“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün şair Əfrahim Hüseynlinin "Torpaq biznən hesab çəkir" şeiri təqdim edilir.
Əfrahim Hüseynli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, həkim və şairdir.
TORPAQ BİZNƏN HESAB ÇƏKİR
Yalanmış, bu sevgi yalan!
Ölmədi gözləri dolan.
Yadların əlində qalan
Torpaq biznən hesab çəkir.
Biri qəmli, beşi gülən…
Hara getdi dərdi bilən?
Vaxtsız saralıb tökülən
Yarpaq biznən hesab çəkir.
Bilmədik ulduz neçədi,-
Ölüb dirilmək necədi.
Göz – gözü görməz gecədi,
Çıraq biznən hesab çəkir.
Eniş, yoxuş, qaya, gədik
Baxır yolumuza dik-dik.
Gəzdirə bildik… bilmədik?!-
Papaq biznən hesab çəkir.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


