Super User

Super User

Bazar ertəsi, 29 Sentyabr 2025 17:26

Bu dünyada bir Vaqif İbrahim vardı…

 

İnci Məmmədadə, “Ədəbiyyat və incəsənət

 

O Şəkidə doğulmuşdu, sonradan tale onu Sumqayıta aparıb çıxardı. Nə biləydi ki, vaxtsız ölüm onu məhz Sumqayıtda yaxalayacaqdı…

 

"Vətəndaş!"

Bu böyük, ülvi ad o Sabir kimi

Oğulluq edənə verilsin gərək,

Dar gündə Vətənə Cavanşir kimi

Köməyə yetənə verilsin gərək!

Mənsub olduğumuz bu xalq, bu Vətən

Onsuz da pasportdan, demə, bəllidir,

Bizim kimliyimiz pasportdan deyil,

Bu xalqa, Vətənə xidmətimizdən,

Ona sevgimizdən bilinməlidir!..

 

Azərbaycan şairi Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulub. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor, məsul redaktor, Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri, "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi, "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olub.

Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilib. Baykal-Amur magistralının fəxri inşaatçısı adına layiq görülüb. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olub, Sumqayıtda dəfn edilib

 

Kitabları

1. Bu torpaqda doğulanlar

2. Ömür balladası

3. Dünyanın keşiyində.

4. Baykal-Amur magistralında

5. Mehribanlıq işığı

6. Taleyimə yazılanlar (şeirlər)

7. Vaxtla üz-üzə

8. Mən də varam.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

 

 

Ağalar İdrisoğlu,

yazıçı-rejissor, Əməkdar  incəsənət  xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Tarixlər boyu ulularımızdan bizim əsrə qədər gəlmə belə bir maraqlı kəlam var: “Dişin ağrıyırsa çək qurtar”...  Mənə elə gəlir ki, bu kəlam bütün millətlərdə var və yəqin  o vaxt deyilib ki,  həmin  vaxtlar dişlərlə bağlı təbib olmayıb. Ona görə də dişləri müalicə etmək mümkün olmadığından belə deyiblər və dişlərini  özləri  çəkiblər, ya da  naşı adamlara  çəkdiriblər.

 

Həmin vaxtı da orqanizmlərinə çoxlu infeksiyalar keçib və bu infeksiyalar da orqanlarının başqa üzvlərində də fəsadlar yaradıblar. Həm də yedikləri yeməkləri lazım olan kimi  çeynəyib, həzm edə bilməyiblər. Bu da orqanizmdə başqa fəsadlar yaradıblar. Məhz ona görə də keçmiş əsrlərdə insanlar çox az yaşayıblar.  Amma bu gün çox savadlı, bacarıqlı diş həkimlərimiz olduğuna görə, dişləri sağaltmaq heç də böyük problem deyil. Amma bu şərtlə ki, hər bir insan özünün həkimi olsun və dişlərinə mütəmadi qulluq etsin. Və başa düşsün ki, insan sağlamlığının ilk dərmanı həqiqətən də  dişlərdir. Ona görə də mütəmadi olaraq, öz işinin peşəkarı olan diş həkimlərinə müraciət  etsinlər. Onların dediklərinə diqqətlə qulaq asıb və onlara əməl eləsinlər.

Bax, belə məsuliyyətli  və peşəkar diş həkimlərdən biri də Nəzakət həkimdir. İnanıram ki, onunla apardığım bu müsahibə oxucular üçün də maraqlı olacaq. Ona görə  ilk öncə onun haqqında qısa məlumat vermək istəyirəm.

 

Qısa arayış:  Nəzakət  Abduləli qızı  İsmayılzadə, 1973-cü ilin  noyabr  ayının  8-də  Laçın rayonunda anadan olub. 1991-1993-cü illərdə  Maliyyə -İqtisad kollecində təhsil alıb. Arzusu həkim olmaq  olduğuna görə, israrla  bu arzusunun ardınca gedərək, 1993-1998-ci illərdə  Azərbsycan Dövlət Tibb  Universitetinin tələbəsi olub.  1998-1999-cu illərdə  internaturanı  Sumqayıt şəhər 2 nömrəli Stomatoloji  Poliklinikada keçib. 1999-2002-ci illərdə Sumqayıt şəhər 2 nömrəli  Stomatoloji  Poliklinikada həkim -stomatoloq işləyib. Sonra isə  Kimyaçılar Poliklinikasında həkim- stomatoloq və paralel  olaraq AQS  Stomatoloji Klinikada  həkim -stomatoloq kimi çalışıb. Sumqayıt şəhərindəki  4 nömrəli Poliklinikada  həkim -stomatoloq kimi öz işini uğurla  davam etdirib. Nəzakət həkim hal-hazırda Sumqayıt şəhər Stomatoloji Poliklinkada  həkim- stomatoloq və paralel olaraq, ,,PREZİ-DENT  Klinikasının həkim –stomatoloqudur. Öz işinin yaxşı mütəxəsisi olduğuna görə yanına xəstələr daha  çox gəlir. Bütün yaş qruplarında pasiyentlər ona müraciət edirlər. O cümlədən uşaqlar  da.  Çünki bütün  pasiyentlər, Nəzakət həkimi ümid çırağı bilirlər. Valideynlər  onu da bilirlər ki, uşaqlarını  o, müalicə etsə,  özləri kimi onlar da tam müalicə olunacaqlar.

Dünya şöhrətli təbib, loğman İbn Sinanın  bu kəlamı Nəzakət həkimin ali məqsədidir: “ Şəfasız xəstəlik yoxdur: iradə əskikliyindən başqa. Dəyərsiz  bitki yoxdur, tanınmayandan başqa”.

 

-Salam, Nəzakət həkim. Bizim məmləkətdə insanlarımız çox vaxt dişlərə ən adi bir orqan kimi baxırlar   çox vaxt  da dişlərini qorumurlar.  Sonra da peşiman olurlar.  Xahiş edirəm  bizim çoxminli oxucularımıza geniş  məlumat  verin ki, dişlər nəyə görə vaxtından tez xarab olurlar. Bunun əsl səbəbi nədir? Daha doğrusu sizin həkim dililə desək dişlər, niyə xəstələnir?

 

-  Salam  Ağalar müəllim. Bu, çox maraqlı sualdır. Belə sualları xəstələr də tez-tez bizə verirlər. Bunun əsas səbəbi dişlərdə olan kariyesdir. Karyesin yaranma səbəbi hər zaman  elm adamlaranı düşündürmüşdür. Aydınlaşdırılan səbəblər arasında birinci olaraq diş minasına turşuların həlledici təsiri əsas götürülür və eyni zamanda bu prosesdə bakteriyaların da  ( Leptotrix buccalis mikrobu)  çox  iştirak edir. 

Qeyd edim ki, uşaq  ana bətnində olan zaman hamiləliyin gedişi, ananın keçirdiyi xəstəlikləri, stressi, qidalanması və  uşaq anadan oduqdan sonra isə  uşağın qidalanmasının süni və ya təbii olması, keçirdiyi xəstəliklər və hansı regionda yaşaması dişlərin kariyes və  ya qeyri- kariyes xəstəliklərinin yaranmasında əsas rol  oynayır. Onu da vurğulayım və xəstələr bilsinkər ki, kariyes  genetik xəstəlik deyil, amma deyim ki, bir bənzəmədə var: pasiyentlər adətən dişlərinin tez çürüməsinə və quruluşuna görə anasına, ya da atasına oxşadıqlarını deyirlər.

Amma əslində  bu, tam belə deyil. Əlbəttə, həqiqətən də bu bir şans məsələsidir. Dişlər nəsildə ən sağlam valideyndən uşağa ötürülsün. Lakin çox vaxt belə olmur.

 

- Bəs biz problemli dişlərlə dünyaya gələndən sonra dişlərimizin çürüməməsi, xarab olmaması üçün nə etməliyik və dişlərimizi necə qorumalıyıq?

 

- Bəli bu işdə uşaqlarla işləyən stomatoloqların üzərinə  böyük məsuliyyət düşür. Ən ümdə iş uşağın ana südü ilə təbii qidalanmasıdır. Bu həm dişlərin  lazım olan maddələrlə təmin olunmasına kömək edir, həm də üz-çənə- diş sistemində patologiyaların qarşısını alır. Ana südü mükəmməl diş strukturlarının inkişafı üçün yaxşı şərait yaradır. Amma çox əfsus ki, bu gün uşaqların böyük əksəriyyəti ana südündən məhrimdurlar. Ayrı-ayrı mənşəli bilinməyən smeslərlə qidalanan  uşaqların da təkcə dişlərində yox, başqa orqanlarında da problemlər yaranır və uşaq böyüyəndən sonra həmin problemlər özünü büruzə verir. Bir də  vurğulayım ki,  uşaqlar ana südü ilə qidalansa, daha yaxşı olar.

Bilirsiniz ki, uşaqlarda ilk diş 6 aylıqda çıxır  ( bəzən tez və ya gec çıxa bilər, hətta ağız boşluğunda dişi ilə doğulan körpələr də var).         Bunu da  qeyd edim ki, uşağın  ilk dişi çıxan andan  valideynlər tərəfindən  hökmən  dişlərin  gigiyenik təmizlənməsi aparılmalıdır.  Qidalanma rejiminə isə xüsusi diqqət yetirilməlidir. Uşağa vaxtında yemək verilməsi, onun yeməkarası intervallarda çox şirniyyat yeməməsi də kariyesin yaranması imkanın xeyli azaldır.

Suda flüor elementinin norma daxilində olması  hökmən vacibdir. Çünki  az da olarsa,  dişlərdə  xəstəliyə səbəb olur, çox da olarsa,  başqa bir xəstəliyin yaranmasına  səbəb olur. Flüor  laklarından da istifadə etmək dişlərdə kariyesin qarşısını alır. Ən yaxşı nəticə əldə etmək üçün ağız boşluğunda dişlərin təzə çıxan zaman  flüordan istifadə olunması məsləhətdir.

