“Maraqlı söhbətlər”də Xruşşovun ABŞ tərcüməçisi Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1959-cu ilin sentyabrında SSRİ-nin dövlət başçısı Nikita Xruşşov ABŞ-a rəsmi səfər gedir. Amerikaya səfəri zamanı Xruşşov televiziyaya müsahibə verməyə dəvət olunur. Müsahibə zamanı Xruşşov ABŞ-ı yeni müharibəni qızışdırmaqda ittiham etməyə başlayır.

 

Amerikalı televiziya aparıcısı bu ifadənin məntiqsizliyinə diqqət çəkir və ümumi ingilis deyimində istifadə edilən bir idiom (sözlərin həqiqi mənasından fərqli, məcazi və sabit məna ifadə edən söz birləşməsidir) işlədir: "You are barking up the wrong tree". Bu çox çətin tərcümə olunan bir ifadədir. Mənası, bir ov itinin ovunu ağaca qovub ona hürdüyü zaman etdiyi səhvə işarə edir. Bu zaman hiyləgər və çevik ov isə artıq xəlvətcə ya ağacdan sürüşür qaçır, ya da başqa ağaca tullanaraq xilas olur. Bundan xəbəri olmayan it isə “boş yerə” hirslə hürməyə davam edir...

Beləliklə, bu ifadənin tərcüməsi "Siz səhv yolla gedirsiniz", və ya "Siz nəyisə səhv başa düşmüsünüz” və ya da “Siz tamamilə səhv edirsiniz" kimi başa düşülür. Ancaq Xruşşovun tərcüməçisi bu zərbi-məsəllə tanış deyildi və cümləni olduğu kimi Xruşşova tərcümə edir: “Siz it kimi yalnış ağaca hürürsünüz”. İndi Xruşşovun buna reaksiyasını təsəvvür edə bilərsinizmi? Bu da başa düşülən idi: deməli, bunlar bütün dünyada müharibələri qızışdırmaqları azmış kimi, hələ nüvə fövqəldövlətin başçısını hürən it də adlandırırlar! Üstəlik “boş ağaca” hürən it!...

Bu, az qala beynəlxalq qalmaqala səbəb olacaqdı. Təbii ki, Xruşşov bundan çox qəzəblənir və o, SSRİ-nin nə qədər raketlərinin olduğunu açıqlamaqla, onları hədələməyə başlayır. Bundan sonra hər iki dövlətin diplomatları işə qarışmalı olur. Münaqişənin həlli uzun izahatlar və diplomatik üzr istəməklə yoluna qoyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.