14 noyabr 2025-ci il 14 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 172 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə növbəti “Nağıl saatı” keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir zamanı uşaqlara “Rikinin ad günü”, “Şirinlik dünyası” və “Xarıbülbül nağılı” adlı kitablar haqqında geniş məlumat verilmiş, onların məzmunu, ideyası və uşaqların dünyagörüşünün formalaşmasında rolu haqqında müzakirələr aparılmışdır. Kitabxananın əməkdaşları hər bir nağılın uşaqlarda xeyirxahlıq, dostluq və vətənpərvərlik kimi dəyərlərin aşılanmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışlar.
Nağıl saatının davamında şagirdlər üçün maraqlı cizgi filmi nümayiş olunmuş, uşaqların asudə vaxtının səmərəli təşkili təmin edilmişdir.
Tədbir balaca oxucuların maariflənməsinə, kitabxana mühitinə daha yaxından bələd olmasına və onların mütaliəyə marağının artırılmasına xidmət etmişdir.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


