İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Necə edəsən ki, musiqi xəzinəsi hər bölgədə vətəndaşlarımız üçün əlçatan olsun? Əlbəttə ki, qastrollar vasitəsilə. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu məqsədlə müxtəlif fəaliyyətlər həyata keçirməkdədir.
Nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. Layihə çərçivəsində aprelin 11-də Xırdalan şəhərindəki Abşeron rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirildi.
Konsertdə Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”, Niyazinin “Arzu”, Arif Məlikovun “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piazzollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərləri ifa olundu.
Orkestrin yüksək peşəkarlıqla ifa etdiyi bütün musiqi nömrələri alqışlarla qarşılandı.
Qeyd edək ki, qastrol layihəsi paytaxt və bölgələri vahid mədəni proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli təşəbbüs kimi həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