Remenerallaşdırıcı məhlullardan da istifadə etmək məqsədə  çox uyğundur.  ( 10% kalsi-qlükonat məhlulu.)          Dişlər çıxan anından fissurları və kor çuxurları yüksək adgeziyaya malik plomblarla bağlamaq da kariyesin qarsısın alır. Bu işdə də diş həkimləri valideynlərə çox köməklik edə  bilərlər.

 

-Bu gün insanlar var ki, dişləri sağlamdır, amma seyrək olduğuna görə ağızlarında dişləri yaxşı görünsün deyə, sağlam  dişlərini çıxartdırıb, yeni dişlər əkdirirlər. Bu, nə qədər doğru fikirdir?

 

- Əslində seyrək  dişlər arasında qida qalıqları az qalır, ya da heç qalmır deyə, çürümə ehtimalı nisbətən azalır. Allahın bizə bəxş etdiyi təbii dişlərin əvəzini  heç bir süni diş verə bilməz. Düzdü, artıq insanlar sağlamlıqdan çox xarici gözəlliyə daha çox diqqət edirlər. Qeyd edim ki, gözəllik sizi nə qədər mükəmməl göstərsə də, o gözəllik sizin sağlamlığınıza zərər vermədən yaradılmalıdır. Çünki insanın dünyada ən böyük var-dövləti onun sağlamlığıdır. Sağlamlığı olmayan insan bal da yesə, ona zəhər dadı verəcək.

Bunu heç kəs unutmasın ki, heç bir həkim  Uca  Tanrının yaratdığı gözəlliyi, funksiyanı, dözümlülüyü yarada  bilməz.

 

- Bir vaxtlar qızıl, metal dişlər qoydurmaq modda idi. Amma sonra insanlar başa düşdülər ki, qızıldan və başqa metaldan olan dişlər insan orqanizminə böyük ziyan vurur. Bu, düzdürmü?

 

- Bəli əvvəllər hazırlanan metal qapaqlar daha çox idi, bu gündə deyim ki, azda olsa, var. Metal qapaqların ziyanına gəldikdə isə elə deyil, sadəcə ağız boşluğunda iki ayrı  cür  başqa  metaldan qapaqların olmasını məsləhət görmürük. Bir həqiqəti də deyim ki, metal qapaqların üstün cəhəti diş toxumasının az yonulmasıdır.

 

- Siz, bir həkim kimi insanlarımıza dişlərini dəyişəndə  nədən istifadə etməsini daha çox məsləhət bilirsiniz?

 

- Biz bir həkim olaraq hər bir pasiyentin ilk gəlişində ağız boşluğunu  tam müayinə edirik: - selikli qişa, yumşaq və sərt damaq,  dil, dodaq nahiyəsində patoloji bir ocağın olub-olmadığına diqqət yetiririk. Sonra dişləri tək-tək müayinə edirik. Əlavə müayinə metodlarından da istifadə edirik ki, həkimin görə bilmədiyi patoloji proseslər nəzərdən qaçmasın. Biz əsasən bir şeyə daha çox fikir vüririk. Bu da ondan ibarətdir ki, çalışırıq dişlərin çəkilməsinə tələsməyək. Onu da deyim ki, günü- gündən tibbin bütün sahələri kimi stomatologiya da sürətlə inkişaf edir.

Hal-hazırda pasiyenylərə   əsasən keramika dişlər məsləhət görülür: -zrikon- keramika, press- keramika, metal-keramika və sairə.  Amma  pasiyentin müayinəsindən sonra yekun olaraq müəyyənləşdirmək  olar ki, hansı dişlərdən istifadə olunacaq və bu dişlər onun gələcək sağlamlığına necə təsir göstərəcək.  Biz də xəstələrə həmin dişləri məsləhət görürük.

 

- Ümumiyyətlə,  dişləri qorumaq üçün insanlar ilk öncə   etməlidirlər?

 

- Biz yuxarıda bu mövzuya təqribən toxunduq. Ümumi olaraq deyim ki kariyesin profilaktikası üçün tədbirlər kompleksi  iki formada  edilir. Birincisi ağız boşluğunda kariyesogen şəraitin aradan qaldırılmasına , ikinci isə diş toxumalarının  rezistentliyinin  yüksəldilməsinə  yönəldilməlidir. Yəni insanlar gigiyena ilə bərabər hökmən  nə yediklərinə də diqqət etməlidirlər. Dahi İbn Sina dyir ki, “ Az ye! Yedikdən sonra həzm oluncaya qədər heç nə yemə”. Amma biz bir millət olaraq, buna əməl edirikmi?.. Əlbəttə, yox.

Belə bir maraqlı və vacib deyim var: “ Bir uşağın dişlərinin sağlam olmasını istəyirsinizsə, onun anasının normal hamiləlik keçirməsinə kömək etməlisiniz, şərait yaratmalısınız, mənəvi və maddi olaraq keyfiyyətli qidalanma, normal psixi durum, gözəl əhval-ruhiyyə, stressiz həyat tərzi , təmiz hava bəxş etməlisiniz  gələcək körpəyə. Yəni bütün  bunların  onun  anasına böyük  xeyir  olduğunu bilməlisiniz”. Bunu da əsasən kişilər etməlidir. Onlar fikirləşməlidirlər ki, onun xanımı dünyaya sağlam uşaq gətirməlidir. Sağlam uşaq isə sağlam və bilikli vətəndaş deməkdir.

Bunu da unutmayaq  ki, profilaktik tədbirlər diş mayasının əmələ gəldiyi və inkişaf etdiyi dövürdən başlayaraq insanın bütün həyatı boyu davam etməlidir.

Məlumat üçün onu da deyim ki,  diş mayası embrion həyatının  6-8 həftəsində, ilk daimi dişin mayası isə embrionun  5-ci  ayında  qoyulur. Deməli, sağlam uşağın ilk rüşeyimləri ana bətnində qoyulur. Bunu bütün insanlar hökmən bilməlidirlər və buna riayət etməlidirlər.

 

- Dişlərin xəstəliyi insan orqanizminə hansı fəsadlar gətirir?

 

- Çürük, karieslə zədələnmiş dişlər insanın birinci psixi durumuna təsir edir, insanlar  dişlərinin görünüşündən narahat olur, yaşlarından daha yaşlı görünürlər. Ağız qoxusunun kəskinləşməsi də sosial həyatda insanların özgüvənini azaldır. Bununla  bərabər yaxşı qidalana bilməmək mədə-bağırsaq traktında xəstəliklərə səbəb olur. Karies ocağında olan mikrob  ürəyin miokardını zədələyə  bilir.  Ümumiyyətlə, hər bir insan bilməlidir ki, dişlərdə olan mikroblar, insanın bütün orqanlarına təsir edir. Amma ən əsası bunu demək istəyirəm ki, orqanizminizi qorumaq istəyirsinizsə ilk öncə dişlərinizi qoruyun. Çünki dişlər insanın xarici gözəlliyinin ilk elementlərindəndir. Təsəvvür edin. Qarşınızda gözəl simalı bir insan dayanıb. O, ağzını açıb söz demək istədikdə onun dişlərinin sağlam olmaması sizdə hansı təəssürat yaradır?   Dişsiz ağız - daşsız dəyirman”,- deyib atalarımız.

 

- Belə deyirlər ki, bizim məmləkətdə olan sularda dişlərlə bağlı  ziyanlı  maddələr  çoxdur. Bu, doğrudurmu? Və əgər belədirsə biz, nə etməliyik və  həmin suları necə içməliyik ki, dişlərimizə ziyan olmasın?

 

- İçməli suyun tərkibində flüor elementi az, norma, çox ola bilər. Suyun  bir litirində, bir milliqram  flüor olması optimal miqdardır. Diş minasının yetişməsi və kariesə qarşı davamlı strukturaların yaranmasında  flüor xüsusi rol oynayır. Əgər suyun tərkibində flüor azdırsa, içməli su  flüolaşdırılır.  Əgər bu mümkün deyilsə, onda  uşaqlara hər gün flüor həbləri verilməlidir. Həblərin qəbulu məktəblərdə verilməlidir ki, nəzarət edilə bilinsin. Çünki əgər bunlara nəzarət olmasa, uşaqlar bunu özləri etməyəcəklər. Sonra da uşaqlarımızın dişləri xəstələnəndə deyəcəyik ki, “bunu niyə vaxtında etmədik”.  Atalarımızın da belə bir maraqlı məsəli var: “Vaxtında atılmayan  daş, başa yox, ayağa dəyər”.

 

- Siz çox vətənpərvər ziyalısınız. Bunu sizinlə etdiyimiz söhbətlərdə də çox aydın görürəm. Həm də siz Azərbaycanın ən dilbər guşlərindən biri olan və təxminən otuz il düşmən əsarətində qalan Laçın rayonundansınız. Həmin yerlər azad olunandan sonra hansı hisslər keçirtdiniz və Ali Baş Komandanımız başda olmaqla Qarabağda, Qərbi Zəngəzurda olan qələbələrimiz haqqında nə deyə bilərsiniz? Və həm də orada gedən quruculuq haqqında hansı fikirləriniz var?

 

- Deyim ki, Azərbaycanlı olmağımla hər zaman qürur duymuşam.  Laçın isə mənim üçün həmişə müqəddəs olub. Hələ orta məktəbdə oxuyan zaman uşaqlar  iri şəhərlərdə təhsil alacaqlarını xəyal edirdilər. Mən isə, “kaş  Laçında Azərbayacn Tibb Universitetinin  filialı açılardı, elə burda oxuyardım”,-  deyirdim.

