Super User

Super User

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər. 

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün müasir türk mütəfəkkiri, şair və yazıçısı Necip Fazıl Kısakürekin doğum günüdür. O, 26 may 1904cü ildə İstanbulda dünyaya göz açmışdır. Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır.

 

Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır.

Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir.

Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi "Hörümçək toru" ("Örümcek Ağı", 1925) və "Səkilər" (bu şeri çox məşhur olduğu üçün ona bəzən "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") də deyirlər) ("Kaldırımlar", 1928) adlı şeir kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi "Mən və ötəsi" (1932) kitabı ilə isə bu şöhrəti daha da artır. "Toxum", "Pul", "Bir Adam Yaratmaq", "Rəis bəy" kimi pyesləri böyük əks-sədaya səbəb olur. Bu əsərlərdən "Bir Adam Yaratmaq" türk dramaturgiyasının əsasını təşkil edir.

1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin "Böyük Mükafat"ına, "İman və İslam atlası" adlı əsərinə görə fikir əsəri kimi "Milli Kültür Vəqfi mükafatı"na (1981), Türkiyə Yazıçılar Birliyinin "Ali Xidmət mükafatı"na (1982) layiq görülmüşdür.

Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs Şüara" (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.

Ünlü, ustad yazar 25 may 1983-cü ildə vəfat etmişdir. Qəribə təsadüfdür – 26 mayda doğul, 25 mayda vəfat et!

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycan icması ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Kralığının Dövlət himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və icmamızın bu sahəyə töhfələr verdiyini diqqətə çatdırıb, soydaşlarımızın uğurlu inteqrasiyasını yüksək qiymətləndirib.

“Diaspor ölkələr, xalqlar arasında vacib bir körpü rolunu oynayır və onun fəaliyyəti hər bir müstəvidə vacibdir. Ərəb ölkələrindəki icmalarımız daha çox mədəni diplomatiya vasitəsilə öz yaşadıqları ölkələrdə, həmçinin qlobal miqyasda mədəniyyətimizi və dəyərlərimizi tanıdır. Bu fəaliyyətləri daim təqdir edirik” - bu fikirləri DİDK sədri Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan icması ilə görüşü zamanı səsləndirib.

Görüşdə komitənin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında böyük marağa səbəb olan Diaspor Gənclərinin Yay Düşərgələri haqqında ətraflı məlumat verilib.

Toplantıda Prezident İlham Əliyevin Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

İcma toplantısı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız belə görüşlərin diaspor arasında həmrəylik ruhunun güclənməsi baxımından vacibliyini nəzərə çatdırıb, daha təsirli fəaliyyət imkanları ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynovaya, Oman üzrə koordinatoru Səidə Xəlilovaya, Səudiyyə Ərəbistanı Krallığında yaşayan həkim-kardioloq Cəmilə Rəsulovaya təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib, Səudiyyə Ərəbistanı Krallığı üzrə yeni koordinatorlar seçilib.                          

Tədbir bədii hissə ilə davam edib. İcma üzvləri Azərbaycan musiqilərini, milli rəqslərimizi böyük coşqu ilə qarşılayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

Eltən Törəçi, Dəyər Yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün

 

Yaponlar niyə latın əlifbasına keçmədilər? Dillərinə Avropa sözləri niyə almadılar? 

Əynində qərbli çır-cındırı, cibində diplom, dilində qərb sözləri olan bəzi "maarifçilər" illərlə bizə izah etməyə çalışdılar ki, çağdaşlaşmaq üçün dəyişmək, dəyişmək üçün köhnədən qurtulmaq gərəkli, bütün dəyərləri murdarlamaq önəmlidir. 

 

Bu sapı özümüzdən olan baltaların törəsəl soyqırımının ilk hədəfi yazımız oldu...  

Tarixi yazısını Çindən alan yapon yazısından daha qədim olan, VIII əsr (miladi 700-cü illər) Göytürk tamğalarımızı unutduq. 

