2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş teatr tamaşası təqdim edilib

 

Cari ilin 1 aprel tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin səhnəsində 2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə “Məni dinləyin...” sürrealizm üslubunda hazırlanmış mono dramanın nümayişi həyata keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azərbaycan İncəsənət Məktəbi” MMC-nin təşəbbüsü və Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Dövlət Himni səsləndirilmişdir.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışovqonaqları salamlayaraq, autizm spektrli fərdlərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən bəhs etmişdir. N.Abışov çıxışında bu qəbil tədbirlərin mənəvi-psixoloji inklüzivliyin təmin olunmasında, fərdlərin sosial-adaptasiya proseslərinin sürətləndirilməsində və cəmiyyətdə humanist-strateji baxışın formalaşmasında müstəsna rolunu xüsusi vurğulamışdır.

Daha sonra çıxış edən “Azərbaycan İncəsənət Məktəbi”nin təsisçisi və layihə rəhbəri Fərid Bağırov layihənin genişmiqyaslı mahiyyətindən danışmışdır. O, bu təşəbbüsün uşaqların daxili potensialının üzə çıxarılması üçün multidissiplinar bir platforma olduğunu qeyd edərək, sənətin reabilitasiyaedici funksiyasını və gənc istedadların özünüreallaşdırma imkanlarının genişləndirilməsinin vacibliyini təşviq etmişdir.

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin vaxtilə bu sahəyə göstərdiyi xüsusi diqqəti xatırladaraq, hazırda bu ali diqqətin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Xalq şairi Baba Vəziroğlu öz çıxışına Ali Baş Komandana həsr etdiyi ruhanidə poetik nümunə ilə başlayaraq, layihənin estetik və mənəvi dəyərlərindən söz açmışdır.

Səhnə əsəri bir insanın daxili aləmindəki "dinlənilməmə" sədası ilə başlayır. Qəhrəman, cəmiyyət tərəfindən "fərqli" olaraq etiketlənməyin ağrılarını, uşaqlıqdakı tənhalığını və ulduzlara sığınan xəyallarını tamaşaçıya çatdırır. Tamaşanın emosional təsir gücünü artıran əsas məqamlardan biri isə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş dərin mənalı nümunələrin səhnə əsərinə daxil edilməsi olmuşdur. Bu poetik parçalar tamaşanın estetik ruhunu daha da zənginləşdirmişdir.

Qeyd olunmalıdır ki, ölkəmizdə həssas qrupa daxil olan uşaqlara qayğı dövlət siyasətinin prioritetidir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bu sahədəki humanitar təşəbbüsləri və Leyla xanım Əliyevanın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasındakı fəal rolu hər bir layihə üçün əsas stimul mənbəyidir.

Tədbirin sonunda Kollecin direktoru Nəsim Abışov tərəfindən səhnədə çıxış edən istedadlı uşaqlar sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.