Bir Ağa Laçınlı var idi bu dünyada... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəs niyə qovuşmuruq, yamanca yadıq, kürük,

Küsülü yaşamışdıq, küsülü də ölürük...

 

Bu gözəl misraların müəllifi olan şair Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb. 1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb.

 "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

1967–2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-də, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.

 

Kitabları

1. Ümid

2. Sakitlik

3. Ana duyğusu

4. Vaxt yetişəndə

5. Torpağın gücü

6. Homer

7. Meşə nəğməsi

8. Gecə yuxusu

9. Alın yazımız

10. Aşırımlar qarşısında

 

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.