Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Bakının tikilib qurulmasında, klassika ilə müasirliyin körpüsünə çevrilməsində, qumsal çöllərin, qırgəzlərin yaşıllaşdırılmasında milyonçu neftxudaların mühüm rolu olub. Daha doğrusu Bayır şəhərin salınmasında onların əvəzi olmayıb. Xeyirxahlığı, yaxşılığı ilə ad çıxaran, tikdirdiyi məşhur binalar, karvansaralar, məscidlər, saraylarla, saldıqları limanlarla şöhrət qazanan mesenatların adları ilə bağlı əfsanələr, nağıllar, gerçəklər də o dövrün salnaməsidir.
Çar II Nikolayın “Neftin kralı” adlandırdığı Ağa Musa Nağıyevlə bağlı çox əhvalatlar var. Şəhərin yüzdən çox məşhur tikililərinə, tarixi binalarına imza atan, hər quruşun qədrini bilən, Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə nakam oğlu İsmayıla “İsmailiyyə” adında abidə ucaldan, 1918-ci ilin mart soyqırımı zamanı erməni daşnakları tərəfindən yandırılıb bir hissəsi dağıdılan möhtəşəm tikiliyə baxıb “İsmayıl gözümün qabağında ikinci dəfə öldü! Birinci dəfə qan qusub, ikinci dəfə külə dönüb!” nidası ilə Tağıyev və Ağa Əlizadəni kədərləndirən Ağa Musa Nağıyevin məzarının yeri iki dəfə dəyişdirildi. Bibiheybət və Çəmbərəkənd qəbiristanlıqları köçürələndə onun da, ruhunu Həsən bəy Zərdabi kimi dərbədər etdilər.
On bir neftxudadan biri
O, 1842-ci ildə Biləcəridə doğuldu, kasıb bir ailədə. Samançı atasına ailənin dar günündə 11 yaşından yardımda bulunan Ağa Musa Nağıyev Biləcəridən Bakıya çörək dalıyca ayaqyalın gəldiyindən idi ki, alın təri, əlin qabarı ilə qazanılan paranın dəyərini bilirdi. 18 yaşında qazandığı qəpik-quruşu üst-üstə yığıb şərikləri ilə neft qoxuyan torpaq sahələri alan Ağa Musa Nağıyevdən qazılan quyular neft vermədiyindən şərikləri ayrılır. Nağıyev onların çəkdikləri xərci ödəyib, bəxtinə doğan günəşi gözləyir. Günəş doğrudan doğur. Nağıyevin buruqları “fontan” vrurur. Samançının oğlu dönüb milyonçu, bu azmış kimi Bakının məşhur 11 neftxudasından biri olur. Ağa Musa Nağıyev 11 yaşından halal çörək qazanmaq üçün alın təri töküb zəhmət çəkdi, 11 milyonçudan biri oldu. Qəribəsi, daha maraqlısı isə odur ki, o ömrünün sonuna qədər iş otağındakı qırmızı divanın küncündə dirsəklənib, söykənib dinclik tapdığı mütəkkənin içinə qaz tükü, qu tükü deyil, saman yığmağı əmr edərmiş. Bunu onun xəsisliyinə bağlayanlar bir həqiqəti unudurlar: Milyonçu Ağa Musa Nağıyev Samançının samançı oğlu idi. Zəmilərdə çox kisələr doldurub çörək qazanmışdı.
Bakının imzasına çevrilən 100-dən çox bina onun zəhmətinin, səbrinin yadigarıdır
“İsmailiyyə” binası yandırılanda “İsmayıl gözümün qabağında ikinci dəfə öldü!” nidası ilə övlad acısının ahını ərşə bülənd edən Ağa Musa Nağıyev saman dolu mütəkkəsi ilə yaddaşa sədaqətin simgəsi, bəlgəsidir. Tağıyev şahlara, padşahlara layiq malikanəsindəki iş otağındakı xalçasının üstündən “Suvaq malasını” asmaqla keçmişini danmadığı kimi, Nağıyev də “Saman dolu mütəkkəsi” ilə canlı tarix, eyni zamanda sadəliyin əzəməti adlı nümunə idi.