Bir dəfə dəyişdik... olmadı.

İkinci dəfə dəyişdik... olmadı.

Üç, dörd, beş, altı və...

Sonda sayını unudacağımız qədər öz sözümüzə, öz yolumuza və törəmizə yadlaşdıq.

Amma eyni çağlarda,  eyni tarixi çətinliklərdən keçən, hətta savaşı belə  uduzan  yaponlar  heç nəyə baxmayaraq, öz yazılarından, heroqriflərindən  vaz keçmədilər, öz  törələrindən əl  çəkmədilər.

Qərbdən elm aldı, texnologiya götürdü, amma bushidosunu, ikigaisini, katanasını qorudu.

Öz soy köklü dəyərlərinə söykənərək, ucaldı.

Düşünmək üçün dil, qorunmaq üçün kimlik!

Yazı ancaq cızma qara deyil, bir  ulusun və budunun düşüncə daşıyıcısıdır. 

Hansı yazı ilə yazırsansa, hansı dillə düşünürsənsə, düşüncən, o axarda düzülür. 

Yaponlar bu gərçəyi anladılar ki, yazını dəyişmək, beyin xəritəsini pozmaqdır.

Onlar qərbin elmi anlayışlarını da öz dilləri ilə qavrayıb, öz deyimləri ilə adlandırdılar.

"Science" – Kagaku

"Philosophy" – Tetsugaku

"Artificial Intelligence" – Jinkō Chinō

Bunlar tərcümə deyil, özününküləşdirmə, mənimsəmə və içsəlləşdirmədir. 

Biz isə törəmizi pozduq, yazımızı, görkəmimizi, sözlərimizi dəyişdik, dönəm düşüncəmizi də, özümüzü də itirdik.

Keçmişdə yazdığımız bitikləri (kitabları) bir nəsil sonra oxuya bilmədik. Çünki Göytürk əlifbasını bu gün türkoloq və arxeoloqlarımızın belə çoxu bilmir.

Ədəbiyyatımızı yad dillə tanıtdıq.

Ən pisi – özümüzə öz dilimizdə soykökünə yadlaşmış, keçmişi ilə qopuq, törəsiz nəsillər yetişdirdik və bu gün də buna davam edir, öz balalarımızı yad dillərdə oxutmaqla öyünürük. Özlüyündə başqa uluslara işçi hazırlayırıq, amma bunu anlayacaq qədər uzaqgörən deyilik. 

Bizdən bir çoxları "modern" görünmək üçün, moda ilə ayaqlaşmaq və globalist gücə tapınmaq üçün "öz"ümüzdən vaz keçdi ...

Yaponlar isə "özündə" qalaraq, öz dəyərləri ilə yeni dünyalarını qurdular. 

 

İndi bizi yanlış yönləndirən "ziyalıçıqlara" sualım budur: 

Əgər doğrudan da irəliləyiş üçün dilini, yazını, düşüncəni dəyişmək gərəkli idisə, niyə yaponlar dəyişmədilər və bizdən qat-qat irəlidədirlər?

 

Bəlkə də məsələ çöldən, üzdən dəyişməkdə yox, dəyərə yiyə çıxmaqda, törəmizi və kimliyimizi qorumaqda idi?  

 

P.S: Göktürk yazısı, yaponların öz əlifbasını yaratmasından  ən az 100–150 il daha əvvəldir.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Qaryagində (indiki Füzuli rayonu – red.) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım…"

                                                                                                      İlyas Əfəndiyev 

 

Bu gün Azərbaycan SSR xalq yazıçısı və Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin doğum günüdür. Adını ədəbiyyat tariximizə yazmış ustad yazıçının, dramaturqun ədəbiyyat qarşımızda xidmətləri hədsizdir.

 

O, 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.  

