Aprel döyüşlərindən 10 il ötür – bu, təkcə zaman göstəricisi deyil, həm də şanlı tariximizin yaddaşlarda daha da möhkəmlənməsi deməkdir. 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini və dövlətin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Bu döyüşlərdə qazanılan uğurlar sonrakı illərdə əldə ediləcək böyük Zəfərin – 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin başlanğıcı oldu. Tarixə “Aprel döyüşləri” kimi düşən bu hadisələr xalqımızın qəhrəmanlıq salnaməsinin növbəti şanlı səhifəsinə çevrildi.
Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib. O deyib ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunda Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı yaşayış məntəqəsi, həmçinin Goranboy rayonunun Gülüstan kəndi və Tərtər istiqamətində bir sıra mühüm mövqelər düşməndən azad edildi. Bununla da illərlə formalaşdırılmış “keçilməz erməni səngərləri” mifinin əsassız olduğu bütün dünyaya nümayiş etdirildi.
Aprel döyüşləri eyni zamanda ölkəmizdə uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin real nəticəsi idi. Bu uğurlar İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların, müasir hərbi-texniki bazanın gücləndirilməsinin və peşəkar kadr hazırlığının bariz göstəricisi kimi tarixə düşdü. Dünya bir daha şahid oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və bu yolda qətiyyətlidir. Bu qətiyyət 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz kulminasiya nöqtəsinə çataraq möhtəşəm Qələbə ilə nəticələndi.Ən mühüm məqamlardan biri isə Aprel döyüşləri zamanı Xalq–Lider–Ordu birliyinin sarsılmaz vəhdətinin açıq şəkildə nümayiş olunması idi. Məhz bu birlik Azərbaycanın həm Aprel zəfərini, həm də Vətən müharibəsindəki tarixi Qələbəsini təmin edən əsas amillərdən biri kimi yadda qaldı.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