Samançı Nağının oğlu Musa Ağa Musa Nağıyev olana qədər samançı, bazarda yükdaşıyan olaraq ağır zəhmətə alışmışdı. O, nə məşhur milyonçu Murtuza Muxtarov kimi neft cihazlarını araşdıran mühəndis, nə də İsa bəy Hacinski kimi ali təhsil alıb Bakı bulvarının layihəsini işləyən memar deyildi. Borca-xərcə girib torpaq sahəsi alaraq Tanrıya, taleyə, bəxtə ümid edib ağ günə çıxıb sərvət əldə etmişdi. Bu gün Bakının imzasına, möhürbəndinə çevrilən 100-dən çox dövlət qurumlarına məxsus inzibati bina tarixi tikili və yaşayış evləri Ağa Musanın yuxusuz gecələrinin, zəhmətinin, dualarının və səbrinin aynasıdır.
Təmbəkini yanan şamla yandırmayan adamdan ekonom olar?
Qoslavski, Ploşko kimi zövqlü memarların layihəsi əsasında tikilən məşhur binaların israfı sevməyən, “Xəsis” adlandırılan sahibi ilə bağlı, onun mahiyyətini, batini əzəmətini, halallığını, dürüstlüyünü özündə ehtiva edən maraqlı bir əhvalat 100 ildən çoxdur ki, yaddaşdan yaddaşa ötürülməkdədir. Deyirlər, bir gün Ağa Musa Nağıyev digər milyonçular, neftxudalar kimi özünə o zaman “ekonom” adlanan iqtisadçı götürmək qərarına gəlir. O dövrün ekonomları neftxudaların evlərini və şirkətlərini az xərclə idarə edən alman və Avropa yəhudiləri idilər. Bu adamlar qısa müddətdə milyonçuların sayəsində milyonçu olmasalar da, yarım milyonçuya çevrilirdilər. Deyirlər, Ağa Musa Nağıyev onlardan biri - alman ekonomla tanışlığından sonra, ona kağıza bükülmüş tütün uzadıb. Ekonom olacaq Vaynştok masanın üstündəki kibritlə papirosu alışdırmaq istəyib. Bunu görən Ağa Musa Nağıyev ayağa durub deyir: “Yox, cənab Vaynştok, bizimki tutmaz”. “Ekonomun nəyə görə, Ağa? Mən ki sizə milyonların kölgəsində kiçik xərclərlə böyük işləri idarə etməyi təklif etdim?” sualına təhərini pozmayan, “Atam, Atam!” deyimi ilə yaddaşlara yazılan Ağa Musa Nağıyev masanın üstündə yanan şamı göstərib ekonoma yerini göstərir. Bir kirbitin böyük sərvətin xəzinə də öz yerinin olduğunu bildirir. “Təmbəkini yanan şamla yandırmayan adamdan mənə nə ekonom olar?” cavabı ilə müdrikliyini sübut edir.
Pulun hər şey deyil, çox şey olduğunu anlayan, onu həm də çevrəsinə anladan Ağa Musa Nağıyev haqqında dolaşan, yaddaşdan yaddaşa ötürülən bu rəvayətlə belə, dəyərlərin əyarına çevrilən ciddi iş adamı kimi xatırlanır. Onun parası Qara qızıldan – mazutdan, neftdən, vedrə-vedrə çıxsa da, misqal-misqal, zərrə-zərrə toplanıb dama-dama göl olmuşdu.
Bakıya əsir gətirilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb
Tikdirdiyi tarixi binalar, mülklər, saraylar, xəstəxanalarla yanaşı Ağa Musa Nağıyev sərvəti ilə Bakının milli maarifçilik, Azərbaycanın milli dövlətçilik tarixinə töhfədə bulunub. Bunu danmaq, inkar etmək olmaz. 1918-ci ilin Mart soyqırımı, Bakının, Azərbaycanın işğaldan azad olunması zamanı varı, dövləti, sərvəti ilə XI Qafqaz İslam Ordusunun və Cümhuriyyət qurucularının yanında olan Ağa Musa Nağıyev həm də, Rusiya-Türkiyə müharibəsi, Sarıqamış hadisələri zamanı Osmanlının yanında olub. Bakıya əsir gətirilən, Nargin adasında Çar cəlladları tərəfindən incidilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aşurbəyov qardaşları kimi onların müalicəsi, ərzaq təminatı, hətta gizli şəkildə Bakıdan çıxarılıb Osmanlıya yola salınmaları üçün əlində gələni əsirgəməyib.
Necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur?
Deyirlər, Ağa Musa Nağıyevin çoxsaylı kazinoları varmış. “Milyonların hərləndiyi bu kazinolarda öz xüsusi masası arxasında oturan Ağa Musa Nağıyev qumarda uduzan zənginlərə və onların övladlarına, torpaq və mülk sahiblərinə borc pul verər, bunun müqabilində onların əmlakını çox ucuz qiymətə alarmış.
Bir müsəlman olaraq İslam dininin haram buyurduğu, qadağa qoyduğu faizlə pul vermək məsələsinə baxmayaraq Ağa Musa Nağıyev bu minvalla xeyli sərvət toplayıbmış. Bir gün onun torpaq sahəsi üstündə Nobel qardaşları ilə çəkişən mühəndis-milyonçu İsa bəy Hacınski ilə faiz üstündə bərk davası, söz-söhbəti çıxır. Ağa Musa Nağıyev üzünü adı tarixə “İstiqlal bəyannməsi”nə imza atan milli şuranın və Məclisi-Məbusanın üzvü kimi düşən Hacınskiyə tutub deyir: “Atam, Atam necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur? Onların iş-gücü faiz üstündə deyil? Haradan tamxa, pul-para gəlirsə müsəlmanın işi ora qadağa qoymaqdı. Mən o qədər də avam deyiləm ki, əlimyandıda olan Mirzəbəyovun qumarda uduzduğu mülkünü baha qiymətə alım. Ona indi pul lazım deyil, mən də ona pul verirəm. Pislik etmirəm ki, nə olsun ki, sabah pulumu alanda faizimi də geri alacağam!” Deyirlər, söhbətə heyrətlənən Hacınski sükutla Nağıyevin üzünə baxır...
Pul əxlaqlı adamları sevir, oğlum...
Ağa Musa Nağıyev haqqında yazan müəlliflərin bir çoxu qeyd edir ki, o, inadkar adam idi. Müftə, zəhmət çəkmədən pul qazananları sevməzdi. Onun Lütfü bəy adlı bir qələm əhlinə, ziyalıya verdiyi dərs maraqlı olmaqla yanaşı, həm də ibrətamizdi. Deyirlər, bir gün köməkçisi Nağıyevin qarşısına qəzet qoyur və yazılanlar barədə ona məlumat verir: Məsələnin nə yerdə olduğunu anlayan Ağa Musa “Lütfi bəy məndən pul istədi. Mən də vermədim. Ona görə gedib qəzetdə yazıb ki, guya mən xəsisəm. Xub. Olsun. Amma, mən ona unutmayacağı dərs verəcəm. Atam, atam firəngin ziyalısı xalqına havayı xidmət edir. Amma, bizimkilərin fikri-zikri pul qazanmaqdı. Yaxşı, atam, atam bu şəhərdə bu binaları, xəstəxanaları, teatrları sən tikirsən? Yoxsa, mən?” deyib, heyrətini gizlətməyən Ağa Musa Nağıyev üzünü köməkçisinə tutub göstəriş verir: “Lütfi bəyi sabah çay içməyə çağır. De ki, Ağa əmr etdi ki, bankdan pul çıxaraq, yaxşı. Al, bu çeki də, get, Rus Bankından 100 min pul çıxar”. Köməkçi baş üstə ağa, deyib tapşırılan işin dalıyca gedir.