İlyas Əfəndiyev ədəbiyyata təsadüfən gəldiyini deyir, amma bu, bizcə zərurət idi. Axı bütün təsadüflər zərurətdən doğur. Onun qış gecəsi dostuna məktub yazmaqdan başlanan və 9 hekayəyə çevrilən ilk həvəsi sonradan "Söyüdlü arx”, "Körpüsalanlar", "Geriyə baxma, qoca", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" kimi möhtəşəm romanların dünyaya gəlişinə rəvac verdi.

 

ƏSƏRLƏRİ 

 

Pyeslər

1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)

2. "İşıqlı yollar"

3. "Bahar suları"

4. "Atayevlər ailəsi"

5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"

6. "Mənim günahım"

7. "Odlu səhradan gəlmiş şeytan"

8. "On manatlıq lüstr"

9. "Bizə inan"

10. "Unuda bilmirəm"

11. "Məhv olmuş gündəliklər"

 

Uşaq hekayələri

1. "Ceyran ovu"

2. "Maraqlı hadisə"

3. "Qoruqlarda"

4. "Yasəmən ağacı"

5. "İz ilə"

6. "Ovçunun nağılı"

7. "Zəmidə bir turac səslənirdi"

 

Hekayələr

- "Kənddən məktublar" kitabından

"Qızbəs xala"

"Qarımış oğlan"

"Mirzə İman"

"Xəncər hekayəsi"

- "Hekayələr" kitabından

"Görüş"

"Gülaçar"

"Su dəyirmanı"

 

Povestlər

- "Kənddən məktublar"(1939)

- "Aydınlıq gecələr"(1945)

- "Torpağın sahibi"

- "Qaçaq Süleymanın ölümü"

- "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"

- "Üçatılan"(1981) (avtobioqrafik)

 

Romanlar 

1. "Söyüdlü arx"(1958)

2. "Körpüsalanlar"(1960)

3. "Geriyə baxma, qoca"(1980) (avtobioqrafik əsərdir)

4. "Xan çinar"

5. "Dağlar arxasında üç dost"(1963)

6. "Sarıköynəklə Valehin nağılı"(1976–1978)

 

MÜKAFATLARI:

 

1. "Şərəf nişanı" ordeni 

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

3. "Qırmızı əmək bayrağı" ordeni 

4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)

5. "Oktyabr inqilabı" ordeni

6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı

7. "Lenin" ordeni

8. "Şöhrət" ordeni

 

Böyük yazar 3 oktyabr 1996 cı ildə Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Bazar ertəsi, 26 May 2025 09:02

Seçmə şeirlər – RƏSUL RZA, “Soruş”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

“SORUŞ”

 

Od nə çəkdi,
                   küldən soruş!
Baş nə çəkdi,
                   dildən soruş!
İşə susuz barmaqların
                   kədərini insan bilir.
Nəğmələrin həsrətini
                   bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
                   daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
                   ildən soruş!
Zülmətliyin möhnətini
                   kor söyləsin!
Bəm xalların fəryadını
                   zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub-açdım,
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
                   seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam

Mən yoldayam
Od nə çəkdi,
                   küldən soruş!
hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!  

               Yanvar, 1964

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

May ayının 24-də 8-ci "Xarıbülbül" musiqi festivalı başladı. Festivalın açılışı, dünən - bazar günü ərzində gedişatı barədə sizləri müntəzəm məlumatlandırdıq. Gəlin bu möhtəşəm festivalın tarixinə nəzər salaq. 

 

1989-cu ilin mayında Şuşa şəhərində ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdi. Tədbir məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunmuşdu. Festivala yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Litva və Belarusdan olan musiqi qrupları da qatılmışdı. Konsertlər Cıdır düzündə keçirilmişdi. 

1990-cı ildə "Xarıbülbül" festivalı beynəlxalq status almış, festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olmuşdu. 

1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına isə artıq 25 ölkədən nümayəndələr qatılmışdı. Hətta tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri Ağdam şəhər stadionunda keçirilmişdi. 

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Hətta bu məqsədlə dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Amma həmin ilin 8 mayında Qarabağın döyünən ürəyi Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Çünki xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın əhəmiyyəti qalmamışdı.

