATAĞI
Yenə sıxılır ürəyim,
səninçün darıxıram.
Gözümü dikib tavana
sənə, sənə baxıram.
Burda tənhayam, qorxuram,
bilməm sığınım kimə.
Bir kimsə yanıma gəlmir,
hamı gəlir üstümə...
Bəlkə orda həyatımdan
sən də çıxaçıxdasan.
Yaxın gəl, bir görüm məndən
nə qədər uzaqdasan.
Amma axı bir yerdəyik,
ağrı sənsən, dözən mən...
Yatağımız çay yatağı –
axan sənsən, üzən mən.
SƏNİ VURMAĞA DA QALXMAZ ƏLLƏRİM
Buludlar tozdurmu, belə qopublar
yağışın yol keçib axdığı yerdən?
İlahi, indicə bir gül çıxacaq
dağ öz ürəyini sıxdığı yerdən.
Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin...
Səndən vəfalıymış sənin yolların,
hələ də keçirlər baxdığım yerdən.
Ax, birin bilirsən sən də, birin yox:
daha yıxılıram, heç xəbərin yox...
Gördüm ki tutmağa başqa yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.
AMMA YAŞAYA BİLMİRƏM...
Bir az iş-güc qatır başı,
bir az da yazı-pozu:
sənsiz yaşaya bilirəm,
narahat olma, “Qızım”.
Amma yaşaya bilmirəm, bilmirəm.
Bir az səndən zəhləm gedir, bir az da özümdən.
Narahat olma, “Qızım” –
sənsiz yaşamaq mümkünmüş deyə
yavaş-yavaş düşürsən gözümdən.
İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...
Narahat olma, “Qızım” –
öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:
o dünyadan bu dünyaya hər gün bir az köçürəm.
Amma yaşaya bilmirəm, bilmirəm...
Hərdən züm-zümə edirəm, hərdən də ulayıram...
Narahat olma, “Qızım” –
yavaş-yavaş sağalıram iflicdən,
məsələn, artıq səni xatırlayanda başımı bulayıram.
Amma yaşaya bilmirəm, bilmirəm...
Narahat olma, “Qızım” –
mən şəhərdə gəzəndə
insanlar bir adamlıq kənardan keçirlər,
sanki yanımda yeriyirsən deyə.
DƏHŞƏTLİ ŞEİR
Qırışların arasından yavaş-yavaş axır qan,
mənsə əlimlə silirəm üz-gözümün tərini.
Nəsə yazıb o dərzi qız iynəsiylə kürkümə:
oxuyuram sətir-sətir bu tikiş yerlərini.
Yavaş-yavaş axır qan,
get-gedə qızarır dan...
Adamlar göyə açıb boş ovcunu hələ də,
qopur yalvarış dolu dualar dillərindən.
Bir uşaqsa gül tutub
Tanrıya uzatdığı balaca əllərində.
Yavaş-yavaş çıxır can...
Və heç nəyi olmayan bu yalqız oğlu yalqız
ayrılıq məqamında götürüb gedir ancaq
yarıyacan çəkdiyi siqarı külqabıdan.
Hə, bu da sonuncu an:
yarat məni, Yaradan.
HƏYAT EŞQİ
Yavaş-yavaş ötür yaşım...
Və getdikcə durulur
avar çəkməyə açılan qolları
qucaq sanmaq aldanışım.
Amma hələ də içimdə
dənizdə boğulmuş adamın meyitini
suyun üzərinə çıxaran həyat eşqi var.
Sənsə gözünün qırağıyla
əlindən buraxdığın adamın arxasınca baxırsan
havaya şar buraxan bir uşaq marağıyla...
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açıb
Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan bəhs edib, həmçinin teatrın yaradıcılıq yoluna dair qısa məlumat verib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, övladları Vətən müharibəsində şəhid olmuş analar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin tanınmış simaları, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.
Daha sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” tamaşası nümayiş olunub. Səhnə əsərinin müəllifi yazıçı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.
Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.
Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
(AzərTAC-ın məlumatından və fotosundan istifadə edilib)
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Unutma, hər şey beyində başlayır və beyində bitir -ESSE
Aynur İsmayılova. “Ədəbiyyat və incəsənət”
Fikrimin ən qaranlıq küçəsində anladım: ən gözəli getməkdir — kimsəyə hesab vermədən, nəfəsini tükətmədən, ruhunu incitmədən, dönüb geriyə baxmadan. Nə istədiyini bilməyən, nə yaşadığını görməyən birilər üçün özünü sübut etməyə çalışmaq bir divara danışmaq kimidir.