Səhəri gün Lütfi bəy dişinin dibində şirə dolmuş adam kimi özünü Ağa Musa Nağıyevin mülkünə yetirir. Ağa onu çay süfrəsində közü öləziməmiş samovarın ətrafında qəbul edir. İlk sualı da bu olur: “Lüfti bəy, mənəm xəsis? Sənin gözündən gəlsin, mənim etdiklərim. İndi mən sənə göstərərəm, xəsis kimdir. Heç eybi yoxdur, indi görərsən, mən nə edirəm. Ağa 100 minlik bank çekini dürümlüyüb samovara atanda, dili-dodağı quruyan Lütfi bəy “Ağa nə edirsən?” deyib, əlinə, ayağına düşür. Özgə malından sərvət tutan “bəyə” həyat dərsi verən Nağıyev onun “Ağa, puluna heyfin gəlmir?” sualına “Gəlir, niyə gəlmir, onu qazanmaq üçün mən əziyyət çəkirəm” - deyə cavab verir. Abrını itirib öz malına qonan Lütfi bəyin, “Bəs, onda niyə yandırırsan?” sualına onu öldürəcək qədər kəskin cavab verən Ağa deyir: “Sənə dərs vermək üçün. Pulu qazanmaq, xərcləmək hər adamın işi deyil. Pul əxlaqlı adamları sevir, oğlum. Sən də işləyərsən, pul qazanarsan, sonra da mənim kimi götürüb, istəsən beləcə dürüm edib samovara, oda atarsan, yandırarsan, istəsən də, özgə malına göz dikənlərə verərsən. Heç kəsdən pul istəmə, əxlaqın olsun!”
Atam, atam, məndə tamxa nə gəzir? – Ağa Musa Nağıyev
Qoçu Nəcəfqulunun başçılığı ilə Mart soyqırımı zamanı İsmailiyyə binasının önündə qazılan səngərdə əlində silah erməni daşnaklarına qarşı savaşan Ağa Musa Nağıyevin tamxa, pul söhbəti ilə bağlı bir əhvalat da günümüzə qədər gəlib çıxıb.
Ötən əsrin əvvəlində Neft bumu yaşayan Bakı məşhur neft maqnatlarının, neftxudaların, mühəndis və memarların, ustaların, xarrat, dülgər, çilingər və qazmaçıların, fəhlələrin, çörək dalıyca gələn muzdurların, çarvadarların, qəribə səslənsə də, bir də qoçuların, oğruların, cibgirlərin axın etdiyi şəhər idi. Bakının bir məşhur oğrusu var idi ki, onun adı bolşevik Rusiyasının taleyinə inqilabın memarlarından biri kimi yazılacaqdı. Bayıl həbsxanasında keçən illərinə görə həm də, Məhəmməd Əmin Rəsulzadənin, Mir Cəfər Bağırovun dostu kimi tarixdə qalacaqdı. Hələ harasıdır? Bu məşhur cibgir İkinci Dünya müharibəsində faşizmin tifaqını dağıdacaq, mümkün olmayanları mümkünə çevirəcək, 37-ci ilin dəhşətli respressiyaları zamanı çörəyini yeyib, suyunu içdiyi Azərbaycanın 32 min günahsız fikir və düşüncə sahibini qətlə yetirəcəkdi. Hələ, bu, bir də harasıdır? O, Leninin “Dini etiqad azadlığı haqqında direktivini” ləğv edəcək, Azərbaycanda, Qərbi Azərbaycanda, Borçalıda, Dərbənddə, Krımda, Türküstanda, Şimali Qafqazda 10 minlərlə türk və müsəlmanın qanını içəcəkdi. Yəqin, onun kimliyi maraqlıdır. O, İosif Vissarionoviç Stalin idi! Bəli, Stalin! O, çoxlarının belini qırıb, çırağını qaraltdı. İradəsini qırıb biləyini sındıran Əzəmətli Kişilərlə isə o, Bakıda üz-üzə gəldi. Onun biri milyonçu mesenat Ağa Musa Nağıyev, digəri Murtuza Muxtarov idi. Murtuza Muxtarov onun qolunu, Ağa Musa Nağıyev isə iradəsini qırmışdı.
