“Mərkəzi Asiya dövlətləri və Azərbaycan kino günləri” Daşkənddə!

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

13-16 Noyabr tarixlərində “Mərkəzi Asiya dövlətləri və Azərbaycan kino günləri” çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib.

 

Noyabrın 14-də Özbəkistan Kinomatoqrafiya Agentliyinin nəzdində fəaliyyət göstərən və Milli Kino Sənəti Sarayında rəsmi olaraq açıq elan olunan tədbirdə çıxış edən Özbəkistan  Kinomatoqrafiya Agentliyinin rəhbəri  Şührət Rzayev  xalqlarımız arasındakı tarixi bağlılıqdan söz açıb. Həmçinin o, Özbəkistanda Azərbaycan kinosuna olan maraqdanda danışıb.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın rəhbəri Rəşad Əzizov kino sahəsində iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Açılışda Vətən Müharibəsinə zəfərinin 5-ci ildönümünə həsr edilmiş rejissor Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” filmi nümayiş olunub.  Tədbirdə həmçinin “Tağıyev: Neft” filminin xüsusi nümayişi keçirilib.

 Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin kino agentliklərinin rəhbərləri iştirak ediblər.  “Tağıyev: Neft”  tarixi ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilən  Azərbaycan imzalı uğurlardan biridir.  Film artıq bir neçə mükafat əldə etmiş və yerli kinoteatr reytinqlərində liderliyini qoruyur. Onuda qeyd edim ki, filmin baş prodüsseri Arzu Əliyeva, rejissoru  Zaur Qasımlıdır.  Ekran əsəri Özbəkistanlı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hazırda filmin xarici ölkələrdə, o cümlədən  Mərkəzi Asiya dövlətlərində kinoprokatı üçün danışıqlar aparılır. Bundan əlavə, Azərbaycan kino günləri çərçivəsində müxtəlif janrlara aid bir sıra ekran əsərləri də tamaşaçılara təqdim edilib.  

Taleh Yüzbəyovun “Bəlkə də” romantik komediyası, eləcə də,  bu il 200 illiyi qeyd edilən görkəmli rəssam Mirzə Qədim İrəvaniyə həsr edilmiş  rejissor Elxan Cəfərovun ekranlaşdırdığı  bədii-sənədli filmi olan  “Cənnət yuxusu” filmləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.