“Bir direktor, bir şagird” Sevda Abdullayeva və Əsnad Ələsgərli ilə Featured

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 32 nömrəli tam orta məktəbdir.

 

 

DİREKTOR:

 

Sevda Əli qızı Abdullayeva 3 aprel 1962-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1979-cı ildə Yevlax şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin universiteti bitirmişdir. Təyinatla Cəlilabad rayonu Hasıllı kənd məktəbinə ingilis dili müəllimi təyin olunmuşdur. 1998-ci ildən Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbə ingilis dili müəllimi işləmişdir. 2002-ci ildən təlim-tərbiyə işləri üzrə direktor müavini, 24 yanvar 2003-cü ildən isə həmin məktəbə direktor təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu il tədris ilində işlədiyi müəssisə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Azərbaycan Respublikası təhsil nazirinin 3 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 sentyabr 2015-ci il tarixli sərəncamı ilə rəhbəri olduğu məktəb buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Məktəb direktorlarının hazırlığı" təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.

31.08.2015- 9.09.2015-ci il tarixlərində Parisin Sorbon Universitetinin müəllimlərinin iştirakı ilə Quba şəhərində "Liderlik, şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat və bacarıqların inkişafı" mövzusunda keçirilmiş kursda iştirak etmiş və sertifikat almışdır.

14.11.2015-19.11.2015-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində təşkil edilmiş "Yeni məktəb yaradılması" adlı, 22.02.2016-26.02.2016-cı il tarixində isə İngiltərənin London şəhərində "İngilis dilini öyrənək" adlı kursları bitirmişdir.

2016-cı ilin may ayında Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş "Direktorlar üçün strateji planlaşma" modulunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.

 

 

ŞAGİRD:

 

Ələsgərli Əsnad Ramiz qızı 21 oktyabr 2011-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Məktəbəqədər təhsilini başa vurduqdan sonra, 2018-ci ildə Bakı şəhəri, Nizami rayonu N. Həmzəyev adına 238 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdur.

Daha sonra Kimya-Biologiya təmayüllü Respublika Liseyinə qəbul olunaraq 7-ci və 8-ci sinif təhsilini həmin liseydə davam etdirmişdir. Bu müddət ərzində fəallığı və məsuliyyəti ilə seçilmiş, sinif nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, biologiya üzrə müxtəlif olimpiadalarda iştirak etmişdir.

Hazırda Bakı şəhəri, Nizami rayonu M. Rüstəmov adına tam orta məktəbin 9-cu sinfində təhsilini davam etdirir.

Bədii ədəbiyyata xüsusi maraq göstərir, şeir və hekayələr yazır, rəsm çəkməklə və musiqi dinləməklə məşğul olur. Musiqi alətlərini öyrənməyə böyük həvəsi vardır.

Riyaziyyat, fizika və biologiya fənlərinə dərin maraq göstərən Əsnad gələcəkdə molekulyar biologiya və genetika sahəsində ixtisaslaşmağı hədəfləyir. Bununla yanaşı, dizayn sahəsinə də böyük maraq göstərir və bu istiqamətdə də inkişaf etməyi planlaşdırır. Onun əsas arzularından biri öz kitabını yazmaq və yaradıcılığı ilə insanlara müsbət təsir göstərməkdir.

 

ESSE:

Qəfəsdən kənara: həqiqi yaşamaq

 

Biz insanlar cəmiyyətin bir parçası, eyni zamanda onun müəllifləriyik. Hər birimizin şüuru və seçim etmək haqqı var. Bəli, cəmiyyətin bir hissəsiyik, lakin bu, sistemə tam tabe olmalı olduğumuz mənasına gəlmir.

Əgər ətrafa diqqətlə nəzər salsaq, insanların gündən-günə eyniləşdiyini, bəzən isə özlərinə heç sual vermədiklərini görərik. “Mən bunu özümə yaraşdırırammı?”, “Bunu etməyin mənə nə faydası var?”, “Mən əslində nə istəyirəm, kim olmaq istəyirəm?” kimi sualları çox vaxt düşünmürlər. Cavabı tapmaq bir yana qalsın, heç düşünməyə belə cəhd etmirlər.

Bir çox insan kütləyə qoşularaq, məqsədsiz, arzusuz və istəksiz şəkildə yaşayır. Halbuki yaşamaq bu qədər adi və bəsit olmamalıdır. Bu məqamda görkəmli şairlərimizin fikirləri diqqət çəkir: Bəxtiyar Vahabzadə “Yaşamaq yanmaqdır, yanasan gərək”, Mikayıl Müşfiq “Yaşamaq gözəldir, yaşamaq sevməkdir”, Rəsul Rza isə “Yaşamaq düşünmək və yaratmaqdır” demişdir. Xəlil Rza Ulutürk isə bu fikri daha da gücləndirərək “Yaşamaq mübarizədir” deyə vurğulamışdır.

Qısaca, həqiqətən yaşamaq və azad olmaq üçün insanın bir mənası olmalıdır. Bəs nədir bu məna? İnsan sadəcə var olmaq, nəfəs alıb vermək üçün yaşamır. Hər bir insan həyatda öz mənasını tapmalıdır. Mənanı tapmaq sanki inci tapmaq kimidir.

Mənə görə məna — öz yolunda vicdanla addımlamaq və öz seçimlərini etməkdir. Bu yolda itmək qorxulu deyil, əsas olan öz yolunu, öz mənanı və öz azadlığını tapmaqdır. Əsas olan qəfəsdən kənara çıxa bilməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.