Bakıda baha satıb ucuz alan, Kazinoda racon kəsən bir Ağa var – Ağa Musa
Nə az, nə çox, düz 100 ildir, Bakı insanının leksikonuna bir cümlə hakimdir: “Atam, atam, məndə tamxa nə gəzir?” Cibgir gürcü, daha doğrusu, Koba Cuqaşvilinin dəstəsi ilə üz-üzə çox gələn Musa Nağıyev onlara bir quruş belə verməmişdi. Hər dəfə onları “Atam, atam, məndə tamxa nə gəzir?” deyib, yola vermişdi. Söhbətdən təngə gələn, “Koba Ağa Musaya bata bilmir” kəlamının ağırlığından yorulan Cuqaşvili Ağa Musanın başına torba keçirtdirib “Quldur damına – zirzəmisinə” gətirtdirir. Ağanı o ki, var təhdid edir. Təhərini pozmayan, dik duruşu ilə məşhur cibgiri – Cuqaşvilini heyrətləndirən Ağa Musa Nağıyev: “Atam, atam, məndə tamxa nə gəzir?” deyib, onu dan yeri sökülənə qədər əldən salır. Səhərin açıldığını görən quldurbaşı, Qaradavoyların hadisədən xəbər tutacağından qorxub, Ağanı buraxmağı əmr edir. Güzgünün qabağında papağına çəki-düzən verən Nağıyev: “Koba, Bakıda baha satıb ucuz alan, Kazinoda racon kəsən, mülkədarlara meydan oxuyan bir Ağa var – Ağa Musa! Sən hardan çıxdın, Atam, Atam!” deyib, Kobanın zirzəmisindən çıxır. Deyirlər, Ağa yol boyu öz-özünə sual edib deyirmiş: “Bu gədənin nəyindən qorxurlar? Bığından?” Olan, o idi onu da, Ağa Musa yoldu buraxdı!”
Kobanı iki qatlayıb iş otağındakı sandığa qoyub ağzını bağladı
Unudulmaz yazıçımız, Bakının tarixi, Neft bumu və Bakı milyonçuları ilə bağlı ən qiymətli əhvalatları ipə-sapa düzən Manaf Süleymanovun qeydlərində Ağa Musa Nağıyevlə bağlı bir əhvalat da var. Onun bir ucu məşhur milyonçu, mesenat Murtuza Muxtarovla bağlı olsa da, bu məqamda yada salmağı uyğun bildim.
Deyirlər, həmin o müdhiş gecədə Ağa Musa Kobaya “Atam, atam, məndən nə tutmusan, tamxa ver, tamxa ver?! Tamxanın bol yeri Hacıdı, Murtuzadı. Murtuzanın sərvəti başından aşır. Özü də, qan tökməkdən, simistə çəkilməkdən çəkinir. Sən get, onu soy” deyə yol göstərir. Ağanın təklifi Kobanın beyninə batır. Bir neçə gün sonra özünü atır Murtuza Muxtarovun malikanəsinə, iş otağına girir. Muxtarovdan tələbdə bulunur. Bu azmış kimi, onu Ağa Musa kimi oğurlayıb iri məbləğdə para əldə etmək istəyir. Boy-buxunlu, yar-yaraşıqlı, qəddi-qamətli, üstə gəl, qolunun zoru, gücü ilə məşhur olan Murtuza Muxtarov bir göz qırpımında Kobanı iki qatlayıb iş otağındakı sandığa qoyub ağzını bağlayır. Bakının məşhur qoçusu, Mart soyqırımı zamanı erməni daşnaklarına qan udduran, Bakının işğaldan azad olunmasındakı xidmətlərinə görə XI Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşadan ödül alan Qoçu Nəcəfqulunu çağıtdırıb deyir: “Nəcəfqulu, aç sandığı, Kobanı çıxar!” Qoçu Nəcəfqulu Muxtarovun göstərişini yerinə yetirir. Kobanı hüzurunda iki qat görən Muxtarov ona sual verir: “Sən, məndən paranı hansı əlinlə alacaqdın?” Çox bilmiş, bildiyi qədər çəkmiş Stalin – Koba Cuqaşvili vəziyyətin nə yerdə olduğunu anlayır. Murtuza Muxtarova yalan danışır: “Sol əlimlə” deyir. Muxtarov Qoçu Nəcəfquluya göstəriş verir: “Sındır, qır bu Cibgirin sol qolunu, biləyini!” Qoçu Nəcəfqulu Ağanın göstərişini həmin anda yerinə yetirir.