Bəli, Vətənimizə göz tikən düşmən el-obamızı işğal etdi, min bir əziyyətlə tikilən evlərimizə od vuruldu,  uşaqlar, qadınlar, qocalar, igid oğullar, şəhid oldu, əsir düşdü... İnsanlar əsir düşməmək üçün ayaqyalın öz yurd-yuvasını tərk etdilər, 12 minə  yaxın şəhid, 4 min itkin, 1 milyondan çox  qaçqın,  ölkənin 20 % torpaqlarının itirilməsi.... Hamısı böyük dəhşətli faciədir. Günlərlə bu dəhşətli tarixdən danışmaq olar. Mən həssas adamam və  bu dəhşətləri heç vaxt unuda bilmirəm.  Belə bir deyim var: “ Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban  olur!” Bax, bizimlə müharibəni erməni ekstremistləri, qatilləri, başıboş  başbilənləri, daşnakları başladı. Bizim həm yaşlı nəslimiz,  həm cavanlarımız və  həm də  uşaqlarımız bu müharibədən çox böyük əziyyət çəkdilər. Amma zaman gəldi biz Qarabağda qələbə çaldıq. Bu dəfə isə işğalçı erməni ordusu, faşist xislətli qatillər  Qarabağdan  qovuldular. Çoxlu ekstremistlər, qatillər, cəlladlar  da məhv oldular. Deməli, onlar  Qarabağdan getməklə daha çox şey itirdilər. Əgər onlar 1987-88-ci illərdə müharibəni başlamasaydılar indi də orada yaşayacaqdılar. Bizim hökumət onlara hər cürə şərait yaratmışdı... Onlar bundan çox peşiman olsalar da artıq  gecdir. Mən inanmıram ki, biz, bundan sonra ermənilərə inanaq. Dünyanın tanınmış insanları, dahiləri ermənilərin kim olduğunu, necə murdar millət olduqlarını tarixlər boyu yazıblar. Amma  biz inanmamışıq. Onlara yazıq kimi baxmışıq... Torpağımızda yer vermişik. Hətta uşaqlarımıza onları kirvə  kimi tutmuşuq. İndi artıq biz də onların iyrənc sifətini, faşist xislətli olduğunu gördük. İndi bundan sonra bilməliyik ki, bu cəlladlar, faşistlər  heç vaxt bizə dost ola bilməzlər.

Bircə arzum var ki, Allah heç kəsə  bir də qaçqınlıq həyatı yaşatmasın, torpaqlarımız bir daha müharibə meydanına çevrilməsin.

 2020-ci il sentyabrın  27-də  Suqovuşanın və  Füzuli  rayonunun kəndlərinin  azad edilməsini eşidəndə  otuz iki  ildə ilk dəfə bu qədər qürur hissi keçirməmişdim. Təsəvvür edirsiniz, göz yaşlarına bürünmüş sevinc necə olur? Şəhid qanına  boyanmış Azərbaycan bayrağı əsir torpaqlarımızda  dalğalandıqca, nə qədər fəxr etsək də oğul itirmiş anaların, atasız körpələrin, üzlərində kədər məskən salmış gəlinlərin qarşısında bir millət kimi çox borcluyuq!

Zatən bütün qələbələr mərd oğullarımızın həyatı bahasına başa gəlib. Azad olunmuş Vətən torpaqlarına  iki  dəfə getmişəm. İnanın  adam torpağa ayaq basmaq istəmir. Axı  o torpaqlar üç  min fədaillərin qanı ilə sulanıb. Eləcə  də birinci Qarabağ müharibəsində görün nə qədər şəhidlər vermişik...

Əzəmətli Şuşaya qalxdıqca göz yaşlarımı saxlaya bilmirdim, sıldırım qayalarla şəhid silahdaşlarını daşıyan oğullar gözümün qarşısında canlanırdı. İsa bulağından axan su, sanki mənə şəhidlərimizin tökülən müqəddəs qanı kimi görünürdü.

Və nəhayət öz doğma kəndimizə-evimizə getdik.  Otuz iki  il əsir qalan evimiz, sevimli  məktəbimiz  uçuq  divarları ilə bizi qarşıladı. Heç nəyi unutmamışdım, hər bir cığırı, yolu necə əziz idi mənə kəndimizin... ( O, kövrəlir və bir az susur, sonra sözünə davam eləyir.)

Həmin gün Vətən sevgisinin necə əziz olduğunu bir daha hiss elədim. Orada böyük sərkərdəniz, şairimiz Şah İsmayılın bu kəlamı yadıma düşdü: “ Vətən, iman əsəridir”. Bəli.  Bu, həqiqətən də belədir. Qoy bu müqəddəs  sözləri bütün azərbaycanlılar  yaddaşlarında  saxlasınlar.

Mən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə birlikdə  şəhid ailələrinin, qazilərin, veteranların, şəhidlərin ruhu qarşısında minnətdarlıqla baş əyirəm. Hər bir azərbaycanlı da ömürlük onlara borcludur.

İnşallah ucsuz, bucaqsız viran qalmış vətən torpaqları Prezidentimizin göstərişi ilə tezliklə xalqımız tərəfindən abadlaşdırılacaq, məcburi köçkünlər tezliklə, uzun həsrətdən sonra öz yurd – yuvalarına qovuşacaqlar.  Artıq  Qarabağın hər yerinə və Laçına da  böyük bir köç başlayıb. Mənim də öz el - obamda gözəl Laçınımızda işləmək arzum tezliklə həyata keçər, İnşallah!

 

- Siz, uzun illərdir ki, tibb sahəsində işləyirsiniz. Azərbaycan tibb sahəsi haqqında nə deyə bilərsiniz?

 

- Azərbaycanda  Tibb  sahəsində  bir çox yeniliklər var. Xəstələrin müalicəsində, əməliyyatlarında  əhaliyə pulsuz  xidmətlər göstərilir, xəstəxanalar təmir edilir, müasir aparatlarla  təhciz olunur. Bu, çox böyük  təqdirəlayiqdir.

Təbii ki, vaxt lazımdır  bütün çatışmamazlıqlar aradan qaldırılsın.

Mən stomatoloq olduğum üçün həm də imtiyazlı xəstələrlə daha çox işlədiyimə görə, bu xalqın bir nümayəndəsi kimi, bir həkim kimi çox istərdim ki, stomatolagiya  da sığorta paketinə daxil edilsin. Ən azından müalicə,  diş  çəkimləri sığorta ilə qarşılansın. Bu, çox yaxşı olar və xəstələrin, həkimlərin də ürəyincə  olardı. Dahi İbn Sinanın belə bir kəlamı var: “Cahil bir həkim, ölüm düşərgəsinin köməkçisidir”. Çox şükür ki, bu gün Azərbaycan səhiyyəsində savadlı həkimlər həddindən artıq çoxdur. Əgər həkim müalicə etdiyi xəstəni öz doğması bilməsə,  o, həkim deyil.

 

- Əlavə hansı fikirləriniz var? Xalqımıza  tibblə bağlı hansı məsləhətlər vermək istərdiniz?

 

- Son söz olaraq demək istərdim ki,  bir xəstəliyin profilaktikası, həmin xəstəliyin müalicəsindən dəfələrlə asandır. Ona görə də həmvətənlərimiz tez-tez həkimlərə müracət edib, müayinədən keçsinlər. Həmin vaxtı onların xəstəlikləri, orqanizmində olduğu fəsadlar tez tapılar və tez də müalicə olunarlar. Mən xalqımıza biz həkimlərin qəbuluna ancaq  profilaktik baxış üçün gəlməsini arzu edirəm.

Hörmətli Ağalar müəllim, sizə də  təşəkkür edirəm. Sizə və sizin  kimi ziyalılarımıza bu xalqın, bu dövlətin hər zaman ehtiyacı var. Ziyalı xalqın görən gözü, düşünən beyini və danışan dili olmalıdır. Bu gün belə ziyalılarımız nə qədər çox olsa daha yaxşı olar.  Onlar,  mayak, işıq  olmaqla bütün neqativ halların qarşısını ala bilərlər.

Həmyerlimiz Əbu Turxanın ziyalı ilə bağlı belə bir maraqlı aforizmləri var. Və fikrimi həmin aforizmlərlə  tamamlamaq istəyirəm: “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. Ziyalısız kütlə kordur”.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bazar ertəsi, 29 Sentyabr 2025 16:10

Nigar Həmidlinin cəbhə xatirələrindən

 

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi

 

Əslən Cəlilabaddan olan və I Qarabağ Müharibəsi zamanı Cəlilabad rayonundan cəbhəyə yollanmış ilk xanım jurnalist, AJB-nin uzvü, hərbi jurnalist, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı-publisist və şair Nigar xanım Həmidlinin o illərdə Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin 1992-ci ilin may ayında erməni təcavüzkarları tərəfindən işğal edilməsi barədə qələmə aldığı yazısını oxucularımıza “tarixi yaddaşlar silsiləsindən” təqdim edirəm.

 

Cəbhə xatirələri...

Gecə saat 01.55 dəqiqə.

Şuşa hər tərəfdən intensiv atəşə tutulur. Yaşadığım Şuşa sanatoriyasındakı 8-ci korpusun top mərmisindən pəncərələri çilik-çilik olur.

Rayonlardan gəlmiş milis işçiləri və mən 1-ci mərtəbəyə enirik. İşıqlar yanmır, həyəcan siqnalı verilmir.

Saat 3-ə qədər şəhərdə bir çox evlər yandırılır, iri binalara, müəssisələrə “Qrad”, “Alazan”, “Kristal”lardan atəş yağdırılır.

Şuşaya Xankəndi, Kərkicahan, Şuşikənd, Daşaltı tərəfdən zirehli hərbi texnika yaxınlaşır.

İlkin məlumata görə postlarda qızğın döyüş gedir. Postdan gələn milis işçisi saat 4-5 radələrində Kosalar, Qaragav kəndlərində yaralılar olduğunu bildirir. Saat 5-də şəhər əhalisindən evləri dağılanlar zirzəmiyə toplaşır. Burda uşaq, qadın, qoca da var. Mən onlardan ilkin məlumat ala bilirəm. Yanğısöndürənlər alovu söndürə bilmir. Çünki onları küçələrdə BMP, BTR və başqa silahlarla ataşə tuturlar.

Saat 6-da rabitə qovşağı, İcra hakimiyyəti, Universitet, 7 nömrəli məktəb, Qarabağa könüllülar batalyonunun binası, kilsə və digər binalar dağıdılır.

