Salam əziz izləyicilər. Ənənəmizə sadiq qalaraq yeni tədris ilində də " Bir direktor və bir şagird" rubrikamızın yayımını davam etdiririk.
Bu illər ərzində bir çox məktəblərimizin istedadlı şagirdləri rubrikamızın qonağı olmuşdur.
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 96 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Hacıyeva Mehriban Vaqif qızı
1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa şəhərində anadan olub.
1988–1998-ci illərdə orta məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetinin Sinxron Tərcümə fakültəsini bitirib. Daha sonra Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili alıb. 2017-ci ildə Xəzər Universitetində “Potensial məktəb direktorları” adlı ixtisasartırma proqramını keçib.
2008-ci ildən pedaqoji fəaliyyətə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci ildən müxtəlif məktəblərdə təşkilatçı müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən 96 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibidir. Eyni zamanda ETR resursları üzrə təlimçidir.
ŞAGİRD:
Mən, Ayan Elsevər qızı İsmayılova 18.09.2008-ci il tarixində Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyam. 2015-ci ildə İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 5-ci sinifdən etibarən isə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında təhsilimi davam etdirmişəm. Daha sonra, 15.09.2022-ci ildən etibarən yenidən 96 nömrəli tam orta məktəbdə oxumağa başlamışam. Hal-hazırda həmin məktəbin 11 “R” sinif şagirdiyəm.
Məktəbin ictimai tədbirlərində fəal iştirak edirəm. 2 il ardıcıl olaraq məktəb rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış və 60 pilot məktəbdən biri kimi tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çərçivə sənədinə əsasən 3 qiymətləndirmə meyarından 3-cü, yəni akademik və sosial fəaliyyət meyarına görə "Yaşıl – rəğbətləndirmə kartı" ilə təltif olunmuşam.
Eyni zamanda məktəbimizin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 2023 – “Heydər Əliyev ili”- nə ithafən hazırladığı “Vətəni sevməyi sən-dən öyrəndik!” kitabında “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir” başlığı altında olan hissəni mən yazmışam.
Bundan başqa, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı tərəfindən keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik – Güclü Dövlətimizin Təməli” adlı inşa müsabiqəsində III yerə layiq görülmüşəm.
ESSE:
“Ailə - həyatın özüdür"
Ailə… Çoxumuz bu sözü eşidəndə ağlımıza doğma, özümüzü güvəndə hiss etdiyimiz insanlar gəlir. Kimi üçün ailə ana-ata, kimi üçün yoldaş və övladlar, başqa birinə görə isə dostlardır. Amma bir oxşarlıq var: hər kəs “ailə” kəlməsini eşidəndə orada bir istilik, bir doğmalıq duyur. Mən isə uzun müddət bu hissi tam dərk etmirdim. İnsanlar “Ailəmsiz yaşaya bilmərəm” kimi cümlələr quranda, mənə bu sözlər bir az qəribə gəlirdi. Son illərdə isə sanki yavaş-yavaş o duyğunu tapmağa başlamışam. Elə bil o hiss daim var idi, sadəcə mən onu görə bilmirdim.
Mənim üçün ailə sadəcə bir damın altında yaşamaq, eyni süfrəyə oturmaq deyil. Ailə bəzən heç nə demədən anlaşılmaqdır. Bir baxışdan nə hiss etdiyini bilməkdir. Sən sevinəndə çox adam yanında ola bilər, amma dar günündə səni anlayan yalnız ailəndir. Ona görə də mənim fikrimcə, ailə heç vaxt dostla müqayisə oluna bilməz. Dost uzaqlaşa bilər, amma ailə həmişə səninlədir. Nə baş verirsə-versin, nə yaşanırsa-yaşansın, yanımızda olacaq yeganə insanlar ailəmizdir.
Bəzən deyirlər ki, ailə insanın qanadlarıdır. Mən də belə düşünürəm. Ailəsi olan insan daha güclü olur, çünki arxasında onu dəstəkləyən doğmaları var. Ən çətin günlərdə insanı ayaqda saxlayan da məhz bu bağlılıqdır. Həyat dəyişir, illər keçir, insanlar böyüyür, fərqli şəhərlərə gedir, amma ailənin qoyduğu iz heç vaxt silinmir.
İndi başa düşürəm ki, mənim üçün ailə həm də güvəndir. Çünki hər kəsin yanında özünü olduğu kimi göstərə bilmirsən. Amma ailənin içində maskasız, süni davranışsız, ən saf halınla var ola bilirsən. Mənim üçün ailə budur – insanı olduğu kimi qəbul edən insanlar.
Həyatımızda bəzən çox böyük arzularımız olur. Uzaq universitetlər, işlər, uğurlar… Amma fikirləşəndə görürəm ki, onların əsl mənası ancaq ailəmlə bölüşəndə ortaya çıxır. Çünki insan təkbaşına uğur qazansa da, onu paylaşacaq doğmaları yoxdursa, həmin uğurun dadı qalmır.
Ailə mənim üçün həyatın özüdür. İnsan ailəsini itirdikdə boşluğa düşür, yanında olduqda isə ən çətin yolları da asanlıqla keçir. Mən indi bilirəm ki, həyatda nə qədər dəyişiklik olsa da, ailə insanın ilk və son ünvanıdır. Çünki ailə yalnız qan bağından ibarət deyil, həm də ürək bağıdır.
“Ədəbiyyat və incəsənət”
(01.10.2025)