Qoy o divarlar sənin nə istədiyini, nə yaşadığını görməsin, duymasın. Sənin üçün önəmli olan şey — sənin nə istədiyini bilməkdir. Onlara bənzəmədiyini anladığın an onlara arxanı çevir; çünki bu bir gediş deyil — bu sənin özünə qayıdışındır. Bəzi şeylər arxada qalmalıdır ki, yeni başlanğıcların təməli qoyulsun. Əksi baş verəndə tükənən sən olursan.
Hər dəfə səsini duyurmağa çalışırsan, amma səsin yalnız sənə əks-səda verir. Kimsə duymaq, anlamaq istəmir, çünki sən qayalara bağırırsan. Və səsini səndən başqa nə duyan, nə də eşidən var. Bir müddət sonra artıq sən də öz səsini eşidə bilmirsən, çünki boğulmağa başlayırsan. O anda anlamağa başlayırsan ki, yanlış yerdəsən. Və oradan uzaqlaşmağa başlayırsan. İndi içindən nə səsini duyurmaq gəlir, nə də onların səsi səni narahat etməyə başlayır; çünki sən artıq nə istədiyini bilirsən.
Həmin gündən sən yoluna yalnız sənlə davam edirsən.
Artıq anladım ki, bu yol təkcə mənə aiddir. Gediləcək yalnız bir yol vardı — kimsəyə hesab vermədən, səssizcə arxamı dönüb getdiyim həmin yol… Unutma: hər şey beyində başlayır və beyində bitir.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq
Azərbaycan UNESCO-nun 29 sentyabr–1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT-2025) təmsil olunacaq. Tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla Azərbaycan nümayəndə heyəti təmsil edəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, MONDIACULT- 2025 çərçivəsində sentyabrın 28-də Barselonada “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin qlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlı gələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.
MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən keçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma kimi tanınır. Builki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.
Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalar və mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”, “İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçi istifadəyə verilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, soydaşlarımız, müsəlman və xristian icmalarının təmsilçiləri, elm və incəsənət adamları, yerli media iştirak edib.
Çıxışlarda muzeyin fəaliyyətinə və Varşava üsyanının tarixinə nəzər salınıb. Bildirilib ki, Varşava üsyanı yalnız Polşa tarixində deyil, bütövlükdə insanlıq tarixində cəsarətin, dözümlülüyün və sarsılmaz iradənin simvoludur. Bu qəhrəmanlıq salnaməsi sərhədləri, millətləri və nəsilləri aşan universal bir hekayə olaraq, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiqdir.
Qeyd olunub ki, audio bələdçi mədəniyyətlər arasında körpü rolunu oynayaraq qarşılıqlı anlayış və həmrəyliyi təşviq edən bir vasitə sayıla bilər.
Muzeydə bundan sonra ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dilləri ilə yanaşı Azərbaycan dilində də audio bələdçinin olması müsbət hal kimi qiymətləndirilib.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
“Tı moy rodnoy” deyə hər kəsə sevgi izhar edən CAVAN ZEYNALLI
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Cavan Zeynallı yaşına görə çox cavan qalıb. Niyə? Çünki mehribandır, optimistdir, rastlaşdığı hər kəsə də “tı moy rodnoy” – yəni, sən mənim əzizizmsən deyir. Bu gün onun yubileyidir, 80 illiyidir.
Azərbaycan Respublikasının xalq artisti Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib, özü dediyi kimi, içərişəhərlidir, ağşalvarlılardandır. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi olub, dahi Üzeyir Hacıbəylinin kollektivində işləyib. Cavan əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirib.
Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərib.
1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olub, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib.
Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanıb. Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edib.
Filmoqrafiya
- Benefis
- Çətirimiz buludlardır
- Dantenin yubileyi
- Əlvida, cənub şəhəri
- İstintaq
- Kədərimiz... Vüqarımız...
- Koma 0,1 saniyədə
- Qonşu qonşu olsa...
- Oqtay Ağayev. Ötən günlər
- Park
- Sizi, kiçik toy məclisinə dəvət edirik
- Tam məxfi
- Yanmış körpülər
- Yollar görüşəndə...
Mükafatları
1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
2. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
Sənətkarı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)