Saat 7-de Masallı milisi benzindoldurma məntəqəsindəki posta köməyə gedir. 10 nəfərdən 4-nün avtomatı var. Həbsxanada yerli sakin Hafizə qəlpə dəyir, həbsxana işçisi Yaşar və o halak olurlar. Yaşar Q.Zakir küçəsi, ev 1-də yaşayırdı. Yerli sakin Varaşilin, Məmmədov Şöhrətin, Həsənov Bəbirin evi “Qrad”la partladılır.

Təəccüblü burasıdır ki, təkid etməyimə baxmayaraq, heç bir milis işçisi (azı 100 nəfər PPD) köməyə getmək istəmir. Onlara heç kim tərəfindən əmr verilmədiyini bəhanə edirlər.

Saat 8.30 Şuşa DİŞ-nin əməkdaşı Sadiq gəlib kömək istəyir. “Kimin silahı var, gəlsin”, - deyə müraciət edir. Yenə də heç kim getmir. Çox yalvarıram. Şamaxı milisləri mənimlə DİŞ-nə gedir. Bizi yolda rabitə evinin qabağı tərəfdən artilleriya ilə atəşə tuturlar.

DİŞ-nə saat 9-da çatırıq. DİŞ-nin rəisinin müavini Eldəniz Quliyevin məlumatına görə Şuşa mühasirədədir. O, Bakıyla - MN, DİN və MTN-nin mətbuat xidməti ilə danışıb kömək istəyir. Mətbuat xidməti isə neçə nəfərin öldüyü haqda dəqiq məlumat tələb etdikdə, növbətçi dözə bilməyib onu təhqir edir. “Bizə kömək edin, Şuşanı ermənilər alır”,- deyə qışqırır.

Saat 11.15. Ermənilər çörək zavodunu, həbsxananı, tar sexini ələ keçirir. Arabir bizimkilər müdafiəni yara bilsələr də, kömək gəlmədiyindən şəhərin içərisinə doğru geri çəkilirlər.

Saat 12-də E.Quliyev cəlilabadlı Mübarizi Abşeron RDİŞ -nin milisləri ilə zastavaya göndərir. O, MN ilə, DİN ilə, Şuşa DİŞ rəisi V.Bayramovla və prezident aparatının bir nümayəndəsi ilə danışır. Sonra isə hamıya “2 saata kömək gələcək” – deyib arxayın edir.

Mübariz mənə Şuşanı tərk etməyi məsləhət bilir. Mənsə Eldənizə və ona deyirəm ki, silah verin. Mən son ana qədər Şuşanı tərk etməyəcəyəm. Heç olmasa girov düşdükdə özümü öldürə bilim. Hamıya bildirirəm, girov düşsəm məni güllələyin. Qanım sizə halaldır. Eldəniz deyir: Səni Mübariz güllələyər, yarızarafat-yarıgerçək.

Şuşa könüllülər batalyonundan Əli 3 nəfər yaralını və 7 nəfər meyitin silahını gətirir. Silahı DİŞ-nə təhvil verir. Ramizin batalyonundan Əlinin dediyinə görə 27 nəfərdən yalnız 3-4 nəfəri sağ qalıb.

E.Quliyev Elçin Məmmədov ilə danışmaq istəyir. E.Məmmədov hansısa postdadır. E. Quliyev Cahangirov ilə söhbətindən danışır. Danışığından hiss olunur ki, artıq döyüş şəhərin lap yaxınlığında piyada qoşunla üzbəüz gedir.

MN-dən R. Qazıyevlə danışılmadığından başqası onun haqqında hamını aldadırdı. Biz çox gözəl bilirdik ki, Şuşa siyasi oyunun qurbanı olacaq. Xocalı faciəsinin acı nəticələri təkrar olunurdu. Eyni ssenari davam edirdi.

Mən, artıq dözə bilmirəm. Küçəyə “Qrad”ın uğultusundan, partlayışdan çıxmaq mümkün olmasa da, təcili yardım maşınlarının yaralıları daşıdığını görüb güllə altında iki nəfər naməlum şəxslə xəstəxanaya gedirəm.

Xəstəxana köçürülüb. R. Qazıyevə qəsd olunan pedaqoji texnikumda 8 meyit, 10 nəfərə qədər yaralı var.

Mən, xəstəxanaya gəldiyim an belə bir xəbər gəldi ki, bizimkilər zastavanı tərk edib. Ermənilər şəhərə daxil olur.

Saat 2.30-dan düz saat 6.30-dək  mən xəstəxanada yaralılara kömək etdim. İlk əvvəl Musayev Elçin, Tahir Səmədov, Gündüz Hidayət oğlu, Heydərov Aslan Xıdır oğlu, Hacıyev Bilal Cavanşir oğlu, İbrahimov Asif Cəlil oğlu, Novruzov Musabi Cəlal oğlu, Ellər və İsmayılov Vidadi Telman oğlunun yerləşdirilməsinə kömək etməklə, həm də qeydlər götürürdüm. Lakin yaralıların çoxalması mənim müxbirlik fəaliyyətimi kənara qoydu. Musayev Vidadinin son dəfə diktafona nəfəsini yaza bilsəm də, o həyatdan getdi.

Meyitlərimizin heç birinin sənədi yox idi. Dörd nəfər tanıdığım oğulların sənədi isə yerə düşmüşdü. Onları indi də saxlayıram:

1. Vahabzadə Şahin Mehdi oğlu.

2. İsmayılov Əşrəf Dayandur oğlu.

3. Şahmuradov Natiq Əlimərdan oğlunun pasport, tələbə bileti, arayış, bəzi telefon nömrələri qalır. Natiqin silahının nömrəsi və cibində pul var (10 min manat).

Ünvanlarını bilmədiyim üçün sənədi heç kimə təhvil verə bilmirəm.

Saat 16.00-da Nazim həkimin səyi nəticəsində yaralılarlı və meyitləri maşınlarla yola salırıq. Bütün tibb işçiləri Turşsuya gedir. Məni isə Bakıdan İlqar adlı bir oğlan 8-ci korpusa aparır. Mənim bütün əlyazmalarım orada qalıb. Şuşaya həsr etdiyim sənədlər, müsahibələrin bir hissəsi də Fizzə nənəgildə qaldı. Onlara getdim, qapı bağlı idi.

Saat 18.30 dəqiqədə DİŞ-nə top mərmisi düşdü. Bir nəfər qoca kişi orada yaralı idi.

Mən, yaralının ayağını bağladım. Onu yola saldıq. Yerli sakin Şükufənin əri Əlinin meyitini çıxarırdılar. Şəhərdə kişilər hələ binaların ətrafında gəzinirdi. Mən onlardan: – “getmirsiniz?” soruşduqda, – “Ölsək də, qoy evimizdə erməni öldürsün, nəinki qeyrətsiz özümüzünkülər” cavabını verdilər.

Saat 20.00-da mən, yerli əhali və əsgərlərlə “Yarma” deyilən zastavada idim.

Mən, orada İH başçısı Nizami Bəhmənovu, prokuroru, Fəxrəddin komandiri, “spesnaz”ın əsgərlərini, qadınları, uşaqları gördüm.

N. Bəhmənovdan soruşdum: “Nizami müəllim hanı, bəs köməyə niyə gəlmədilər, niyə Şuşanı verdik, meyitlərimizi yola niyə düzmüşük?”. O əlləri ilə başını tutmuşdu: “Bizi də aldatdılar” deyib köks ötürdü. Həmin vaxt E.Quliyev də oraya gəldi. Biz saat 9.00-dək orda gözlədik. Təxminən 8.00-8.30-da bir təyyarə Nəbilər tərəfdən bombardman etdi. Hamı sevindi. Elə bildik, bizim təyyarədir. Amma bizim postun 8 nəfərin öldüyünü eşitdik, təyyarə bizim deyilmiş. Təyyarə getdi. Hamı ümidsizcəsinə erməni toplarının altında BMP və BTR-lərin müşayiəti ilə son dəfə Şuşanı tərk etdi. Mən də BTR-la Nazim Bahmənov, Eldəniz Quliyev və bütün əsgərlərin yola düşdüyünə əmin olub, oranı tərk etdim.

Zarıslıda “215 KL” studiyasından Çingiz Mustafayevi gördüm. Mənim,”Şuşa bizim deyil, Çingiz, ermənilər qələbə gününü qeyd edir” sözümə, o inanmadı. Turşsuda isə Daxili İşlər Naziri Tahir Əliyevin gəldiyini eşidib onunla görüşdüm. O, milis işçilərinə nəsə məsləhət verirdi. Çox əsəbi halda “Niyə köməyə gəlmədiniz, Şuşanı satdınız, qaytar bizim igidlərimizi, məgər indi gələrlər?” – deyib ağlayırdım.

T.Əliyev heç nə demirdi. Biz saat 10 -11-də Laçında idik. Səhər saat 8.00-da (9 may) Laçında da bir neçə evi partlatdılar. Yaralanan oldu. Mən, İcra Hakimiyyətində, DİŞ-də, AXC-də oldum. Meyitlərin daşınması üçün maşın istədik. Çox çətinliklə biz həm meyitləri, həm yaralıları yola saldıq. 15-20-yə qədər yaralını axşam Qubadlıya yola salmışdıq. 3 nəfər yaralını Biləsuvar könüllüləri ilə Biləsuvara gətirdik.

Şuşa satıldı. Ermənilər Şuşanı almadı. Öz rəhbərlərimiz onu satdı. Şuşanın verilməsini, mən yalnız təxribat adlandırıram. Şuşa şəhəri vəzifəyə, pula satıldı. Mən yaralıları Laçında dindirdim. Faktlar göstərir ki, heç bir əmr verilmədən əsgərlər öz qeyrətlərinə sığınıb döyüşüb. Əsgərlərin və mənimçün müəmmalı olan, ayın 7-də postlardan texnikanın geri çağrılmasını kimin təşkil etməsi idi?

Kirs kimi mövqeyimizdən əsgərləri geri çağıran, heç bir hücum əmri verməyən komandirlərə ayın 5-6-da hərəsinə 10-15 min manat pul mükafatı verilmişdi. Nə üçün? Ona görə ki, Şuşanı tərk etsinlər. Əsgərləri 5-6-7 mayda evə kütləvi buraxan kimlərdir, müharibədə məzuniyyətmi olur? Sərhəddən keçən vertolyotlar niyə vurulmurdu? Minaları hansı batalyonun kəşfiyyatçıları basdımışdı? Xalqa bu sualların cavabı verilməlidir. Şuşanı hücumla saxlamaq olardı.

