Operalar, musiqili komediyalar, operettalar… Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan SSR xalq artisti Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib.

1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb. 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Operalar

1. "Şirin" (1957) — diplom işi

2. "Vaqif" (1960)

3. "Xan və əkinçi" (1962)

4. "Tərs keçi" (1964) — Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası

5. "Polad" (1964) — Ənvər Əlibəylinin əsəri əsasında radio-opera

6. "Aydın"

 

Musiqili komediyalar, operettalar

- "Xəsis" (1958) — bəstəkar Vasif Adıgözəlovla birgə, Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası əsasında

- "Axırı yaxşı olar" (1967) — libretto: Rəfiq Zəka Xəndan

- "Qonşumuzda bir oğlan var" — libretto: Məhərrəm Əlizadə

- "Məsmə xanım dayımdır" (2001) – libretto: C. Məmmədov

 

Uşaqlar üçün əsərlər

1. "Ana və qız" — Sözləri: Tofiq Mütəllibov

2. "Bahar gəlir" — Sözləri: Yusif Həsənbəy

3. "Layla" — Sözləri: Sərdar Əsəd

4. "Qızıl gül" — Sözləri: Sərdar Əsəd

5. 45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D. Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B. Orucoğlu, Ə. Ağayevindir)

 

Türkiyədə, “Müzikoloji Dərgisi”ndə A.Hümbətovanın dərc etdirdiyi “Ramiz Mustafayevin müşayiətli xor işləmələrinin üslub xüsusiyyətləri” məqaləsində qeyd edilir:

“Qara tellər” xalq mahnısı:

Burda əsasında xor işləməsi solo, xor və fortepiano üçün nəzərdə tutulmuşdur. İşləmə 5 xanəlik instrumental girişlə

başlanır. Onun mövzusu əsas melodiyanın hər hansı bir frazasını ifadə etmir, daha çox alətin texniki imkanlarını nümayiş etdirən passaj ve arpeciolarla xarakterikdir.

Arpeciolu akordlar daha sonra instrumental müşayiətin əsasını təşkil edir. Xor partiyası isə hamofon-harmonik fakturaya malikdir və fortepiano partiyasına sanki dəstək funksiyası daşıyır. Bəstəkar sanki insan səslərinin tembri vasitəsilə bir ansambl müşayiəti əldə etmişdir.

“Ay gözəl” xalq mahnısı:

Burda da əsasında xor işləməsi 8 xanəlik instrumental girişlə başlanır. Onun mövzusu mahnının melodiyasına xas motivlərə əsaslanır. İlk iki xanə daha sonra yuxarı registrdə genişləndirilərək, sekvensiyalarla aşağı enir. Son iki xanədə yenidən passajla yuxarı registrə keçən melodiya kadans motivi ile sona yetir. Bu melodiya daha sonra xor partiyasının ikinci cümləsində, Soprano səsində ifa edilir.

 

“Qara gilə” mahnısı:

Əsasında xor işləməsi 1981-ci ilde yazılmışdır. Geniş hecmli instrumental girişe malik bu işləmədə maraqlı cəhətlərdən biri də xor partiturasının quruluşunda nəzərə çarpır. Belə ki, bəstəkar əsas melodiyanı müşayiət edən digər səslərin partiyasında əvvəldən sona qədər harmonik fon yaradan tərkiblər vermişdir. Bu da işləmənin sanki solist və ansambl müşayiəti əhval-ruhiyyəsini yaratmış olur.

Bundan öncə giriş haqqında qeyd etmək lazımdır. Belə ki, girişin məzmunu xalq mahnısının motivləri üzərində qurulmuşdur ve bitmiş formaya malikdir. Onun quruluşu iki cümləli periodu ifadə edir. İkinci cümlənin repriza vasitəsilə təkrarı zamanı kadansın dəyişməsi üç cümləlik əhval-ruhiyyəsi yaradır.

 

Görkəmli bəstəkar 10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.