Şuşa çal-çağırlı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. 30 ilə yaxın Ermənistanın işğalı altında qalsa da, doğma yurdumuz öz milliliyini, azərbaycanlı ruhunu itirmədi. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini, möhtəşəmliyini, tarixi simasını saxladı. İşğaldan azad olunduqdan sonra Prezidentimiz tarixi qərar verərək Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bunun ardınca isə "Xarıbülbül" festivalının keçiriləcəyinin, Vaqif Poeziya günlərinin bərpa olunacağının anonsunu verdi. Çox gözləmək lazım gəlmədi. Zəfər günündən altı ay sonra Cıdır düzündən yüksələn muğam, musiqi sədaları bütün dünyaya yayıldı. Bu, Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə nümayiş etdirdi. "Xarıbülbül" festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. 12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi Qarabağ şikəstəsi səsləndirildi. Cənab İlham Əliyevin festivalın açılışındakı çıxışı hər kəsə unudulmaz təsir bağışladı. Dövlətimizin başçısının dediyi kimi, bu, ölkəmizin tarixində çox əlamətdar bir gün idi: "Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

 

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış xanəndələrimizin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların musiqinə xüsusi yer verildi. Bu, böyük rəmzi məna daşıyırdı. Çünki Vətən müharibəsində respublikamızda yaşayan bütün xalqların nümayəndələri misilsiz fədakarlıqlar göstərmişdilər. Festivalın Azərbaycanda yaşayan bütün xalqları əhatə etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır", - deyə vurğulamışdı. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış etdilər. Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərini və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx təqdim edildi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı incəsənət xadimlərinin birgə ifasında "Azərbaycan" mahnısı ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə "Qarabağ Azərbaycandır!" söylədi.

Yer üzündə Şuşanın, Cıdır düzünün bənzəri olmadığı kimi, "Xarıbülbül"ə bənzər musiqi festivalı da yoxdur. Ümumiyyətlə, Qarabağ Zəfərinin davamı olan "Xarıbülbül" musiqi festivalı daha bir möhtəşəm uğur hekayəsidir. 

Hər ötən il beynəlxalq statuslu tədbirin miqyasının genişlənməsi isə ona işarə edir ki, bundan sonra doğma diyarımızda bayram bayrama qarışacaq.

 

Şəkillərdə: “Xarıbülbül" musiqi festivalı 1989, 2021 və 2025-ci illərdə. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

Kübra Quliyeva,“Ədəbiyyat və incəsənət”

 

2025-ci il Kann Film Festivalı (78-ci buraxılış) 13–24 may tarixlərində keçirildi və bu il festival, estetik və siyasi baxımdan zəngin bir proqramla yadda qaldı.  Düzdür, Azərbaycan mediası Kann adını çəkərkən əsasən müğənni Röya Ayxanın turist kimi gedib iştirakını və hamı üçün açıq olan qırmızı xalıda şəkil çəkdirdiyini Azərbaycan adına “inanılmaz uğur” kimi sırımaqla ancaq bu xəbəri tirajladılar. Kinomanlar isə məlumatı xarici mənbələrdən əldə etməyə məcbur qaldılar.

 

Festivalın əsas mükafatı olan "Palme d'Or" (Qızıl Palma) İranlı Azərbaycanəsilli  rejissor Cəfər Pənahinin "It Was Just an Accident" (Bir sadə qəza) adlı filminə verildi. Bu məqalədə festivalın ümumi mənzərəsi, qaliblər və xüsusilə Pənahinin filmi ətraflı təhlil ediləcəkdir. 

