İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb aeasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindın verilən məlumata görə, Türkiyə türkcəsində hazırlanan nəşr Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.
Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri əks etdirilib. Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.
Türkiyənin ən qədim və nüfuzlu elm-təhsil müəssisələrindən olan İstanbul Universiretində keçirilən təqdimat mərasimində əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul İniversitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki Səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.
İlk öncə çıxış edən rektor Osman Bülent Azərbaycan - Türkiyə qardaşlığı haqqında danışaraq, ötən əsrin əvvəllərində çox sayda azərbaycanlı fikir adamının Türkiyəyə köç edərək ideoloji fəaliyyətlərini burada davam etdirdiyini bildirib. O, bu insanların gələcəyin strategiyasında böyük rol oynadıqlarını, ölkələrimizin bugünkü baxışına istiqamət verdiyini bildirib.
Nəşrin hazırlanmasını, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinj yüksək qiymətləndirərək bu istiqamətdə ortaq araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini Murad Hüseynov Azərbaycan - Türkiyə qardaşlığı, Ulu Öndər Heydər Əliyevin “Biz bir millətin iki dövlətiyik” şüarını qeyd edərək, mədəni əlaqələrimizin güclənməsi, habelə Əhməd Ağaoğlu kimi düşüncə insanlarımızın araşdırılmasının ortaq irsimizin davam etdirilməsi üçün mühüm əhəmiyyət daşıdığını deyib.
Çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun yaradıcılığının həm Azərbaycan, həm də Türkiyənin ortaq mənəvi sərvəti olaraq, onun marifçilik, mətbuat sahəsində fəaliyyəti,
dünyəvi təhsilin yayılması, milli oyanış ideyalarının formalaşmasında xidmətlərini qeyd edib.
Ağaoğlunun Şərq ənənələri ilə Qərb modernləşməsi arasında balansın tapılmasını vacib hesab etdiyini bildirən Abbasov, Azərbaycan Mədəniyyət Mərkəzinin dövlətimizin dəstəyi ilə gələcəkdə də bu kimi layihələr çərçivəsində iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə vermiş, Türkiyədə yaşamış tanınmış azərbaycanlıların zəngin irsinin araşdırılması və geniş şəkildə tanıdılması istiqamətində işlər həyata keçiriləcəyini bildirib.
Səfirliyimizin müşaviri Füzuli Məcildli Ağaoğlu mirasının bizim üçün düşüncə ideologiyası olduğunu qeyd edərək bu gün bu fəlsəfənin dövlətlərimiz arasındakı bağlarla ən bariz şəkildə nümayiş olunduğunu söyləyib.
Müəllif Dilqəm Əhməd çıxış edərək kitabın yaradılması, məzmunu və Əhməd Ağaoğlunun həyatı barədə iştirakçılara məlumat verib.
O, vurğulayır ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.
İstanbul Üniversiteti Hüquq fakultəsi dekanı professor Fethi Gedikli və İstanbul Üniversiteti Ədəbbiyat fakültəsi, Tarix bölümünün professoru Halil Bal öz çıxışlarında Əhməd bəy Ağaoğlu və bu kimi mütəfəkkirlərin Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağların daha da möhkəmlənməsi istiqamətində xidmətləri haqqında danışıblar.
Qeyd edək ki, təqdimat çərçivəsində yeni nəşr olunmuş kitabın sərgisi təşkil olunub, müəllifin imza mərasimi keçirilib, kitabın 20 nüsxəsi İstanbul Universitetinin kitabxanasına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