Şuşa dövlət tərəfindən müdafiə olunmadı. Mən, şahidi olduğum hadisələrdən belə nəticə çıxarıram ki, müharibə dövründə xarici səfərlərə gedən prezident səlahiyyətini yerinə yetirən Y.Məmmədovun, MTN-nin, MN-dəki bütün hərbiçilərin, Azərbaycan Səhiyyə Nazirliyinin, hamının günahı böyükdür.

Yaralılar üçün maşın, tibbi avadanliq tapılmırsa, cərrah azlıq edirsə, ölümüzün üstünə mələfə yoxdursa, bir həkim kimi Y.Məmmədov tədbir görə bilərdimi?

Niyə axı, 7-si mayda Əlsahib Orucov ilə Şuşaya gələn dövlət nümayəndələri xalqa yalan vəd verdi ki, 10-da yenə Şuşaya qayıdacağıq? Bəs nə üçün, mayın 8-də harayımıza gəlmədilər?

Qoy, Azərbaycan xalqı eşitsin! Şuşa satılıb, özü də rəhbərlərin əli ilə satılıb. Şuşanı əldən verdiyimiz vaxtda isə radioda yalan malumat verən şəxslər cinayət cəlb olunmalıdır.

Şuşalılar bunu heç kimə bağışlamayacaq. Qoy millətimizin qeyrətli oğulları öz səslərini ucaldıb həqiqəti desin. Cinayətkarlar cəzalarına çatsınlar.

 

Çox şükür ki, artıq Şuşa bizimdir, düşməndən intiqam alınıbdır. Müzəffər Ordumuz, Müzəffər Ali Baş Komandanımızın sayəsində Qarabağın ürəyi artıq bizimlə döyünür.

Tarixdən ibrət götürməkçünsə bu cür qeydlər, əksərən subyektivliyə varılsa belə, çox lazımlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.

 

Vüqar Nemət

Kəleybər

 

QARĞA

 

Yenə nə qar-qar edirsən,

Qoy get öz işinə qarğa!

Həp öz sözünü deyirsən

Bəxtəvər başıma qarğa!

 

Sən ağa, mən ağa ancaq,

Buludları kim sağacaq?

Tələsmə, qar da yağacaq,

Bu qalan işinə qarğa!

 

Bəxtin qara, üzün qara,

İnanma qarla ağara,

Ağlıq nədir ay avara?!

Düşübsən peşinə qarğa!

 

Sən yatarsan, səsin yatmaz,

Heç kimin ağlına batmaz,

Əlin çatar, ağlın çatmaz,

Dünyanın daşına qarğa!

 

Payız gəlir, əsin düşür,

Küləklə də bəhsin düşür,

O səsindən ağ dən düşür,

Mənim də başıma qarğa!

 

“Ədəbiyyat  və incəsənət”

(29.09.2025)

 

Bazar ertəsi, 29 Sentyabr 2025 15:03

ANAR, “Küləkli şəhər”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir.

 

ANAR, ŞEİRLƏR

KÜLƏKLİ ŞƏHƏR

 

Bu şəhərdə doğuldum,

Bu şəhərə oğuldum.

Burda yaşadım, yazdım

Bu yağışlı səhərdən,

bu küləkli şəhərdən

Gəncindən, qocasından,

evindən, küçəsindən,

gündüzü gecəsindən

Bu küləkli şəhərin

Növbənöv adamıyla

Dopdoludur hər yazım.

Daha kimlərdən yazım,

Daha nələrdən yazım?

Bu şəhər qarşısında

borclarımdan azadam.

Mənimtək borclarından

azad olub az adam.

Heç yolumdan azmadım,

Heç vaxt yalan yazmadım,

Təsəllim budur ancaq,

Bir gün küləktək keçsəm

Bu şəhərin üstündən,

Bu şəhərin yadında

yazılarım qalacaq,

qalacaqlar hər yerdə,

Bu dənizli şəhərdə,

Bu küləkli şəhərdə.

                      22 fevral 2020

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

 

Ədəbiyyat neqativliklərlə necə mübarizə aparır?  Və ümumiyyətlə, aparırmı? Hər halda, ötən əsrlərdə maarifçilərimiz mübarizə aparıblar.

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Mobil Aslanlı Huntürkün bir məqaləsini təqdim edəcək. Müəllif Bakıxanovun poeziyasına rakurs edib. Bakıxanov niyə şərabla bunca mübarizə aparıb?

 

Mobil ASLANLI HUNTÜRK

 

A.A.BAKIXANOVUN POETİK DÜŞÜNCƏSİNDƏ

SAĞLAM HƏYAT TƏRZİ

 

 

XIX əsr Azərbaycan xalqının ictimai-pedaqoji fikir tarixində nadir simalardan biri kimi əlahiddə yer tutan A.Bakıxanov öz dövrünün ensiklopedik bilikli, dərin zəkalı şəxsiyyətlərindən biri olmuşdur. Fiziki tərbiyəyə, insanın ahəngdar inkişafına, onun cismani sağlamlığına, harmonik gözəlliyinə xüsusi diqqət yetirmişdir. Böyük maarifçi “Təhzibi-əxlaq” əsərindəki “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması” və s. adlı fəsillərində, habelə “Müşkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərində “Nəfsin qorunması” başlığı ilə yazdığı hekayətində insan sağlamlığının düşməni olan, onu mənəviyyatca eybəcərləşdirib rüsvay edən şərabın törətdiyi bəlalardan və digər naqis fəsadlar barədə geniş söz açır:

 

O şərabı istəməz ki, şər ab olmuş ləqəbi,

Zatında bir fitnə vardır, qarışdırır əsəbi.

Elə şərab istəməz ki, etsin cana bəd əsər,

Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.

Deyirlər ki, yüz xətaya olar daim mey bais,

Ona görə ad vermişlər ona “ümmül-xəbais”.

Ağılsız baş şəraba qızışarsa bir daha,

Bada gedər bir gün içrə hörmət, ədəb və həya.

Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə,

Ağlasığmaz pislik olar insanlara bir peşə.[1]

 

A.Bakıxanov “Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərindəki “Nəfsin qorunması” hekayətində şəraba aludəçiliyi insan əxlaqına, mənəviyyatına xələl gətirən, mənli­yini heçə endirərək el-oba arasında xar edən zərərli vərdiş adlandırır. Şair spirtli içkilərə qurşanan kəslərin içkinin təsirindən xumarlanıb hüşyar olduğunu, şərabın adamı abırsız hala salıb eybəcərləşdirdiyini, el içində rüsvay etdiyini, bundan müxtəlif mərəzlərin, naxoşluğun törəndiyini qeyd edir. O, millətin övladlarına sərxoşluqdan daim uzaq olmağı tövsiyə edir, şərabı «şər ab» adlandırırdı. Onun müasiri, xalqımızın parlaq ziyalısı M.F.Axundov isə şərabın haram edilməsinin, islam dininin misilsiz qanunlarından olduğunu israrlayırdı. Bakıxanovun əsl təbib, gözəl loğman kimi şərabın həm də konkret olaraq hansı fəsadlar törətdiyini də nəzərə çatdırır. Onun fikrincə, sağlamlığın qəddar düşməni olan şərab insanda, hər şeydən öncə, sinir sistemini sıradan çıxararaq onu ağılsız bir məxluq kimi rəzil sifətə salır. Şair həmin heka­yətdə bir məzlum gəncin başına gələn hadisəni bütün təfsilatı ilə oxucusuna çatdırır:

A.Bakıxanov “Mişkatül-ənvar” əsərində içkiyə meyil göstərən bir şəxsin gözəl, səviyyəli bir məclisdə şərabın təsirindən getdikcə meyxoş olub özün rüsvay etməsi ilə onun  törətdiyi fitnə-fəsaddan söhbət açır. Fağır, ədəb-ərkanlı həmin gənc eybəcər və biabırçı bir hala düşür ki, bütün məclis əhlini dəng edir, hamını naqis və düşük hərəkəti ilə bezdirir. Heç vaxt içki içməyən bu adam meyin təsirindən elə bir huşsuz hala düşür ki, şərəfsiz bir əyyaş kimi ləyaqətsiz hərəkətlər edir:

 

Şərab içib getdikcə çox sərxoşluğa düşdüm mən,

Ürəyimin ətəyi də çıxdı tədbir əlindən.

Hərisliyim çoxaldıqca açdı şərab üzümü,

O sildikcə qəm tozunu, çaşdırdım hər sözümü…

Yenə içdim, hey içdikcə içməyi çox xoşladım,

Dilsiz idim, birdən-birə natiqliyə başladım.

Elə bildim söz mülkünün mənəm qadir sultanı,

Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı.[2]

 

Şair göstərir ki, “şər ab” kimi, yəni “şər su” kimi tanınan bu mayenin tərkibində bir fitnə-fəsad yatır, odur ki, onu qəbul edərkən həddən-ziyadə ehtiyatlı olmaq lazımdır.

El arasında belə bir fikir yayılıb ki, mey, yəni şərab yüz xətaya bais olur. Odur ki, şair bu zərb-məsəldən ustalıqla istifadə etməklə göstərir ki, insanı dost-düşmən yanında xar edən şəraba həddən ziyadə aludə olan kəslər öz-özlərinə bəri başdan qəbir qazan biveclərdir.

A.Bakıxanov belə bir nəticəyə gəlir ki, insan harada, hansı şəraitdə olmasına baxmayaraq, öz hisslərini cilovlamaqla nəfsinə sahib çıxmağı bacarmalıdır. Nəfs insan ağlının hökmdarı olmalıdır. Çünki nəfsdən çox bəlalar törənə bilər. Dahi Füzulinin təbirincə desək, “Pəhləvan ol kimdir, kim nəfsin qətl eyləyə”.