 

Festivalın əsas müsabiqə proqramında 22 film təqdim olundu. Bu filmlər arasında müxtəlif janr və mövzulara toxunan əsərlər yer aldı. Festivalın açılışını Amélie Bonnin-in "Partir un jour" filmi etdi.  Əsas müsabiqə proqramında isə Wes Anderson-un "The Phoenician Scheme", Ari Aster-in "Eddington", Jean-Pierre və Luc Dardenne qardaşlarının "Jeunes Mères", Julia Ducournau-nun "Alpha", Oliver Hermanus-un "The History of Sound", Hafsia Herzi-nin "La Petite Dernière", Oliver Laxe-in "Sirat", Richard Linklater-in "New Wave", Sergei Loznitsa-nın "Two Prosecutors", Mario Martone-nin "Fuori", Kleber Mendonça Filho-nun "O Agente Secreto" (The Secret Agent), Dominik Moll-un "Dossier 137", Jafar Panahi-nin "It Was Just an Accident", Lynne Ramsay-nin "Die My Love", Kelly Reichardt-ın "The Mastermind", Saeed Roustaee-nin "Woman and Child", Tarik Saleh-in "Eagles of the Republic", Mascha Schilinski-nin "Sound of Falling", Carla Simón-un "Romería" və Joachim Trier-in "Affeksjonsverdi" (Sentimental Value) filmləri yer aldı.  

 

Festivalın əsas mükafatları aşağıdakı kimi paylandı: 

 

Palme d'Or (Qızıl Palma): "It Was Just an Accident" – Cəfər Pənahi

Grand Prix: "Sentimental Value" – Joachim Trier

Jüri Mükafatı: "Sirat" – Oliver Laxe və "Sound of Falling" – Mascha Schilinski

Ən Yaxşı Rejissor: Kleber Mendonça Filho – "The Secret Agent"

Ən Yaxşı Aktrisa: Nadia Melliti – "La Petite Dernière"

Ən Yaxşı Aktyor: Wagner Moura – "The Secret Agent"

Ən Yaxşı Ssenari: Jean-Pierre və Luc Dardenne – "Jeunes Mères"

Xüsusi Mükafat: "Resurrection" – Bi Gan 

 

 

Cəfər Pənahi və onun "It Was Just an Accident" (Bir sadə qəza) filmi

 

Cəfər Pənahi İran kinosunun tanınmış rejissorlarından biridir.  Onun filmləri tez-tez İran cəmiyyətindəki sosial və siyasi problemləri əks etdirir.  Pənahi, 2010-cu ildə İran hökuməti tərəfindən film çəkmək və ölkədən çıxmaq qadağası ilə üzləşdi.  Buna baxmayaraq, o, "This Is Not a Film" (2011), "Taxi" (2015) və "3 Faces" (2018) kimi filmləri gizli yollarla çəkərək beynəlxalq festivallarda təqdim etdi.  

"It Was Just an Accident" filmi, keçmiş siyasi məhbusun, ona işgəncə verən şəxsi tanıması və bununla başlayan hadisələri əks etdirir.  Film İran rejiminə qarşı cəsarətli tənqid kimi qiymətləndirilir.  Pənahi bu filmi İran hökumətinin icazəsi olmadan çəkdi və festivalda şəxsən iştirak edərək mükafatını qəbul etdi.  O, çıxışında İran xalqının azadlığı və birliyi üçün çağırış da etdi.  

 

Digər cəlbedici məqamlar

 

2025-ci il Kann Film Festivalında təqdim olunan filmlər arasında texniki və estetik baxımdan yüksək səviyyəli əsərlər yer aldı.  Xüsusilə, Naomi Kawase-nin "Shadow Flesh" filmi vizual və səs dizaynı baxımından diqqətəlayiq idi.  Lakin "It Was Just an Accident" filmi, sadə quruluşuna baxmayaraq, dərin psixoloji və siyasi məzmunu ilə fərqləndi.  Bu film, yalnız estetik deyil, həm də sosial və siyasi kontekstlərdə güclü təsirə malikdir.  Bu baxımdan, Pənahinin qalibiyyəti, festivalın sənət və azadlıq arasında tarazlığı qorumaq məqsədini əks etdirir. 

