“Zarafat gülməli deyil” – uşaqlarla bulinq mövzusunda kitab icmalı

 

13 noyabr 2025-ci il tarixində Kaspi liseyinin 1-ci sinif şagirdləri Köçərli adına Respublika Uşaq Kitabxanasına maraqlı və maarifləndirici ekskursiya ediblər. Ekskursiya “Nağıl saatı” ilə başlayıb nağıl otağında uşaqlar üçün əl kuklaları vasitəsilə nağıl səhnələri nümayiş etdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Balaca oxucular kuklalarla  təqdim olunan nağılları böyük maraq və sevinclə izləyiblər. Eyni zamanda şagirdlər kitabxananın oxu zalına baş çəkiblər. Burada kitabxananın əməkdaşı onlara kitabxana haqqında geniş məlumat verib, kitabların necə qorunması və onlardan düzgün istifadə qaydalarından danışıb.

Daha sonra əməkdaş uşaqlara  bulinqlə (zorakılıqla) bağlı kitabların icmalını keçirib. İcmal zamanı Amanda F. Doerinqin “Zarafat gülməli deyil”, “Lağ etmək gülməli deyil” və “İtələmək gülməli deyil” adlı kitabları haqqında məlumat verib. Bu kitablar uşaqlarda dostluq, qarşılıqlı hörmət və empati kimi dəyərləri aşılamaq məqsədi daşıyır.

Ekskursiya çərçivəsində şagirdlər həmçinin kitabxana haqqında animasiya filmi izləyiblər. Tədbirin sonunda “Göy qurşağı” jurnalı Kaspi liseyinin kitabxanasına hədiyyə edilib.

Tədbirin məqsədi uşaqlarda kitabxana və mütaliə mədəniyyətini formalaşdırmaq, oxumağa maraq oyatmaq, eləcə də dostluq, empati və zorakılığa qarşı düzgün münasibət kimi dəyərləri aşılamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.