Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət”
Zamanın yaz yağışı kimi süzülərək axdığı günlərdən biri idi. Telefonun yanıb sönən işığında ekrandakı adı oxuyub çalınan zəngi açdım, bir az danışdıq…
Hər şeyin keçici olduğunu, zamanın bir günə sığmadığını, bəzən də bir günün saatıma sığmadığını dəfələrlə sınamışdım. Amma bu gün fərqli idi. Nə şikayət edirdim, nə də şükür içində idim. Sanki belə də olmalıymış kimi qulağımda telefon, o tərəfdəki adamın səsi ilə saatımla oynayırdım.
Telefondakı adama "məni görmək üçün 36 saat vaxtın var" dedim, hansı ki o görüş heç olmayacaqdı
-Niyə mənə qulaq asmırsan? O səs nədir elə?
-Saatımla oynayıram..!
Bəli, o an qolumdakı saatla oynayırdım. Yenə saatıma sığmayan dəqiqələrin içində özümdən uzaqlaşdım. Sanki mənim zamanım bu dünyanın saatına uyğun gəlmirdi.
Heç uyğunlaşmağa çalışmırdım da. Son vaxtlar zamanın ağırlığını keçən hər dəqiqədə hiss edirdim.
Zamanın həfifliyini isə yalnız nənəmin ürək döyüntüləri hiss etdirirdi mənə.
Bir az danışdıqdan sonra telefonu söndürdüm. Yastığa yaslanaraq dincəlmək istəyirdim ki, nənəm gəldi. İçimdəki xaosu sakitləşdirmək üçün yaxınlaşdıqca hiss etdiyim ürək döyüntülərinə qulaq verdim.
Nənəmin ürək döyüntülərini dinləyəndə sanki bu dünyaya başqa bir pəncərədən baxırdım. O hər dəfə yuxuya getdikcə mən də başımı onun qalxıb-enən sinəsinə qoyub döyüntünün tezliyində özümü axtarırdım. O döyüntünü o qədər sevirdim ki, "görsənməyən kulyoka" qoyub həmişə özümlə gəzdirmək istəyirdim.
Saat kimi vurmurdu ürək! Yavaşlamırdı, geridə qalmırdı.
Nənəmi yaşatmaq üçün çırpınırdı, fasiləsiz, dincəlmədən!
Bir tərəfdən də qolumdakı saatı sağa sola fırladırdım…
- Saatınla az oyna!
Nənəm yatmamışdı deyəsən.
Bu dəfə nənəmin sözünü eşitdim, saatımı çıxarıb kənara qoydum.
Bir tərəfdən də özümə deyirdim ki "qulaq as, bu gün də ancaq saatınla oynadın! Ovcunun içindən uçub gedən zamanı tutmağa çalışdın! Burax getsin daha. Əllərin boş, ürəyin dolu olsun!"
“Ədəbiyyat və incəsənət”
(10.04.2026)


