Həmin o 6 nəfərdən yalnız Salam Qədirzadəyə fəxri ad verilmədi... Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovetlər dönəmində Moskvada Ədəbiyyat İnstitutu var idi (elə indi də var, -red.), müttəfiq respublikalardan ən istedadlı gənc yazarları ora oxumağa göndərirmişlər. Oranı oxuyan qeyri-rəsmi ustad statusu alırdı. Onlardan biri də Salam Qədirzadə olub. Onlar 6 nəfər eyni illərdə təhsil alıblar, hamısı da Azərbaycan sovet ədəbiyyatı tarixinə adlarını qızıl hərflərlə yazdırıblar: Nəbi Xəzri, Əli Kərim, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov və Salam Qədirzadə...

 

Salam Qədirzadə sonradan xatirələrində yazacaqdı ki, biz Peredelkino kəndində yaşayırdıq. İnstitutun yataqxanası orada idi. Kasıb yaşayırdıq. Novruz bayramlarında biz gənclərin paxlava, şəkərbura paylarını Səməd Vurğun gətirirdi. Bizim ehtiyac içində yaşadığımızı, korluq çəkdiyimizi görən şair bəzən soyuq qış aylarında birimizə şərfini, birimizə papağını verirdi...

Bu xatirədə həm böyük şairimiz Səməd Vurğunun təəssübkeşliyi, insanpərvərliyi yer alıbdır, həm də içi Salam Qədirzadə olmaqla, azərbaycanlı istedadlı gənclərin necə məşəqqətlərə qatlanaraq elitar məktəbdə biliklərə yiyiələnmələri təsvir edilir və bu gənclər, əlbəttə ki, sonradan çəkdikləri cəfaların səfasını görə bildilər...

Bu gün Salam Qədirzadəni yad etməyimiz səbəbsiz deyil, görkəmli yazarımızın anadan olmasının 103-cü ildönümüdür.

Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun "Qış gecəsi", "46 Bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kimi romanları gənclərin masaüstü kitabına çevrilib. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunub

Ədib 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. O, hələ uşaqlıqdan şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edirmiş. Ancaq o dövrdə onu təkcə ədəbiyyat maraqlandırmayıb. Musiqini o qədər sevib ki, hətta tar çalmağı öyrənməyə qərar verib. Bu sahədə təhsil almaq üçün sənədlərini götürüb musiqi məktəbinə gedib. Onların musiqi qabiliyyətini bəstəkar Üzeyir Hacıbəyov yoxlayırmış.Növbə ona çatanda o, tarda bir musiqi ifa edib. Üzeyir bəy deyib ki, bala, sən bu sənəti at, tarzən olmaq sənlik deyil. Sonralar bu xatirəni yada salar, gülə-gülə Üzeyir bəyə rəhmət oxuyarmış. Çünki bəstəkarın məsləhətindən sonra o, yenidən ədəbiyyata meyl edib. Bu sahə üzrə oxumağı arzulayıb. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə salıb. 1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşüb.

1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edib, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunub, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilib.

Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapıb. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilib. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayıb. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edib.

Moskvada oxuyarkən Salam ailə qurub. Həyat yoldaşı Roza Qədirova milliyyətcə rusdur. Yazıçı onunla dərsə yollanarkən elektrik qatarında tanış olub. Roza xanım hər səhər qatarla işə gedirmiş,  eyni qatarda hər gün  rastlaşırmışlar. Yolboyu kitab oxuyan rus gözəli Salam Qədirzadənin gözündən yayınmır. Yazıçı bir gün cəsarətini toplayıb qıza könül açıb, məhəbbətinin qarşılıqlı olduğunu öyrənəndə, sanki dünyanı ona bağışlayıblar. İlk görüşlərində bir-birlərinə ayrı keçən illərindən danışıblar. Roza xanım ondan heç nəyi gizlətməyib. Amma Salam Qədirzadə bir məsələni sevgilisindən sirr saxlayıb, ona Bakıda heykəltəraş qızla nişanlı olduğunu deməyib.

1952-ci ildə Salamın tələbəlik illəri sona yetib. Moskvayla vidalaşmaq vaxtı yaxınlaşıb. Ancaq könlünü ovlayan gözəldən həmişəlik ayrılmağı ağlına da gətirməyib. Elə qız da onsuz yaşamaq barədə düşünmək belə istəmirmiş. Dostlarını restoranların birinə toplayıblar, xudmani məclis qurub evləniblər.