 

Yekun

 

2025-ci il Kann Film Festivalına qısaca yekun vursaq, bu sözləri işlətməli olacağıq: Festival estetik və siyasi baxımdan zəngin bir proqramla yadda qaldı.  Cəfər Pənahinin qalib filmi, həm sənət, həm də azadlıq mübarizəsində bir zirvəyə çatdı.  Bu film, İran cəmiyyətindəki sosial və siyasi problemləri ustalıqla əks etdirərək, beynəlxalq aləmdə böyük rezonans doğurdu.  Festivalın digər qalibləri də müxtəlif mövzularda dərin və təsirli əsərlər təqdim etdilər. 

Ümumilikdə, festival, sənətin gücünü və azadlığın əhəmiyyətini bir daha vurğuladı. 

 

Sonda məqaləni işləyərkən istifadə etdiyim mənbələr siyahısını da təqdim edirəm:

 

1. "It Was Just an Accident" by Iran's Jafar Panahi wins Cannes' top prize. Reuters. 2025-05-24.

 

2. Iranian dissident Jafar Panahi wins the Palme d'Or at Cannes. The Washington Post. 2025-05-24.

3. Jafar Panahi | Biography, Movies, Taxi, This Is Not a Film, & Facts. Britannica.

4. The films of the Official Selection 2025 - Festival de Cannes.

5. 2025 Cannes Film Festival. Wikipedia.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, orkestrə Murtuza Bülbül dirijorluq edib. İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib

Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib ki, bu gün festivalda dahi Bülbülün, sevilən sənətkarlarımızın, bəstəkarlarımızın ifaları səsləndirilib. 

“Bu 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımız – xüsusən də Şuşadan çıxan sənətkarlarımız narahat idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu mənim üçün çox çətin idi. Şəxsən atamın yurdunu, evini bu vəziyyətdə görmək çox ağır olub. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin”, - deyə P.Bülbüloğlu qeyd edib.

Daha sonra Xalq artisti Mənsum İbrahimovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub. 

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb. 

 

Bu il festivalın birinci günündə müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub. 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman zabitlərimizin, əsgərlərimizin fədakarlığı, şəhidlərimizin axan qanı sayəsində Şuşada növbəti dəfə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirildiyini deyib. O, bu əlamətdar günün son dərəcə önəmli və qürurverici olduğunu qeyd edib.

"İşğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin bu festivalda ilk dəfə iştirak etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün muğamımız, milli musiqimiz hər festivalın səhnəsində tamam fərqli səslənir”, - deyə rektor diqqətə çatdırıb.

Qarabağ Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və Qarabağın mədəni dirçəlişində fəal rol oynamasının universitetin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb.

"Otuz ildən sonra doğma Qarabağımıza qayıdaraq təhsil, mədəniyyət, memarlıq və digər istiqamətlərdə yenidənqurma işləri aparırıq. Gələcəkdə də bu istiqamətdə iştirakın genişləndirilməsi üçün universitet tərəfindən yeni layihələr planlaşdırılır", - deyə G.Qasımzadə vurğulayıb.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli li təhsil ocağının cəmi bir il ərzində möhtəşəm yekun konsertlə “Xarıbülbül” Festivalında çıxış etdiyini bildirərək deyib: "Festivalın rəsmi proqramında yer almaq tariximizin önəmli bir hissəsinə çevrilmək demək idi. Mükəmməl inzibati və pedaqoji heyət, eləcə də tələbə komandası ilə bir ailə kimi ilk addımlarımızı atmış, növbəti böyük hədəflərə doğru istiqamətlənmişik".

Qeyd edək ki, bu cür festivallar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirir, onların tariximizi, mədəni irsimizi daha dərindən mənimsəməsinə və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməsinə şərait yaradır. Eyni zamanda, yaradıcı gənclərin öz bacarıq və ideyalarını nümayiş etdirməsi, milli sənət ənənələrini yeni baxışlarla təqdim etməsi üçün mühüm platforma rolunu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

 

57 -dən səhifə 2266

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.