Kobanı Murtuza Muxtarovun qəzəbi, əzəməti ilə üz-üzə qoyur
Bu əhvalatda üç incə məqam var: Birincisi odur ki, doğrudan da, Ağa Musa ağıllı adam olub. Kobanı onun hökmünü oxuyacaq Muxtarovun üstünə ünvanlayıb. Təhlükəni özüdən uzaqlaşdırıb. Onu Murtuza Muxtarovun qəzəbi, əzəməti ilə üz-üzə qoyub. Deyirlər, Murtuza Muxtarovun malikanəsində baş verən bu hadisədən, Kobanın sındırılan qolundan, biləyindən sonra cibgir Cuqaşvilinin Bakıda “qorxu-hürküsü” qalmayıb. Neftxudalar adı gələndə elə də, əhəmiyyət verməyiblər. Onu da deyirlər ki, bunun da baiskarı Ağa Musa Nağıyev olub. Dost-aşna ilə, neftxudalarla söhbətində “Bu Gədənin – Kobanın nəyindən qorxurdular ki? Bığından? Qolundakı gücündən? Olan, onlar idi, bığını Ağa Musa yoldu, qolunu da Muxtarov qırdı. Vəssalam, şütt tamam. Atam, atam o Gədə çaşmışdı. Bilmirdi ki, Bakılıya zor gəlmək olmaz. Ya biz özümüz verərik. Ya da vermərik”.
Cibgirin, quldurun qolunu qırmağı Qoçuya həvalə edir
Bu əhvalatda incə bir məqam da var. Ağa Musa Nağıyev düz deyirdi. Cuqaşvili Murtuza Muxtarovdan, Tağıyevdən para istəsəydi yüz faiz istəyinə çatardı. Onlar qoçuya, quldura, cibgirə halal qazanclarından verirdilər. Qorxudan yox. Ailələrini, övladlarını qorumaq hissindən, ardan-abırdan yana. Bakı əsilzadələri, milyonçuları kübar adamlar, nəsli-nəcabəti ilə hörmət-izzət sahibi olan insanlar idilər. Əhvalata diqqət etdikcə Şimali Qafqazda məscid, Bakıda onlarla tarixi tikili, ən əsası saf sevginin, ülvi məhəbbətin eşqinə “Səadət Sarayı”nı ucaldan Murtuza Muxtarov gözümüzdə bir qədər də böyüyür. O, Kobanı malikanəsində iki qatlayıb, sandığa qoyub ağzını bağlayır. Qolunu, biləyini qırmağı bəy tituluna, əsilzadə şərəfinə, milyonçu-mesenat əzəmətinə yaraşdırmır, cibgirin, quldurun qolunu, biləyini qırmağı, sındırmağı Qoçuya – Qoçu Nəcəfquluya həvalə edir.
Bu gədənin – Kobanın nəyindən qorxurdular ki?
Bax, budur bizi bir millət, məmləkət olaraq digərlərindən fərqləndirən. Ötən yüz il də, epoxa da artlq tarixə çevrilib. Marşal İosif Vissarionoviç Stalin – Koba Cuqaşvili SSRİ ilə birlikdə dəfn edilib. Daha doğrusu, ötən əsrin 50-ci illərində ölüm mələyi kimi yaddaşlardan silinib. Amma Bakı ilə, Bakının Neft bumu ilə, Ağa Musa Nağıyevlə, Murtuza Muxtarovla bağlı xatirələri qalıb.
İnanıram ki, bu əhvalatları bilənlər Murtuza Muxtarovun, Ağa Musa Nağıyevin malikanələrinin, “Səadət Sarayı”nın, “İsmailiyyə binası”nın önündən keçərkən dodaqlarına qonan təbəssümlə ötən əsrin əvvəlində baş verənləri xatırlayıb söyləyəcəklər: “Atam, atam, bu Gədənin - Kobanın nəyindən qorxurdular? Bığından? Qolunun zorundan? Bığını Aşa Musa yolub buraxıb, qolunu, biləyini də Murtuza Muxtarov qırıb!”
“Ədəbiyyat və incəsənət”
(01.10.2025)