Abbasqulu ağa insanın vüqarına, ləyaqətinə və şərəfinə xələl gətirən ünsür­lərlə mübarizədə nəfsin gücünün rolunu xüsusi vurğulayır. Nəfsin tamaha güc gəlməsi insandan güclü xarakter, dəmir iradi səy və əzmkarlıq tələb edir. Şairə görə, insanlarda bir sıra əxlaqi cılızlığın, mənəvi düşkünlüyün, mənəvi kasıblığın törənmə səbəblərini onların iradə zəifliyində axtarmaq lazımdır. Aydın həqiqətdir ki, fiziki cəhətdən möhkəm, mətin və güclü şəxslər bu işin öhdəsindən daha asan gəlirlər. Odur ki, nəfsin qorunub saxlanması üçün hər bir kəsdən iradi güc və səy tələb edilir. Beləliklə, insanın fiziki tərbiyəsi, fiziki yetkinliyi onun iradi tərbiyəsini şərtləndirən başlıca amillərdir. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanda baş verən qeyri-əxlaqi hərəkətlərin baş vermə səbəbləri, bilavasitə iradi cılızlıqla, xarakter zəifliyi ilə bağlıdır. Bu prosesdə insanın özünü ələ alma özünü tənqid, özünə inam, özünə qiymət, özünə nəzarət kimi özünü tərbiyə vasitələrinin əxlaqi vərdiş kimi şüur və təfəkkürdə təzahürü başlıca məsələlərdəndir.

“Müşkatül-Ənvar”da həmin gəncin ətrafdakı kəsləri çərənləməkdən dəng etməsi, gah müvazinətini itirərək rəqsə qoşulması, badələrin sayını, ölçünü nizamlamağı bacarmaqda aciz olması belə təsvir edilir:

 

Xəyalımdan tamam çıxdı sayıqlıq və ehtiyat,

Mey apardı iradəmi, düşmən açdı qol-qanad.

Bu məsəli yaxşı demiş dünya görmüş atalar:

Öz başını qorumağa sərxoş nədən güc alar?

Mən yenə də başa çəkdim bundan sonra neçə cam,

Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam.

Bu qaydadır, sərxoşların rəqsə meyli çox olur,

Çünki şərab təsirilə vüqar, təmkin yox olur.

Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım,

Nəyim vardı, getdi əldən, itdi ağlım, kamalım.

Sonra yenə başa çəkdim neçə dolu badə mən,

Keflilikdən çərənlədim, tamam getdim badə mən![3]

 

Şairin nəzərdə tutduğu nəfs məfhumu çox geniş anlayış kimi götürülmüşdür, onu təkcə yemək-içməyə şamil etmək düzgün deyil. Lakin bu əsərdə şair insan xislətinə xas olan bütün qüsurların kökünü və mənbəyini nəfsi qorumamaqda, şərabı çox qəbul etməkdə görür. Onun fikrincə, şərab insanların başına min bir fəlakət açır, təsadüfi deyildir ki, Bakıxanov zatında fitnə olan meyi şeytan sidiyi kimi qələmə verir. Şairin bu barədə yazdığı bəzi misralara diqqət yetirək:

 

“Ki şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər…”

Yaxud:

“Min ixtilaf törədirlər meyin zikri üstündə…”[4]

 

Bu, bir həqiqətdir ki, şərabı şadlanmaq, xoş ovqat gətirmək, əhvali-ruhiyyəni yüksəltmək üçün içənlər də çoxdur. Elə əsl məsələ də məhz həmin ilk qədəhdən sonra başlayır. Azmı olub şərabı qətrə-qətrə dadaraq küpünə girib yatanlar?

Əsərdə qeyd edilir ki, ziyafətdəki abırlı zövq əhlinin heysiyyatını təhqir edən həmin gəncin, özünə çox həmdəm olan dost və tanışlarına kobud rəftarı, nalayiq davranışı həmin sərxoşun coşub hərzə-hərzə danışması qaba, əcaib hərəkəti içdiyi meyin qədərini, ölçüsünü bilməməyində idi. Şairin fikrincə, hər bir söz, əməl və işdə etidala riayət etmək əxlaqın başlıca şərtlərindəndir. Meyin sərxoşluğundan meymun halına düşən bu gənc, spirtin təsiri tədricən azalıb getdikcə peşmanlıq hissi keçirməyə başlayır:

 

Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim,

Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.

Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,

Lakin əldə deyil idi heç iradə, ixtiyar.

İllər boyu sınadığım sadiq o can dostları,

Candan əziz o səmimi və mehriban dostları.[5]

 

Mötəbər mənbə və qaynaqlardan bəlli olduğu kimi, A.Bakıxanovun heç vaxt içki içməməsinə baxmayaraq, şərabı tərifməsi, habelə içkinin xeyri və şəri barədə düzgün mühakimələr yürütməsi istər-istəməz oxucuda təəccüb doğurur. Şairin şərabla bağlı fikir və mülahizələri, onun son dərəcə güclü müşahidə qabiliyyətinə malik olduğunu aydın göstərir.

Şairin fikrincə, şərab içməklə ona aludə olmaq arasında çox böyük fərq vardır. Şəraba aludəçiliyin sonu sərxoşluğa aparıb çıxarır. Sərxoş adamlarda isə şərabın təsirindən vüqar və təmkin yox olur, ağıl və kamal əldən gedir.

A.Bakıxanov əsərdə şərabın insanın başına açdığı müsibətlərdən söhbət açmaqla bərabər, şəraba meyli olan şəxslərə içdiyi vaxt artıq-əksik danışmağı da irad tutur, sanki üzünü onlara tərəf çevirərək içkinin təsiri ilə qaba danışmamağı, hər sözə, kəlməyə diqqət yetirməyi tövsiyə edir. Çünki bir qayda olaraq, içməyi bacarmayan kəslər ardı-arası kəsilmədən mənasız söhbətlər edir – bir sözlə, boş-boğazlıq edirlər:

 

Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,

Ya Rəbb, belə yaman dilim kaş dibindən kəsilə!

Hər nə isə, ağlım itib eyləmişəm gör nələr,

Yaraşmayan işlər tutub törətmişəm fitnələr.

Heç özüm də bilməyirdim nədir bunun səbəbi,

Gah ağlayır, gah gülürdüm, xeyli küskün, əsəbi.

Mən qüsmağa başladıqda halım tamam pozuldu,

Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu.[6]

 

“Müşkatül-ənvar”da A.Bakıxanov şərabın təsirindən öz hərəkət və davranışına nəzarət etməyi bacarmayan sərxoşların düşdüyü ağır vəziyyəti, psixoloji gərginliyi də düzgün qələmə almışdır. O, sərxoş insanın dili ilə düşdüyü gülünc vəziyyəti sanki gözümüz önündə canlandırır, şərabın səbəb olduğu əcaib əməlləri bir-bir sadalayır. Bu iyrənc mənzərəni seyr edən hər bir oxucu əsərdə təsvir edilən həmin sərxoş adamın davranışından, ağlını itirərək yaramaz işlər görməsindən, fitnələr törətməsindən – bir sözlə, sərsəmləmələrindən bir növ tərbiyə alır. Daha doğrusu, A.Bakıxanov bu xoşagəlməz mənzərəni qələmə almaqla öz oxucusunu tərbiyə edir, ona göstərir ki, sərxoş adamın aqibəti bax budur, o, insanlara qəm-qüssədən, mənasız fikirlərdən başqa heç nə gətirmir:

 

Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,

Saf şərabın xassəsində vardır böyük ixtilaf.

Biri onda gəzir saflıq, fərəh, hər cür xoş halət,

Bir başqası deyir: “Şərab törədir min fəlakət”.[7]

 

Şair sərxoş adamdan danışarkən bir məsələni də öz oxucularına çatdırır ki, bu da şərabın, ümumiyyətlə, içkinin insan səhhətinə, onun mənəvi varlığına və iqtisadi durumuna endirilən sarsıdıcı zərbədir. O, haqlı olaraq belə zəif xarakterli insanı elin qınağıyla məzəmmətləyir və hədəfə gələn həmin adamın, nəhayət, öz naqis  əməlindən peşman olduğunu göstərir:

 

Başağrısı sərsəmliyin eyləmişdi məni xar,

Bu zavallı halı yalnız düşən bilər, anlayar.

Ayıldıqda ətrafımda görmədim bir dostumu,

Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?!

Etibardan dəm vurmağa haqq verirmi bu halət?

Allahdan da, bəndədən mən çəkirəm xəcalət.[8]

 

A.Bakıxanov öz fikrini sübuta yetirmək üçün müxtəlif məzmunlu hekayə və lətifələrdən də geniş istifadə etmişdir. Şair maraqlı, ibrətamiz fikirlər söyləməklə nəticədə öz məqsədini daha qabarıq bildirir. O, ilk hekayədə nəşələnmək üçün bazardan həb almış şəxsin birdən-birə dəyişərək “insanlıq”dan uzaqlaşma­sını inandırıcı boyalarla təsvir edir və həmin hekayətin sonunda deyir:

 

“Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,

 Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?”.[9]

 

Şair bir anlığa şərabın məstedici təsirindən xumarlanıb feyziyab olan kəslərin sonrakı aqibəti, necə bədbəxt bir məxluqa çevriləcəyi barədə bəri başdan xəbərdarlıq edir.

 

Ey könül, sən ibrət götür öz başına gələndən,

Başqası da ibrət alsın bu yol ilə qoy səndən.

Mey məstliyi uzun sürməz, davamı da azdır, az,

Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz…[10]

 

A.Bakıxanov gününü sərxoşluqla keçirən iradəsiz insanların ötəri kef çəkmələrini ağılsızlıq hesab edərək, onların sağlamlığının qayğısına qalıb faydalı, xeyirxah və nəcib işlərlə məşğul olmalarını daha məqbul sayır:

 

Öz ömrünü sərxoşluqda keçirərsə hər cahil,

Başağrısı bir an belə rahat qoymaz, onu bil!