Qızı Leyla xanım xatirələrində birində belə deyir:

Atamın Moskvadan gözəl bir qızla dönməsi anasını, qardaş-bacısını çaşdırsa da, giley-güzar etmirlər. Həm də ona görə ki, atamı çox istəyir, onu özlərinə ağsaqqal bilir, bir sözünü iki etmirdilər. Həm də anlayırdılar ki, könülə güc yoxdur. Sevgilisinə görə doğmalarını qoyub-gələn qərib gəlini incitməyə də ürəkləri gəlmir.

Ona Salamın nişanlısı var, - deməyə utanırlar. Gəlini mehribanlıqla qarşılayırlar. Heç atamdan soruşmurlar da ki, bəs indi biz neyləyək, nişanlısına, ailəsinə nə cavab verək. Bacıları özləri məsələni yoluna qoyurlar...”

Bakıya qayıtdıqdan sonra gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan" jurnalının məsul katibi vəzifəsində işləyib. 1960-cı ildə Salam Qədirzadə "Kirpi" satirik jurnalının məsul katibi təyin olunub. 1966 ilədək həmin vəzifədə çalışıb.

1975–1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışıb. 1976-cı ildə isə "Kirpi" satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilib.

Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanıb.

Onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub. "Hardasan, ay subaylıq", "Həmişəxanım", "Gurultulu məhəbbət", "Şirinbala bal yığır" kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır.

Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açıb, yeni məktəbin bünövrəsini qoyub.

Çox zarafatcıl, şən adam olub Salam Qədirzadə. Bir dəfə kolxozda briqadir işləyən 60-65 yaşlarında bir kişi onun evinə gəlib, ona bir neçə şeir oxuyub və əlavə edib ki, o, yazıçı olmaq istəyir. Salam Qədirzadə ondan soruşub ki, mən briqadir ola bilərəm. Kişi “Yox, nə danışırsınız, bunun üçün oxumaq, təcrübə lazımdır” cavabını verəndə Salam Qədirzadə söyləyib: “Bax, şeiri yazmaq üçün də istedad lazımdır. Bir də unutmayın ki, şeiri yazan şair olur, yazıçı yox”. Kişi ona olunan dəvətə baxmayaraq, çay içmədən, çörək yemədən qovluğunu qoltuğuna vurub, tələsik çıxıb gedir.

Bir dəfə də gül ticarəti ilə məşğul olan pullu dostları onu və Qabili Buzovnaya qutab qonaqlığına çağırır. Qabil də təzəcə çıxan kitabını - “Nəsimi” poemasını həmin o tacirə hədiyyə aparır. Salamdan soruşur, avtoqrafa söz tapa bilmirəm, səncə, bu kitaba nə yazım? Salam da cavab verir: “Heç nə, yaz ki, ver qutabı, al kitabı”. Qabil elə də yazır...

 

Ona yaxşı vəzifələr təklif edib, məsuliyyətli iş tapşırırmışlar. Bacardığı qədər onlardan imtina edib. Dövlət işlərindən kənar durmasını özü daha çox yazıçılığıyla bağlayıb: “Nəyimə lazımdır vəzifə?” deyərdi. – “Mənimki odur, çəkilim bir tərəfə, əsərlərimi yazım”.

Hətta Şıxəli Qurbanov ideologiya üzrə katib işləyəndə Salam Qədirzadəni Mərkəzi Komitəyə şöbə müdiri qoymaq istəyib, razılaşmayıb. Deyib ki, mən yazıçıyam, vəzifə adamı deyiləm.

Yazıçıya heç bir fəxri ad verilməyib. Buna görə çox incik olub. O "Kirpi" jurnalındaykən antipodları daim tənqid edirmiş, bu səbəbdən də çoxlu düşmənləri var idi. O cümlədən, MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri kreslosunda əyləşmiş Ramiz Mehdiyev də ona düşmən kəsilənlərdən biri idi, yazıçının hər yerdə adının üstündən xətt şəkirdi...

Hətta bu situasiya Salam Qədirzadənin səhhətinə də təsir edib. Bir neçə dəfə rəsmi orqanlara müraciət etsə də müsbət cavab verməyiblər. Buna görə, əsəbiləşir, gərgin olur, siqareti daha çox çəkirdi.

Bir gün isə insult keçirir. Sonradan xəstəliyi şiddətlənir, komaya düşür. Bir həftə komada qalandan sonra 1987-ci il noyabrın 15-də heç bir vəsiyyət etmədən 64 yaşında dünyasını dəyişir. Son kitabını “Hər gün ömürdən gedir” adlandırır. Bu kitabı görmək ona qismət olmur.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.