Xumarlanmış gözlərini açan zaman yuxudan

Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan.[11]

 

Abbasqulu ağa içkiyə qurşananların, onun məstedici halından feyziyab olanların ailəsi, dostları üçün bir ictimai bəlaya çevriləcəyini, həmin bihuşedici maddənin təsirindən özünə və ətrafdakılara xələl gətirəcəyini duyub onlara bu naqis əməli, ədəbsiz vərdişi tərgitməyi tövsiyə edir. Bu bəd adəti dayandırmayacağı halda, onların daha dəhşətli bəlalarla üzləşəcəyini yada salır:

 

Mey içəndən öyrənsən hüşyarlığı,

Sərxoş olmaqdan ayıl, bəsdir, yetər![12]

 

Mənbələrdə göstərilir ki, Bakıxanov Peterburqda olanda imperator birinci Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. İmperatorun arvadı qürurla söyləyir ki, mən Abbasqulu ağaya şərab içirdərəm. O, bir qədəh şərabı qızıl siniyə qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb qızıl sinidən qədəhi götürür və üzünü çar birinci Nikolaya tutaraq deyir:

– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz şərab için, Allahım deyir içmə, hansınızın sözünə baxım?

Çox dindar olan çar birinci Nikolay bir anın içində:

– Əlbəttə, Allahın, – söyləyir.

Abbasqulu ağa Bakıxanov əlindəki qədəhi təzədən qaytarıb padşah arvadının əlindəki qızıl siniyə qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.[13]

Bütün ömrü boyu sağlam həyat tərzi keçirmiş Abbasqulu ağa nəinki müasirləri tərəfindən yüksək dəyərləndirilmiş, onun eyni zamanda bu problemin tətbiqi və təşviqi yolunda əvəzsiz xidməti olmuşdur.

Böyük maarifçi başdan-başa əxlaq tərbiyəsinə həsr olunmuş “Təhzibi-əxlaq” əsərində gəncləri pis və ləyaqətsiz əməllərdən uzaq durmağa, nəcib, xeyirxah, şərəfli işlərə xidmət etməyə çağırır. Onun əsərləri şəxsiyyətin bütövlüyünü, vicdanlı, saf, ədalətli, prinsipial comərd olmağı, bütün humanist əməllərə ria­yət etməyi və elmə daim can atmağı, vətən uğrunda canından keçməyi, zəhmətə qatlaşmağı, əqli və fiziki əməyə məhəbbəti, habelə gigiyena və sağlamlığa xidmət etməyi təbliğ edir.

Ədibin ümumilikdə tərbiyə mövzusunu geniş və hərtərəfli əhatə edən həmin əsərində “Etidala riayət etmək haqqında”, “Yaxşı işlərin fəziləti haqqında”, “Ra­hat­lıq əldə etmək haqqında”, “İşin faydaları haqqında” və s. fəsillərində sağlam həyat tərzinin formalaşdırılması, fiziki sağlamlıq, iradi-mənəvi keyfiyyətlər, habelə fiziki tərbiyə motivləri ilə bağlı mühüm məsələlərə toxunulur.

A.Bakıxanovun “Təhzibi-əxlaq” əsərində “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaqi-etik norma­ların geniş və dəqiq şərhinə həsr olunmuşdur. Böyük maarifpərvər, əxlaqşünas filosofun əxlaq nəzəriyyəsində “etidal” (orta hədd) prinsipi olduqca mühüm yer tutur. Şair təbiət və insan həyatından çoxlu faktlar gətirərək belə qənaətə gəlir ki, hər şeydə azlıq faydasız olduğu kimi, həddindən artıq yemək də onun səhhətini pozur və patoloji xəstəliklərin yaranmasına səbəb olur. Nəbatatın yetişməsi rütubətə möhtacdır, lakin rütubət çox olarsa, onu çürüdər. Xəsislik pis xasiyyətdir, lakin həddindən artıq israfçılıq da pisdir.

Böyük ədibin mənəvi xəzinəmizin dəyərli sərvətlərindən olan “Nəsihətnamə”ləri arasında insan səhhətinin möhkəmləndirilməsi, gümrah bədənə, sağlam orqanlara, uzunömürlülüyə səbəb olan əsas amilləri şərtləndirən vasitələrlə bağlı qiymətli fikirlər çoxdur. O, yaşamaq, həm də mənalı yaşamaq, səmərəli ömür sürmək naminə, yemək üçün yaşayanları deyil, yaşamaq üçün yeyənləri nəzərdə tutaraq bu işdə, hər şeydən öncə, iradəli olmağı tövsiyə edir. Şair göstərir ki, çox yeyib qarınqululuq etmək insanın öz səhhətinə, sağ­lamlığına düşmən kəsilməsi deməkdir. Təbii ki, bu məsələdə lazımi ölçünü, etidalı gözləməyib, rejimin qaydalarına intizam göstərməyən kəslərin bir sıra xəstəliklərə mübtəla olmaları şəksizdir.

Abbasqulu ağa göstərir ki, qida qəbulunda qədəri gözləməyib, həddini aşan kəslərin ağlı, düşüncəsi də qaydasınca olmur. Onun fikrincə, belə adamların, adətən, zehni korafəhim olur, kal ağıl sahibi kimi əqli kütləşmiş bir fərd kimi maddiləşir. Təsadüfi deyildir ki, Şərqin böyük zəka sahibləri, müdrikləri əqli və bədəni həmahəng olmayan kəsləri şikəst məxluq adlandırmışlar. Beləliklə, xalqımızın əvəzsiz filosofu, müqtədir pedaqoq və həkimi yeyib-içmək işində normal insanın daim qaydasında, qədərində qidalanmağını bu işdə özünənəzarəti şərtləndirən başlıca amil kimi qiymətləndirmişdir. Və əsərlərində dönə-dönə yazırdı: “Çox yeməkdən çəkinin, çünki bədənin səlamətliyinə və ağıla zərəri vardır”.[14]

A.Bakıxanov “Mənzum hekayətləri”ndə hər bir xəstəliyin törənmə səbəbləri və həmin bəlaya qarşı insanların şəfa tapmasından ötəri əlac yolları və lazımi profilaktik tədbirlər görmə barədə söhbət açır. Şairə görə, insan öz canını hər hansı bir dərd-bəladan qoruyub həkimə möhtac olmamaq üçün o, ilk növbədə öz fiziki-cismani möhkəmliyi uğrunda çalışmalıdır. Bununçün isə bir sıra fiziki tərbiyə məşğələləri, bədən tərbiyəsi hərəkətləri ilə yanaşı, həm də təbii və gigiyenik amillərə, xüsusilə də sağlam həyat tərzi yaşamına mühüm diqqət yetirilməlidir:

 

Hər bir xəstəliyin bir səbəbi var,

İllətsiz xəstəlik olmaz aşikar.

Altı şey vücuda çox lazımdır, bil,

Dörd şey də eləyir mərəzi təhlil.

Bu şeylər birləşsə bir yerdə, yəqin,

Pozulmaz heç zaman halı səhhətin.

Deməli, mərəzdən kim görsə bəla,

Etmiş öz-özünü dərdə mübtəla.[15]

 

Şairin dediklərindən belə qənaətə gəlmək olur ki, müxtəlif mərəzlərə yoluxmamaq, habelə dava-dərmana möhtac olmamaq üçün hər bir kəs hökmən gərək fiziki tərbiyə məşğələləri, onun əsas vasitələri və idman təmrinlərinə xüsusi yer ayırsın:

 

Ağıllı, xəstəlik hələ gəlməmiş,

Çalışar vaxtında görülsün hər iş.

Elə ki hüdudu aşdı bir ixlat,

Bədəndə törəyir xəstəlik, fəsad.

Vücudun səhhəti pozulub gedər,

Yüz illət bədəni sərnigun edər.

Sağlamkən gərəkdir edəsən əlac,

Ki, vücud olmasın dəvaya möhtac.[16]

 

Beləliklə, bütün ömrünü fəal, fəal olduğu qədər də sağlam həyat tərzi yaşamış və yaradıcılığında da həmin fəzil məsləhləri, müdrik tövsiyələri çox böyük sənətkarlıqla bizlərə çatdırmış ədibin yaradıcılığına dönə-dönə müraciət edilməlidir. Bu gün xalqımızın gənc övladlarının əqli və mənəvi kamilləşməsi nə dərəcədə zəruridirsə, onların fiziki təkmilləşməsi də o dərəcədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, fiziki tərbiyənin əsas amili kimi təbii və gigiyenik qaydalara ciddi riayət olunması sağlam həyat tərzinin formalaşmasına zəmin yaradan başlıca vasitədir.



[1] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.141-142.

[2] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 144.

[3] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 27-28.

[4] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 142.

[5] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 145.

[6] Yenə orada, səh. 146.

[7] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 25.

[8] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 146.

[9] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 150.

[10] Yenə orada, səh. 146.

[11] Yenə orada, səh. 146.

[12] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.318.

[13] Nəsirli Ş.Ə. Azərbaycan generalları. Bakı, “Gənclik”, 1991, səh. 38.

[14] Bakıxanov A. Hind əfsanəsi. Bakı, “Gənclik”, 1972, səh.96.

[15] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.229-230.

[16] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.230.

 

 

“Ədəbiyyat və incəsənət”

(29.09.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

UITAU VİLAYƏTİNDƏ “CUCİ XAN VƏ QIZIL ORDA: BÖYÜK ÇÖLÜN TARİXİ, İRSİ VƏ SİVİLİZASİYASI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

 

27–28 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Ulıtau vilayətində Türk Mədəniyyəti və İrsi Fondu və Ulıtau vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Cuçi Xan və Qızıl Orda: Böyük Çölün tarixi, irsi və sivilizasiyası” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbirin əsas məqsədi Cuçi Xanın irsinin və Qızıl Ordanın tarixinin elmi əsaslarla araşdırılması, tarix, bərpa, folklor, musiqişünaslıq və sənətşünaslıq sahələrində hərtərəfli tədqiqatların aparılması, eyni zamanda Ulıtau bölgəsinin mədəniyyətində ortaq türk dəyərlərinin öyrənilərək bütövlükdə türk sivilizasiyasının mənəvi irsi kimi qiymətləndirilməsi olub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Tatarıstandan tanınmış alim və mütəxəssislərin iştirak etdiyi konfransda “Cuçi Ulusu və Qızıl Orda dövründə dövlətçilik və tarixi-mədəni proseslər”, eləcə də “Türk dünyasının XII-XIV əsrlər musiqi-folklor irsi və mənəvi dəyərləri. Küyçü-bəstəkar Ketbuka xanın tarixi-mədəni irsi” mövzuları üzrə müzakirələr aparılıb.

Plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Ulıtau vilayətinin Akimi Dastan Rıspəkov və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsi sədrinin müavini Maksat Arğınbekov çıxış ediblər.

Xanım Aktotı Raimkulova nitqində Cuçi Xanın irsinin və Qızıl Orda tarixinin dərin elmi araşdırılmasının, habelə Ulıtau torpaqlarında formalaşmış ortaq türkdilli dəyərlərin müəyyənləşdirilməsinin müasir dövr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfrans çərçivəsində zəngin mədəni proqram da təqdim olunub. Türk Dünyası mədəniyyətinin tanınmış səfiri olan “TURAN” ansamblı “TAMYR” adlı konsert proqramı ilə çıxış edərək tamaşaçılara türkdilli xalqlara məxsus 40-dan çox milli musiqi alətini və onların musiqi irsini təqdim edib. Bundan əlavə, iştirakçılar üçün Ulıtau bölgəsinin tarixi-mədəni abidələrinə ekskursiya təşkil olunub. Nümayəndə heyətləri Cuçi Xan, Alaş Xan və Dombaul məqbərələrini ziyarət edərək bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Bazar ertəsi, 29 Sentyabr 2025 15:11

Əməkdar artist Cabir İmanov vəfat edib

Əməkdar artist, “Planet Parni iz Baku KVN Tetarı”nın aparıcı siması Cabir İmanov vəfat edib. “Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə əsrin çempionu olmuş “Parni iz Baku” KVN komandasının üzvü olub. Xatırladaq ki, həmin komandanın kapitanı Anar Məmmədxanov da gözlənilmədən vaxtsız vəfat etmişdi…

Cabir İmanov 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

Ailəli idi, 4 övladı var.

Allah rəhmət eləsin.

 

"Ədəbiyyat və incəsənət"

(29.09.2025)

 

Rəqsanə Babayeva

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Sənətin ən böyük gücü onun sərhəd tanımamasıdır. Siyasətin, iqtisadiyyatın, hətta coğrafi məkanların belə ayırdığı xalqları bəzən bir musiqi sədası, bir rəsm əsəri, bir teatr tamaşası birləşdirə bilir. Qarabağ motivləri isə bu sərhədsiz sənətin ən parlaq nümunəsinə çevrilməkdədir. Çünki Qarabağ təkcə bir bölgə deyil – mədəniyyətin, yaradıcılığın, xalqın ruhunun simvoludur.

İşğaldan azad edilən Qarabağ torpaqları bu gün yenidən sənətin doğulduğu, köhnə yaraların mədəniyyətlə sağaldıldığı bir məkan kimi dünyaya təqdim olunur. Bu motivlərin dünya səhnəsinə çıxışı isə Azərbaycanın ən mühüm mədəni diplomatiya qələbələrindən biridir.

 

Qarabağ – yaradıcılığın beşiyi

 

Şuşa, Ağdam, Füzuli, Zəngilan… Bu adlar təkcə coğrafi məkanları deyil, həm də mədəniyyət ocaqlarını xatırladır. Qarabağ əsrlər boyu aşıqların, xanəndələrin, şairlərin ilham mənbəyi olub. Xurşidbanu Natəvanın şeirləri, Bülbülün səsi, Üzeyir Hacıbəylinin musiqisi Qarabağın sənət ocağı olduğunu sübut edib.

Bu gün həmin torpaqlarda bərpa olunan mədəniyyət məkanları – konsert zalları, muzeylər, teatrlar – yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkir. Çünki Qarabağda doğulan motivlər hər kəs üçün universal duyğulara çevrilir: həsrət, azadlıq, qələbə, yenidənqurma…

 

Musiqidə Qarabağ izləri

 

Qarabağ motivləri musiqidə xüsusi yer tutur. Muğam məktəbinin ən böyük ustaları Qarabağ torpağından çıxıb. “Segah”, “Şur”, “Bayatı-Şiraz” kimi muğamlar Qarabağın təbiəti və insanların hissləri ilə yoğrulub.

Azadlıqdan sonra keçirilən “Xarıbülbül” musiqi festivalı artıq təkcə Azərbaycanın deyil, dünyanın musiqi gündəminə çıxıb. Burada səslənən muğam və xalq musiqisi müxtəlif ölkələrin sənətkarlarının iştirakı ilə yeni çalar qazanır. Bu, Qarabağ musiqisinin sərhədsiz gücünü təsdiqləyir.

 

Rəssamlıqda Qarabağ mövzusu

 

Azərbaycan rəssamlarının əsərlərində Qarabağ motivləri hər zaman ön planda olub. Cıdır düzünün mənzərələri, Şuşanın küçələri, dağıdılmış abidələrin təsviri sənətdə həm faciəni, həm də ümidin işığını əks etdirib.

Son illərdə beynəlxalq sərgilərdə Qarabağ mövzulu əsərlərin təqdim olunması dünya ictimaiyyətinə unikal bir mədəni mesaj verir: sənət vasitəsilə Qarabağın dirçəlişi, sülh və yaradıcılıq hekayəsi dünyaya çatdırılır.

 

 

Teatr və kino – Qarabağın səhnə təcəssümü

 

Teatr tamaşaları və filmlərdə Qarabağ mövzusu xüsusi bir yerdə dayanır. Müharibə illərində yazılmış pyeslər faciəni göstərirdisə, bu günki tamaşalar və ekran əsərləri daha çox qələbəni, quruculuğu və insan iradəsini əks etdirir.

Beynəlxalq festivallarda nümayiş olunan Azərbaycan filmləri – Qarabağın tarixi, mədəniyyəti və azadlıq uğrunda mübarizəsini təsvir edən əsərlər – tamaşaçılarda dərin təəssürat yaradır. Çünki sənət dili universal dildir; bir kadr, bir səhnə sərhədsiz təsir gücünə malikdir.

 

Dünya səhnəsində Qarabağ motivləri

 

Qarabağ motivlərinin Parisdə bir sərgidə, Nyu-Yorkda bir konsertdə, İstanbuldakı teatr festivalında təqdim olunması artıq adi hadisə deyil. Bu, Azərbaycanın milli irsini dünya miqyasında təbliğ etməsi deməkdir.

Mədəniyyət vasitəsilə Qarabağın səsi dünyaya çatdırıldıqca, həm həqiqətlər tanınır, həm də Azərbaycan incəsənəti yeni auditoriyalar qazanır. Xarici tamaşaçılar Qarabağı təkcə siyasi münaqişə məkanı kimi deyil, zəngin mədəniyyətin beşiyi kimi tanıyır.

 

Gənclərin yeni baxışı

 

Qarabağ motivlərinin gələcəyini gənc sənətkarlar formalaşdıracaq. Rəqəmsal texnologiyalardan istifadə edən rəssamların Qarabağı virtual incəsənətdə təqdim etməsi, gənc musiqiçilərin muğamı dünya janrları ilə sintez etməsi, yeni nəsil yazıçıların Qarabağ hekayələrini qlobal ədəbiyyat dili ilə ifadə etməsi – bunlar Qarabağın motivlərini sərhədsizləşdirir.

Dünya auditoriyası artıq Qarabağı yalnız tarixi abidələr və ya ənənəvi motivlərlə deyil, həm də müasir incəsənətin parçası kimi görür.

Sənət sərhəd tanımır. Qarabağ motivləri isə bu sərhədsiz sənətin ən güclü ifadəsinə çevrilib. Musiqidə muğam, rəssamlıqda naxış, teatrda tamaşa, kinoda kadr – hər biri Qarabağı dünyaya tanıdır.

Bu motivlərin dünya səhnəsinə çıxması Azərbaycanın yalnız mədəni uğuru deyil, həm də diplomatik qələbəsidir. Çünki sənət hər zaman siyasətdən daha çox inandırıcı, daha çox təsirli olub.

Qarabağ mədəniyyəti bu gün sərhədləri aşaraq dünyaya bir mesaj verir: biz dağıntıdan sonra qururuq, düşmənçilikdən sonra sənət yaradırıq, qaranlıqdan sonra işıq saçırıq.

 

Və bu işıq – sərhədsiz sənətin, Qarabağ motivlərinin dünyaya açılan işığıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Cəlilabadda yaşayıb-yaradan ustad yazar Meyxoş Abdullahın “Tarix müəlliminin etirafıadlı yeni hekayəsini təqdim edir.

 

Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı ki, canındakı o müdhiş ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı, bu uzun yolu xəstə canıyla piyada getmək ona ağır gələrdi. Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.

Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı. Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində yığılıb qalmış sözləri ona elə əzab verirdi ki…

Qəbristanlığın qapısına çatanda, bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü. Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.

Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.

O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.

– Hə… Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.

İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.

Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə bənzər şüalar müəllimənin gözlərini qamaşdırdı.

 

Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:

– Xoş gördük səni, oğlum… Şəhid adın mübarək!..

Sonra o, titrək əlləriylə qara mərmərin üzərində həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.

Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.

– Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə titrək səslə dilləndi. – Şəhadətə qovuşduğunu bir müddət bundan qabaq eşitdim. Onda bərk xəstələnmişdim, yataqdan qalxmağa hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. – Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə deyilmi?! – deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.

Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; – hə, elədir müəllimə!– demək istəyirdi.

– Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, – deyə, müəllimə astaca sözlərinə davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: – Bunlara baxın və onlardan ibrət götürün! – söyləyərdim. Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. – Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. – Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim. Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!

Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş… Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular. Onların arasında mənim davamçılarım da vardır. Amma fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin.

Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; – buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.

Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.

Kaş, bu həyata bir də dönə biləydik… Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!

… Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı. Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər başdaşının aşağı tərəfində, ona heç vaxt vermədiyi “5” (əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı…

Soyuq mərmər daşlardan boylanan bir cüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı…

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

55 -dən səhifə 2506

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.